Mayın 6-da Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının akt zalında Bakı Şəhəri üzrə
Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə
keçirilən "İstedadlı şagirdlərin potensial
imkanlarının inkişaf etdirilməsinin optimal
yolları" mövzusunda elmi-metodik konfransın
yekun toplantısı oldu. Toplantını Bakı şəhəri
üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim
Nailə Rzaquliyeva açaraq ümummilli lider Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
olunmuş konfransın istedadlı şagirdlərin aşkara
çıxarılması və potensial imkanlarının inkişaf
etdirilməsi sahəsində paytaxt müəllimlərinin
yaradıcı fəaliyyətinə böyük təkan verdiyini
bildirdi. Toplantının əlamətdar bir vaxtda
keçirildiyini söyləyən N.Rzaquliyeva ulu öndərin
istedadlı uşaq və gənclərin inkişafına həmişə
böyük diqqət yetirdiyini, onun 1996-cı il 22
iyun tarixli fərmanı ilə Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"nın yaradıldığını
diqqətə çatdırdı, bu siyasətin hazırda ölkə
başçısı tərəfindən uğurla davam etdirildiyini,
Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin, Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban Əliyevanın istedadlı
gənclərə böyük diqqət və qayğı göstərdiklərini
vurğuladı.
N.Rzaquliyeva konfrans çərçivəsində keçirilmiş
müsabiqənin yekunları ilə toplantı
iştirakçılarını tanış edərək yaradıcılıq
yarışında paytaxtın 65 müəlliminin qalib
gəldiyini, onların məqalələrinin toplu şəklində
dərc olunduğunu, daha çox fərqlənən 21 müəllimin
isə Fəxri fərman və hədiyyələrlə
mükafatlandırıldığını söylədi və qalibləri
təbrik etdi.
Sonra müsabiqə qaliblərindən Bakının 8 nömrəli
məktəbinin biologiya müəllimi Sevinc Əliyeva, 1
nömrəli məktəbin müəllimi Vüsalə Həsənova,
bağça-məktəb-lisey kompleksinin psixoloqu Elnarə
Məmmədova, 8 nömrəli məktəbin müəllimi İlhamə
Əkbərova və 5 nömrəli məktəbin direktoru Nərminə
Gündüzlünün təqdimat çıxışları dinlənildi.
Toplantıda çıxış edən BDU-nun professoru Qasım
Hüseynov, Bakının Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Budaqov, Bakı
Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun rektoru,
professor Asəf Zamanov ümummilli lider Heydər
Əliyevin Vətənimiz, xalqımız qarşısındakı
xidmətlərindən, istedadlı gənclərin inkişafına
göstərdiyi qayğıdan danışdılar.
Sonra qaliblərə mükafatlar təqdim olundu.
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili Səttar
Mehbalıyev, təhsil naziri Misir Mərdanov
qalibləri təbrik etdilər. Təhsil naziri təbrik
çıxışında bu günlər ölkəmizin hər yerində
ümummilli lider Heydər Əliyevin anadan olmasının
87-ci ildönümünün əsl bayram təntənəsi ilə qeyd
olunduğunu bildirdi. Bütün dünyada istedadların
cəmiyyətin sərvəti, aparıcı qüvvəsi kimi
dəyərləndirildiyini diqqətə çatdıran təhsil
naziri ölkəmizdə də onların dövlətin qayğısı ilə
əhatə olunduğunu, istedadların vaxtında aşkara
çıxarılıb inkişaf etdirilməsində müəllimlərin
böyük rol oynadığını söylədi. Misir Mərdanov
konfransın əhəmiyyətini yüksək qiymətləndirib
onun keçirilməsinə dəstək verdiyinə, təhsil
işçiləri ilə bağlı bir çox tədbirlərin
təşəbbüsçüsü kimi çıxış etdiyinə görə Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri
S.Mehbalıyevə minnətdarlığını bildirdi.
Y.ƏLİYEV |