|
Yerləşir: |
Honq Konq, Yeni sahə, Ma-şuy Lyu, Şa Tin
rayonu |
|
|
Yaranma tarixi: |
1963-cü il |
Tipi: |
Dövlət |
İşçi heyətinin ümumi sayı: |
6571 nəfər |
Tələbələrin ümumi sayı: |
14315 nəfər |
İllik gəlirləri: |
4413000000 Honq Konq dolları |
İllik xərcləri: |
5073000000 Honq Konq dolları |
Rəsmi saytı: |
www.chuk.edu.hk |
Çin Honq Konq Universiteti (The Chinese
University of Hong Kong) Honq Konqun Yeni sahə
adlanan ərazisində, Şa Tin rayonunda yerləşir və
Honq Konqun ikinci çoxillik tarixi olan
universitetidir. Böyük Britaniyanın "Times
Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə
əsasən, Çin Honq Konq Universiteti 100 ən yaxşı
ali məktəb arasında 46-cı yerdədir. "QS Asian
University Rankings" jurnalının 2010-cu ildə
keçirdiyi reytinqə əsasən isə Çin Honq Konq
Universiteti Asiya ali təhsil ocaqları arasında
4-cü yerdə olub.
Tarixi
1957-ci
ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri
birgə Honq Konq Çin Ali Təhsil Assosiasiyası
yaradır və hökumət tərəfindən tanınır. 1959-cu
ildən bu üç kollecin dövlət tərəfindən
maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə
Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Çin
Honq Konq Universiteti adı altında
birləşdirilir. İki il sonra universitetdə Təhsil
(Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar
qəbul edilir və bu qərara əsasən Çin Honq Konq
Universiteti kollegial universitet elan edilir,
bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı
ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə
Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq
fakültəsi açılır. 2006-cı ildə universitetdə iki
kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə
daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq
istifadəyə verilir. Hər kollecin ayrıca
yataqxana, yeməkxana, idman zalı, kitabxana və
digər obyektləri mövcuddur.
Çin Honq Konq Universitetinin yaradıcıları Çin
ilə Qərbi, qədim ənənələri və müasirliyi
birləşdirə biləcək bir körpü qurmaq niyyətində
idilər və bu gün onların öz məqsədlərinə nail
olduqlarını əminliklə söyləmək olar.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris ilində Çin Honq Konq
Universitetinin illik gəliri 4413000000 Honq
Konq dolları dəyərində olub. Bu məbləğin
2916000000 Honq Konq dolları dövlət qrantları,
1207000000 Honq Konq dolları təhsil haqqı və
digər ödənişlər, 279000000 Honq Konq dolları
ianə yardımları, 161000000 Honq Konq dolları
müxtəlif xidmətlər, qalanları isə digər
vasitələr hesabına əldə olunan gəlirlərdir.
Həmin
tədris ilində universitetin xərcləri 5073000000
Honq Konq dolları olub. Xərclərin 3625000000
Honq Konq dollarını təlim və tədqiqatların
aparılması, 187000000 Honq Konq dollarını
kitabxana, 202000000 Honq Konq dollarını
idarəetmə, 539000000 Honq Konq dollarını tikinti
və təmir, 260000000 Honq Konq dollarını müxtəlif
xidmətlər, qalanlarını isə digər məsrəflər
təşkil edib.
2010-2011-ci tədris ilində Çin Honq Konq
Universitetində əcnəbi tələbələrin təhsil haqqı
orta hesabla 100000 Honq Konq dolları (təxminən
12850 ABŞ dolları) təşkil edir. Onlayn ərizə
formasının (application) qiyməti 300 Honq Konq
dolları (37 ABŞ dolları), kağız formasının
qiyməti isə 400 Honq Konq dolları (52 ABŞ
dolları) dəyərindədir. Yataqxanalarda qiymət
orta hesabla 8500 Honq Konq dollarıdır,
qidalanma, nəqliyyat, məktəb ləvazimatları və
digər şəxsi xərclər üçün isə bir tələbəyə ildə
140000 Honq Konq dolları lazımdır.
2010-2011-ci tədris ilində Çin Honq Konq
Universitetinə daxil olan əcnəbi tələbələrə
bakalavr pilləsində veriləcək təqaüdün məbləği
ildə 30000-125000 Honq Konq dolları arasında
dəyişir. Təhsil aldığı dövrdə yüksək nəticələr
göstərən, istedadlı tələbələr ildə 125000 Honq
Konq dolları (16025 ABŞ dolları) təqaüd
alacaqlar. Magistratura və doktorantura
pillələrində oxuyanlara müxtəlif adda və
məbləğdə təqaüdlər təklif olunur: Dan David
mükafatı - 15000 ABŞ dolları, qız tələbələr üçün
Honq Konq Universitet Qadınları Assosiasiyası
təqaüdü - 20000 Honq Konq dolları, doktorantlar
üçün Avrasiya-Sakit okean Birliyi təqaüdü - ayda
940 avro (6 ay müddətində verilir) və s.
Universitet bu gün
Çin
Honq Konq Universitetinin kampusu Şa Tin
rayonunda Tolo Harbor limanında meşələrlə
örtülmüş dağlıq ərazidə yerləşir. Kampus
ümumilikdə 173,3 hektar ərazini əhatə edir.
Zəngin flora və faunaya malik bu ərazi gözəlliyi
ilə hər kəsi cəlb edir. Kampusda Çin və Qərb
memarlıq üslublarında inşa edilmiş 151 tikili
var. Şəhərciyin ən məşhur yerləri Yeni Asiya
Kollecində Konfutsi heykəli, Çunq Çi Kollecində
Lion (aslan) pavilyonu, kitabxananın
qarşısındakı memar Çju Min tərəfindən tuncdan
hazırlanmış Müdriklik qapılarıdır. Universitetin
kampusu Honq Konqun mərkəzi, səs-küylü
rayonlarından kənarda yerləşməsinə baxmayaraq,
buraya asanlıqla gəlmək mümkündür. Kampusa
yüksək sürətli qatarlar (MTR-İctimai dəmiryolu
tranziti), çoxlu sayda avtobuslar işləyir.
Çin Honq Konq Universitetinin nəzdində 9 kollec
fəaliyyət göstərir: Çunq Çi, Yeni Asiya,
Birləşmiş, Şo, CW Çu, Vu Yi Sun, Li Vu Sinq,
Morninqsayd və SH Ho kollecləri. Kolleclərdə
müxtəlif proqramlar, seminarlar, dil,
texnologiya və idarəetmə üzrə layihələr,
məktəbdənkənar tədbirlər həyata keçirilir.
Burada daha çox tələbələr arasında
kommunikabellik və mədəni anlaşma bacarığını,
ictimai məsuliyyət hissini aşılayan qeyri-formal
tədris növləri keçilir, tələbənin şəxsi
keyfiyyətlərinin inkişafına xüsusi diqqət
yetirilir. Universitetin tələbə təşkilatları
kolleclərdə yerləşir. Hər kollecin ayrıca
kampusu, yataqxanaları və s. obyektləri, xidmət
mərkəzləri mövcuddur.
Çin Honq Konq Universitetində bakalavr, magistr
və doktorluq səviyyəsində təhsil verən 8
fakültə, eləcə də magistr və doktorantlar üçün
bir ali məktəb var:
Humanitar və riyaziyyat elmləri fakültəsi
Antropologiya (Çin icmaları antropologiyası,
Mədəni antropologiya), Çin dili və ədəbiyyatı,
Mədəni tədqiqatlar (Mədəniyyətlərarası
tədqiqatlar, Mədəni menecment, Vizual Mədəniyyət
tədqiqatları), İngilis dili (İngilis dilinin
tətbiqi linqvistikası, Ədəbiyyatşünaslıq),
Təsviri incəsənət (Çin incəsənəti tarixi), Tarix
(Müqayisəli və ictimai tarix), Yaponşünaslıq
(Yapon dili və tədrisi), Linqvistika (Çin dili
və linqvistikası), Musiqi, Fəlsəfə, Dinşünaslıq,
İlahiyyat (Xristianlıq tədqiqatları, İlahilik,
Teoloji tədqiqatlar), Tərcüməçilik
(Avtomatlaşdırılmış tərcümə) departamentlərindən
ibarətdir. Bu fakültəni Çeunq Samuil, Devid
Fora, Simon Haines, Syun Pinq-çen, Leo Li, Leunq
Ki-çi, Pu Mu Çju, Cenni So, Ki-lonq Billi, Çjao
Zenkay və s. kimi dünya üzrə məşhur alim və
ədəbiyyatçılar bitiriblər.
Biznes
idarəetmə fakültəsi Mühasibat, Otel (Mehmanxana)
və Turizm İdarəetməsi məktəbləri, İdarəetmə
iqtisadiyyatı, Maliyyə, Menecment, Marketinq
departamentlərindən ibarətdir. Fakültənin MBA və
EMBA proqramları dünyada ən yaxşılar
arasındadır. Fakültənin məzunları arasında
görkəmli biznesmenlər, iş adamları, hökumət
nümayəndələri var.
Pedaqogika fakültəsi Tədris proqramları və
təlimatları, Təhsil administrasiyası və
siyasəti, Təhsil psixologiyası, İdman və fiziki
tərbiyə departamentlərindən və Fiziki təhsil
bölməsindən ibarətdir. Fakültə müəllim və təhsil
üzrə mütəxəssis hazırlayır.
Mühəndislik fakültəsi Kompüter elmləri və
texnologiya, Elektronika, İnformasiya
mühəndisliyi, Mexanika və Avtomatlaşdırma
mühəndisliyi, Sistemlər və menecment
mühəndisliyi departamentlərindən ibarətdir.
Burada yüksək səviyyədə ixtisaslaşmış
mühəndislər, texnologiya sahəsi üzrə
mütəxəssislər hazırlanır.
Hüquq fakültəsi Asiyanın ən aparıcı tədqiqat
yönümlü fakültələrindən biridir. Fakültə
ədalətin bərqərar olması, ətraf mühitin, ictimai
sağlamlığın mühafizəsi, təhlükəsizliyin təmin
edilməsi, biznes hüququ və s. sahələr üzrə
tədqiqat aparır.
Tibb fakültəsi Tibbi Biologiya elmləri, Netersol
tibb bacısı, Əczaçılıq, İctimai səhiyyə və İlkin
tibbi yardım məktəblərindən, Anesteziya və
intensiv terapiya, Anatomiya və hüceyrə
patologiyası, Kimya patologiyası, Kliniki
onkologiya, Müdaxiləçi radiologiya, Tibb və
terapiya, Mikrobiologiya, Mamalıq və
ginekologiya, Oftalmologiya və vizual elmlər,
Ortopediya və travmatologiya,
Otorinolarinqologiya, Baş və boyun cərrahiyyəsi,
Pediatriya, Psixiatriya, Cərrahiyyə
departamentlərindən, 30-dan çox tədqiqat
mərkəzindən, 20-dən çox bölmədən, Honq Konq
Xərçəng, Ailə Təbabəti, Li Ka-Şinq Sağlamlıq
institutlarından ibarətdir. Fakültənin
tələbələri universitet xəstəxanasında, Şahzadə
Uels hospitalında təcrübə keçirlər.
Dəqiq
elmlər fakültəsi universitetin ən böyük
fakültələrindən biridir. Fakültənin iki əməkdaşı
Nobel mükafatı laureatıdır. Fakültə Biokimya,
Biologiya, Kimya, Riyaziyyat, Fizika, Statistika
departamentlərindən ibarətdir. Bununla yanaşı,
fakültənin nəzdində 5 institut (Çin təbabəti,
Dəqiq mexanika, Optik elm və texnika, Nəzəri
fizika, Elm və Texnologiya institutları), 20-yə
yaxın mərkəz və laboratoriya fəaliyyət
göstərir. Son zamanlar 7 ən yeni bakalavr
fənlərarası proqramının inkişafına xüsusi
diqqət göstərilir. Bunlar Ekologiya, Qida
elmləri, Materialşünaslıq, Molekulyar
biotexnologiya, Çin təbabəti, Risk idarəetmə
elmləri, Tətbiqi kimya və menecment
proqramlarıdır.
İctimai elmlər fakültəsi Memarlıq, Jurnalistika
və Kommunikasiya məktəblərindən, İqtisadiyyat,
Coğrafiya və resursların idarəolunması, Hökumət
və dövlət administrasiyası, Jurnalistika və
kommunikasiya, Psixologiya, İctimai fəaliyyət,
Sosiologiya departamentlərindən ibarətdir.
Ali Məktəb magistr və doktorantların təhsilinin
təşkili məqsədi ilə yaradılıb. Burada geniş
spektrdə akademik sahələrin tədrisi təşkil
olunur. Yuxarıda sadalanan bütün fakültələrin
proqramları üzrə məktəbdə magistr və
doktorantlar hazırlanır. 1965-ci ildən fəaliyyət
göstərən məktəb ilk illər 5 proqram - Çin dili
və ədəbiyyatı, işgüzar administrasiya,
coğrafiya, tarix və fəlsəfə üzrə magistr
hazırlayıb, həmin dövrdən isə sürətlə inkişaf
etməyə başlayıb. 1980-ci ildən başlayaraq məktəb
doktorluq dərəcəsi verir.
Bütün bunlarla yanaşı, Çin Honq Konq
Universitetində Çin dili Mərkəzi mövcuddur.
1963-cü ildə yaradılan mərkəz 1974-cü ildən
universitetin bir hissəsinə çevrilib. Mərkəz 2
hissəli kurs təklif edir: Çin dilinin
daşıyıcıları olan və Çin dilinin daşıyıcıları
olmayan şəxslər üçün. Məktəbin proqramı üç
hissədən ibarətdir: a) potonxua (Çin dili
dialekti, Çin Xalq Respublikasının dili) - yerli
tələbələr üçün, b) kanton dialekti - Honq
Konqdan deyil, qitədən olan çinli tələbələr
üçün, c) potonxua və kanton dialektləri - əcnəbi
tələbələr üçün.
Çin Honq Konq Universitetinin kitabxana sistemi
1963-cü ildə yaradılıb. Sistemə 7 kitabxana
daxildir: əsas Universitet, Çunq Çi Kollecinin
Elizabet Mur Lyusi, Yeni Asiya Kollecinin Çien
Mu, Birləşmiş Kollecin Vu Çunq Multimedia, Şatin
kliniki xəstəxana kompleksinin Li Pin Tibb,
Memarlıq və Li Quo Vey Hüquq kitabxanaları.
Bütün kitabxanalar əsas universitet kitabxanası
tərəfindən idarə olunur.
Kitabxana ilə yanaşı, Çin Honq Konq
Universitetində Bədii muzey fəaliyyət göstərir.
Muzeydə Çin tarixini və mədəniyyətini əks
etdirən 12000-dən çox eksponat var (Sonq və Yuan
dövrlərindən başlayaraq ən modern əşyalara
qədər: arxeoloji tapıntılar, qədim yazılar,
epiqrafika, kalliqrafiya, nəqqaşlıq, rəsm,
heykəltəraşlıq nümunələri, keramika, tunc,
nefrit, fil sümüyü, bambuk, ağac və digər
materiallardan hazırlanmış əşyalar və s.). Muzey
sistemli olaraq genişmiqyaslı sərgilər təşkil
edir.
Çin Honq Konq Universitetinin kansleri cənab
Donald Tsanq, prezidenti və vitse-kansleri isə
professor Jozef Senadır. Bu ali məktəbdə
Universitet Şurası və Senatı fəaliyyət göstərir.
Çin Honq Konq Universitetində 6571 nəfər işçi
çalışır. Onların 1462 nəfərini professor-müəllim
heyəti, 1145 nəfərini tədqiqatçı, qalanlarını
isə inzibati heyət təşkil edir. Universitetin
əməkdaşları arasında 4 Nobel mükafatı laureatı,
Çin Elmlər Akademiyasının 10 akademiki, eləcə də
digər mükafatlarla təltif olunmuş şəxslər var.
Çin Honq Konq Universiteti Honq Konqda Nobel
mükafatı laureatlarına malik olan yeganə ali
təhsil ocağıdır.
2009-2010-cu tədris ilində Çin Honq Konq
Universitetində tələbələrin ümumi sayı 14315
nəfər olub. Burada bakalavr pilləsində 11255,
magistratura və doktorantura pillələrində isə
3060 tələbə oxuyub. Dünyanın digər ölkələri ilə
tələbə mübadiləsi proqramı çərçivəsində
universitetdə 1142 əcnəbi tələbə təhsil alıb,
1198 tələbə isə xarici ölkə universitetlərinə
göndərilib.
Çin Honq Konq Universitetinin tələbələrinin
təxminən 40 faizi kampus ərazisində yaşayır.
Kampusda 4 kollec arasında paylanmış 21
yataqxana var. Yerli tələbələr əcnəbi
tələbələrlə bir nömrədə qalmaq arzusunda
olduqları üçün yataqxanalarda yerli və əcnəbi
tələbələr bir yerdə məskunlaşıblar. Bu onlar
arasında mədəni mübadilənin yaranması, əcnəbi
gəncin yerli həyata alışması üçün geniş imkan
yaradır. Burada əcnəbi tələbəyə ayrıca otaq
verilmir. Yataqxanalarda ümumi mətbəx,
televizor, hamam otaqları, camaşırxanalar,
İnternet, telefon və kondisioner ilə təchiz
edilmiş otaqlar mövcuddur. Kampusda tələbələrin
rahatlığını təmin etmək üçün banklar,
xəstəxanalar, supermarketlər, bərbərxanalar,
restoranlar, idman, konsert zalları və s.
fəaliyyət göstərir.
Çin Honq Konq Universiteti Çin və Qərb
ənənələrini, qədimliyi və müasirliyi özündə
birləşdirən perspektiv elmi-tədqiqat mərkəzidir.
Ali məktəbin emblemi Cənub Xan sülaləsinə aid
olan mifik fenq quşudur. Bu quş alicənablıq,
gözəllik, sədaqət və əzəmətlilik rəmzidir.
Universitetin şüarı qədim Çin filosofu
Konfutsinin məşhur kəlamıdır: "Dünyagörüşünü
genişləndir, nəzakətli davran". Çin Honq Konq
Universitetinin missiyası təhsilin, tədrisin,
tədqiqatların inkişafını gücləndirmək,
beynəlxalq səviyyədə birinci dərəcəli təhsil
ocağına çevrilmək, Honq Konqun, Çinin və
ümumilikdə bütün bəşəriyyətin rifahını
yüksəltməkdən ibarətdir.
Universitetin məşhur məzunları
|
Piter Loşer |
"Siemens AG" kampaniyasının baş
direktoru |
|
|
Çen Ninq Yanq |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Çarlz Kao |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Ceyms Mirrlis |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Robert Aleksandr Mandell |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Şinq Tunq Yau |
Filds medalı laureatı (riyaziyyatçılara
verilir) |
|
|
Endryu Yao |
Türinq mükafatı laureatı (kompüter
elmləri üzrə) |
|
|
Say Men Samuil San |
bitki genini klonlaşdıran ilk alim |
|
|
Oy-Kan |
yazıçı və bəstəkar |
|
|
Denis Nq |
bəstəkar |
|
|
Kun Men Maykl Hui |
rejissor və ssenarist |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |