Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji
Universitetində yeni dərs ilinin başlanması
ilə əlaqədar tədbir keçirildi.Tədbiri giriş sözü
ilə ADPU-nun rektoru, professor Yusif Məmmədov
açaraq universitetə ilk dəfə qədəm qoyan I kurs
tələbələrini və professor - müəllim heyətini
yeni dərs ilinin başlanması münasibətilə təbrik
etdi.
Bildirildi ki, bu il ADPU-ya test üsulu ilə 10
fakültə üzrə əyani şöbəyə 1395 , qiyabi şöbəyə
isə 439 nəfər tələbə qəbul olunub. Eyni zamanda
ADPU-nun magistraturasının əyani şöbəsinə 11
istiqamət,42 ixtisas üzrə 190, qiyabi şöbəsinə
isə 7 istiqamət, 22 ixtisas üzrə 120 nəfər qəbul
edilib. Həmçinin yeni tədris ilində ADPU-ya
Türkiyə Respublikasının Yüksək Öyrətim Kurulu
tərəfindən 5 ixtisas-riyaziyyat, kimya,
biologiya, defektologiya və musiqi müəllimi
ixtisasları üzrə 125 nəfər türkiyəli vətəndaşın
təhsil almağa göndərilməsi də nəzərdə
tutulur.
Sevindirici haldır ki, bu ildən respublikamızın
ali təhsil müəssisələrinin yeni maliyyələşmə
mexanizminə keçməsi ilə əlaqədar ADPU-ya 727
nəfər tələbə dövlət sifarişi əsasında qəbul
edilmişdir.Bu yeniliklərlə yanaşı, universitetin
tədris korpuslarında yüksək səviyyəli
təmir-tikinti və abadlıq işləri həyata
keçirilmiş, maddi-texniki bazasının
gücləndirilməsi və müasir
informasiya-kommunikasiya texnologiyaları ilə
təminatının daha da yaxşılaşdırılması üçün
müvafiq işlər görülmüşdür.
Tədbirdə I kursa qəbul olunmuş tələbələr və
onların valideynləri də çıxış etdilər.
Şakir CƏFƏROV |