Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən 2010-cu ilin ölkəmizdə
"Ekologiya ili" elan olunması ilə bağlı Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin sədri
Vasif Talıbovun rəhbərliyi, diqqət və qayğısı
ilə regionda əhəmiyyətli tədbirlər həyata
keçirilməkdədir.
Naxçıvan Dövlət Universiteti də belə tədbirlərin
fəal təşkilatçılarındandır. Ekoloji rroblemlərin
aradan qaldırılması və ekoloji maarifləndirmə
işinin həyata keçirilməsi məqsədilə
universitetdə müxtəlif elmi-praktik konfranslar,
nəzəri seminarlar, sənədli filmlərə baxış təşkil
olunmuş, abadlıq və yaşıllaşdırma, meşəsalma
işləri həyata keçirilmişdir. Ali məktəbin 5
hektarlıq əkin sahəsində artıq bir neçə ildir
ki, yaşıllaşdırma işi aparılır. Yüzlərlə
müxtəlif dekorasiya ağaclarının, bəzək
kollarının əkilib becərilməsi ərazinin
abadlaşdırılmasına, ətraf mühitin mühafizəsinə
xidmət edir.
Bu yaxınlarda Naxçıvan MR Ekologiya və Təbii
Sərvətlər Nazirliyi ilə birgə həmin ərazinin 2
hektarlıq hissəsində əkin işləri aparılmışdır.
Əvvəlcədən hazırlanmış əkin sahəsinə ağcaqayın,
tut, göyrüş, iydə, yemişan, itburnu kimi ağac və
kol toxumları səpilmişdir. Nazirliyin əməkdaşı
Mirməcid Seyidov Naxçıvanda yetişdirilmiş, yerli
mühitə uyğunlaşdırılmış bu toxumların əkilməsi,
damcı üsulu ilə suvarılması, becərilməsi üçün
dövlət vəsaiti hesabına xüsusi şərait
yaradıldığını qeyd etmişdir.
Naxçıvan Dövlət Universitetinin Coğrafiya
kafedrasının müdiri, coğrafiya elmləri namizədi,
dosent Nazim Bababəylinin və Naxçıvan MR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin torpaq
ehtiyatlarının mühafizəsi üzrə aparıcı
məsləhətçisi Mübariz Axundov doğma diyarımızın
ekologiyasının qorunması məqsədilə görülən
məqsədyönlü işlər haqqında məlumat vermişlər.
Qeyd olunmuşdur ki, yaşıllaşdırma işləri ekoloji
saflığın mühafizəsi, bitki örtüyünün
zənginləşdirilməsi, oksigen balansının, torpağın
rütubətliliyinin qorunması üçün faydalıdır.
Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki yaşayış
massivindən 50 m yaxınlıqda yerləşən bu ərazi
70-75 faiz sürüşməyə meyilli olduğu üçün
torpağın eroziyasının qarşısının alınması üçün
burada əkin işlərinin aparılmasının xüsusi
əhəmiyyəti var.
Mehriban SULTAN |