Konfransı giriş sözü ilə açan rektor, akademik
İsa Həbibbəyli qeyd etmişdir ki, Rəsul Rza
yaradıcılığı timsalında 60-cı illər
ədəbiyyatındakı novatorluq, milli məfkurənin
cəsarətli təbliği ümummilli lider Heydər
Əliyevin keçmiş sovetlər dövründə Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin inkişafı
istiqamətində yürütdüyü məqsədyönlü siyasətin
bəhrələri idi. Xalq şairi Rəsul Rzanın anadan
olmasının 100 illiyinin keçirilməsi ilə bağlı
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 14 yanvar 2010-cu il tarixli Sərəncamı
Rəsul Rza yaradıcılığına, bütövlükdə milli
poeziyaya verilən yüksək qiymət kimi
dəyərləndirilmişdir. Tanınmış ədəbiyyatşünas
xalq şairi Rəsul Rzanın Azərbaycan poeziyasında
sərbəst vəznin yaradıcısı olduğunu, V.Səmədoğlu,
Ə.Kərim, İ.İsmayılzadə kimi şairlərin məhz bu
böyük sənətkarın məktəbinin yetirmələri olduğunu
vurğulamışdır.
Azərbaycan ədəbiyyatı kafedrasının professoru,
filologiya elmləri doktoru Yavuz Axundlu şairin
əsərlərinin fəlsəfəsindən, poetik məna
çalarlarından söz açmış, onun "Qızılgül
olmayaydı..." poemasının milli poeziyanın
repressiya qurbanlarına həsr olunmuş ilk və ən
mükəmməl nümunələrindən biri olduğunu
söyləmişdir. Ədəbiyyatşünas alim Rəsul Rzanın
publisistik yaradıcılığını təhlil etmiş, onun
Böyük Vətən müharibəsi illərində hərbi müxbir
kimi vətənpərvərlik ruhlu məqalə və şeirlər
yazdığını söyləmişdir.
Kafedranın baş müəllimi, filologiya elmləri
namizədi Seyfəddin Eyvazov "Rəsul Rza
yaradıcılığında forma və məzmun vəhdəti",
tarix-filologiya fakültəsinin dekanı, filologiya
elmləri namizədi, dosent İman Cəfərli "Rəsul Rza
yaradıcılığı və satirik ədəbi irs", Naxçıvan
Müəllimlər İnstitutunun tərbiyə işləri üzrə
prorektoru, filologiya elmləri doktoru Sədaqət
Həsənova "Rəsul Rza əsərlərinin dil
xüsusiyyətləri" mövzularında məruzə etmişlər.
Tələbələrin ifasında Rəsul Rza şeirlərinin bədii
qiraəti poeziyasevərlər üçün əsl sovqat
olmuşdur.
Konfransda Rəsul Rzanın həyat və yaradıcılığını,
ədəbi irsini əks etdirən fotoslaydlar və kitab
sərgisi nümayiş etdirilmişdir.
Mehriban SULTAN |