Ölkəmizdə səfərdə olan Niderland Krallığı
Senatının sədri Rene Van der Linden sentyabrın
8-də Təhsil Nazirliyində olmuşdur.
Görüşdə
təhsil naziri Misir Mərdanov
Azərbaycan-Niderland əlaqələrinin, o cümlədən,
təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən
danışmışdır. O, Prezident İlham Əliyevin
ölkələrimiz arasında təhsil əlaqələrinin
inkişafına böyük əhəmiyyət verdiyini
xatırlatmışdır.
Prezident Sərəncamı ilə təsdiq edilmiş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində azərbaycanlı gənclərin xaricdə
təhsil alacağı universitetlərin sırasına
Niderlandın 14 universitetinin daxil edildiyini
vurğulayan nazir, bu sayı artırmaq barədə
niyyəti olduğunu da diqqətə çatdırmışdır.
M.Mərdanov dövlətimizin hesabına Niderlandın ali
məktəblərində 27 azərbaycanlı gəncin oxuduğunu
bildirmişdir.
Görüşdən məmnun qaldığını qeyd edən Rene Van der
Linden öz ölkəsinin təhsil sistemi, Niderlandın
ayrı-ayrı universitetlərinin fəaliyyəti, müvafiq
sahədə beynəlxalq əlaqələr barədə ətraflı
məlumat vermişdir.
Niderlandda təhsilin inkişafı ilə bağlı həyata
keçirilən tədbirlərdən danışan Rene Van der
Linden azərbaycanlı gənclərin bu ölkədə təhsili
üçün imkanlar olduğunu bildirmiş, ölkələrimiz
arasında müvafiq sahədə əməkdaşlığın
genişlənəcəyinə əminliyini vurğulamışdır.
Görüşdə iki ölkə arasında təhsil əlaqələrinin
inkişaf perspektivləri ilə bağlı müzakirələr
aparılmışdır. |