T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının "Uşaq Dünyası" rəsm qalereyasında
balaca rəssam Leyla Babayevanın ilk fərdi
sərgisi təşkil olunmuşdur. Sərgidə Leylanın
60-a yaxın rəsm işi nümayiş etdirilmişdir.
Leylanın 10 yaşı var. Artıq 6 ildir ki, "Uşaq
Dünyası" rəsm qalereyasında Aynurə Həşimovanın
rəhbərlik etdiyi rəsm dərnəyində məşğul olur.
Dərnək rəhbəri balaca rəssam haqqında yüksək
fikirdədir. Leyla çox bacarıqlıdır. Güclü rəng
duyumu var. Rəngləri seçməyi bacarır. Yaşının az
olmasına baxmayaraq o, müxtəlif janrlarda və
texnikada sərbəst işləyir. Onun rəsm əsərləri
məzmun etibarı ilə tamaşaçıları düşünməyə
vadar edir. Sərgidə nümayiş etdirilən "Ölkələrin
birliyi", "Biz sülh istəyirik", "Təmiz
şəhərim", "31 mart Azərbaycanlıların soyqırımı
günü", 20 Yanvar faciəsinə həsr olunmuş "And
yerimiz" və sair bu kimi rəsmlərin önündən
durmadan keçə bilmirsən.
Leyla bu illər ərzində respublikamızda və onun
hüdudlarından kənarda keçirilən bir çox
sərgi-müsabiqələrdə iştirak edib, qaliblər
sırasında olub, diplomlara və sertifikatlara
layiq görülüb.
Balaca rəssamın fərdi sərgisinin açılışı
münasibətilə "Uşaq Dünyası" rəsm qalereyasında
tədbir keçirilmişdir. Tədbirə toplaşan qonaqlar
- Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq
rəssamı Ağəli İbrahimov,Tətbiqi sənət bölməsinin
müdiri, əməkdar rəssam Ənvər Qarayev, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən
Əliyev və başqaları balaca rəssam Leyla
Babayevanı təbrik etmiş, haqqında xoş sözlər
söyləmiş, bu yolda ona uğurlar arzulamışlar.
Sifai SƏFƏROVA |