Avqustun 20-də Təhsil Nazirliyində "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan
tələbələrlə görüş keçirildi.
Tədbiri
təhsil naziri Misir Mərdanov açaraq qonaqları və
xarici ölkələrin tanınmış ali məktəblərinə qəbul
olunan gəncləri Təhsil Nazirliyində görməkdən
məmnunluq hissi keçirdiyini bildirdi.
Azərbaycan gənclərinin ölkəmizdən kənarda ali
təhsil almalarının hər zaman prioritet
məsələlərdən biri olduğunu söyləyən nazir
xüsusən ötən əsrin 70-80-ci illərində ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il
1000-1500 tələbənin keçmiş SSRİ-nin ən nüfuzlu
ali məktəblərinə göndərildiyini diqqətə
çatdırdı. Təhsil naziri əbədiyaşar liderin
yenidən hakimiyyətə qayıdışından sonra da həmin
məsələyə xüsusi önəm verdiyini və Azərbaycan
gənclərinin dövlət qayğısı ilə əhatə olunduğunu
qeyd etdi. Nazir bu ənənənin ölkə başçısı cənab
İlham Əliyev tərəfindən layiqincə davam
etdirildiyini söylədi. Təhsil naziri hazırda
ümumilikdə 10000-dən çox azərbaycanlı gəncin
dünyanın aparıcı universitetlərində təhsil
aldığını vurğuladı. Qeyd olundu ki, ölkə
Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci
il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq
olunmuş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın əsas məqsədi rəqabətqabiliyyətli
iqtisadi sistemin formalaşdırılması və davamlı
inkişafın təmin edilməsi baxımından ölkəmizin
müasir tələblərə cavab verən kadrlara
ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin
ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil
almaları üçün lazımi şəraitin yaradılması,
istedadlı gənclərin dünyanın aparıcı ölkələrində
təhsil almaq imkanlarının genişləndirilməsi
prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin
artırılmasını təmin etməkdən ibarətdir.
2007-ci ildən etibarən adıçəkilən Dövlət
Proqramı Təhsil Nazirliyi tərəfindən uğurla
həyata keçirilməkdədir. Dövlət Proqramının
şərtlərinə əsasən həmin tələbələrin bütün
xərcləri dövlət tərəfindən ödənilir.
Nazir Misir Mərdanov məlumat üçün bildirdi ki,
Dövlət Proqramının icrasına başlandığı vaxtdan
512 gənc təhsil almaq üçün müxtəlif xarici
ölkələrin ali məktəblərinə göndərilib. 2007-ci
ildə Dövlət Proqramı çərçivəsində 66, 2008-ci
ildə 137, 2009-cu ildə 309 tələbə xarici
ölkələrin nüfuzlu ali məktəblərində təhsil
alırdısa, 2010-cu ildə onların sayının təxminən
200 olacağı nəzərdə tutulur.
Təhsil naziri Dövlət Proqramı çərçivəsində
təhsil alanlardan 32 nəfərin artıq məzun
olduğunu, onların müxtəlif dövlət və özəl
qurumlarda işlə təmin edildiklərini bildirdi.
Nazir Misir Mərdanov daha sonra "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq
azərbaycanlı gənclərin təhsil aldıqları xarici
ölkələr, seçdikləri ixtisaslar barədə statistik
məlumatları görüş iştirakçılarının nəzərinə
çatdırdı. Verilən məlumatdan aydın oldu ki,
hazırda Dövlət Proqramı çərçivəsində dünyanın
22 ölkəsinin yüksək reytinqə malik olan 154 ali
məktəbində təhsilin müxtəlif pillələrində 447
nəfər oxuyur. Onlar doktorantura pilləsi üzrə
sosial elmlər, mühəndislik, tibb və
informasiya-telekommunikasiya texnologiyaları,
magistratura pilləsi üzrə isə iqtisadiyyat və
idarəetmə, sosial elmlər, hüquqşünaslıq,
informasiya - telekommunikasiya texnologiyaları,
mühəndislik, tibb və s. ixtisasları üzrə təhsil
alırlar.
Nazir respublikamızın kadrlara olan tələbatının
nəzərə alınaraq növbəti tədris ilindən etibarən
gənclərin xarici ölkələrə göndərilərkən
informasiya texnologiyaları, mühəndislik, neft
sənayesi, tibb, riyaziyyat, fizika, biologiya və
kimya ixtisasları üzrə mütəxəssis kimi
hazırlanmalarına üstünlük veriləcəyini bildirdi.
Təhsil naziri Misir Mərdanov çıxışının sonunda
bütün gənclərə yüksək bilik almaqla bərabər,
respublikamızı təhsil aldıqları ölkələrdə
layiqincə təmsil etməyi, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə düzgün
çatdırılması işində fəallıq göstərmələrini,
doğma Vətənə peşəkar mütəxəssislər kimi
dönmələrini tövsiyə edərək onlara bu çətin və
məsuliyyətli işlərində uğurlar arzuladı.
Görüşdə iştirak edən xarici işlər nazirinin
müavini, Azərbaycan Diplomatik Akademiyasının
rektoru, professor Hafiz Paşayev, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının
xarici əlaqələr şöbəsinin müdiri Novruz
Məmmədov, Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov,
Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin
sədri, Azərbaycan Dillər Universitetinin
rektoru, professor Səməd Seyidov xarici
ölkələrin aparıcı ali məktəblərində təhsil
almaq imkanı qazanan gənclərə təhsillərində
nailiyyətlər diləyərək, onlara ən xoş
istəklərini çatdırdılar.
ABŞ-ın Corc Vaşinqton Universitetində beynəlxalq
münasibətlər ixtisası üzrə təhsil alan Elvin
Hacıyev, Böyük Britaniyada fəaliyyət göstərən
Avropa - Azərbaycan Cəmiyyətinin sədr müavini
Emil Ağazadə, Fransanın Paris II Universitetində
fizika ixtisası üzrə təhsil alan Nizami Abbasov,
Sinqapurun Nanyanq Texnologiya Universitetində
tətbiqi fizika ixtisası üzrə təhsil alan Pərviz
Hacıyev, İ.M.Seçenov adına Moskva Tibb
Akademiyasında ürək-damar cərrahiyyəsi ixtisası
üzrə aspirantura pilləsində təhsil alan Səbuhi
Dadaşov və başqaları çıxışlarında onların
yüksək təhsil almaları üçün yaradılan geniş
imkan və şəraitə, göstərilən diqqət və
qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə
öz minnətdarlıqlarını bildirdilər. Gənclər
onlara böyük etimad göstərdiyinə görə təhsil
naziri Misir Mərdanova, həmçinin bu gözəl
missiyanın həyata keçirilməsində əməyi olan
bütün şəxslərə təşəkkür etdilər.
Görüşün sonunda tələbələri maraqlandıran
suallara cavablar verildi, onların fikir və
təklifləri dinlənildi.
Samirə KƏRİMOVA |