Çox uzun müddət üçün adətən insan xoş xatirələri
qoruyub saxlamaq istəyir. Mənim də belə xoş
xatirələrim çoxdur. Ancaq heç zaman unuda
bilmədiyim və unutmaq istəmədiyim dəhşətli
müharibə haqqında acı xatirəmi nəinki unutmaq
istəyirəm, hətta onun ən kiçik detallarını da
mühafizə edib saxlamağa səy göstərirəm. Müharibə
başlayanda hələ məktəbə getmirdim, ancaq doğru
deyirlər ki, uşağın yaddaşı güclü olur. Bəlkə də
uşaqlıqda ata-anasını erkən itirmiş və atamın
oğlu kimi saxladığı əmim oğlu Məhərrəmin
əsgərliyə getməsini o vaxt yaşlı olan adamlar
sonradan mənim kimi xatırlamırlar.
Bütün
Azərbaycanın rayonlarında olduğu kimi,
Kürdəmirin də hərbi komissarlığının qarşısında
övladlarını və qohumlarını faşizmə qarşı
müharibəyə yola salmağa çoxlu adamlar
toplaşmışdılar.
Komissarlıq qarşısında olanların arasında atam,
anam da mənimlə əmim oğlu Məhərrəmi hərbi
xidmətə yola salmağa gəlmişdilər.
Əmim oğlu ilə o qədər dərin ünsiyyətdə idim ki,
hərbi komissarlığın qarşısında ondan ayrılmaq
istəmədiyimdən məni aldadıb ata mindirdilər və
evimizə gətirdilər. Əmimoğlu əsgəri xidmətini
Belarusiyanın Bobruyski rayonunda keçirirdi. Biz
isə günləri sayırdıq. O, əsgər gedənə kimi
ailəmiz gününü şənliklə keçirirdi. Məhərrəm
gedəndən sonra ailəyə sükut gəldi. Atam
Siracəddin kəndimizin nüfuzlu adamlarından
sayılırdı. Elə buna görə də o, öz qəmini
təklikdə çəkirdi. Evdə tək olanda ağlayırdı. Biz
görməyək deyə, "Gözümə tüstü doldu, ona görə
gözüm yaşarır", - deyirdi. Ancaq mərhum bacım
Səbirə onu bilirdi deyə, atamı tək buraxmırdı.
Anam Xatın təbiətcə sakit qadın olsa da,
Məhərrəmin şəklinə və onun qızı Məhbubəyə baxan
zamanlar daha çox ağlayırdı. Mən isə həmişə onun
nə vaxt gələcəyini soruşurdum. Əvvəlcə dediyim
kimi, Məhərrəm Belarusiyanın Babruyski şəhərində
xidmət edirdi və çox tez-tez evə, anama və
Səbirəyə məktub yazırdı. O, o qədər həyalı idi
ki, kənddə poçtalyon bildirər deyə, həyat
yoldaşı Həmidəyə ayrıca məktub yazmazdı.
Səbirənin vasitəsilə öz sözünü və sorğusunu
çatdırardı.
Xidmətini başa vurub evə qayıtmasına az qalırdı.
Atam ondan bir məktub aldı və oxuyub çox
bikeflədi. Atam bu məktubdan bir qədər əvvəl ona
yazmışdı ki, sənə ev tikdirirəm.
Məhərrəm yazırdı: "Əmi, yazırsan ki, sənə ev
tikdirirəm. Əmi, tikdirmə, günümüz çox pis yerdə
axşamladı. Sonra mənim üçün tikdirdiyin ev sənin
üçün gözdağı olar".
Məhərrəm bu məktubu təxminən 1941-ci ilin aprel
ayında yazmışdı. Onun xidmət vaxtı isə
sentyabrda başa çatırdı.
Müharibə başlanan vaxta kimi atam evi tikdirdi.
Əmim oğlu 27 milyonluq sovet adamlarından biri
kimi müharibədən qayıtmadı. Atam, anam,
bacılarım vəfat edənə kimi, mənə və qızı
Məhbubəyə isə indiyə kimi atamın əmim oğlu üçün
tikdirdiyi ev gözdağı oldu. Atam Məhərrəm
həsrətinə dözə bilməyib, bizi həyatda körpə
qoyub dünyasını dəyişdi. Mən hər dəfə "Tütək
səsi" filminə baxarkən İsfəndiyar obrazında
atamı təsəvvür edib ağlayıram.
Dəhşətli müharibə başa çatdı. Onunla birlikdə
xidmət etmiş Ataxan Xələfov kəndə qayıtdı. Onun
dediyinə görə, Məhərrəmlə 1943-cü ilin
sentyabrına qədər bir alayda xidmət edib.
Sentyabr günlərinin birində qızğın vuruşmada o,
Məhərrəmdən ayrı düşüb və sonra görüşməyiblər.
Bax, budur mənim bu acı və qoruyub saxlamaq
istədiyim xatirəm. Elə bilirəm ki, həmin
xatirəni unutsam, mən yaşamaram. Kimin belə
xatirəni unutmağa haqqı var?
Ancaq uşaqlıq xatirəmə qələbənin olacağı çox
möhkəm daxil olmuşdu. Belə də oldu, müharibə
qurtardı. Bu xəbəri ilk dəfə eşidənlərdən Alcan
adlı oğlanla mən olduq. Kürdəmirə bazara
gedərkən 1945-ci il mayın 8-də müharibənin
qurtardığını eşitdik. Dəmiryol keçidindən kəndə
qədər təxminən 10 kilometrlik yolu qaça-qaça
gəlib kəndə xəbər verdik.
Müharibəyə gedənlərdən sağ qalanlar qayıtdılar.
Həlak olan və əsir düşənlər qayıtmadılar.
Qayıtmayanlar arasında əmim oğlu Məhərrəm də
həsrətli gözlərimizi yolda qoydu. İndi bu
yaşımda, müharibədən 65 ildən çox vaxt keçir,
hələ də mən cavan əmim oğlu, əzizimiz Məhərrəmi
(Məhəri) gözləyirəm. Elə bilirəm ki, mən
yaşlaşsam da, Məhərrəm cavan qalıb.
Aman Allah, fikrimcə, bütün əzab-əziyyət dözülən
olsa da, həsrətli intizar dözülməzdir.
Tacəddin VAHİDOV,
ADPU-nun dosenti,
pedaqoji elmlər üzrə
fəlsəfə doktoru, respublikanın qabaqcıl təhsil
işçisi |