Mayın 6-da "Gülüstan" sarayında ümummilli
liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümü münasibətilə Yeni
Azərbaycan Partiyası, Heydər Əliyev Fondu,
Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası, Rabitə və
İnformasiya texnologiyaları Nazirliyinin birgə
təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin
şagirdləri arasında təşkil olunan inşa-yazı
müsabiqəsinin qaliblərinin mükafatlandırılması
mərasimi keçirildi.
Mərasimdən
əvvəl tədbir iştirakçıları Fəxri xiyabana
gələrək ümummilli lider Heydər Əliyevin
xatirəsini ehtiramla yad etdilər, məzarı önünə
gül dəstəsi qoydular. Görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da məzarı
ziyarət olundu. Mərasim iştirakçıları daha sonra
Şəhidlər xiyabanına gedərək Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə şəhid olanların xatirəsini andılar,
məzarları üzərinə qərənfillər düzdülər.
Mərasimi təhsil naziri Misir Mərdanov açaraq
qeyd etdi ki, hazırda müstəqil Azərbaycan
dövləti tarixi bir hadisə - çağdaş
dövlətçiliyimizin memarı və qurucusu, təhsil
quruculuğu strategiyasının müəllifi, uşaqların,
məktəblilərin, gənclərin böyük dostu ümummilli
lider Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümü ərəfəsindədir. Bu günlər ölkəmizin hər
yerində bütün idarə və təşkilatlarda, dövlət
qurumlarında, həmçinin təhsil müəssisələrində
Azərbaycan dövlətinin banisi və qurucusu, ulu
öndər Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümünə həsr edilmiş silsilə tədbirlər
keçirilir. Belə tədbirlərdən biri də ölkənin
ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri
arasında keçirilmiş və ulu öndər Heydər Əliyevin
həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı
müsabiqəsidir. Nazir bununla bağlı mərasim
iştirakçılarına ətraflı məlumat verərək bildirdi
ki, "Ulu öndər Heydər Əliyevi düşünərkən..."
nominasiyası üzrə ümumtəhsil məktəbləri və peşə
liseylərinin 600 mindən artıq şagirdinin
qatıldığı bu möhtəşəm bilik yarışı 3 mərhələdə
(məktəb, rayon (şəhər) respublika) təşkil
edilib. Sonuncu respublika mərhələsinə vəsiqə
qazanmış 96 məktəblinin 21 nəfəri respublika
turunun qalibi elan olunmuşdur, onlardan 5-i I
yeri, 5-i II yeri, 11-i III yeri tutmuş, 56
nəfər isə Təhsil Nazirliyinin Fəxri fərmanına
layiq görülmüşdür.
Nazir
Misir Mərdanov inşa yazılarında məktəblilərin
ulu öndər haqqında öz fikir və düşüncələrini
özünəməxsus səmimi hisslərlə, həm də bu dahi
şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram
duyğuları ilə ifadə etdiklərini bildirdi. Təhsil
naziri onu da qeyd etdi ki, müsabiqənin
respublika mərhələsində iştirak edən VII-XI
sinif şagirdlərinin ümummilli lider Heydər
Əliyevin şərəfli həyat yoluna, parlaq siyasi və
zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş
inşa yazılarının artıq bir ənənəyə çevrilmiş
"Heydər Əliyev məktəblilərin gözü ilə" adı
altında ayrıca kitab şəklində nəşr etdirilib
qaliblərə və onların oxuduqları məktəblərə
hədiyyə edilməsi qərara alınıb. Naxçıvan Muxtar
Respublikasında həmin nominasiya üzrə keçirilmiş
müsabiqənin 10 nəfər qalibinin inşa yazıları da
adıçəkilən kitaba daxil edilib.
Təhsil naziri müstəqil Azərbaycanın milli təhsil
quruculuğu strategiyasının banisi Heydər Əliyev
tərəfindən əsası qoyulan və bu gün ölkə başçısı
cənab İlham Əliyev tərəfindən böyük uğurla davam
etdirilən təhsil sisteminin davamlı inkişafını
əks etdirən bəzi tarixi məqamları yada saldı.
Çıxışının sonunda təhsil naziri bütün
təşkilatçılara, müsabiqənin keçirilməsində
zəhməti olanlara təşəkkürünü bildirdi.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra
katibi, millət vəkili Əli Əhmədov müsabiqənin
keçirilməsinin əhəmiyyətini yüksək
dəyərləndirib, müstəqil Azərbaycan dövlətinin
banisinin zəngin irsini, ideyalarının böyüməkdə
olan gənc nəsil tərəfindən öyrənilməsinin
onlarda dövlətçilik təfəkkürünün və baxışlarının
formalaşmasına, müsbət təsir göstərdiyini dedi.
YAP sədrinin müavini ötən il olduğu kimi bu il
də I, II, III yeri tutmuş qaliblərin hər birinə
gələcəkdə hansı ali məktəblərə daxil
olmalarından asılı olmayaraq Yeni Azərbaycan
Partiyası tərəfindən hər ay təqaüdlərin
verilməsinin nəzərdə tutulduğunu mərasim
iştirakçılarının diqqətinə çatdırdı və qalibləri
təbrik etdi.
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili Səttar
Mehbalıyev ulu öndərin təhsilimizə, müəllimlərə
hər zaman qayğı ilə yanaşdığını və bu işin
hazırda ölkə başçısı cənab İlham Əliyev
tərəfindən də diqqətdə saxlanıldığını söylədi.
Millət vəkili müsabiqənin qaliblərinə
nailiyyətlər arzulayaraq, onların pulla
mükafatlandırılacaqlarını bildirdi.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar
Ələkbərov Fondun prezidenti Mehriban xanım
Əliyevanın təbriklərini və ən xoş arzularını
mərasim iştirakçılarına çatdırdı. Anar Ələkbərov
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva tərəfindən təhsillə bağlı həyata
keçirilən layihələrdən söz açdı. Heydər Əliyev
Fondunun icraçı direktoru bir xoş xəbəri mərasim
iştirakçılarına çatdıraraq bildirdi ki, Fondun
prezidenti Mehriban xanım Əliyevanın qərarına
əsasən bu müsabiqənin 21 qalibi Belçika
Krallığına, Fransa Respublikası və Almaniya
Federativ Respublikasına səfər edəcəkdir.
Rabitə və informasiya texnologiyaları nazirinin
müavini Elmir Vəlizadə də çıxış edərək
müsabiqənin qaliblərini təbrik edib, onlara
istədikləri ali məktəblərə qəbul olmalarını arzu
etdi.
Sonra Fəxri fərmana layiq görülən 56 nəfər
səhnəyə dəvət edildi. I, II, III yerlərin
qaliblərinin adları açıqlandı. Diplomlara layiq
görülən I, II, III yerin sahiblərinə noutbuklar,
Fəxri fərmanla təltif edilənlərə isə xatirə
hədiyyələri təqdim olundu.
Samirə KƏRİMOVA |