Sentyabrın 13-də 7 nömrəli Bakı Peşə Liseyində
ölkənin ilk peşə-ixtisas təhsili müəssisələri
rəhbərlərinin ənənəvi konfransı keçirildi.
Tədbiri Azərbaycan Respublikasının təhsil naziri
Misir Mərdanov açaraq konfransın 2009-2010-cu
dərs ilinin yekunları və 2010-2011-ci dərs
ilində qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunduğunu, onun işində Təhsil Nazirliyinin
bəzi şöbə müdirləri və ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbərləri ilə yanaşı,
Azərbaycan Respublikası İqtisadi İnkişaf,
Mədəniyyət və Turizm nazirliklərindən, Təhsil
Nazirliyinin birgə layihələr həyata keçirdiyi
"Azərsun Holdinq" və KNAUF şirkətlərindən
nümayəndələrin, Təhsil Nazirliyində yaradılmış
Əlaqələndirmə Şurasının üzvlərinin də iştirak
etdiyini bildirdi.
Sonra
təhsil naziri müzakirə olunan məsələ ilə bağlı
hazırlanmış geniş təqdimatla konfrans
iştirakçılarını tanış etdi. Onların diqqətini
öncə ilk peşə-ixtisas təhsili müəssisələrinin
ölkənin iqtisadi rayonları üzrə dislokasiyasına
dair statistik məlumata yönəldən nazir iqtisadi
rayonların adlarını, hər iqtisadi rayon üzrə
peşə təhsili müəssisələrinin, əhalinin,
şagirdlərin və mühəndis-pedaqoji işçilərin
sayını, mühəndis-pedaqoji heyət-şagird nisbətini
əks etdirən cədvəldəki bəzi rəqəmlərin düşünmək
üçün əsas verdiyini, ayrı-ayrı iqtisadi rayonlar
üzrə cədvəldə göstərilən sayda ilk peşə-ixtisas
təhsili müəssisəsinə ehtiyacın olub-olmamasını
müəyyənləşdirmək üçün müvafiq araşdırma aparmağa
zərurət duyulduğunu bildirdi.
Sonra ekranda 2008-2009 və 2009-2010-cu dərs
illəri üzrə ölkədəki ilk peşə-ixtisas təhsili
müəssisələri haqqında statistik məlumatı əks
etdirən cədvəl nümayiş olundu. Məlumatdan aydın
oldu ki, ölkədə ötən dərs ilində 108 ilk
peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət
göstərib. Onlarda 25200 şagird peşə hazırlığı
keçib. 3700 nəfərlik mühəndis-pedaqoji heyət
çalışıb. Mühəndis-pedaqoji heyət-şagird nisbəti
6,8 təşkil edib. Qeyd olunan dərs illəri üzrə
aparılan müqayisədən məlum oldu ki, peşə təhsili
müəssisələrinin sayı dəyişməsə də, ötən dərs
ilində şagirdlərin sayı bir qədər azalıb,
mühəndis-pedaqoji işçilərin sayı isə əksinə,
çoxalıb və nəticədə mühəndis-pedaqoji heyət -
şagird nisbəti bir qədər aşağı düşüb. Nazir
bunu mənfi hal adlandırdı.
İlk peşə-ixtisas təhsili müəssisələrində şagird
qəbulunun vəziyyətini əks etdirən cədvəldən isə
məlum oldu ki, ötən dərs ilində şagird qəbulu
planı 96 faiz yerinə yetirilib. Büdcə hesabına
oxuyanlar üzrə plan yerləri tam dolsa da,
ödənişli əsaslarla qəbul planı kəsirdə qalaraq
cəmi 73 faiz yerinə yetirilib. Nazir bunu da
xoşagəlməz hal saydığını söylədi.
Peşə təhsili müəssisələrində son 4 ildə ödənişli
qəbuldan əldə olunan büdcədənkənar vəsaitin
dinamikasını əks etdirən diaqram da diqqətə
çatdırıldı.
Nazir iqtisadi rayonlar üzrə yerləşən ilk
peşə-ixtisas təhsili müəssisələrinin İKT ilə
təchizatı barədə məlumat verib bu sahədə
vəziyyətin ümumtəhsil məktəblərinə nisbətən o
qədər də qənaətbəxş olmadığını bildirdi.
Müqayisə üçün qeyd etdi ki, əgər ölkədə kompüter
- şagird nisbəti ümumtəhsil məktəbləri üzrə
1:20-dirsə, ilk peşə-ixtisas təhsili
müəssisələri üzrə 1:64-dür.
Təhsil naziri Misir Mərdanov təqdimatında ilk
peşə-ixtisas təhsili sahəsində görülmüş bir sıra
işləri də diqqətə çatdırıb, onları müsbət
qiymətləndirdi. Qeyd etdi ki, Nazirlər
Kabinetinin 23 aprel 2010-cu il tarixli, 77
nömrəli qərarı ilə "İlk peşə-ixtisas təhsili
pilləsinin dövlət standartı və proqramı
(kurikulum)", 29 aprel 2010-cu il tarixli, 82
nömrəli qərarı ilə "Təhsil haqqında dövlət
sənədlərinin nümunələri və onların verilməsi
Qaydaları", 4 iyun 2010-cu il tarixli, 104
nömrəli qərarı ilə "Təhsil proqramlarının
(kurikulumlarının) yerinə yetirilməsi müddəti"
qəbul edilmişdir.
Avropa Komissiyası ilə birlikdə həyata keçirilən
"Peşə təhsili və təlimi sahəsində islahatlar
strategiyası və Azərbaycanın seçilmiş rayonunda
pilot icrası" layihəsi çərçivəsində dövlət və
qeyri-dövlət təşkilatlarının nümayəndələrindən
ibarət və təhsil nazirinin rəhbərliyi ilə
İdarəetmə Şurası yaradılmış, Təhsil Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
işəgötürən təşkilatların nümayəndələri, habelə
beynəlxalq və milli ekspertlərin birgə səyi
nəticəsində bəzi ixtisaslar üzrə peşə
standartları hazırlanmışdır. 20-yə yaxın təhsil
müəssisəsinin rəhbərləri və 100-dən artıq
mühəndis-pedaqoji heyət üçün 25 seminar və
treninq təşkil edilmişdir.
Təhsil naziri görülmüş ən mühüm işlərdən biri
kimi Dövlət Proqramına uyğun olaraq İsmayıllı
rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris
Mərkəzinin tikintisinin başa çatdığını və yaxın
günlərdə onun açılacağını söylədi.
Daha sonra nazir işəgötürən təşkilatlarla
əlaqələrdən danışdı. Təhsil Nazirliyi ilə
"Azərsun Holdinq" şirkətlər qrupu arasında
"Təhsil müəssisələri ilə əməkdaşlıq" layihəsi
çərçivəsində Niyyət Protokolunun imzalandığını,
KNAUF şirkətlər qrupu ilə tədris və məsləhət
xidmətləri sahəsində birgə layihə həyata
keçirildiyini, Gəncədəki "Billur elektonics"
şirkəti ilə "Peşə təhsili müəssisələri ilə
əməkdaşlıq haqqında Anlaşma"nın imzalanmasının
nəzərdə tutulduğunu bildirdi və həyata keçirilən
və keçiriləcək layihələr haqqında geniş məlumat
verdi.
Nazir təqdimatında ilk peşə-ixtisas təhsili
müəssisələrinin kadr təminatına da toxundu, bu
müəssisələrin mövcud kadr potensialı haqqında
statistik rəqəmlər gətirildi. Qeyd olundu ki,
hazırda ilk peşə-ixtisas təhsili müəssisələrində
6480 nəfər çalışır. Onlardan 1058-i ümumtəhsil
fənn müəllimi, 937-si ümumtexniki və ixtisas
fənn müəllimi, 1666-sı istehsalat təlimi ustası,
1110 nəfər rəhbər və inzibati işçi, 1709-u isə
qeyri-pedaqoji işçidir. Bəzi qrup işçilərin,
xüsusən də rəhbər və inzibati işçilərin çox
olduğunu deyən nazir ilk peşə-ixtisas təhsili
müəssisələrinin mövcud kadr strukturunun
araşdırılmasına ehtiyac duyulduğunu, nazirliyin
müvafiq qurumlarının bu məsələlər üzərində
fikirləşməli olduğunu vurğuladı.
Təhsil naziri təqdimatında 2009-2010-cu illərdə
peşə liseyləri üzrə ümumtəhsil fənlərindən
aparılmış mərkəzləşdirilmiş test imtahanlarının
nəticələri barədə də söz açdı, bütün peşə
liseyləri üzrə şagirdlərin və imtahanlardan
müvəffəq olanların sayını əks etdirən cədvəlləri
nümayiş etdirdi. Peşə liseyləri üzrə bu sahədə
orta göstəricinin ötən il 39,95 faiz olduğunu,
bu il isə onsuz da qənaətbəxş olmayan həmin
rəqəmin daha da azalaraq 35,75 faiz təşkil
etməsini nazir nöqsan saydı.
Misir Mərdanov məruzə-təqdimatının sonunda
konfrans iştirakçılarının diqqətini ilk
peşə-ixtisas təhsili sahəsində mövcud olan
problemlərə yönəltdi, onların aradan
qaldırılması, habelə ilk peşə-ixtisas təhsilinin
daha da inkişaf etdirilməsi üçün qarşıda duran
vəzifələrdən söz açdı.
Konfransda daha bir təqdimat da oldu.
Avropa İttifaqı ilə birlikdə ölkəmizdə həyata
keçirilən "Peşə təhsili və təlimi sahəsində
islahatlar strategiyası və Azərbaycanın seçilmiş
rayonunda pilot icrası" layihəsinin rəhbəri
xanım Ənn Castisin həmin təqdimatında layihənin
icrası yönündə görülmüş işlərdən bəhs olundu.
Xanım Ənn Castis bildirdi ki, layihənin vəzifəsi
Azərbaycanın qeyri-neft sektorunun rəqabət
qabiliyyətinin yüksəldilməsi və ilk peşə-ixtisas
təhsili məzunları üçün iş imkanlarının
artırılmasıdır.
Təqdimatda layihənin icrası ilə bağlı
fəaliyyətlər, strategiya və fəaliyyət
proqramının hazırlanması istiqamətində atılan
addımlar geniş şərh olundu, 66 peşə, 21 əsas
bacarıqlar modulunun, kurikulum üzrə təlimat
kitablarının hazırlandığı diqqətə çatdırıldı.
Konfransda təhsil nazirinin müavini İsgəndər
İsgəndərov, Təhsil Nazirliyi Texniki peşə
təhsili şöbəsinin müdiri Namiq Məmmədov,
İqtisadi İnkişaf Nazirliyinin Əlaqələndirmə
şöbəsinin müdiri Cəmaləddin Quliyev, Tacirlər və
İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov
çıxış edərək ilk peşə-ixtisas təhsili sistemində
ötən ildə görülmüş işlərdən, mövcud
problemlərdən, onların aradan qaldırılması
yollarından danışdılar, təklif və tövsiyələrini
söylədilər.
Yusif ƏLİYEV |