Sentyabrın 15-də Bakıdakı Heydər Əliyev adına
liseydə "Bilik günü" ilə əlaqədar tədbir
keçirildi. Tədbirdə liseyin müəllim-şagird
kollektivi ilə yanaşı, Xətai Rayon İcra
Hakimiyyətinin başçısı Razim Məmmədov, Təhsil
Nazirliyi İctimaiyyətlə əlaqə şöbəsinin müdiri
Bayram Hüseynzadə və digər qonaqlar iştirak
edirdilər.
Tədbiri
giriş sözü ilə açan liseyin direktoru Fikrət
Xəlilov mərasim iştirakçılarını salamlayaraq,
"Bilik günü" münasibətilə onları təbrik etdi.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan
liseyin açılışında çıxış edən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
lisey haqqında fikirlərini diqqətə çatdıran
F.Xəlilov liseydə hər cür şəraitin yaradıldığını
və ulu öndərin adını daşıdığı üçün
məsuliyyətlərinin ikiqat olduğunu, bu
məsuliyyətin öhdəsindən gəlmək üçün var gücləri
ilə çalışdıqlarını qeyd etdi. O, ötən tədris
ilində buraxılan məzunlar haqqında danışaraq
bildirdi ki, 141 məzundan 20-si 600-dən çox, 11
nəfəri isə 650-dən çox bal toplamış, bir nəfər
şagird Beynəlxalq Mendeleyev Olimpiadasının
qalibi olmuşdur. Bununla yanaşı, liseyin
şagirdləri respublikada və beynəlxalq arenalarda
keçirilən olimpiada və müsabiqələrdə uğurla
iştirak edərək təhsil ocağının adını uca
tutmuşlar. Respublika Prezidenti cənab İlham
Əliyevin sərəncamı ilə keçirilən "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrində liseyin uğurlu çıxışını qeyd
edərək F.Xəlilov bildirdi ki, müsabiqənin
birinci ilində liseyimiz "Ən yaxşı ümumtəhsil
məktəbi" adını qazanmış, sonrakı illərdə isə 6
nəfər müəllimimiz "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşdur.
Sonra söz Təhsil Nazirliyi İctimaiyyətlə əlaqə
şöbəsinin müdiri Bayram Hüseynzadəyə verildi. O,
liseyin kollektivini əlamətdar gün münasibətilə
təbrik edərək təhsil naziri Misir Mərdanovun
salamını və təbrikini iştirakçılara çatdırdı.
B.Hüseynzadə Azərbaycan təhsilinin ciddi inkişaf
yolunda olduğunu və ulu öndər Heydər Əliyevin
ideyaları əsasında dünya təhsil sisteminə
inteqrasiya etdiyini vurğuladı. Liseyin
fəaliyyətini yüksək qiymətləndirən natiq bu
təhsil müəssisəsini Azərbaycan dövlətinin
təhsilə olan münasibətinin güzgüsü adlandırdı və
bir valideyn kimi liseyi seçməyinin təsadüfi
olmadığını vurğuladı.
Tədbirdə çıxış edən Xətai RİH-in başçısı Razim
Məmmədov respublikada gedən təhsil
islahatlarından danışaraq təhsilə göstərdiyi
diqqət və qayğıya görə ölkə Prezidenti cənab
İlham Əliyevə minnətdarlığını bildirdi. O,
liseyin nəinki Xətai rayonunun, eləcə də
respublikanın qabaqcıl təhsil müəssisələrindən
olduğunu və gələcəyə doğru inamla
addımladığını vurğulayaraq, pedaqoji
kollektivə işlərində uğurlar arzuladı.
Niyazi RƏHİMOV |