Avqustun 25-də təhsil naziri Misir Mərdanov
Almaniya-Azərbaycan Forumunun sədri,
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki
fəxri konsulu Otto Hauzer və Almaniya
Bundestaqının deputatı Tomas Barays ilə görüşüb.
Qonaqları
səmimi salamlayan təhsil naziri Misir Mərdanov
belə bir görüşdən məmnunluq duyduğunu ifadə
edib. Azərbaycan ilə Almaniya arasında müxtəlif
istiqamətlərdə mövcud olan əməkdaşlığın son
illər daha da inkişaf etdiyini bildirən nazir
təhsil sahəsi üzrə səmərəli əlaqələrin
qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki
fəxri konsulu Otto Hauzerin gördüyü işlərin
böyük önəm daşıdığını nəzərə çatdırıb.
Ölkələrimiz arasındakı səmərəli təhsil
əlaqələrinin inkişafı üçün geniş imkanların
olduğunu vurğulayan Misir Mərdanov ötən il
oktyabrın 25-dən 29-dək Azərbaycan nümayəndə
heyətinin Almaniyaya səfəri çərçivəsində
müzakirə olunan məsələlərin diqqət mərkəzində
saxlanıldığını, Ştutqart Dual Ali Məktəbində,
Baden-Vürttenberq Torpağı Elm və Təhsil
Nazirliyində və İxtisasartırma Təhsili
Akademiyasındakı görüşlərdə irəli sürülmüş
təkliflərlə bağlı müəyyən işlərin görüldüyünü
bildirib.
Respublikamızın ümumtəhsil məktəblərində alman
dilinin tədrisi, bu istiqamətdə həyata
keçirilməli olan zəruri tədbirlərdən bəhs edən
nazir "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində xaricə göndərilən
tələbələrin sayına görə Almaniyanın ilk üçlükdə
qərarlaşdığını söyləyib.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki
fəxri konsulu Otto Hauzer səmimi qəbula görə
təşəkkürünü bildirib və Almaniyanın bütün
sahələrdə, eləcə də təhsil sektorunda
Azərbaycanla münasibətlərin inkişafında maraqlı
olduğunu nəzərə çatdırıb. Müasir tələblər
baxımından ən çox ehtiyac duyulan ixtisaslar
üzrə kadrların hazırlanması işini
təkmilləşdirmək üçün Azərbaycanda nümunəvi
texniki peşə təhsili müəssisəsinin təşkilinə
yardımçı olmaq təşəbbüsü ilə çıxış edən Otto
Hauzer bunun ölkəmizə sərmayə qoymaq istəyən
alman iş adamlarının axınının güclənməsinə əlavə
təkan verəcəyini qeyd edib. Almaniyada təhsil
alan azərbaycanlı tələbələrlə görüşlərinə
toxunan fəxri konsul onlara yaxşı təhsil almaqda
hər cür kömək etməyə hazır olduqları, həmin
gənclərin gələcəkdə ölkələrimiz arasındakı
əməkdaşlığın daha da dərinləşməsinə layiqli
töhfələr verə biləcəyi haqda fikirlərini
açıqlayıb. Qonaq alman mütəxəssislərin
Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələr
yaratmaqda və birgə əməkdaşlıqda maraqlı
olduqlarını da qeyd edib.
Almaniyada peşə təhsili sisteminin yüksək
səviyyədə inkişaf etdiyini və ölkənin
sosial-iqtisadi tərəqqisində bu amilin mühüm rol
oynadığını nəzərə çatdıran Misir Mərdanov
Azərbaycanda nümunəvi texniki peşə təhsili
müəssisəsinin yaradılması təşəbbüsünü
dəstəklədiyini bildirib. Nazir qeyd edib ki,
irəli sürülən təşəbbüs gerçəkləşərsə, bu,
Azərbaycan-Almaniya təhsil əlaqələrinin inkişafı
yolunda ən əlamətdar hadisələrdən biri
olacaqdır. Azərbaycan Dövlət Neft Akademiyasının
hələ ötən əsrin 80-ci illərindən Almaniya ali
təhsil müəssisələri ilə əlaqələrinin olduğunu
söyləyən nazir qarşılıqlı əməkdaşlığın inkişafı
üçün geniş imkanların mövcudluğunu vurğulayıb.
Daha sonra bir sıra digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, Azərbaycanda nümunəvi
texniki peşə təhsili müəssisəsinin yaradılması
üçün birgə işçi qrupunun təşkil edilməsi,
ümumtəhsil məktəblərində alman dilinin tədrisi
səviyyəsinin yüksəldilməsi üçün müvafiq
tədbirlərin görülməsi, ixtisasartırma təhsili
ilə bağlı əməkdaşlığın davam etdirilməsi qərara
alınıb. |