Avqustun 19-da təhsil naziri Misir Mərdanov
İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşüb
Azərbaycanla
İraq arasında yüksək səviyyəli ikitərəfli
əlaqələrin mövcud olduğunu bildirən Misir
Mərdanov təhsil sahəsində də qarşılıqlı
əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs
edib. Hələ keçmiş İttifaq zamanında müvafiq
əlaqələrin olduğunu xatırladan nazir bu
istiqamətdə münasibətlərin inkişafı üçün geniş
imkanların olduğunu vurğulayıb.
İraqın Azərbaycanla qarşılıqlı münasibətləri
daha da yaxınlaşdırmaqda maraqlı olduğunu
söyləyən səfir ölkəsinin xarici siyasətdə əsas
götürdüyü sabit kursun dəyişmədiyini diqqətə
çatdırıb. Heydər Şiyə Qubeyşi əl-Barrak yaxın
zamanlarda İraqla Azərbaycan arasında elm,
təhsil və bir sıra digər sahələrdə əlaqələrin
inkişafına xidmət edən sazişin imzalanmasının
nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə iki ölkə arasında tələbə mübadiləsinin
aparılması perspektivləri müzakirə edilib və
iraqlı tələbələrin respublikamızın ali
məktəblərində təhsili ilə bağlı bir sıra
məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |