Bioqrafiyasından sətirlər
Bəxtiyar
Mahmud oğlu Vahabzadə 1925-ci il avqust ayının
16-da Şəki şəhərində anadan olmuşdu.
Yeddi yaşı olmamış məktəbə gedən Vahabzadənin
ailəsi 1934-cü ildə Bakıya köçmüş, Bəxtiyar
Vahabzadə təhsilini paytaxt məktəbində almış,
1942-ci ildə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olmuşdu.
Buradakı təhsil illərində o, yazıçı-alim Mir
Cəlal Paşayevin rəhbərlik etdiyi ədəbiyyat
dərnəyinin fəal üzvü olmuşdu.
"Ağac altı, yaşıl çəmən, bir də ki tünd çay"
şeiri ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş,
Yazıçılar İttifaqının sədri Səməd Vurğunun
zəmanəti ilə o, 1945-ci ildə hələ tələbə ikən
ittifaqa üzv olmuşdu.
Azərbaycan Dövlət Universitetinin
aspiranturasını bitirən Vahabzadə "Səməd
Vurğunun lirikası" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdi.
1964-cü ildə "Səməd Vurğunun yaradıcılıq yolu"
mövzusunda dissertasiyasına görə filologiya
elmləri doktoru elmi dərəcəsi almışdı.
O, 40 il Azərbaycan Dövlət Universitetində elmi,
elmi-pedaqoji fəaliyyət göstərmişdi. Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəxtiyar
Vahabzadə, hər şeydən əvvəl, qüdrətli şair idi,
nüfuzlu ictimai xadim idi.
Yaradıcılıq yollarında
Bəxtiyar Vahabzadənin ilk mətbu əsəri "Ədəbiyyat
qəzeti"ndə 1943-cü ildə çap olunmuş "Ana və
portret" şeiridir.
Şairin əsərlərindən ibarət ilk kitab - "Mənim
dostlarım" 1948-ci ildə nəşr olunmuşdur. Sonrakı
illərdə Vahabzadə elmi axtarışları ilə paralel
bədii istiqamətdə də fəaliyyətini
genişləndirmişdir.
Professor Pənah Xəlilov 60-cı illərdə yazırdı
ki, illər keçdikcə Bəxtiyar Vahabzadənin
yaradıcılığı məzmun cəhətdən dərinləşdiyi kimi,
sənətkarlıq xüsusiyyətlərinə görə də
zənginləşmişdir.
Sonrakı illərdə Bəxtiyar Vahabzadənin əsərləri
kitab şəklində çapdan buraxılmışdır. Belə ki,
1950-ci ildə onun "Bahar", 1953-cü ildə "Dostluq
nəğməsi", bir il sonra "Əbədi həyat", "Çinar" və
"Sadə adamlar" kitabları işıq üzü görmüşdür.
"Aylı gecələr" kitabı 1958-ci ildə oxucuların
istifadəsinə verilmişdir.
1962-ci il Bəxtiyar Vahabzadə üçün çox uğurlu
olmuşdur. Belə ki, həmin ildə şairin "Etiraf" və
"Şəbi-hicran" adlı kitabları nəşr edilmişdir.
Sənətkara şöhrət gətirən kitablardan biri -
"İnsan və zaman" 1964-cü ildə böyük tirajla
buraxılmışdır. İllər ötdükcə onun əsərlərinin
mövzu və motivləri genişlənmişdir. Bu cəhət
ədəbi tənqidin nəzərindən yayınmamışdır.
Professor Pənah Xəlilov yazır ki, Bəxtiyar
Vahabzadənin ilk əsərlərində məktəb mövzusu,
şair-müəllim, tələbə-müəllim arasındakı səmimi
münasibətlər çox yer tutmuşdur. Bunun bir səbəbi
bir tərəfdən şairin məktəbdən yenicə ayrılması,
onun xoş təəssüratı ilə yaşaması idisə, o biri
tərəfdən də hələ onun həyat təcrübəsinin çox az
olması idi.
Müəllif fikrini açıqlayaraq qeyd edir ki,
şagirdlik və tələbəlik illərinin şirin
xatirələri, canlı müşahidə Bəxtiyar Vahabzadəni
hər an söz deməyə, məktəb haqqında fikir
söyləməyə təşviq edirdi. Şagird dostları,
tələbəlik illərinin sirdaşları sanki yeni
libasda, yeni görkəmdə gəlib onun qarşısında
dayanır və şairi qələmə sarılmağa, duyub
yaşadıqlarını qələmə almağa çağırırdı.
İllər keçdikcə şairin qələmə aldığı mövzuların
dairəsi genişlənmişdir. Belə ki, "məktəbə ilk
dəfə qədəm qoyan, qar üstündə ilk cığır açan
şagird, ağsaçlı müəllim surəti" ilə yanaşı,
Vahabzadə əsərlərində yaradıcı ziyalı
obrazlarına, Avropa və Şərq ölkələrindəki
hadisələrə və onların qəhrəmanlarına rast
gəlinir.
Bəxtiyar Vahabzadənin bədii əsərlərinin
qəhrəmanlarının bir qismi ədəbi-tarixi
şəxsiyyətlərdir. Bunların sırasında özünü "qəm
karvanının saribanı" adlandıran Məhəmməd Füzuli,
lazım gələrsə sümüyünü də xalqı yolunda əritməyə
hazır olan, böyük cəsarət və bədii qüdrət sahibi
Mirzə Ələkbər Sabir, eləcə də müdrik Nizami
Gəncəvi, Üzeyir bəy Hacıbəyov, Cəlil
Məmmədquluzadə, Cəfər Cabbarlı və başqalarının
yaddaqalan obrazları xüsusi yer tutur. Bu
baxımdan bir maraqlı məsələni qeyd etmək
lazımdır: Bəxtiyar müəllimin əsərlərində Ancelo,
Rafael kimi dünya şöhrətli sənətkar obrazlarına
rast gəlinir.
Bəxtiyar Vahabzadə fəlsəfi məzmun daşıyan lirik
əsərlərlə yanaşı, insan talelərinin güzgüsü olan
poemalar, həyati konfliktlər əsasında qurulmuş
pyeslər, ədəbiyyatımızın vacib problemlərinə
həsr olunmuş monoqrafiya və məqalələr,
publisistik yazılar müəllifidir.
Görkəmli filoloq alim Pənah Xəlilov yazır ki,
Bəxtiyar Vahabzadənin yaradıcılığı poeziyamızın
mütərəqqi ənənələri ilə bağlı olan həyəcanlı,
mənalı, ahəngdar yaradıcılıqdır. O, fikir
söyləyən, hadisənin mahiyyətinə nüfuz edən
surətin daxili aləmini açmağı bacaran, poemada
epik təsviri lirik haşiyələr və kəskin dramatik
münaqişələrlə üzvi şəkildə bağlamağı sevən
şairdir.
Bəxtiyar Vahabzadə irsinin araşdırıcılarından
biri - Rahil Ulusel sənətkarla bağlı məqaləsində
yazır: Vətən müstəqilliyi ideyasını bir palıd
ağacı əkirmiş kimi cücərdib yetişdirən Bəxtiyar
Vahabzadənin ictimai-siyasi fəaliyyəti və ədəbi
yaradıcılığı son on ildə - Azərbaycanın
suverenliyi dövründə öz əvvəlki yanar
vətəndaşlıq mövqeyindən və bədii-fəlsəfi
məntiqindən qırılmadan daha sərrast
milli-ideoloji siqlət, mükəmməl poetik
monumentallıq və dərin müdriklik qatı kəsb edir.
Şairin poeziyasında ümummilli vəhdət nidası ilə
sanki ana Vətən dilə gəlib söyləyir:
Dayaq olsun bu gün gərək sol sağa,
Bu vəhdətdən yurdumuza gün doğa.
Bütün millət dönməliykən yumruğa,
Türkün türklə ədavətə haqqı yox.
Bəxtiyar Vahabzadənin qələmə aldığı ağrılı
mövzulardan biri 20 Yanvar faciəsi ilə bağlıdır.
Şairin "Şəhidlər" poeması bu baxımdan ən dəyərli
əsərlərindəndir (Poemadan istifadə yolu ilə
musiqi əsəri yaradılmışdır).
Bəxtiyar Vahabzadənin anlamında ömür, yaşamaq
aşağıdakı kimi mənalandırılır:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
Deməli, ömrü fəaliyyətsiz keçirmək günahdır.
Yaşamalısan: iş görməli, yaratmalı, qurmalı, ya
da ki, qurulanı qorumalısan. Yanmaq əməlinlə
başqalarının yoluna nur salmaqdır.
Vahabzadə də qələmdaşları kimi Vətən, Azərbaycan
mövzusunda əsərlər yazıb. Təbii ki, şairin Vətən
haqqında düşüncələri, anlamı tamam başqa
məzmundadır: Vətəni seçmək azdır, onun yolunda
həyatından keçməyə hazır olmalısan:
Vətəni sevirəm deyən çox olar,
Deməyə nə var ki, dil yorulmasa.
Vətən də bizim tək ölər, yox olar,
Vətənin yolunda ölən olmasa.
Bəxtiyar Vahabzadə yaradıcılığında baş
mövzulardan biri də dildir, ana dilidir. Dil
xalqın varlığının nişanələrindən biri olub, onun
ən qiymətli sərvətidir; üstəlik nəsillər
silsiləsini birləşdirən, babaların vəsiyyətini
nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir.
"Ana dili" şeirində oxuyuruq:
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır. Onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək!
Bəxtiyar Vahabzadə həm də publisist kimi
tanınır. Onun altı kitabı - "Sənətkar və zaman",
"Sadəlikdə böyüklük", "Vətən ocağının istisi",
"Dərin qatlara işıq", "Gəlin açıq danışaq"E",
"Şənbə gecəsinə gedən yol" vardır. Bu kitablarda
onun tənqidi və publisistik məqalələri
toplanmışdır.
Poemalar müəllifi, dramaturq
Bəxtiyar Vahabzadə həm də çoxlu sayda poemalar
müəllifidir: "Etiraf", "Əbədi heykəl",
"Gülüstan", "Dörd yüz on altı", "Şəbi-hicran",
"Muğam", "Şəhidlər" və s. Mütəxəssislər bu
əsərlərin başlıca məziyyətləri sırasında həyat
materialının zənginliyini, bu materialların
insan talelərinin təsvirinə yönəldilməsini,
lirik ricətlərin fəlsəfi çalarını xüsusilə qeyd
edirlər.
Xalq şairi "Muğam" poemasında muğam xəzinəmizin
- el mənəvi sərvətinin insanın bir şəxsiyyət,
ağıl və qəlb sahibi kimi yetişməsində,
vətənpərvərlik duyğularının inkişafında, idrak
prosesinin sürətləndirilməsində rolunu çox
orijinal bir forma və üslubda ifadə etmişdir.
Mütəxəssislər haqlı olaraq vurğulayırlar ki,
"Muğam" yalnız muğamat, yaxud musiqi haqqında
əsər deyil, xalq ruhu, xalq mənəviyyatı
mövzusunda şairin düşüncələr janrıdır. Şair
"Muğam" adlı qəzəlində yazır:
Nə güman eyləmisən ondakı tilsimləri sən?
Kürü ahilə qurutdu, salı yandırdı muğam.
Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.
Vahabzadə dramaturgiya ilə də məşğul olmuşdur.
Onun qələmindən çıxmış "Vicdan", "Yağışdan
sonra", "İkinci səs", "Yollara iz düşür",
"Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən
qılınc", "Dar ağacı" kimi pyeslər Azərbaycan
teatrının repertuarında özünə layiq yer tutur.
Bu əsərlərin qəhrəmanları xeyirxah, nəcib,
humanist insanlar, əsl vətəndaşlardır. Mənfi
kredolu, bədxah niyyətli adamlara qarşı çarpışan
bu obrazlar öz mənəvi-əxlaqi xüsusiyyətləri ilə
milli dramaturgiyamızın obrazlar sistemində
seçilirlər.
Müasirləri B.Vahabzadə barədə
Bəxtiyar Vahabzadənin əsərləri təkcə
Azərbaycanda deyil, onun hüdudlarından kənarda
da yayılmış, tamaşaya qoyulmuş, başqa dillərə
tərcümə edilmiş, Moskva, Daşkənd, Ankara,
Tehran, Berlin və s. şəhərlərdə xarici dillərdə
böyük tirajla nəşr olunmuşdur.
Bununla yanaşı, şairin lirikası və poemaları,
dram əsərləri barədə qüdrətli sənətkar və
alimlərdən ustad Məmmədhüseyn Şəhriyar, alman
Əhməd Şmide, rus Yevgeni Yevtuşenko, qırğız
Çingiz Aytmatov, qazax Oljas Süleymenov, türk
Qaplan, Azərbaycanın xalq şairi Rəsul Rza,
akademik Məmməd Arif və başqaları fikir
söyləmiş, məqalələr yazmışlar.
XX əsr Şərqinin, türk-müsəlman dünyasının ən
qüdrətli şairi Məmmədhüseyn Şəhriyar Bəxtiyar
Vahabzadə yaradıcılığına diqqət yetirmiş, ona
xüsusi qardaşlıq münasibəti bəsləmişdir. Bu,
aşağıdakı sətirlərdə öz əksini belə tapmışdır:
Qardaşların gözündən öp,
Bəxtiyarın üzündən öp,
Səmədin də gözündən öp,
Mən də təkəm, sizə qurban.
Tək canım hamınıza qurban.
Xalq yazıçısı, tənqidçi, publisist Mehdi Hüseyn
demişdir:
"O, (B.Vahabzadə - Ş.M.) bizim şeirimizdə artıq
görkəmli yer tutmuş istedadlı sənətkar kimi
tanınmaqda və seçilməkdədir".
Görkəmli şərqşünas alim Əhməd Şmide
yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini
tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə yazır:
Bir insanın öz xalqını və öz doğma dilini
dəlicəsinə sevə bilmək qabiliyyətini mən
Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar
Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı
ifadələr, aydın olmayan tərkiblər və əllaməlik
onun sənətinə yaddır.
Azərbaycan kənd ziyalılarının ağsaqqalı olan
filologiya elmləri doktoru, əməkdar müəllim
İmamverdİ Əbilov 56 illik dostu haqqında qələm
məhsulunu belə adlandırmışdır: "Sözünün ağası",
"İxtiyarının qulu". Məqalədə şairin şəxsiyyəti
belə səciyyələndirilir: "Yaddaşımın aynasında
Bəxtiyar sədaqəti, Bəxtiyar mərdanəliyi,
Bəxtiyar kövrəkliyi, Bəxtiyar cəsarəti, Bəxtiyar
mübarizliyi haqqında çeşid-çeşid lövhələr
canlanır". Daha sonra yazıda Bəxtiyar müəllimin
vaxtilə ermənilərin məkrli Naxçıvan siyasətini
amansızcasına ifşa etmiş qeyrətli və prinsipial
vətəndaş, professor Abbas Zamanovu bəladan
qurtarması üçün o vaxtlar Azərbaycan KP MK
katibi Nazim Hacıyevlə olan telefon söhbəti də
qələmə alınıb.
Xalq şairi, akademik Bəxtiyar Vahabzadə nadir
yaradıcı simalardan idi. O, sənətin ən müxtəlif
janrlarında qələmi sınamaqla yaddaqalan əsərlər
yaratmışdı.
"Azərbaycanın xalq şairi", "Əməkdar incəsənət
xadimi" fəxri adları alan sənətkar SSRİ-nin və
Azərbaycan SSR-in Dövlət mükafatları laureatı
idi.
Müstəqil Azərbaycanın "İstiqlal" ordenini ilk
alan sənətkarlardan biri B.Vahabzadə olmuşdur.
O, dəfələrlə deputat seçilmiş, millət vəkili
kimi fəaliyyət göstərmişdi.
Azərbaycan Yazıçılar Birliyinin xalq şairinin 80
illik yubileyi ilə bağlı təbrikində oxuyuruq:
"...əsərlərinizdə Azərbaycan xalqının dünənini,
bu gününü əks etdirir, xeyirxahlığı, gözəl və
pak duyğuları tərənnüm edirsiniz. Yer üzündə
sülh və əminamanlıq, bəşəriyyəti müharibələrdən
xilas etmək arzusu vətəndaş şair kimi Sizi daim
narahat edir, Siz dünya xalqlarının azadlıq və
istiqlaliyyət uğrunda mübarizəsini əks etdirən
poema və şeirlərin müəllifi kimi tanınmışsınız.
Sizin yaradıcılığınızda əsas meyar vətəndaşlıq
duyğusu, azərbaycançılıq və cəsarətdir".
Dünya şöhrətli sənətkar və araşdırıcı, ictimai
xadim Oljas Süleymenov yazır ki, Bəxtiyar
Vahabzadə bütün ölkədə (keçmiş SSRİ nəzərdə
tutulur - Ş.M.) tanınan və seçilən bir şairdir.
Onun poeziyasında Şərqə məxsus bütün gözəl
keyfiyyətlər əksini tapıb. O, xalq şairidir,
laureatdır.EƏn böyük mükafatı xalqın sevgisidir.
...Bəxtiyarın həm bədii yaradıcılığı, həm də
ictimai fəaliyyəti hər cür hörmətə layiqdir.
Şamxəlil MƏMMƏDOV |