| 
								
								 Sentyabrın 
								15-də Bakı Dövlət Universitetində "Bilik günü"nə 
								həsr olunmuş tədbir keçirilib. BDU-nun rektoru, 
								millət vəkili, akademik Abel Məhərrəmov 
								tələbələri, onların valideynlərini, müəllim və 
								tədbir iştirakçılarını "Bilik günü" münasibətilə 
								təbrik edib. Akademik Abel Məhərrəmov bildirib 
								ki, Bakı Dövlət Universiteti gənc nəslin 
								təlim-tərbiyəsində, elm və təhsilində, 
								mütəxəssislərin hazırlanmasında bütün təhsil 
								ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq 
								qalmaqdadır. 
								
								Rektor Abel Məhərrəmov qeyd etdi ki, bu il ali 
								təhsil ocağına daxil olan tələbələr 
								hakimiyyətinin bütün mərhələlərində məzunu 
								olduğu universitetə ehtiramla yanaşan, onun 
								bütün yubileylərində iştirak etməklə yanaşı, 
								maddi-texniki bazasının inkişaf etdirilməsinə 
								diqqət göstərən, alimlərini, müəllimlərini daim 
								qayğı ilə əhatə edən, "Bakı Dövlət Universiteti 
								Azərbaycan xalqının milli sərvətidir", deyərək, 
								onu milli dövlətçilik tariximizin ayrılmaz 
								tərkib hissəsi hesab edən ulu öndərimizin məzunu 
								olduğu elm ocağına qədəm qoyublar. Rektor 
								bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham 
								Əliyevin xüsusi qayğısı ilə əhatə olunan 
								universitetimizdə mükəmməl kadrların 
								yetişdirilməsi, formalaşması üçün bütün imkanlar 
								var. Universitetin yeni tədris korpusunun, məhz 
								möhtərəm Prezidentimizin qayğısı, maddi və 
								mənəvi dəstəyi ilə tikilib istifadəyə verilməsi, 
								90 illik yubileyinin dövlət səviyyəsində qeyd 
								olunması ilə bağlı sərəncam imzalaması və 
								yubileydə iştirakı, məzmunlu nitqi bir daha 
								sübut edir ki, universitet dövlətin və 
								dövlətçiliyin keşiyində dayandığı kimi, dövlət 
								də bu qocaman təhsil ocağının arxasındadır.
								 
								
								 Rektor 
								bu il universitetə 3500-ə yaxın tələbənin qəbul 
								olunduğunu, respublika üzrə 600-dən yuxarı bal 
								toplayan abituriyentlərin təxminən 300 nəfərinin 
								universiteti seçdiyini söyləyib. Bildirilib ki, 
								9 sentyabr 2010-cu il tarixdə dövlət başçısı 
								İlham Əliyevin 2010-2011-ci tədris ilində 
								Azərbaycan Respublikasının ali məktəblərinə 
								daxil olmuş tələbələrə Prezident təqaüdünün 
								verilməsi haqqında sərəncamına əsasən 102 nəfər 
								bu təqaüdlə təmin olunacaq ki, onların 
								əksəriyyəti Bakı Dövlət Universitetinin 
								tələbələridir. 
								
								Çıxış edən Coğrafiya fakültəsinin dekanı, 
								professor Müseyib Müseyibov ali məktəbə daxil 
								olmuş tələbələri təbrik edib, onlara gələcək 
								fəaliyyətlərində uğurlar arzulayıb. 
								
								Sonra 695 balla Tətbiqi riyaziyyat və 
								kibernetika fakültəsinə daxil olmuş Aysel 
								Bəşirli tələbələr adından çıxış edərək bundan 
								sonra da valideyn və müəllimlərin etimadlarını 
								doğruldacaqlarını, universiteti  müvəffəqiyyətlə 
								bitirmək üçün  çalışacaqlarını bildirib. Birinci 
								kurs tələbələrinin valideynləri adından çıxış 
								edən Vaqif Hüseynov onları universitetdə 
								yaradılmış yüksək şəraitdən yararlanaraq yüksək 
								biliyə, elmə yiyələnməyə səsləyib.  
								
								Sonda rektor, akademik Abel Məhərrəmov yüksək 
								bal toplayan gənclərə tələbə biletlərini, 
								universitetin tarixini əks etdirən bukleti 
								təqdim edib.  
								
								Şakir CƏFƏROV |