Azərbaycan məktəbliləri bir qızıl, üç bürünc
medal qazandılar
Mayın 3-də Bakıdakı "Crescent Beash" otelində
məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq
Mendeleyev Olimpiadası qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri
təhsil naziri Misir Mərdanov açaraq
məktəblilərin Beynəlxalq Mendeleyev Olimpiadası
iştirakçılarını və qonaqları salamlayıb. Nazir
olimpiadanın təşkilində Rusiya Elmlər
Akademiyasının həqiqi üzvü, təşkilat komitəsinin
həmsədri Valeri Vasilyeviç Luninin, kimyaçı
alim, AMEA-nın müxbir üzvü, professor Vaqif
Abbasovun, Təhsil Nazirliyinin şöbə müdiri Aydın
Əhmədovun xüsusi rolu olduğunu vurğulayıb və
onlara təşəkkür edib. Təhsil naziri olimpiadanın
gedişi zamanı 70 yaşı tamam olmuş V.V.Lunini
təbrik edib, ona səmərəli fəaliyyətində uğurlar
arzulayıb.
Tədbirdə çıxış edən münsiflər heyətinin sədri,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, professor Vaqif Abbasov Beynəlxalq
Mendeleyev Olimpiadasına Azərbaycanda belə
yüksək səviyyədə marağın olmasında dövlətimizin
başçısı cənab İlham Əliyevin qayğısının xüsusi
rol oynadığını qeyd edib. Möhtəşəm bilik
yarışmasının uğurla başa çatdığını söyləyən
Vaqif Abbasov olimpiadada fərqlənənlərə
diplomların, qızıl, gümüş və bürünc medalların
veriləcəyini nəzərə çatdırıb.
Sonra olimpiada qaliblərinə mükafatlar təqdim
edilib. Qeyd edək ki, yarışın qalibləri görkəmli
kimyaçı alimlərdən ibarət beynəlxalq tərkibli
münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
14 ölkənin məktəblilərinin qatıldığı olimpiadada
10 qızıl medaldan 1-ni, 27 bürünc medaldan 3-nü
azərbaycanlı şagirdlər qazanıblar. Bilik
yarışında ölkəmizi təmsil edən 12 məktəblidən
Lənkəran Özəl Türk Liseyinin şagirdi Aqil
Əzimzadə qızıl medala, Quba Özəl Türk Liseyinin
XI sinif şagirdi Rəşad Yusifov, "Dədə Qorqud"
liseyinin X sinif şagirdi Aqil Səfərəlizadə,
Bakıdakı 60 nömrəli məktəbin XI sinif şagirdi
Vüqar Mirzəxanov isə bürünc medala layiq
görülüblər.
Məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq
Mendeleyev Olimpiadasının ikinci dəfə Bakıda
keçirilməsindən məmnun olduğunu bildirən
təşkilat komitəsinin həmsədri, M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin kimya
fakültəsinin dekanı, fiziki kimya kafedrasının
müdiri, kimya elmləri doktoru, professor, Rusiya
Elmlər Akademiyasının həqiqi üzvü Valeri
Vasilyeviç Lunin ölkəmizdə müşahidə edilən
hərtərəfli inkişaf və tərəqqidə ümummilli lider
Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin böyük xidmətləri olduğunu
vurğulayıb. Olimpiadaya yaxşı hazırlıq
görüldüyünü qeyd edən V.V.Lunin bu bilik
yarışının təşkilinə göstərdiyi köməyə görə
təhsil naziri Misir Mərdanova və bütün digər
təşkilatçılara minnətdarlığını çatdırıb.
44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının bütün
qaliblərini təbrik edən təhsil naziri Misir
Mərdanov təşkilatçılara təşəkkürünü bildirib.
Azərbaycan müəllimlərinin, Azərbaycan
şagirdlərinin, Azərbaycan alimlərinin belə bir
mötəbər bilik yarışından qələbə ilə çıxdığını
söyləyən nazir bir qızıl, üç bürünc medalın
qazanılmasını böyük uğur hesab etdiyini nəzərə
çatdırıb. Uğur qazanan uşaqların artıq
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti,
Kanadanın Toronto Universiteti və dünyanın ən
nüfuzlu digər universitetlərinə kimya ixtisası
üzrə imtahansız qəbul olmaq imkanı əldə etməsini
mühüm nailiyyət kimi dəyərləndirən təhsil naziri
bildirib ki, indiyədək olimpiada qaliblərindən
21 nəfər Moskva Dövlət Universitetinin kimya
fakültəsində təhsillərini uğurla davam
etdirirlər.
Ədalət DAŞDƏMİRLİ |