Aprelin 28-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
faşizm üzərində Qələbənin 65 illiyinə həsr
olunmuş "Biz qələbənin varisləriyik" mövzusunda
elmi-praktik konfrans keçirildi. Tədbirdə
institutun professor-müəllim heyəti, Binəqədi
Rayon İcra Hakimiyyətinin nümayəndələri, II
Dünya müharibəsi veteranları və digər qonaqlar
iştirak edirdilər. Öncə iştirakçılar II Dünya
müharibəsində həlak olanların xatirəsini bir
dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş
sözü ilə açan institutun rektoru, professor Asəf
Zamanov bildirdi ki, möhtərəm Prezidentimiz
İlham Əliyevin müvafiq sərəncamına əsasən
2010-cu ildə ölkəmizdə faşizm üzərində
qələbənin ildönümü bütün müəssisələrdə təntənəli
şəkildə qeyd edilir.
Müharibənin
başlanması tarixindən söhbət açan A.Zamanov qeyd
etdi ki, Hitlerin ildırımsürətli "Barbarossa"
planına əsasən keçmiş SSRİ ərazisi tezliklə ələ
keçirilməli və bir çox Avropa ölkələri kimi,
burada da faşizm cəmiyyəti qurulmalı idi.
Hitler Bakını tezliklə ələ keçirərək
müharibənin gedişində onun neftindən istifadə
etməyi qarşısına əsas məqsəd qoymuşdu. Bunun
üçün xüsusi plan hazırladan Hitler artıq Qafqaza
yaxınlaşmışdı. Lakin buna baxmayaraq, rəşadətli
xalqımız sovet xalqları ilə birlikdə iyrənc
faşizmə qarşı səfərbər olaraq silaha sarıldı.
Onların qəhrəmanlığı və şücaəti sayəsində alman
faşistləri geri çəkilməyə məcbur oldular.
Qoşunlarımız böyük hünər göstərərək hitlerçiləri
məğlub etdilər. A.Zamanov SSRİ-nin II Dünya
müharibəsində qalib gəlməsində azərbaycanlıların
və Bakı neftinin rolunun böyük olduğunu
bildirərək müharibədə iştirak etmiş hər bir
azərbaycanlı ilə fəxr etdiyini vurğuladı. O,
müharibə iştirakçılarına göstərilən diqqət və
qayğıdan söhbət açaraq, ulu öndər Heydər
Əliyevin bizə miras qoyduğu bu ənənəni daim
davam etdirməyin vacibliyini bildirdi.
Sonra söz Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini Eldar Ağayevə verildi. O,
müharibənin dəhşətlərindən danışaraq bildirdi
ki, bu müharibə bəşər tarixinin ən qanlı savaşı
kimi daim insanların xatirəsində qalacaq. Belə
müharibələrin bəşəriyyətə ağır zərbə vurduğunu
və onun fəsadlarının əsrlərlə davam etdiyini
bildirdi. Azərbaycanlıların bu müharibədə
göstərdikləri hünərdən də söz açan E.Ağayev
veteranlara və onların ailə üzvlərinə olan
diqqət və qayğıdan danışdı. O bildirdi ki,
respublikamızın hər yerində olduğu kimi,
Binəqədi rayonunda da veteranlar və onların ailə
üzvləri ilə mütəmadi olaraq əlaqə saxlanılır,
problemləri həll olunur.
Tədbirdə cıxış edən II Dünya müharibəsi veteranı
Əmiralı Əmiralıyev özünün döyüş yolundan
danışdı. O, azərbaycanlılardan təşkil olunan
416-cı diviziyanın faşistlər üzərində qələbədə
misilsiz xidmətlərindən söhbət açdı. Polşanın
faşistlərdən azad edilməsində yaxından iştirak
edən və Berlinə qədər döyüş yolu keçən
Ə.Əmiralıyev faşistlərin məğlubiyyətə layiq
olduqlarını qeyd etdi. O, bütün işğalçı
dövlətlərin aqibətinin belə nəticələndiyini və
faşistlərin məğlubiyyətinin işğalçılıqla bağlı
olduğunu vurğuladı.
Digər cıxış edənlər də müharibənin tarixindən və
fəsadlarından danışdılar.
Niyazi RƏHİMOV |