Planetlərin
sayına görə bu sistem digərlərini üstələyir.
Kəşfin müəllifi Avropa Cənub Rəsədxanasının
(ESO) mütəxəssisləridir. Astronomlar Yerdən 127
işıq ili məsafədə, Cənub Əjdahası bürcünə aid HD
10180 ulduzu ətrafında 7 planetin varlığını
təsbit ediblər. Ulduzun hərəkətində ("HARPS"
cihazı vasitəsilə) dəyişiklik qeydə alan alimlər
bunun ətrafda ola biləcək səma cismlərinin
qravitasiya təsirindən baş verdiyini əsas
götürüblər. Beləliklə, ulduzun 6 iri, 1 də kiçik
planetdən ibarət sistemə malik olduğu üzə
çıxarılıb. Şüalanmanın təhlili metodikası ilə
planetlərin xarakteristikası - sayı, kütlə və
orbiti təyin edilib.
Planetlərin 5-i Neptunla müqayisə ediləcək qədər
böyükdür. Onların kütləsi Yerdən 13-25 dəfə
artıqdır. Ulduz ətrafında dövretmə müddətləri də
fərqlidir: Məsafədən asılı olaraq 6-600 gün
arasında dəyişir.
Sistemə daxil daha iki planetdən biri (Yerdən 65
dəfə ağır) Saturnu xatırladır, bu kütləli səma
obyekti ulduzu ətrafında hərəkətini 2200 sutkaya
tamamlayır. Digər planet isə diqqətçəkəndir -
Yerdən cəmi 1,4 dəfə böyükdür. Bununla belə,
astronomlar bu ekzoplanetdə həyatın ola
biləcəyini istisna edirlər. Səma cismi ulduza
çox yaxın, qısa orbitə malikdir. Deməli,
səthində temperatur həyat üçün yararsız dərəcədə
yüksəkdir.
Qeyd edək ki, bu vaxta qədər dünya astronomları
(Günəş sistemindən kənar) cəmi 15 planetar
sistem kəşf ediblər. Onların hər birinə ən azı 3
planet daxildir. |