Şagirdləri demokratik, hüquqi dövlətdə yaşamağa
hazırlamaq, cəmiyyətin prinsipləri ruhunda
tərbiyə etmək əsas məqsədi sayılan ümumtəhsil
məktəbinin idarə olunması, özü də elmi-pedaqoji
əsasda idarə olunması çoxşaxəli və
müxtəlifistiqamətli, dünyaya inteqrasiya
təyinatlı təhsilimizdə islahat uğurlarının
başlıca şərtlərindəndir.
İdarəetmə nədir? Pedaqoji elmlər namizədi,
dosent Sirac Rəsulovla Azərbaycan Müəllimlər
İnstitutunun Əlavə təhsil üzrə prorektoru Rahim
Əzizovun "Orta ümumtəhsil məktəbin idarə
edilməsinin əsas istiqamətləri" adlı
vəsaitlərində (redaktoru AMİ-nin kafedra müdiri,
professor F.Xalıqov, rəyçilər AMİ-nin kafedra
müdiri, professor R.Məmmədzadə, TPİ-nin şöbə
müdiri, professor V.Xəlilov və dosent
T.Paşayevdir) termin məqsədəuyğun qərarlar qəbul
etməyə, idarə olunan obyekti təşkil etməyə, ona
nəzarət etməyə, tənzimləməyə yönəlmiş fəaliyyət,
düzgün informasiya əsasında işin təhlili və onun
yekunlaşdırılması kimi şərh olunmuşdur.
Çoxillik pedaqoji təcrübə və bilavasitə təhsili
idarəetmə sahəsində bacarıqlara əsaslanmaqla,
zəngin elmi-pedaqoji, məktəbşünaslıq sahəsində
ədəbiyyatdan istifadə yolu ilə yaradılmış vəsait
(Bakı: Müəllim, 2010. 210 s.) altı fəsildən
ibarətdir. İlk fəsildə məktəbi idarəetmənin
ümumi məsələləri və direktorun fəaliyyətinin
əsas istiqamətləri təsvir və şərh olunmuşdur.
İkinci fəsil təhsil iştirakçılarının hüquq,
vəzifə və sosial müdafiələri ilə bağlı
idarəetmənin əsas komponentlərinin tədqiqinə
həsr olunmuşdur. Müəlliflər təhsili ümummilli
inkişafın prioritet sahəsi kimi
səciyyələndirmiş, idarə edilmənin subyektlərini
təsvir etmiş, müəllim-şagird əməkdaşlığını
təhsilin demokratikləşdirilməsində əsas amil
kimi dəyərləndirmişlər.
Pedaqoji proses iştirakçılarının fəaliyyətinin
öyrənilməsi və qiymətləndirilməsi üçüncü,
məktəbdə yarana biləcək münaqişələr, bunların
səbəbləri və aradan qaldırılması yolları
dördüncü, məktəbin idarə edilməsində kollegial
idarəetmə orqanlarının fəaliyyəti və onların
əlaqələndirilməsi beşinci fəsildə
araşdırılmışdır.
Məktəbi idarə edənlər üçün ən faydalı və lazımi
elmi-pedaqoji fikirləri oxucular altıncı
fəsildən öyrənə bilərlər. Burada məktəb
sənədləri barədə ümumi məlumat verilib: tədris
ocaqlarında kargüzarlıq sənədləri və sənədlərin
dövriyyəsi uçotu mövzuları "Sənədləşmə,
hesabatlar və kargüzarlıq" adlı VI fəsildə
müfəssəl şərh olunmuşdur. Faydalı təkliflər
verən müəlliflər çıxardıqları nəticələri
əsaslandırmışlar.
Rəhbər pedaqoji kadrlar, ixtisasartırma və
yenidənhazırlanma təhsilinin dinləyiciləri,
ümumiyyətlə təhsil işçiləri üçün nəzərdə
tutulmuş vəsait məktəbşünaslıq sahəsində son
dövrdə yazılmış dəyərli kitabdır.
Ş.HƏTƏMOĞLU |