AzərTAc xəbər verir ki, Naxçıvan şəhərindəki 7
nömrəli orta məktəbdə təhsil yarmarkası
keçirilmişdir.
Yarmarkanı
giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının
təhsil naziri Piri Nağıyev açaraq artıq ənənə
halını alan təhsil yarmarkalarının muxtar
respublikada təhsilin keyfiyyət və kəmiyyətinə
göstərdiyi əhəmiyyətli köməkdən danışmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 5 sentyabr 2009-cu il
tarixli Fərmanı ilə təsdiq olunmuş "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikası Nazirlər Kabineti 14 aprel 2010-cu
il tarixdə "Pedaqoji profilli ixtisaslar üzrə
ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş və ümumtəhsil müəssisələrində işə
başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər
və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi
haqqında" qərar qəbul etmişdir. Həmin qərara
əsasən, pedaqoji profilli ali və orta ixtisas
təhsili müəssisələrini bitirmiş, dövlət
sifarişinə əsasən iş yerlərində əmək
fəaliyyətinə başlayan və 3 il müddətində bu
fəaliyyəti ümumtəhsil müəssisələrində davam
etdirən gənc mütəxəssislərə bu müddət ərzində
kommunal xidmətlərini ödəmək üçün 40 manat,
rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə
yerləşən ümumtəhsil müəssisələrində əmək
fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il
müddətinə əməkhaqqına hər ay 110 manat
məbləğində əlavələr ödənəcəkdir. Eyni zamanda iş
yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol
xərci, əmlakın daşınması üçün nəqliyyat xərci,
ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə
əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım
ödəniləcəkdir.
Sonra yarmarkada iştirak edən pedaqoqlar iş
yerləri ilə maraqlanmışlar.
Qeyd edək ki, bu il muxtar respublikanın
ümumtəhsil məktəblərində 14 dil və ədəbiyyat, 51
xarici dil, 25 riyaziyyat, 26 informatika, 20
tarix, 36 coğrafiya, 24 fizika, 26 kimya, 26
biologiya və 12 nəfər ibtidai sinif müəlliminə
ehtiyac vardır.
Yarmarkada 94 nəfər müxtəlif kəndlərə göndəriş
almışdır. |