Hələ
ötən zamanlardan bəri ömrümüzün bir parçası olan
uşaqlıq dünyasını duyub, dərk etmək, həmin
dünyanın arzu və istəyini poetik dillə qələmə
almaq hər yazara qismət olmayıb.
Fidan balalarımızın ağ kətan kimi təmiz
dünyasını, baldan şirin dilini, onların sadə
göründüyü qədər qeyri-adi, ecazkar və mürəkkəb
fəlsəfi düşüncələrini poetik sözlə ifadə etmək
müəllifindən başqalarına nəsib olmayan xüsusi
istedad tələb edir.
Belə yazarlardan biri, öz dəst-xətti ilə
poeziyamızda yaxşı tanınan, şair Ələmdar
Quluzadənin bu günlərdə işıq üzü görmüş "Ətirşah
ətri" (Bakı, "Ozan" nəşriyyatı, 2010. 80 səh.,
sayı 2000 nüsxə) şeirlər kitabı balaca
oxucuların ixtiyarına verilmişdir.
"Öyrədirlər, öyrənirik", "Kim hazırcavab, kim
dəymədüşərdir" və "Qulağımla eşidib, gözlərimlə
görmüşəm" bölmələrindən ibarət olan kitabda uşaq
dünyasından bəhs edən müxtəlif məzmunlu şeirlər
toplanmışdır. Nəfis şəkildə çap edilmiş bu
topluda yazılanlara uyğun verilmiş rəngli
şəkillər şeirlərdəki fikri tamamlamaqla əyani
vəsait kimi oxucunun daha aydın dərk etməsinə
yardımçı olur.
Kitabı vərəqlədikcə, şeirləri oxuduqca hiss
edirsən ki, Ələmdar Quluzadə uşaq dünyasına
yaxşı bələddir və fidan balalarımızın arzu və
istəklərini, onların qeyri-adi duyğularını,
təmiz daxili aləmlərini ürək çırpıntılarıyla elə
"öz dillərində" qələmə almağa müyəssər olub.
Belə şeirlərdən bir-iki misal gətirmək yerinə
düşər:
Fərrux yolçu deyil ki,
Yolla gedən yolçudur.
Yolla gedən nə bilsin,
Fərrux fırıldaqçıdır.
Bundan başqa, şair "Dünyaya uşaq gəlir"
şeirində:
Uşaq gəlmir bu qoca
Dünyaya daş atmağa,
Uşaq gəlir bu qoca
Dünyanı yaşatmağa
- deməsi ilə bir tərəfdən bu dünyanın ən ali,
bəşəri varlığı olan uşaqların həyatımızın
ayrılmaz bir hissəsi olduğunu səmimi bir
şəkildə, şirin, poetik dillə oxuculara
çatdırırsa, digər tərəfdən onları sevərək
qorumağımızı tövsiyə edir.
Ümumiyyətlə, şair Ələmdar Quluzadənin
özünəməxsus duyum tərzi, poetik dünyası vardır.
Əminəm ki, şairin balaca fidanlara həsr etdiyi
bu kitabı geniş oxucu auditoriyası tərəfindən
maraq və məhəbbətlə qarşılanacaqdır.
Nizami MİRZƏ |