Müstəqil Azərbaycanın ictimai, iqtisadi, mədəni
həyatı sürətlə dəyişir, bütün sahələrdə uğurla
başlanmış islahatlar davam etdirilir. Bu
islahatlar cəsarətli olduğu kimi, həm də
möhtəşəm və əzəmətlidir. Çünki onun özülü,
bünövrəsi çox yüksək peşəkarlıqla qoyulmuşdur.
Ulu öndər Heydər Əliyev təhsil islahatlarının
başlandığı vaxtdan xeyli keçdikdən sonra bu
hadisələrə yüksək qiymət verərək demişdir:
"Müstəqil Azərbaycanda son illər təhsil
sahəsində geniş islahatlar aparılır. Bu
islahatlar Azərbaycanın təhsil sistemini, o
cümlədən təhsilin səviyyəsini daha da
təkmilləşdirir, dünya standartlarına
uyğunlaşdırır". Təhsil sahəsində başlanmış
islahatlar möhtərəm Prezident İlham Əliyev
cənabları tərəfindən uğurla davam etdirilir.
Müasir təhsil texnologiyalarının öyrənilməsi,
ümumiləşdirilərək milli zəmində inkişaf
etdirilməsi, ümumi təhsilin məzmunu,
texnologiyaları və qiymətləndirilməsi
sahələrində böyük irəliləyişlər, təhsilin
humanistləşdirilməsi və demokratikləşdirilməsi
sahəsində yüksək nailiyyətlər əldə olunur.
Bu gün müstəqil bir ölkənin mükəmməl təhsil
sistemi qurulmaqdadır. Artıq neçə illərdir ki,
təhsilin mümkün olan zəruri, hüquqi bazası
yaradılmış, təhsilin məzmunu və strukturunda
müasir dünyanın tələblərinə uyğun
dəyişikliklərin aparılması istiqamətində
səmərəli işlər görülmüşdür. Xüsusən bu günlərdə
Azərbaycan Respublikasının "Təhsil haqqında"
Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq,
"Ümumi təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları)" sənədi hazırlanmış
və 03 iyun 2010-cu il tarixdə hökumət tərəfindən
təsdiq olunmuşdur.
Bu sənəd ölkəmizin təhsil tarixində ilk dəfə
hazırlanmış və 2006-cı ildə təsdiq edilmiş
"Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu)" əsasında
işlənmişdir. Sənəddə ümumi təhsilin səviyyələri
və fənlər üzrə ümumi təlim nəticələri bir daha
təkmilləşdirilmişdir. "Ümumi təhsilin idarə
olunması", "Ümumi təhsilin infrastrukturu",
"Ümumi təhsilin maddi-texniki və tədris bazası",
"Ümumi təhsil pilləsində təhsil verənlərin
keyfiyyət göstəriciləri" və s. kimi zəruri olan
yeni məsələlər sənədə daxil edilmişdir.
Qarşıdan gələn ənənəvi sentyabr konfranslarında
ölkənin təhsil həyatında aparılan bu
dəyişikliklərlə bağlı konkret faktlara diqqət
yönəltmək, müzakirələrdə daha inandırıcı
söhbətlərə üstünlük vermək tövsiyə olunur. Çox
yaxşı olar ki, artıq ənənə halını almış "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələri barəsində müzakirələr açılsın və bu
hadisə ölkə miqyasında təhsilə göstərilən böyük
diqqət və qayğı kimi dəyərləndirilsin. Hər rayon
özünün həmin müsabiqədə iştirakı baxımından
nailiyyətlərini və çatışmazlıqlarını qeyd
etməlidir.
Ölkədə aparılan təhsil islahatlarında
maddi-texniki bazanın möhkəmləndirilməsi xüsusi
istiqamət kimi diqqəti cəlb edir. Bu vaxta qədər
xeyli sayda dünya standartlarına uyğun məktəb
binası tikilmişdir. Yalnız 2010-cu ildə
respublikada 12380 yerlik 34 belə yeni məktəb
binası inşa edilmiş, 25 məktəbin isə inşasına
başlanılmışdır. 64 rayon 27414 parta, 2315 yazı
lövhəsi, 4313 yazı masası və 7662 müəllim stolu
ilə təmin olunmuşdur. 115 məktəbdə müasir fizika
və kimya laboratoriyaları quraşdırılmış, 66
məktəb kitabxanası zəruri avadanlıqlarla təchiz
olunmuşdur.
Bunlardan əlavə, məktəbin İKT sahəsində inkişafı
ilə bağlı da xeyli tədbirlər həyata
keçirilmişdir. Belə ki, 73 məktəbə 200
proyektor, "Elektron məktəb" pilot layihəsində
iştirak edən 20 məktəbə 300 kompüter, 336
noutbuk verilmiş, 20 min müəllim, 4 min inzibati
və 600 texniki heyət işçisi İKT üzrə öyrədici
kurslardan keçmişdir.
2010-2011-ci dərs ili üçün 111 adda 4 milyon 506
min 650 nüsxə dərslik və müəllim üçün vəsait çap
olunaraq yerlərə göndərilmişdir. Bunlardan 40
adda 1 milyon 888 min 250 dərslik və metodik
vəsait yeni fənn kurikulumları ilə işləyəcək III
siniflər üçün nəzərdə tutulmuşdur.
Həmçinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci
Layihənin "Kurikulum islahatının davam
etdirilməsi və kurikulumun tətbiqinə dəstək"
alt-komponenti çərçivəsində tədbirlər həyata
keçirilməyə başlanmışdır. İlk olaraq I
siniflərdə dərs deyəcək müəllimlərlə müvafiq
qaydada iş aparılmış, 9 minə qədər ibtidai sinif
müəllimi təlim kurslarına cəlb olunmuş, onların
peşəkarlığının artırılması istiqamətində işlər
görülmüşdür. Ötən il yalnız Bakı şəhərində 230
təhsil işçisi və müəllim yeni kurikulumlarla
bağlı təlim kursundan keçərək məşqçi müəllim
statusu almışdır.
Eyni zamanda respublikanın rayon və şəhərlərində
yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə
bağlı araşdırmalar aparılmış, mövcud vəziyyət
öyrənilmiş, ümumiləşdirilərək təhlil edilmişdir.
Heç şübhəsiz, sadalanan bu işlər istiqamətində
hər bir rayon və şəhərdə də müvafiq işlər
görülmüşdür. Konfranslarda bu məsələlərin də
ümumiləşdirilərək müzakirə edilməsi, yaranmış
problemlər ətrafında fikir mübadilələrinin
aparılması məqsədəuyğun hesab edilir.
"Kurikulum" müasir təhsil modelini ifadə edən
termin və pedaqoji anlayış kimi ölkədə həyata
keçirilən təhsil islahatı ilə əlaqədar işlənməyə
başlamışdır. Hər bir ölkənin təhsil modeli
müəyyən sənədlərdə təsbit olunur. Təhsil
modelinin bu və ya digər səviyyədə əks olunduğu
sənədlər kurikulum adlanır. Artıq ölkəmizdə
orijinal kurikulum nümunələri yaradılmışdır.
Həmin kurikulumlarda ümumi təhsilə və ümumi
təhsilli şəxsə verilən tələblər, ibtidai, ümumi
orta və tam orta təhsilin məqsədləri, bu
pillələrdə tədris olunan fənlərin məqsədləri
(ümumi təlim nəticələri şəklində), bu
məqsədlərin həyata keçirilməsini təmin edən
pedaqoji prosesin təşkili, idarəetmənin
prinsipləri, şagird nailiyyətlərinin
qiymətləndirilməsinin mexanizmləri müəyyən
olunmuşdur.
Fənn kurikulumları işlənib hazırlanmışdır.
Məlum olduğu kimi, ibtidai siniflər üçün fənn
kurikulumları artıq istifadəyə verilmişdir. Hər
bir fənn kurikulumu Milli Kurikulumda onun
qarşısında qoyulan məqsədlərin həyata
keçirilməsi istiqamətində bütün zəruri
fəaliyyətlərin modelini əks etdirir. Burada
fənnin təhsil pillələri və siniflər üzrə
məqsədləri, bu məqsədlərin həyata keçirilməsini
təmin edən məzmun, təlimin strategiyaları,
təlimin təşkilinə verilən tələblər, təlimin
təşkilinin forma və üsulları barədə tövsiyələr,
müəllimlərin təlim fəaliyyətinin
planlaşdırılmasına aid nümunələr, habelə şagird
nailiyyətlərinin qiymətləndirilməsi məsələləri,
əsas qiymətləndirmə növləri, qiymətləndirmə
standartları, qiymətləndirmə vasitələrinə aid
nümunələr öz əksini tapmışdır.
Hər bir fənn kurikulumunun nüvəsini onun məzmun
standartları təşkil edir. Məzmun standartları
fənnin məzmununun yığcam ifadəsidir. Onun
əsasında dərsliklər və digər tədris vəsaitləri
(metodik vəsaitlər, didaktik materiallar) tərtib
olunur, qiymətləndirmə standartları və bunların
da əsasında qiymətləndirmə vasitələri
hazırlanır. Bütün bunlar məzmun standartlarına
nail olunmağa xidmət edir.
Hazırda ibtidai təhsilin davamı olaraq ümumi
orta və tam orta təhsil səviyyələri üçün də
fənlər üzrə standart hazırlanmaqdadır. Artıq on
fənn üzrə standartlar layihəsi çap olunaraq
ictimaiyyətin müzakirəsinə verilmişdir.
Maraqlananlar həmin layihələrlə İnternet
vasitəsilə
www.kurikulum.az portalında da tanış ola
bilərlər.
Fənn kurikulumlarının hazırlanması işi davam
etməkdədir. Lakin önəmli olan bu məsələyə diqqət
yetirmək, onu ciddi müzakirə obyektinə
çevirməkdən ibarətdir. Müasir pedaqoji
yanaşmalardan biri olan kurikulum məsələsinə
sadəcə yeni bir termin kimi deyil, təhsilin yeni
məzmununu, texnologiyalarını, qiymətləndirmə
mexanizmlərini və s. əhatə edən anlayış kimi
yanaşılmalı, qlobal dünyanın təhsil aləmindəki
uyğunluqların bir cəhəti kimi şərh olunmalıdır.
Müşahidələr göstərir ki, müəllimlər təhsildə
standart anlayışının işlənməsinə birmənalı
yanaşmırlar. Bu terminin daha çox texniki və
texnoloji sahələrə aidliyi barədə fikirlər
söyləyirlər. Təcrübələr göstərir ki, standart
anlayışına bəzən birtərəfli münasibət
bildirilməklə onun mənasında təhriflərə yol
verilir.
Fikrimizcə, təhsil haqqında yeni qanundan irəli
gələn vəzifələrdən biri təhsil standartlarının
mahiyyəti məsələsidir. Təhsil standartı bir
pedaqoji anlayış kimi ötən əsrin 90-cı illərinin
əvvəlindən Azərbaycanda normativ-hüquqi
sənədlərdə işlənməyə başlamış və bu gün
Azərbaycan Respublikasının yeni Təhsil Qanununda
özünə geniş yer tutaraq hüquqi status
qazanmışdır. Qeyd olunmuşdur ki, "Dövlət təhsil
standartları təhsilin məzmununu, idarə
olunmasını, maddi-texniki və tədris bazasını,
infrastrukturunu, təhsil verənlərin keyfiyyət
göstəricilərini, hər bir təhsil pilləsində
təhsil alanların bilik, bacarıq və vərdişlərinin
səviyyəsini müəyyənləşdirir". Ona görə də ümumi
təhsilin bütün səviyyələri üçün hazırlanmış
təhsil standartlarını diqqətlə öyrənmək, öz
fəaliyyətlərini onların tələbinə uyğun olaraq
qurmaq hər bir təhsil işçisinin təxirəsalınmaz
vəzifəsi kimi müzakirə olunmalıdır.
Bu baxımdan ölkəmizin yeni qəbul olunmuş "Təhsil
haqqında" Qanunundan irəli gələn vəzifə kimi
yeni təhsil sənədlərindən birinin 2010-cu il
iyunun 3-də hökumətin təsdiq etdiyi "Ümumi
təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları)" sənədində öz əksini
tapmış milli standartların üzərində xüsusi
olaraq dayanmaq vacib hesab edilir. 14 bölmədən
ibarət olan bu sənədin ən geniş hissəsi təhsilin
məzmununu əks etdirir ki, orada təhsil
səviyyələri üzrə fənlərin nəticələri
verilmişdir. Bu nəticələr şagirdlərin ümumi
təhsilin hər bir səviyyəsi üzrə inkişafını
müəyyən edən standartlardır. Əslində mahiyyət
etibarı ilə bu nəticələr dövlətin təhsil
müəssisələri qarşısında qoyduğu milli səviyyəli
standartlardır ki, onlar təhsilin keyfiyyət
göstəriciləri olmaqla həm də idarəolunmanın
mühüm vasitəsi kimi çıxış edir.
Ümumi təhsil sistemində çalışanların müzakirə
obyektində dayanan təhsil standartları mahiyyət
etibarı ilə məzmun standartları və
qiymətləndirmə standartlarından ibarət
olduğundan və bu məsələlər respublikamızda
hazırlanan kurikulum sənədlərində, xüsusən
ibtidai siniflərdə əhatə olunduğundan onların
ətrafında müzakirələrin dərinləşməsi faydalı
hesab edilir. Çünki müasir təhsil yanaşmalarına
görə, təhsilin məzmunu anlayışı özünün ənənəvi
mahiyyətini mühüm parametrlərinə görə dəyişir.
Təhsil standartları təhsilin məzmununa çevrilir.
Müəllimlər sentyabr konfranslarında
müzakirələrini məhz bu məsələyə yönəltməklə həm
nəzəri səviyyələrini yüksəldəcək, həm də
gündəlik praktik fəaliyyətlərini təşkil etmək
üçün düzgün istiqamət müəyyənləşdirə biləcəklər.
Nəzərə almaq lazımdır ki, dərs problemi ilə
bağlı vacib məsələ həmişə müəllimlərin diqqət
mərkəzində olmuşdur. Bu, hər dərs üçün müvafiq
təlim məqsədinin müəyyən olunmasıdır. Təcrübə
onu göstərir ki, bu məsələ illər boyu müəllimin
gündəlik dərsini planlaşdırmasına formal olaraq
yanaşması səviyyəsində qalmışdır. Dərsin məqsədi
kimi müəyyənləşdirilən həmin elementə o qədər də
ciddi əhəmiyyət verilməmiş, müəllimlər də onu
necə gəldi yerinə yetirmişlər.
Şəxsiyyətin inkişafını təmin edən müasir
təhsilin qurulmasında təlim standartları hər bir
təhsil işçisindən, xüsusən də müəllimlərdən
təlim prosesində fəaliyyətlərini konkret və
aydın məqsəd ətrafında qurmağı tələb edir.
Şagirdlərin irəliləyişləri, əldə etdiyi
nailiyyətləri müəllimlərin fəaliyyətinin
keyfiyyət göstəricisi kimi qiymətləndirilir.
Müzakirələrdə dərslik problemi də müəllimlərin
müzakirə obyektinə çevrilməlidir. Bunu ötən
illərin bölmə iclaslarında əldə olunmuş
nəticələr də təsdiq edir.
Məlum olduğu kimi, bu gün respublika
məktəblərinin istifadəsinə iki tipdən olan
dərsliklər verilmişdir. Onlardan birincisi
ümumtəhsil məktəblərinin proqramlarına uyğun
olaraq IV-XI siniflər üçün hazırlanmış
dərsliklərdir. İkincisi isə ibtidai təhsilin
I-III sinifləri üçün işlənmiş dərslik
komplektləridir. Mübaliğəsiz demək olar ki, bu
gün ölkəmizdə dərsliklərin hazırlanması
sahəsində böyük təcrübə qazanılmışdır. Hazırda
bu təcrübənin dünyanın inkişaf etmiş təhsil
sistemlərinin ən qabaqcıl ənənələri əsasında
daha da inkişaf etdirilməsi istiqamətində işlər
aparılır. Son dövrlərdə ölkəmizdə ümumi təhsil
sistemində dərslik siyasətinin qəbul edilməsi də
məhz dərsliklərin daha da yaxşılaşdırılması
istiqamətində yerinə yetirilən tədbirlərin
nəticəsi kimi qiymətləndirilir. Heç şübhəsiz,
təlim prosesində dərsliklərin rolu
əvəzedilməzdir. Alimlər də özlərinin elmi-nəzəri
araşdırmalarında getdikcə dərslik amilinin
artdığını və onun xüsusi olaraq nəzərə
alınmasını qeyd etmişlər. Təbii, biz də
şəxsiyyətyönümlü müasir Azərbaycan təhsilinin
formalaşdığı hazırkı mərhələdə belə bir fikrin
tərəfdarıyıq: "Şagird şəxsiyyətinin
formalaşdırılmasında dərsliklərin rolunun hər
vasitə ilə artırılması zəruridir" (Ə.Ə.Əlizadə).
Lakin o da danılmaz bir faktdır ki, təlim
prosesinin qarşılıqlı fəaliyyət əsasında
qurulmasında istifadə olunan bütün materiallar ,
o cümlədən dərsliklər də ən zəruri təlim
vasitələrindən biridir. Müəllim öz məqsədinə
nail olmaq üçün dərsliklərə, yaxud hər hansı
tədris vasitələrinə müraciət edir.
İnformasiyaların bolluğu şəraitində
yaşadığımızdan dərsliklər zamanın informasiya
axınını qabaqlamaqda istər-istəməz geri
qalırlar. Başqa sözlə, dərsliklərdə bu missiyanı
tamamilə ödəmək olmur. Ona görə də dərslik fəal
təlim prosesində bir komponent kimi şagirdi
idraki fəallığa sövq etməli,onu tədqiqatçılığa
istiqamətləndirməlidir. Belə olan halda
dərsliyin bilik vermək, məlumatlandırmaq kimi
keçmiş ənənəyə söykənən funksiyası arxa plana
keçir. Bütün bunlar isə müəllimlərin müxtəlif
situasiyaya uyğun olaraq dərsliklərə yaradıcı
yanaşmalarını, standartın tələblərinə uyğun
nəticələrə gəlmək üçün mövcud olan bütün
vasitələrdən istifadə etmələrini tələb edir.
Dərsliklərdən istifadə edənlər subyektiv
mülahizələrinə və sinfin səviyyəsinə uyğun
olaraq dərslikdəki çatışmazlıqları söyləməyi
özünün fəaliyyətinin nailiyyəti deyil,
nəticəsinə çevirməli, əlavə materiallardan
istifadə etməklə dərsini zənginləşdirməli,
gözlənilən nəticələri reallaşdırmalıdır.
Ciddi müzakirə obyektinə çevrilən məsələlərdən
biri də müasir dərs və onun təşkili problemləri
olmalıdır. Pedaqoji fikir tarixində belə bir
mülahizə mövcuddur ki, müasir dərs həmişə
olmuşdur. Bu, doğrudan da belədir. Hər dövrün
tələbi o dövr üçün yeni və həmin tələblərə
cavab verən dərslər də müasir dərs hesab olunur.
Bəs bu gün hansı dərs müasir dərs hesab edilir?
Bölmə iclaslarında müəllimlərin diqqəti bu
suallara cəlb edilməklə, onlar fikir
mübadilələri aparmağa sövq olunmalı, fəal təlim
prosesində qazanılmış nəticələr üzərində
dayanılmalıdır. İnteraktivlikdən, onun əsasında
formalaşmış metodlardan danışılmalı, təcrübə
nümunələri göstərilməlidir. Müasir dərsin
demokratik prinsiplərə söykənməsi,
qeyri-standart dərslərin arealının genişlənməsi
diqqət mərkəzində saxlanılmalı, bütün hallarda
məqsədin düzgün müəyyən olunması və məzmunun,
formanın ona uyğun seçilməsinin zəruriliyi
vurğulanmalıdır.
Bu gün pedaqoji mətbuatda, eləcə də müəllimlərin
təcrübəsində bir dərs üçün üç, dörd, bəzən də
daha çox məqsədin müəyyənləşdirildiyi müşahidə
olunur. Yaxud dərsin məqsədinin müəyyən
olunmasında müxtəlif üslublara müraciət edilir:
1) məqsədi ifadə edən fikir məsdərdə təqdim
olunur; 2) məqsədi ifadə edən fikir indiki
zamanda ifadə olunur.
İstifadə olunan belə paralellərin yaranması yeni
pedaqoji texnologiyaların tətbiqi prosesində
təbii hesab edilir. Onların ətrafında
müzakirələrin keçirilməsi, təkliflərin verilməsi
tövsiyə olunur.
Demokratik cəmiyyətin demokratik təhsil
sisteminin qurulduğu bir şəraitdə təlimin
təşkilat forması olan dərsin standart
qəliblərdə, mərhələlərdə olması barədə
mülahizələr yürüdülür, tövsiyələr verilir.
Ümumiyyətlə, müəllimlərin peşəkarlığını
yüksəltmək, plan qurmaq sahəsində səriştələrini
artırmaq üçün onlara nümunələr hazırlamaq,
təqdim etmək sınaqdan çıxmış üsullardır. Uzun
illər bu üsullardan istifadə etməklə müəllimlərə
metodik kömək göstərilmişdir. Təcrübə göstərir
ki, müəllimlər, eləcə də təhsili idarə edənlər
çox hallarda bu planlaşdırma nümunələrinə
standart tələb kimi yanaşaraq ona əməl etməyi
vacib keyfiyyət kimi dəyərləndirmişlər. Təəssüf
ki, bu yanaşma tərzi bir çox hallarda indi də
davam etməkdədir.
Hansı məktəbə verilməsindən asılı olmayaraq
istər tematik, istərsə də cari planlaşdırma
nümunələri tövsiyə xarakteri daşıyır. Müəllim
həmin tövsiyələri nəzərdən keçirməli, onlar
üzərində təcrübi tapşırıqlar yerinə yetirməli,
lakin nəticədə sinfinin səviyyəsinə, şəraitinə,
potensial imkanlarına uyğun olaraq özünün illik,
yaxud gündəlik fəaliyyətini planlaşdırmalıdır.
Çünki hər bir müəllimin planlaşdırması onun
şəxsi sənədidir. O, həmin planlaşdırmanı özünün
və sinfinin imkanlarını nəzərə almaqla
hazırlayır. Başqasının planını tətbiq etmək heç
kim üçün məqbul sayılmır.
Ona görə də sentyabr konfranslarında
müəllimlərin tematik və gündəlik planlaşdırma
bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı
praktik işlərin təşkili də gündəmdə dayanmalı və
müzakirə edilməlidir.
Kurikulumların meydana gəlməsi yeni
qiymətləndirmə sisteminin yaranması ilə
nəticələnmişdir. Bu, ölkəmizdə tamamilə yeni bir
hadisədir. Təbii ki, indiyə qədər təhsil
prosesində şagirdlərin fəaliyyəti
qiymətləndirilmişdir. Onların cavabları müəyyən
formada dəyərləndirilmişdir. Lakin şagird
nailiyyətlərinin qiymətləndirilməsinin müəyyən
bir sistemi olmamışdır.
"Azərbaycan Respublikasının ümumi təhsil
sistemində Qiymətləndirmə Konsepsiyası", "Ümumi
təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları)", "Ümumi təhsil
məktəblərində məktəbdaxili qiymətləndirmənin
aparılması qaydaları" sənədləri təsdiq olunmaqla
ölkəmizdə şagird nailiyyətlərinin
qiymətləndirilməsinin hüquqi bazası
yaradılmışdır. Bu sənədlərdə qiymətləndirmənin
əhəmiyyəti, prinsipləri, üsulları, istiqamətləri
verilmişdir. Ayrı-ayrı istiqamətlərin, xüsusən
məktəbdaxili qiymətləndirmənin mahiyyəti
açıqlanmışdır. Sonrakı dövrlərdə şagird
nailiyyətlərinin qiymətləndirilməsi qaydalarının
hazırlanması ilə hüquqi baza bir daha
möhkəmləndirilmiş, qiymətləndirmə mexanizmləri
daha da zənginləşdirilmişdir.
Bu gün ümumtəhsil məktəblərinin I-IV sinifləri
üçün fənn kurikulumlarına daxil edilmiş
qiymətləndirmə standartları yenidir. Onları
hazırlamaqla qiymətləndirmənin məzmununu
yaratmaq başlıca məqsəd kimi qarşıya
qoyulmuşdur.
Hazırda yeni fənn kurikulumları ilə işləyən I-II
sinif müəllimləri şagird nailiyyətlərinin
qiymətləndirilməsində məktəbdaxili
qiymətləndirmənin komponentlərindən istifadə
edirlər. Doğrudur, araşdırmalar onu göstərir ki,
bəzi müəllimlər yeni qiymətləndirmə sisteminin
tətbiqində çətinliklərlə də rastlaşırlar. Onlar,
xüsusən summativ qiymətləndirmənin növlərindən
yerli-yerində istifadə edərkən, müvafiq
qiymətləndirmə vasitələrini hazırlayarkən belə
çətinliklərlə daha çox üzləşirlər. Lakin yaxşı
cəhət odur ki, müəllimlər yeni qiymətləndirmə
siyasətinə yaxından bələd olduqca onun
fəlsəfəsini daha çox bəyənir, müasir ümumi
təhsildəki rol və əhəmiyyətini daha aydın başa
düşürlər. Şagird nailiyyətlərinin
qiymətləndirilməsindən inzibati idarəetmə
sisteminin vasitəsi kimi deyil, şagirdlərin
inkişafını izləmək, onu istiqamətləndirmək üçün
istifadə edirlər.
Konfransda müəllimlərin müzakirəsini yuxarıda
qeyd olunan bu məsələyə də yönəltmək vacib hesab
edilir. Çünki təcrübələr göstərir ki, yeni
kurikulumlarla işləyən müəllimlər, təhsil
işçiləri müasir dövrdə qiymətləndirmə
siyasətinin mahiyyətini və məzmununu
mənimsəməkdə çətinlik çəkirlər. Bu da onların
işinə mənfi təsir göstərir.
Müzakirələr zamanı müəllimlərin
maarifləndirilməsi, inkişaf etdirilməsi
məsələlərinə, müəllim hazırlığı, istərsə də
müəllimlərin ixtisasının artırılması,
peşəkarlıqlarının yüksəldilməsi məsələlərinə
münasibət bildirilməli və ixtisasartırmanın yeni
modul tipli modellərinin tətbiqi ilə bağlı
nazirliyin kollegiya iclasının qərarının yerinə
yetirilməsi, müəllimlərin ehtiyaclarının
ödənilməsi ilə bağlı rayon (şəhər) təhsil
şöbələrinin nəzdində fəaliyyət göstərən metodik
kabinetlərin Resurs məktəblərinə çevrilməsinə
dair müzakirələr aparılmalıdır.
Məlum olduğu kimi, islahatlar təhsilin bütün
pillələrində aparılır. Xüsusən pedaqoji təhsil
verən bütün müəssisələrdə tələbələrin pedaqoji
peşə bacarığının formalaşdırılmasına diqqət
yetirilir. Müşahidələr onu göstərir ki, ali
məktəbi bitirib dərs deməyə gələn müəllimlərdə
yeni texnologiyalarla işləmək bacarığı tələb
olunan səviyyədə olmur. Onlar yeni təlim
texnologiyalarından baş çıxara bilmirlər. Bu isə
həmin məktəblərdə müəllim hazırlığının
təkmilləşdirilməsinə ehtiyacın olmasını
göstərir. Ona görə də pedaqoji ixtisas üzrə
kadrlar yetişdirən ali və orta peşə ixtisas
məktəblərinin tədris planlarında dəyişikliklər
aparılmalı, onlar yeni təlim strategiyalarının
tələblərinə uyğunlaşdırılmalıdır. Pedaqogika
kurslarının məzmunu yeni pedaqoji yanaşmaların
fonunda müasirləşdirilməli, ən son təhsil
innovasiyaları əsasında zənginləşdirilməlidir.
Bu prosesin daha uğurla yerinə yetirilməsi üçün
cəmiyyətin sosial sifarişi kimi müəllimlərin
sentyabr konfranslarındakı müzakirələr daha
əhəmiyyətli rol oynaya bilər.
Tədqiqatçılıq müasir təhsil sistemində işləyən
müəllimlərin aparıcı xüsusiyyəti hesab edilir.
İnformasiyaların sürətlə artdığı bir zamanda onu
ardıcıl olaraq izləmək, ümumiləşdirərək öz
işinin gedişatına gətirmək indiki müəllimlər
üçün əsas keyfiyyət kimi dəyərləndirilir.
Fəaliyyətini belə yaradıcı xarakterdə qura
bilməyən müəllimlər zamanın informasiya
axınından geri qalmaqla fəaliyyətinin maraq
amili ilə bağlı üstünlüklərini itirir. Nəticədə
onların işinin keyfiyyəti aşağı düşür.
Axtarışlar aparmaq, fəaliyyətini tədqiqatçılıq
prinsipləri üzərində qurmaqda hər müəllimin
özünəməxsus potensial imkanı, iş təcrübəsi
vardır. Onların öyrənilməsi, digər müəllimlər
tərəfindən tətbiq olunması, pedaqoji
innovasiyaların ümumiləşdirilərək geniş
yayılması baxımından əhəmiyyət daşıyır. Bölmə
iclaslarında belə müəllimlərin məruzə və
çıxışlarına yer ayrılmalı, onların təqdimatları
müzakirə obyektinə çevrilməlidir. Təcrübələr
göstərir ki, belə müzakirələri dərslərdən
çəkilmiş fraqmentlər əsasında qurmaq daha yaxşı,
inandırıcı təsir bağışlayır, müəllimlərin
marağına səbəb olur. Müasir məktəb özünün məzmun
və strukturu ilə yanaşı, həm də idarəetmə
mexanizmləri ilə də fərqlənir. Heç də təsadüfi
deyildir ki, bu yaxın vaxtlarda təsdiq olunmuş
"Ümumi təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları)" sənədində "Ümumi
təhsilin idarə olunması" ilə bağlı bölmə
verilmişdir. Orada ümumi təhsilin idarə olunması
sisteminin qurulmasının ən ümumi məsələləri
əhatə olunmuşdur. Eyni zamanda idarəetmənin
prinsipləri, dövlət-ictimai xarakteri,
demokratikliyi, şəffaflığı və sair məsələlər
şərh olunmuşdur. Müzakirələrdə ümumi təhsilin
idarə olunmasının yuxarıda qeyd olunan
məsələləri ilə yanaşı, kollegiallığın təmin
olunmasından, bunun üçün ictimai əsaslarla
fəaliyyət göstərən qurumların yaradılması
təcrübəsindən danişmaq faydalı hesab edilir.
Konfranslarda hazırda Azərbaycan təhsil
sistemində, tədris-təlim prosesinin müxtəlif
problemləri ilə bağlı 16 Dövlət Proqramının
yerinə yetirilməsi məsələləri də geniş müzakirə
obyektinə çevrilməlidir. Xüsusi halda təhsil
sisteminin informatlaşdırılması Proqramı
(2008-2013-cü illər) ilə bağlı müzakirələr
keçirilməlidir. Tədris prosesində İKT-dən
istifadənin özünəməxsus xüsusiyyəti təhlil
edilməli, burada kompüterin təkcə müəllim
əməyini yüngülləşdirən, onu daha səmərəli edən
bir vasitə olmaqdan əlavə, həm də bir öyrənmə
obyekti olduğu önə çəkilməlidir. "Elektron
məktəb" layihəsi, informatika fənni üzrə yeni
standartlar, proqram və dərsliklər haqqında da
bölmə iclaslarında müzakirələr aparılmalıdır.
Müəllimlərin sentyabr konfransları geniş və
canlı müzakirələr tələb edir. Bir tövsiyə
xarakterli məqalədə oradakı məsələləri tamamilə
əhatə etmək imkan xaricindədir. Biz yalnız
onlardan ən zəruri hesab etdiklərimizə toxunduq.
Əminik ki, müəllimlər müzakirələrə daha ciddi
qoşulacaq, razı qaldıqları və onları narahat
edən məsələlərlə bağlı təkliflərini Təhsil
Problemləri İnstitutuna göndərəcəklər.
Abdulla MEHRABOV,
Təhsil Problemləri İnstitutunun direktoru,
professor,
Ənvər ABBASOV,
TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin
direktoru, dosent |