Sentyabrın 15-də Bakıdakı 69 nömrəli körpələr
evi-uşaq bağçasında "Bilik gününüz mübarək"
adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə
bağçanın müdiri Solmaz Quliyeva açaraq
tərbiyəçiləri, valideynləri, körpələri,
qonaqları salamladı, bu tədbirin mənası və
məzmunu haqqında ətraflı məlumat verdi.
Bildirdi ki, bağçalarından bu il 25 uşaq
ümumtəhsil məktəblərinə yola salınıb.Onların
Vətənimiz üçün layiqli övladlar kimi
yetişəcəklərinə əminik. Bağçanın kollektivi yeni
tədris ilini böyük ruh yüksəkliyi ilə
qarşılayır. Bütün qrup otaqlarında səliqə-sahman
yaradılıb, təmizlik işləri aparılıb, ağacların
dibləri boşaldılıb, kölgəliklər rənglənib...
Sonra meydan körpə fidanlara verildi.
Azərbaycanın Dövlət himni səsləndirildi.
Al-əlvan şarlarla bəzədilmiş bağçanın həyətində
uşaqların şaqraq səsləri ətrafa yayıldı.
Aparıcılar körpə fidanlara - gələcəyimizin
qurucularına xoş arzularını bildirdilər:
- Ana torpaq, ana diyar,
Sən mənimsən,
Ömrüm, günüm,
ruhum, canım,
Vətənimsən.
Balacalar "Vətən" mahnısını xorla ifa etdilər.
"Cırtdan" və "Tıq-tıq xanım" səhnəciyini nümayiş
etdirdilər. Tofiq, Qurban, Elmira, Nihad,
Mərhəmət, Vüsal, Fəridə, Murad, Nuray, Raul
ana, Vətən, torpaq,məktəb haqqında şeirlər,
bayatılar, nağıllar, yanıltmaclar söylədilər,
mahnılar oxudular. Zeynəb, Ömər, Seyidhəsən,
Rəsul, İmran, Xıdır və Məlahət milli
rəqslərimizi məharətlə ifa etməklə iştirakçıları
məmnun etdilər.
Musiqili-əyləncəli proqram tədbir boyu davam
etdi.
***
17 nömrəli körpələr evi-uşaq bağçasında da yeni
tədris ilinə xüsusi hazırlıq işləri görülüb.
Bağçanın metodisti Mətanət Rzaquliyeva bildirdi
ki, musiqi zalı təmir olunub, kanalizasiya
sistemi dəyişdirilib. Məktəbəhazırlıq
qruplarında savad təlimi ilə bağlı vəsait
hazırlanıb. Təhsil Nazirliyi tərəfindən müasir
tələblərə cavab verən öyrədici oyun verilib. Bu
da uşaqların intellektual səviyyəsinin inkişaf
etməsi istiqamətində gözəl bir nümunədir. Bütün
qruplarda cədvəl əsasında məşğələlər keçilir.
Məktəbəhazırlıq qruplarında ingilis və rus dili
məşğələlərinə xüsusi diqqət yetirilir.
Müşahidələr zamanı biz bunun əyani şahidi
oluruq. Bağçada 12 qrup fəaliyyət göstərir.
Onlardan 2-si inklüziv, 10-u nitqi qüsurlu
uşaqlar üçündür. Bu il 63 nəfər uşaq bağçasından
məktəbə yola salınıb. Onların 4 nəfəri
yardımçı, qalanları isə şəhərin müxtəlif
ümumtəhsil məktəblərində təhsil alacaqlar.
Sifai SƏFƏROVA |