Çox vaxt mənə analar deyirlər ki, siz həmişə
uşaq və yeniyetmələrin təlim-tərbiyə
müəssisələrində olmağını məsləhət bilirsiniz,
amma uşaq evdə sağlam olur, bağçaya, məktəbə
gedəndə çox vaxt xəstələnir. İnsanın sağlam
olması üçün o, uşaqlıdan sağlam həyat tərzində
böyüməlidir. Uşağın orqanizminin müqaviməti
yüksək olmalıdır. Payız-qış fəsillərində iqlimin
soyuqlaşması təlim-tərbiyə ocaqlarında uşaq və
yeniyetmələrin bir-biri ilə yaxın təmasda
olması, bəzən immunitetinin zəifliyi, otaqların
sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi
ilə əlaqədar tənəffüs yollarının kəskin
infeksion xəstəliklərinə səbəb olur.
İnfeksion xəstəliyə tutulmuş inkubasiya
vaxtında, ya da xəstəliyi yüngül keçirən uşaq
özündəki bakteriyaları otağın havasına ötürür,
bu halda sağlam uşaq da xəstəliyə yoluxur.
İnfeksion xəstəliyin 3 mənbəyi var: infeksiya
mənbəyi (xəstə, ya da mikrob daşıyıcısı);
mikrobları ötürən yollar; immuniteti zəif olan
insan.
Bu halları nəzərə alaraq uşaq və yeniyetmələrin
infeksiyalara qarşı müqavimətini artırmaq üçün
onların rasional qidalanması, gigiyenik gün və
dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə
daim optimal şərait rejimi, təlim-tərbiyə
ocaqlarında və evdə daim optimal şərait təmin
olunması vacibdir.
Xəstəliyi keçirən uşaqlar həkim nəzarətində
olmalıdırlar. Hər gün uşaqlar profilaktik
baxışdan keçirilməli və xəstəliyə şübhəli
olanlar dərhal təcrid edilməlidirlər. Çox
vacibdir ki, əhalinin sanitariya-gigiyenik
bilikləri daha da artırılsın, çünki mədəni,
sağlam həyat tərzində yaşamaq insanın
sağlamlığında əsasdır.
Uşaqlar üçün yeni dərs ili fərəhləndirici,
həyəcanlı, sevincli bir gündür. Birinci tədris
ili hər bir uşaq üçün həm psixi, həm də fiziki
cəhətdən gərgin keçir. Uşaq böyük və yeni
kollektivin üzvünə çevrilir. Əgər uşaq məktəbə
bağçadan sağlam gəlirsə, o, tədris illərində
olan çətinlikləri asanlıqla dəf edə bilir.
Uşaq orqanizminin möhkəmliyi nisbidir, belə ki,
tədris illəri dövründə onlardakı inkişaf
prosesləri hələ də davam edir. Yeni, gələcək
nəslin fiziki cəhətdən möhkəm, sağlam olması
üçün ölkəmizdə hər yeni dərs ilinə təlim-tərbiyə
müəssisələrində lazımi optimal şərait, yeni
sağlamlaşdırıcı gigiyenik tədbirlər təmin
olunur. Tibb və təhsil orqanlarının işçiləri
uşaqların sağlamlığı və yaxşı oxumaları üçün
əllərindən gələnləri əsirgəmirlər.
Mütəşəkkil kollektivlərdə olan uşaq və
yeniyetmələrin sağlamlığını qorumaq və
yaxşılaşdırmaq üçün hər yeni dərs ilinin ilk
aylarında onlar dar ixtisas həkimlərinin
iştirakı ilə tam dərin tibbi müayinələrdən
keçirilir. Bu hərtərəfli müayinələrə, birinci
növbədə, dispanser qeydiyyatında olanlar, xüsusi
idman qrupuna aid olanlar, idman seksiyalarında
iştirak edənlər, fiziki inkişafı aşağı səviyyədə
olanlar və il ərzində tez-tez xəstələnənlər cəlb
olunurlar.
Hər il dərin tibbi baxışlarda mütləq bütün uşaq
və yeniyetmələr diş, göz, cərrah və b. həkimlər
tərəfindən müayinə olunmalı, vərəm və qurd
xəstəliklərinin olub-olmaması yoxlanılmalı,
idman və sağlamlıq qruplarına bölünməlidirlər.
Əgər həkimlər tərəfindən patologiyalar aşkar
olunarsa, onların aradan götürülməsi vaxtında
mümkün ola bilər.
Keçirilmiş tibbi müayinələrin göstəriciləri ötən
illərlə düzgün müqayisə edilərkən, uşaqların
sağlamlığı qiymətləndirilməlidir. Ehtiyacı
olanlara müvafiq müalicə-profilaktik tədbirlər
aparılması üçün pediatr tərəfindən zəruri,
konkret aylıq planlar tərtib edilməli, onlar
vaxtlı-vaxtında tam yerinə yetirilməlidir.
Ümumi və yoluxucu xəstəliklərin strukturu,
qeydiyyatı, səbəbləri, əks epidemik rejimin
gözlənilməsinin səviyyəsi daim diqqət mərkəzində
olmalıdır.
Yeni dərs ilinin əvvəlində və hər tətildən sonra
tibb bacısı müəllim və ya tərbiyəçilərlə
birlikdə 2-3 gün ərzində bütün uşaq və
yeniyetmələri profilaktik baxışdan
keçirməlidirlər (ümumi vəziyyət, dəri, saç və
s.). Xəstə olanlar təcili həkimə göstərilməli,
direktorluq və sinif (qrup) rəhbərinə xəbər
verilməlidir. Yeni qəbul olunanlar və uzun
müddət kollektivə gəlməyənlər də tezliklə həkim
qəbuluna getməlidirlər.
Həkim uşaq və yeniyetmələrin səhhəti və görülən
işlər barədə pedaqoji şuraya və poliklinikaya da
məlumat verməlidir.
Uşaq və yeniyetmələrin səhhətini və kliniki
göstəricilərini nəzərə alaraq həkim lazım
bilirsə, onlar üçün rəhbərlikdən əlavə istirahət
günü tələb etməlidir. Bütün uşaq və
yeniyetmələrin sağlamlığına aid olan tədbirlərə
tibb işçiləri, pedaqoq və tərbiyəçilər daim
nəzarət edib, yüksək məsuliyyətlə yerinə
yetirməlidirlər. Gələcək nəslin sağlamlığını
qorumaq və yaxşılaşdırmaq üçün öz vəzifə
borcları tam yerinə yetirilməli və bütün
imkanlardan istifadə edilməlidir.
Uşaq və yeniyetmələrin müqaviməti
yüksəldilməlidir, çünki II sağlamlıq qrupuna aid
olanlar da "risk" qrupuna aiddir, onlar tez-tez
xəstələnir və immuniteti zəif olan uşaqlardır.
Bu uşaqların xroniki xəstəliklərə düçar
olmamaları üçün onlar daim diqqətdə
saxlanılmalıdırlar. III, IV, V sağlamlıq
qruplara aid olanlar müxtəlif dar ixtisaslı
həkimlərin nəzarətində müalicə olunmalı və
qoruyucu rejimdə yaşamalıdırlar. Təlim-tərbiyə
müəssisələrində tərbiyə alan uşaqların,
dişlərində kariyes xəstəliyi, dayaq-hərəkət
sisteminin patologiyası, yastı pəncəlilik, qurd
xəstəliyi aşkar olan uşaqlar, xüsusi idman
qruplarına aid olanlar vaxtlı-vaxtında lazımi
müalicə-profilaktik tədbirləri ilə daim təmin
olunmalıdırlar.
Müasir zamanda əhalinin sanitariya mədəniyyəti
daha da yüksəldilməlidir. Sanitariya-gigiyenik
tələblər radio, mətbuat, televiziya vasitəsi ilə
gündəlik olaraq əhaliyə çatdırılmalıdır. Tədris
ocaqlarında informatika və elektron hesablama
texnikasından istifadə olunur. Buna görə də
əmək, tədris və istirahət rejiminin düzgün təmin
olunmasına daha da diqqət artırılmalıdır.
Kompüter zalında, otaqlarda, evdə kompüterdən
istifadə olunur. Ona görə də bir daha gigiyena
normalarını, tələblərini yada salmaq və onları
gözləmək vacibdir.
Kompüterlə məşğulluq uşaqların həvəsini,
biliyini artırır. Lakin uzun müddət hər dəfə
kompüterlə məşğul olanda otağın mikroiqlimi:
temperatur, rütubət, səs-küy, elektrik və
radiasiya sahəsi dəyişir, hava bakteriyalarla
zənginləşir. Belə mikroiqlimdə qalmaq uşaq və
yeniyetmələrdə müəyyən dərəcədə əqli, emosional,
görmə funksiyalarını dəyişir. Statik vəziyyət,
tez yorulma uşaqda inkişaf edir. Uzun müddət
belə mikroiqlimdə qalmaq uşaq və yeniyetmələrin
vacib funksiyalarından biri olan maddələr
mübadiləsinə də mənfi təsir edir. Onların
müdafiə sistemi zəifləyir, patologiya və
yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır.
Uşaq və yeniyetmələrin sağlamlığına, onların
zehnini yormayan yüksək qavrayışa və aktiv
olmağa yalnız gigiyena tələblərinə əməl edilməsi
ilə nail olmaq mümkündür.
Bir displeydə 2 və çox uşağın işləməsi
qadağandır, çünki bu halda uşaq və
yeniyetmələrin görmə qabiliyyəti pozulur və
gözləri yorulur.
Əgər uşaq və yeniyetmə gözlərinə eynək taxırsa,
o, displeylə məşğul olanda da eynəkdən istifadə
etməlidir. İş vaxtı onların nə qədər və hansı
yaxınlıqda əyləşməsi də həkimin göstərişi ilə
olmalıdır.
Ekranda təsvirlər stabil, aydın olmalıdır.
Gözləri zəif olanların gün ərzində neçə saat və
hansı rejimdə elektron hesablama texnikasından
istifadə etmələri həkimin məsləhətinə uyğun
qurulmalıdır.
Ekran uşaqların gözlərindən 55-65 sm aralı və
göz həddindən 5-10 dərəcədən aşağı olmalıdır.
Otaqlarda, ya da kompüter zallarında işləyən
zaman orada hava tez-tez və lazımi qədər
dəyişdirilməlidir. Səs-küyün səviyyəsi 50
desibaldan yüksək olmamalıdır. Nisbi rütubət
40-60% və havanın hərəkət sürəti isə saniyədə
0,25 m2-dək olmalıdır.
Otaqlarda mexaniki ventilyasiya və
kondisionerlər səsudan qurğularla təmin
edilməlidir.
Kompüter olan otaqlar, zallar kifayət qədər
təbii işıqlandırılmalıdır. Təbii işıq pəncərədən
səviyyəsi 1-ci cərgədəki olan stolun səthinə
qədər 600 lk, süni işıqlanmanın səviyyəsi isə iş
yerində 500 lk olmalıdır.
Kompüter olan otaqda, ya zalda hər bir uşaq və
ya yeniyetmə üçün fərdi 5 m2 hesablanaraq, rahat
iş yerləri olmalıdır. Burada displey ekranının
işıqlanması isə 200-250 lk-dan artıq
olmamalıdır.
Displey ekranından istifadə edərkən 15-25
dəqiqədən bir, 8-10 dəqiqə istirahət etmək üçün
uşaqlar, yeniyetmələr fasilə edərək idmanla
məşğul olmalıdırlar. İdman kompleksi hər ayda
bir dəfə dəyişdirilməlidir.
Displeyin bütün bərpa və təmir işləri uşaqlar
olmayan vaxt aparılmalıdır, arxa qapağı
çıxarılmış displeyin istifadəsi qəti qadağandır.
Uşaq və yeniyetmələrin sağlamlığı və iş
davamiyyətinə mənfi təsir edən mühüm amillərdən
biri də onların həddən çox yüklənməsidir. Ona
görə dərs və istehsalat təcrübəsi rejimi, dərs
prosesindən əlavə evdə, digər zallarda
informatika və elektron hesablama texnikasından
istifadə zamanı gigiyena tələblərinə, optimal
mikroiqlimin təmininə, uşaqların səmərəli və
təhlükəsiz qidalanmasına nəzarət daha da
gücləndirilməli, uşaqlar sağlam həyat tərzinə
daim cəlb olunmalıdırlar.
Rasional və vaxtlı-vaxtında qidalanma uşaqların
səhhətini və həmahəng inkişafını təmin edən ən
vacib və təsirli, ilkin şərtlərdən biridir.
Qidalanma beyinin, uşaq idrakının, mərkəzi sinir
sisteminin funksional vəziyyətinə xeyli təsir
göstərir. Düzgün qidalanma müxtəlif xəstəliklərə
qarşı orqanizmin davamlılığını artırır.
Uşaq və yeniyetmələr hər gün meyvə, tərəvəz,
vitaminlərin daşıyıcıları olan göy soğan,
müxtəlif göyərtilər, ağ turp, kələm, əti əvəz
edən və yerini verən pendir, kəsmik
yeməlidirlər.
Fiziki tərbiyə hormonik fiziki inkişafa təkan
verir, dözümlülüyü tənzimləyir, baş-beyin
tonusunu yüksəldir, insanda yaxşı emosiyalar
yaradır.
Uşaqlar və yeniyetmələrin hər bir günü səhər
15-20 dəqiqəlik gimnastika ilə başlanmalıdır.
Dərs və dərnəklərdə məşğul olanda pəncərələr
açıq olmaq şərti ilə, uşaqlar 1-2 dəqiqə idman
hərəkətlərini etməlidirlər. Tənəffüs vaxtlarında
bunların davamı olaraq, uşaqların təmiz havada
aktiv hərəkətlərinin təmini çox vacibdir.
Sağlamlığın fizioloji təsirinin effektliliyi
hərəkətlərin mütəmadi və güclü olmasından
asılıdır. Fiziki tədbirlər uşağın yaşına,
sağlamlıq xüsusiyyətlərinə uyğun olmalıdır, əks
halda onun səhhətinə zərər olur.
Möhtərəm Prezidentimiz İlham Əliyev insanlar
üçün daha da yaxşı şərait olması üçün daim
çalışır, bir sıra dövlət proqramları yerinə
yetirilir. Uşaqların sağlamlığını qorumaq üçün
ən vacib olan, ən əsas olan aşağıdakı gigiyenik
tədbirlərin təmin olunmasıdır: uşaq və
yeniyetmələrin gözlərinin mühafizəsi üçün bütün
otaqlarda, laboratoriyalarda, kabinetlərdə
gigiyena normalarına uyğun təbii və süni
işıqlanma; otaqların, kabinetlərin havasını
kifayət qədər dəyişmək üçün lazımi həcmdə
nəfəsliklər və otaqlarda çox vacib olan mexaniki
ventilyasiya və kondisionerlərin sazlığı;
kifayət qədər soyuq və isti gigiyena tələblərinə
uyğun suların təminatı və ehtiyat su çənlərinin
istifadəyə hazırlığı; ayaq yollarının mexaniki
yuyulması üçün qurğuların, orada olan
əlüzyuyanların kifayət qədər olması və sazlığı;
qızdırıcı sistemin sazlığı və s.
Ətraf mühitin idarə olunması uşaq və
yeniyetmələrin sağlamlığının qorunması və
yaxşılaşdırılmasında gigiyenik təhsil böyük rol
oynayır və çox vacib amillərdən biridir. Hər bir
insanın xarici mühiti qoruması onun vətəndaşlıq
borcudur.
F.YAQUBZADƏ,
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələr
gigiyenası
bölməsinin ali dərəcəli mütəxəssisi,
respublikanın əməkdar həkimi |