Hüseynov
Elşən İbrahim oğlu
1976-cı il iyunun 30-da Saatlı rayonunun Qıraqlı
kəndində anadan olmuşdu. 1993-cü ildə
kəndlərindəki orta məktəbi bitirdikdən bir il
sonra Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən
Milli Ordu sıralarına çağırılmışdı. Elşən xidmət
etdiyi "N" saylı hərbi hissədə verilən bütün
tapşırıqları vaxtında və dəqiq yerinə
yetirdiyinə görə hamının hörmətini qazanmışdı.
1995-ci ilin məlum mart hadisələri zamanı o da
Milli Ordu sıralarında öz vətəndaşlıq borcunu
yerinə yetirərək Azərbaycanı parçalamaq istəyən
nankorlara qarşı mübarizəyə qoşulmuş və
qəhrəmanlıq nümayiş etdirmişdi.
E.Hüseynov 1995-ci il martın 17-də qeyri-qanuni
silahlanmış, dövlət çevrilişinə cəhd edən bir
qrup qiyamçı ilə qarşıdurmada qəhrəmancasına
həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə
Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Saatlı rayonunun Qıraqlı kəndində dəfn olunub.
Saatlı rayon mərkəzi xəstəxanası onun adını
daşıyır.
Hüseynov
Əfqan Qaraxan oğlu
1963-cü il fevralın 24-də Bakı şəhərində anadan
olmuşdu. 1978-ci ildə paytaxtdakı 109 nömrəli
orta məktəbin səkkizinci sinfini bitirərək
C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdu.
Burada təhsilini başa çatdırdıqdan sonra Bakı
Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuşdu.
1984-cü ildə bir zabit kimi təyinatla Simferopol
şəhərinə göndərilmişdi. 1985-1987-ci illərdə
Əfqanıstanda gedən döyüşlərdə iştirak etmiş, bir
neçə dəfə ağır yaralanmışdı. O, 1992-ci ilin
avqustunda yaranan Milli Qvardiya Alayına
komandir təyin edilmişdi.
Ə.Hüseynov 1992-ci il noyabrın 1-də Qubadlı
rayonunun Səfiyan və Quşçular kəndlərinin
müdafiəsi zamanı qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar
1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə
Hüseynov Əfqan Qaraxan oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
C.Naxçıvanski adına Hərbi Liseydə və Milli
Qvardiya Qərargahında büstü qoyulub.
Hüseynov
Rövşən Şəmil oğlu
1967-ci il fevralın 22-də Ağdam rayonunun
Quzanlı kəndində anadan olmuşdu. 1984-cü ildə
kəndlərindəki orta məktəbi bitirdikdən sonra
Ağdam rayon Mədəniyyət evində çalışmışdı.
1985-ci ildə Bakı Dövlət Universitetinin fizika
fakültəsinə daxil olmuş, 1985-1987-ci illərdə
ordu sıralarında xidmət etmişdi. Rövşən 1992-ci
ildə bir neçə tələbə dostu ilə dövlət
imtahanlarına üç ay qalmış təhsilini yarımçıq
qoyaraq iki ay hərbi hazırlıq keçdikdən sonra
Qarabağın ən qaynar döyüş bölgəsinə yola
düşmüşdü. Goranboy istiqamətində Holandağ
yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak
etmişdi.
R.Hüseynovun komandirlik etdiyi dəstə 1992-ci il
mayın 11-də Mingəçevir bölüyünü mühasirədən
çıxararkən o özü də qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə
Hüseynov Rövşən Şəmil oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Ağdam rayonunun Quzanlı kəndində dəfn olunub.
Bakı Dövlət Universitetində büstü qoyulub.
Hüseynov
Sadiq Dayandur oğlu
1961-ci il iyulun 29-da Ağcabədi rayonunun
Xocavənd kəndində anadan olmuşdu. 1978-ci ildə
kəndlərindəki orta məktəbi bitirmiş və 1980-ci
ildə Xankəndi Pedaqoji İnstitutunun ibtidai
metodika fakültəsinin qiyabi şöbəsinə daxil
olmuşdu. Sadiq 1987-ci ildə institutu bitirərək
doğma kəndlərinə qayıtmışdı. 1989-cu ildə Şuşa
Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili
vəzifəsinə təyin edilmişdi. 1992-ci ildə
ermənilər Şuşaya hücum edəndə o da polis
əməkdaşları ilə birlikdə döyüş meydanına
atılmışdı.
1992-ci il aprelin 13-də erməni silahlı
qüvvələri Şuşanı ağır raket atəşinə tutan zaman
S.Hüseynov yaralı yoldaşlarını xilas edərkən
qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə
Hüseynov Sadiq Dayandur oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Ağcabədi rayonunun Xocavənd kəndində dəfn
olunub. Xocavənd kənd orta məktəbi onun adını
daşıyır.
Hüseynov
Şahlar İsa oğlu
1968-ci il noyabrın 26-da Qərbi Azərbaycanın
Razdan rayonunun Hankavan kəndində anadan
olmuşdu. 1985-ci ildə doğma kəndlərində orta
təhsilini rus dilində başa çatdırmış və peşə
məktəbində sürücülük peşəsinə yiyələnmişdi.
Şahlar 1986-1988-ci illərdə Moskva şəhərində
hərbi xidmətdə olmuşdu. 1991-ci ildən isə Gəncə
Alüminium Oksidi İstehsalat Birliyində çilingər
işləməyə başlamışdı. 1992-ci ildə Gəncə
batalyonunun tərkibində erməni işğalçılarına
qarşı döyüşlərdə fəal iştirak etmişdi.
Ş.Hüseynov 1992-ci il aprelin 10-da Marquşevan
kəndində uzun sürən döyüşdə böyük şücaət
göstərərək qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə
Hüseynov Şahlar İsa oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn
olunub. Gəncə şəhərində adına küçə var.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |