Son illər təhsilimizdə baş verən yeniliklər,
təlimin təşkilinə innovativ yanaşma, onun forma
və üsullarının təkmilləşdirilməsi istiqamətində
atılan addımlar müəllimlərin fəallığını
artırmış, yaradıcı axtarışlarını
gücləndirmişdir. Hazırda təhsil
müəssisələrimizdə getdikcə daha çox tətbiqini
tapan fəal təlim, müasir, interaktiv təlim metod
və üsulları, qeyri-ənənəvi dərs formaları və
bir çox digər innovasiya elementləri məhz həmin
axtarışların nəticələridir. İndi dərslərini fəal
təlimin prinsipləri və tələbləri əsasında quran,
pedaqoji fəaliyyətinə yaradıcı yanaşan
müəllimlər çoxdur. Belə müəllimlərdən birinin -
Bakıdakı 283 nömrəli məktəb-liseyin Azərbaycan
dili və ədəbiyyat müəllimi Xuraman Yusifkənanın
"açıq dərs"ində iştirak etdik.
"Açıq
dərs"in mövzusu istedadlı şairimiz Əli Kərimin
"Qaytar ana borcunu" şeiri idi. Dərsin məqsədi
kimi şagirdlərdə anaya qarşı hörmət hissinin
tərbiyə olunması, ana mövzusunun ədəbiyyatımızda
mükəmməl işlənməsi barədə onlara biliklərin
verilməsi, ana borcunu qaytarmaq üçün hər kəsin
üzərinə düşən mənəvi məsuliyyət hissini aşılamaq
nəzərdə tutulmuşdu.
Seçilmiş resurslar - dərslik, lent yazıları,
tapşırıqlar yazılmış vərəqlər, ekranda nümayiş
üçün slaydlar, krossvord-plakat və s. də kifayət
qədər çeşidli olub mövzunun dərindən
öyrədilməsinə yönəldilmişdi. Dərsin təşkili
mərhələsində müəllim verdiyi suallarla
motivasiya yaratdı. O, "Ana torpaq", "Ana
Vətən", "Ana dili", "Ana sözü" adlandırılmış
qrupların üzvlərinə müraciət edərək nə üçün
qrupları bu cür adlandırdıqlarını soruşdu.
Cavablarda ana sözünün məna tutumu, həyatda bizə
ən əziz varlığın bu sözlə ifadə olunması, digər
bir çox varlıqların müqəddəslik və bizə yaxınlıq
dərəcəsini artırmaq üçün bu sözdən bəzi söz
birləşmələrində istifadə edildiyi (ana vətən,
ana dili, ana torpaq və s.) diqqətə
çatdırıldı. Bu məqamda müəllim dərsin
mövzusunun müqəddəs varlıq olan ana ilə bağlı
olduğunu, ötən dərsdə keçdikləri Əli Kərimin
"Qaytar ana borcunu" şeirini təhlil
edəcəklərini vurğuladı.
Əvvəlcə müəllimin təklifi ilə hər qrupdan
şagirdlər şeiri hissə-hissə intonasiya ilə həzin
musiqinin müşayiəti ilə söylədilər. Eyni qayda
ilə şeirin məzmunu da nəql olundu və məzmun üzrə
işin qiymətləndirilməsi aparıldı. Hər qrup öz
cavablarına qiymət verdi.
Sonra şeir təhlil olundu. Şagirdlər müəllimin
təklifi və yönəldici sualları ilə öncə ana
obrazını səciyyələndirdilər. Ananın fədakarlığı,
övladını böyütməsi üçün böyük əzab-əziyyət
çəkməsi, oğlu ilə fəxr etməsi, onun cəmiyyətin
layiqli üzvü olması üçün təhsil almasına
çalışması, oğlunu sevməsi, ən çətin
məqamlarında belə onun haqqında pis bir şey
düşünməməsi və s. qeyd olundu.
Sonra oğul səciyyələndirildi. Şagirdlər ananın
gözəl, boy-buxunlu, həmişə məhəbbətlə oxşadığı
oğulun həqiqətən də gözəl, "qızların ağlını
başından alan", təhsildə çalışqan bir gənc
olduğunu, lakin eyni zamanda anasına qarşı çox
laqeydlik göstərdiyini, onunla maraqlanmadığını,
məktublarına cavab vermədiyini qeyd edib, onu
nankor övlad kimi səciyyələndirdilər. Şairin
oğula qarşı münasibəti barədə müəllimin sualı da
şagirdlər tərəfindən cavablandırıldı, ana
borcunu qaytarmağın heç vaxt mümkün olmaması
barədəki qənaətində şairin haqlı olduğu ifadə
edildi.
"Açıq dərs"də fənlərarası əlaqə də müəllim
tərəfindən ustalıqla yaradıldı.
Sonra 2 şagirdin ifasında kiçik bir səhnə
nümayiş olundu: Ana övladını qulluğa göndərmək
istəyir, uşaq müxtəlif bəhanələr gətirib qulluğa
getməkdən boyun qaçırır. Uşağın bu hərəkəti
şagirdlər tərəfindən təhlil olunub mənfi
qiymətləndirildi, övlad hər zaman ata-anasının
qulluğunda durmalı, sözlərindən çıxmamalıdır
fikri irəli sürülüb təsdiqləndi.
Sonra mövzu ətrafında tədqiqatlar aparması üçün
söz oyunu keçirildi. Şagirdlər lövhədən asılmış
cibciklərdən sualları götürərək
cavablandırdılar. Həmin cavablar əsasında ananın
portreti tamamlandı. Bu qənaətə gəlindi ki, bizi
böyüdən analar fədakardırlar, beşiyimiz başında
laylay deyən analarımız həm bəstəkar, həm də
şairdirlər və s.
Müəllim "Ana haqqında daha hansı şeirləri
bilirsiniz" sualı ilə fəndaxili əlaqəni də qurdu
və şagirdlər həmin sualın cavabı olaraq digər
bir sıra şairlərin şeirlərinin adını çəkdilər və
beləliklə, ədəbiyyatdan kifayət qədər məlumatlı
olduqlarını təsdiqlədilər.
Müəllim bütün qrupları mövzu ilə bağlı
"Krossvord" üzərində işlətdi, qruplar bir-birinə
suallar verdilər.
Olduqca canlı və maraqlı keçən "açıq dərs"
qrupların və onların hər bir üzvünün fəaliyyəti,
dərsdə iştirak səviyyəsi müəllimin müvafiq
müdaxilələri və istiqaməti ilə şagirdlərin
özləri tərəfindən qiymətləndirilməsi və evə ana
haqqında esse yazmağın tapşırılması ilə başa
çatdı.
Dərsdə iştirak edən 283 nömrəli orta məktəbin
direktoru Şükufə Axundova, 83, 100, 115, 135,
244 nömrəli məktəblərin dil-ədəbiyyat
müəllimləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Metodkabinetinin Nəsimi-Binəqədi metodik
bölməsinin müdiri Həvva Əsgərova "açıq dərs"i
yüksək qiymətləndirib, müəllim və şagirdlərin
dərsdəki fəaliyyətlərinin müasir dərsə verilən
tələblər baxımından qənaətbəxş olduğunu,
müəllimin istiqaməti ilə şagirdlərin apardıqları
tədqiqatlar, dərsdə beyin həmləsi, krossvord,
söz oyunu, qruplarla iş və s. kimi müasir təlim
üsullarından istifadə nəticəsində mövzunun
dərindən öyrənildiyini, dərsin qarşısına
qoyulmuş bütün məqsədlərin əldə edildiyini
vurğuladılar.
Yusif ƏLİYEV |