Görkəmli Azərbaycan maarifçisi, alimi, ictimai
xadimi A.A.Bakıxanov yazırdı: "Var-dövlət və
vəzifə puç olacaq, əldən gedəcəkdir. Dünyada
əbədi olacaq bir şey varsa, o da elm və
bilikdir".
Uşaqlarımıza həmin elmi və biliyi verəsi
Azərbaycan məktəbi bütün çətinliklərə rəğmən,
inkişafının mühüm mərhələsinə qədəm qoyub.
Çətinliklər sözünü elə-belə işlətmədim. Təsəvvür
edin ki, məktəb və maarif yeganə sahədir ki,
burada qapalı heç nə yoxdur. Axı elə bir ev, elə
bir ailə tapa bilməzsən ki, məktəbdə ya oxuyanı,
yaxud işləyəni olmasın. Demək, istəsə belə, bura
qapalı ola bilməz. Cəmiyyətə tam açıq olan
məktəbin və maarifin başında isə elə məktəbin
özü qədər cəmiyyətə, mediyaya açıq olan Təhsil
Nazirliyi dayanır. Yalnız peşəkarların deyil,
hamının görə biləcəyi bu münasibətin kökündə
müəllimliyin özündən gələn bir ədalət prinsipi
var. Axı müəllim yeganə peşə adamıdır ki,
danışdığı mövzunu hamıya eyni tərzdə çatdırır -
yağış torpağın bütün yerlərinə eyni cür yağdığı
kimi, Günəş işığını hər yerə bərabər payladığı
kimi.
Bax, bir az əvvəl dediyim çətinlik göz qabağında
olmaqdır. Nə qədər yaxşı işləsən də, göz
qabağında olduğuna görə, həmişə "döyülən" də sən
olursan. Elə bilirəm ki, bu "döyülmək" özü də
irəliləməyə xidmət etməlidir. Təəssüf ki, həmişə
belə olmur.
İş prosesimə görə həftənin bir neçə gününü
məktəblərdə oluram. Hərdən bağçalara da yolum
düşür. İstedadlı, bacarıqlı uşaqlarla söhbət
edir, müsahibə alır, radiomuzun efirində
səsləndirirəm. Bəzən isə bizim uşaq
verilişlərini aparası uşaqları seçib studiyaya
dəvət edirəm. İnanın ki, dərs demək qədər çətin
olan bu prosesdə müəllimlər və direktorlar
mənimlə bərabər bu əziyyəti çəkirlər. Uşaqlar
efirdə ürəyimiz istəyən kimi çıxış edəndə bütün
əziyyətlər unudulur. Mən qabaqcıl müəllimlərin
sevincdən axan göz yaşlarını görmüşəm! Bu anı
lentə alası bir rejissora bu gün çox böyük
ehtiyac var məncə. (Təəssüf ki, məktəb
həyatından bəhs edən bədii filmlərimiz yox
dərəcəsindədir.)
Yaxşı müəllimlərin, elə yaxşı repetitorların da
(məncə, daha bu termini biz şəstlə işlətməkdən
çəkinməməliyik) üzünü ağ edən istedadlı uşaqları
- sabahın tələbəsini və mütəxəssisini cəmiyyət
qorumalı və fərqləndirməlidir. Bu sahədə bir
sıra nazirliklərin qabaqcıl təcrübəsi
öyrənilməli və yayılmalıdır. O cümlədən Təhsil
Nazirliyinin.
Yaxşısı budur ki, faktlarla danışaq. Ötən il
qızım ali məktəbi bitirmiş və azad təyinat
almışdı. Təhsil Nazirliyinə müraciət etdim. Mənə
bildirildi ki, bu ildən (ötən ildən) nazirlik
müəllimlərin işə qəbulunu testlə həyata
keçirəcək. Buyurun, qızınıza deyin, elektron
ərizə ilə müraciət etsin, imtahanlarda iştirak
etsin. Gərək düzünü deyim: bir qədər inamsız
qarşıladım bu sözləri.
Başqa yol da yox idi zatən. Ona görə də evdə
kompüterin qarşısında əyləşərək elektron
ərizəni İnternetlə doldurub Təhsil Nazirliyinin
saytına göndərdik. Bizə bildirdilər ki, lazım
olan vaxt sizi çağıracaqlar. Doğrudan da,
çağırdılar və qızım təklif olunan 25 sualın
22-nə düzgün cavab yazaraq istədiyi məktəbə işə
qəbul olundu. Bizim qohumlardan biri də (ibtidai
sinif müəllimi) qızımla bəhsə girərək imtahanda
iştirak etdi və lazımi balı toplayaraq işə qəbul
olundu.
Eşitdim ki, bu il də Təhsil Nazirliyində işə
qəbul eyni qaydada - testlə olacaq, özü də bütün
respublika üzrə. Bir şeyə təəssüf edirəm ki,
ötən il də, bu il də bu faydalı və müqəddəs iş
(halallıq olan hər şeyə müqəddəs kimi baxmaq
gərəkdir) mediada və elektron KİV-də lazımınca
işıqlandırılmadı. Bəlkə də elə bu yazını o
səbəbdən yazdım.
Hə, az qala unutmuşdum. Bəzi direktorlar bu
nəcib təşəbbüsdən əndişələnsələr də, bir çoxları
ürək açıqlığı ilə qarşıladılar. Elə qızımın
işlədiyi 155 nömrəli orta məktəbin direktoru
Zöhrə Qaraqızı kimi. O, gənc müəllimi kollektivə
təqdim edəndə demişdi: "Təhsil Nazirliyində
halal biliyi ilə test imtahanı verib işə qəbul
olan yeni müəllimi sizə təqdim etməkdən qürur
duyuram".
Mən uzun illər təhsil sahəsində çalışmışam,
müəllim, məktəb direktoru işləmişəm. İndiki işim
də məktəblə, təhsillə, uşaqla sıx bağlıdır.
Zöhrə xanımın sözünə qüvvət, mən də bir qələm
adamı kimi bu sətirləri yazmaqdan qürur duydum.
Zatən məni tanıyanlar tərifdə çox xəsis olduğumu
bilirlər. Halallıq olan yerdə xəsislik geri
çəkilir.
Doğru söz, yenilik məlhəm kimidir - müalicə
edir, fəqət acı dadır. Babalarımız da gözəl
deyib: yüz acını bir şirinin xatirinə yeyərlər.
Bu gün novatorluğa hamımız qucaq açmalıyıq. Bu
gündən başlanası sabahımızın xatirinə. O sabaha
isə yalnız yüksək bilik və halallıqla çatmaq
olar.
Azad QARADƏRƏLİ,
yazıçı-publisist |