Qələm məhsuluna özümlə bağlı sətirlərlə
başladığım üçün oxuculardan üzr istəyirəm.
Bakının Əzizbəyov (indiki Xəzər) rayonundakı 181
nömrəli orta məktəbdə pedaqoji fəaliyyətə
başlamışdım. Ali məktəbi təzə bitirmiş müəllim
kimi hər şey mənim üçün qeyri-adi idi. Pedaqoji
praktika dövründə təcrübəçi tələbələrə çox az
şey öyrədildiyini burada dərk etdim. Əmrimi
noyabr ayında vermişdilər, IX və X siniflərdə
dərs deyirdim. Şagirdlərimlə aramda cəmi 4-5 yaş
fərq vardı.
Dərslərarası boş vaxtlarda direktor
müavinlərinin işini müşahidə edir, müəllimlərlə
söhbətlərindən nə isə öyrənməyə çalışırdım. Bir
neçə dərsdən sonra direktor Muxtar Hüseynzadə
(dünyasını dəyişib, qəbri nurla dolsun) IX
sinifdə "Aşıq Ələsgər" mövzusunda dərsimdə
iştirak etdi. Dərs qurtaranda təbəssümlə dediyi:
- Sağ olun, müəllim, - sözlərindən, sinif
rəhbəri S.Allahverdiyevanın münasibətindən başa
düşdüm ki, dərsdən razı qalıb. Əsl həqiqəti
pedaqoji şurada bildim.
Həyatımda iştirak etdiyim ilk pedaqoji şurada
sədr və katib seçildi. İkinci rübdə keçirilən
iclasda metodbirləşmə sədrlərinin, sinif
rəhbərlərinin, ayrı-ayrı müəllimlərin məlumat və
hesabatları dinlənildi, Maarif Nazirliyinin
hansısa əmri müzakirə olundu, məktəbin iş
planına iki bənd əlavə edildi... Direktor
dinlədiyi bir neçə dərslə bağlı müşahidələrinin
nəticələrini, təəssüratlarını şura üzvləri ilə
bölüşdü. Müzakirə olunan məsələlərlə bağlı
qərarlar səsə qoyulub qəbul edildi.
Sonrakı bir pedaqoji şurada da iştirak etməli
oldum. Ötən iclasda qəbul olunmuş qərarların
icrası məsələsinə xüsusi diqqət yetirildi.
Pedaqoji şuranın həqiqi mənada rolunu onda dərk
etdim.
***
Pedaqoji şura orta ümumtəhsil müəssisələrində
kollegial rəhbərlik orqanı sayılır. Bu orqan öz
fəaliyyətini Təhsil Nazirliyinin müvafiq
əsasnaməsi üzrə təşkil edir. Kollektivdə 3
nəfərdən artıq müəllim olanda pedaqoji şura
yaradılır; şuraya direktor rəhbərlik edir; rübdə
bir (bəzən növbədənkənar iclas keçirilə bilər)
dəfə keçirilən iclasda müəllimlərin, sinif
rəhbərlərinin, metodbirləşmələrin fəaliyyəti
haqqında məlumat dinlənilib müzakirə olunur.
Pedaqoji şuranın iclasları xüsusi, qaytanlanıb
məktəb möhürü ilə təsdiqlənən protokol kitabında
sənədləşdirilir, sədr və katib tərəfindən
imzalanır.
Qəribə və təzadlı faktlar müşahidə olunur.
Məktəb var ki, pedaqoji şuranın tərkibi bütün
dərs illəri üçün sabit qalır: başqa müəllimlər
üzv olmaq xoşbəxtliyinə həsrət qalırlar (onlar
rəhbərlik yanında "etibar" qazana bilmirlər);
müqayisə aparanda hər il, demək olar ki, eyni
məsələlər müzakirə edilir, az qala çıxış
edənlər, hesabat verənlər də eyni adamlar
olurlar; pedaqoji və qrammatik səhvlərlə
naxışlanan protokolların yazılışında rəsmi-əməli
üslub tələblərinə əməl olunmur. Bəzən bu
protokollar heç keçirilməyən şura iclaslarının
"izi" olur, yaxud 15-20 dəqiqəlik başdansovdu,
şura üzvlərinin üçdə ikisi yox, heç üçdə biri
iştirak etməyən iclaslar keçirilir.
Dünya təhsilinə inteqrasiyanın genişlənib vüsət
aldığı, təhsilin dövlət siyasətinin başlıca
tərəflərindən biri kimi daim gündəmdə olduğu,
təhsildə İKT-nin tətbiqinin aktuallaşdığı,
təhsilin inkişafında innovativ təcrübə
faktlarının mühüm faktora çevrildiyi bir vaxtda
müzakirə olunmalı mövzu, problem və məsələlər
bolluğu şəraitində döyənək mövzularda çıxışlar,
trafaret məruzələr, məktəbdə təlim və tərbiyənin
keyfiyyəti, səviyyəsi barədə analitik təhlil
olmayan məlumatlar kimə lazımdır?
Bəzi məktəb rəhbərləri işlərini ehtiyatlı tutur,
gözəlxətli, savadlı, üzüyola katiblərin əli ilə
hazırlanmış pedaqoji şura protokollarının
yerində olmasını (eləcə də başqa sənədlərin)
nümayiş etdirir, idarəetmədə səriştəli
olmalarının göstəricisi kimi görüntü edə
bilirlər.
Və bu sənədlərə görə, guya hər şey
yerli-yerindədir. Olsun, bəs mərkəzləşdirilmiş
qaydada imtahanların nəticələri ilə bağlı
məsələlər pedaqoji şura iclaslarında nə vaxt
mövzuya çevriləcək, geniş müzakirə olunacaq?
Qabaqcıl müəllimlərin həvəsləndirilməsi,
pedaqoji prosesin effektliliyi naminə
çalışmayanların cəzalandırılması necə?..
Dərs ili başlayacaq, düşünməyə, dönüş yaratmağa,
işə vicdan və vətəndaşlıq parametrlərindən
baxmağa dəyər. Bu, Qloballaşmalar dövründə,
Təhsil əsrində vacib və zəruridir...
Ş.MƏMMƏDOV |