Təhsilin dünya standartlarına uyğun təşkilinə,
dövrün tələblərinə cavab verən keyfiyyətli
kadrlar hazırladığına, Avropa təhsil məkanına
uğurlu inteqrasiyasına, bir sıra innovativ
təşəbbüslərin ilk müəllifi və tətbiqçisi
olduğuna görə Xəzər Universiteti ölkə
ictimaiyyəti arasında böyük nüfuza malikdir. İlk
ingilisdilli universitet, kredit sistemini ilk
tətbiq edən ali məktəb kimi onun fəaliyyəti,
xüsusən də Qərb təhsil məkanına inteqrasiya
yönündə atdığı uğurlu addımlar ölkəmizin təhsil
işçiləri tərəfindən rəğbətlə qarşılanır və
dəstəklənir. Bu günlərdə universitet həmin
istiqamətdə atdığı daha bir orijinal addımla
ölkədə əsl sensasiya yaratmışdır: amerikalı bir
alim universitetə rektor təyin olunmuşdur. Bəs
Azərbaycanın müasir ali məktəbləri üçün yenilik
olan bu addım hansı zərurətdən yaranmışdır?
Universitetin təsisçisi və yarandığı gündən
rektoru olmuş tanınmış alim və şair Hamlet
İsaxanlı indi hansı vəzifəni icra edir? Yeni
rektor kimdir və onun universitetlə bağlı nə
kimi planları var? Hazırda təhsil
ictimaiyyətimizi də maraqlandıran həmin suallara
cavab almaq üçün bu günlərdə Xəzər
Universitetində olduq.
Universitetin
İctimai Əlaqələr üzrə Departamentinin rəhbəri
Əlövsət Əmirbəylidən öyrəndik ki, fəaliyyəti
dövründə bu ali təhsil müəssisəsində həyata
keçirilən bir sıra innovativ təşəbbüslər kimi
yeni ideyanın da müəllifi Xəzər Universitetinin
yaradıcısı və bu yaxınlaradək rektoru olmuş
professor Hamlet İsaxanlıdır. Hamlet müəllim bu
addımı Xəzər Universitetini Avropa, Amerika
standartlarına daha da uyğunlaşdırmaq məqsədi
ilə atıb. Universitet kollektivinin də bəyəndiyi
və müdafiə etdiyi ideyanı həyata keçirmək üçün
hələ bu ilin yanvar ayında Xəzər Universitetinin
veb-saytında müvafiq elan yerləşdirilib. Elanda
Xəzər Universitetinə rektor yerinə namizəd
axtarıldığı bildirilib. Elanla bağlı dünyanın 30
ölkəsindən 40-a yaxın adam müraciət edib.
Hamlet İsaxanlı namizədlərin bir çoxu ilə
Amerikada, Türkiyədə, Rusiyada şəxsən görüşüb,
söhbətlər aparıb. Həmin görüşlərin nəticəsi
olaraq amerikalı alim, Nyu-York Dövlət
Universitetinin professoru Con Rayderə üstünlük
verilib və o, Xəzər Universitetinin yeni rektoru
təyin edilib. Professor Hamlet İsaxanlı hazırda
Xəzər Universitetinin qurucusu, Direktorlar və
Qəyyumlar Şurasının sədridir. Direktorlar və
Qəyyumlar Şurası Xəzər Universitetinin ən ali
idarəetmə orqanıdır.
Ə.Əmirbəyli ilə söhbətdən sonra Xəzər
Universitetinin yeni rektoru, professor Con
Rayderlə görüşüb ondan qəzetimiz üçün müsahibə
aldıq:
- Cənab rektor, yeni təyinatınız münasibəti ilə
sizi təbrik edirik. İstərdik öncə özünüz
haqqında oxucularımıza məlumat verəsiniz.
- Təbrikə görə sağ olun. Mən Amerika Birləşmiş
Ştatlarının Nyu-York şəhərində anadan olmuşam.
Bu şəhərdə, onun ətrafında böyüyüb boya-başa
çatmış, burada təhsil almışam. 1969-cu ildə orta
məktəbi bitirib Nyu-York Dövlət Universitetinə
daxil olmuşam. Nyu-York Dövlət Universiteti
böyük bir sistemdir, onun çoxlu bölmələri var.
Bakalavr təhsilimi universitetin Kortlənd
bölməsində almışam. 1973-cü ildə universitetin
bakalavr pilləsini bitirib təhsilimi
magistratura və doktoranturada davam etdirmişəm.
1977-ci ildə Stoni Bruk (Stony Brook)
Universitetinin magistratura, 1982-ci ildə isə
doktorantura proqramlarını başa vurmuşam.
Fəlsəfə elmləri doktoruyam. Stoni Bruk
Universiteti də Nyu-York Dövlət Universitetinin
bir bölməsi sayılır.
1984-1985-ci illərdə Nyu-York Dövlət
Universitetində fəlsəfədən mühazirələr oxumuşam,
1985-1995-ci illərdə professor kimi çalışmışam.
1995-ci ildə Şərqi və Mərkəzi Avropaşünaslıq
layihəsi yaratmış və 1996-cı ilədək həmin
layihənin direktoru olmuşam. Eyni zamanda
1994-1996-cı illərdə universitetin Fəlsəfə
Departamentinə sədrlik etmişəm. 1996-cı ildən
2002-ci ilədək Nyu-York Dövlət Universitetinin
İncəsənət elmləri fakültəsinin dekanı vəzifəsini
icra etmişəm. 2002-ci ildən 2010-cu ilin iyun
ayınadək Nyu-York Dövlət Universitetinin Amerika
və Rusiyaşünaslıq Mərkəzinin direktoru olmuşam,
2010-cu ilin fevralından həmin universitetin
İnzibati Qurumunun Beynəlxalq Proqramlaşma
Şöbəsinin direktoru işləmişəm. Bu ilin
sentyabrından isə, artıq bildiyiniz kimi, Xəzər
Universitetinin rektoruyam.
1991-1995-ci illərdə sədri olduğum Fəlsəfə
Departamenti kiçik olsa da, 5 tam ştatla 10-dan
az olmayan ixtisas və əlavələr üzrə fəaliyyət
göstərirdi. Departament ümumi təhsil üçün
fakültəyə, kollec tələbələrinə də lazımi şərait
yaradırdı. İncəsənət elmləri fakültəsində dekan
işlədiyim müddətdə fakültənin 16 akademik
departamentinə və 3 mərkəzinə rəhbərlik edirdim.
Fakültədə 160 akademik proqram, 1700 tələbə var
idi.
Nyu-York Dövlət Universitetində Rusiya və
Amerikaşünaslıq Mərkəzinin, Beynəlxalq
Proqramlar Şöbəsinin direktoru vəzifələrində
işləyərkən əsas vəzifəm administrasiya ilə
əməkdaşlıq yaratmaq idi. Şöbədə çalışarkən əldə
etdiyim ən böyük uğurlardan biri Türkiyə,
Rusiya, Çin, Meksika və digər ölkələrlə
ikitərəfli proqramların işlənməsi olub.
Mərkəzimiz tərəfindən Nyu-York və Moskva Dövlət
Universiteti, Sankt-Peterburq Dövlət
Universiteti, Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu, habelə Rusiyanın digər
universitetləri ilə bakalavr və magistr
dərəcələri üçün ikitərəfli müxtəlifsahəli təhsil
proqramları, Nyu-York Dövlət Universitetinin
alimlərinin Rusiyaya, Rusiya alimlərinin isə
Nyu-York Universitetinə qarşılıqlı səfərləri
təşkil olunmuşdur.
Evliyəm. Həyat yoldaşım rusdur. O da fəlsəfə
müəllimidir. Sankt-Peterburq Dövlət
Universitetində işləyir. İş yerlərimiz
bir-birindən çox uzaq olsa da, tez-tez
bir-birimizə baş çəkirik.
- Necə oldu ki, Xəzər Universitetinin elan
etdiyi rektor müsabiqəsinə qatıldınız?
- Müsabiqə haqqında xəbəri dostum, Azərbaycan
Dillər Universiteti 1-ci ingilis dili
fakültəsinin dekanı Əfqan Abdullayevdən eşitdim.
Əfqan müəllim mənə yazdı ki, Hamlet İsaxanlı
elan verib, Xəzər Universitetinə rektor
lazımdır. O mənə həmin müsabiqədə iştirak etməyi
təklif edirdi. Yazırdı ki, səni bu vəzifəyə
layiq bilirik. Nəticədə mən müsabiqədə iştirak
etdim. Özüm haqqında geniş materialı -
sənədləri Hamlet müəllimə göndərdim. Sonra biz
görüşüb bu məsələni birlikdə müzakirə etdik və
bu nəticəyə gəldik ki, mən bura gəlim. Ondan
sonra da bu proses davam etdi və gördüyünüz
kimi, mən artıq buradayam.
- Nə qədər müddətə rektor təyin olunmusunuz?
- Müqavilə 2 illik müddətə bağlanıb. Əgər həmin
müddətdə Hamlet müəllim və universitetin digər
məsul şəxsləri fəaliyyətimdən razı qalarlarsa,
bu müddət uzana da bilər. Yəni müqavilənin
müddəti artırıla bilər.
- Xəzər Universiteti haqqında əvvəlcədən
məlumatınız var idimi?
- Bəli, var idi. İki il öncə mən dünya
universitetləri təşkilatının direktoru kimi
Azərbaycan Dillər Universitetində keçirilən
konfransda iştirak edirdim. Konfransda Xəzər
Universitetindən nümayəndələr, o cümlədən rektor
Hamlet İsaxanlı da var idi. Konfransdan sonra
Hamlet İsaxanlı məni universitetlərinə dəvət
etdi. Onunla və Xəzər Universitetinin konfransda
iştirak edən müəllimləri ilə buraya gəldik.
Universiteti gəzib onun fəaliyyəti ilə yaxından
tanış oldum.
Ümumiyyətlə, 25 il ərzində mən keçmiş sovet
ölkələrində çox olmuşam. Bu ölkələrin təhsil
sistemi, idarəçiliyi haqqında xeyli məlumatım
var.
- Universitetlə bağlı nə kimi planlarınız var?
- Xəzər Universiteti Azərbaycanda ingilisdilli
ilk özəl ali məktəbdir. Burada humanitar,
incəsənət, sosial və iqtisadi elmlər, təbiət və
mühəndislik sahələri üzrə bakalavr və magistr
pillələrində tələbələr təhsil alır. Rektor kimi
mənim məqsədim universitetin həm ölkədə, həm də
beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltmək,
akademik uğurlarının gündən-günə artmasını təmin
etməkdir.
Bildiyiniz kimi, hazırda dünya təhsil sistemində
çoxlu dəyişikliklər baş verir. Çalışacağam ki,
həmin dəyişikliklərlə Xəzər Universitetini tanış
edim, onları bu universitetə gətirim və
beləliklə də onun fəaliyyətini daha da
genişləndirim.
- Xəzər Universiteti dünyanın bir çox
ölkələrinin ali məktəbləri ilə əlaqə saxlayır,
bir sıra beynəlxalq təhsil proqramlarında
iştirak edir. Bəs Nyu-York Dövlət Universiteti
ilə əlaqələri necə, vardırmı? Bu əlaqələrin
yaranması və inkişafı üçün nə etmək
fikrindəsiniz?
- Əlbəttə, bununla bağlı planlarımız da var. Mən
təkliflər hazırlayıram. Onları həm Nyu-York
Dövlət Universitetindəki kolleqalarıma
göndərəcəm, həm də buradakılarla müzakirə
olunacaq. Təkcə Nyu-York Dövlət Universiteti ilə
deyil, Nyu-Yorkdakı digər universitetlərlə də
səmərəli əməkdaşlıq əlaqələri yaratmağı nəzərdə
tuturuq. Çinin, Amerikanın hansı universitetləri
ilə əlaqəm var, çalışacağam Xəzər
Universitetinin onlarla da əlaqələri yaransın.
Mövcud əlaqələri daha da genişləndirməyi,
müəllimlərimizi təcrübə keçmək üçün tərəfdaş
universitetlərə göndərməyi planlaşdırırıq.
- Xəzər Universitetinin mövcud durumunu necə
qiymətləndirirsiniz? Universitet xoşunuza
gəlirmi? Amerika universitetləri ilə müqayisədə
buradakı maddi tədris bazasını qənaətbəxş hesab
etmək olarmı?
- Əlbəttə, olar, maddi baza, təhsil şəraiti
normaldır. Universitetin bir neçə tədris
korpusu, kampusu var. Onlar müasir tələblərə tam
cavab verir. Texniki baza xüsusilə çox yaxşıdır.
Misal üçün, təkcə universitetin kitabxanasını
göstərə bilərəm. Onun işi çox gözəl qurulub,
zəngin kitab fondu var. İKT ilə təminat
baxımından da universitetdə vəziyyəti normal
hesab edirəm. Universitet İnternet sisteminə
qoşulub. Mən hazırda onun daha sürətli olması
üzərində işləyirəm. İnternetin sürətini
artırmaqda məqsəd yaxın gələcəkdə xarici
universitetlərlə əlaqələr qurub onlayn təhsil
sistemini inkişaf etdirməkdir. Bu sistemlə
universitetimizə digər ölkələrdən tələbələr cəlb
etmək istəyirik. Təhsil sisteminə gəldikdə isə
ilk gündən Xəzər Universitetində təhsil sistemi,
tədris planlarının hamısı Amerika təhsil sistemi
bazasında yaradılıb, ona uyğundur. Təhsildə
Amerika tədris sistemindən istifadə olunur.
Burada Boloniya prosesinin, demək olar ki, bütün
şərtlərinə əməl olunur, onun prinsipləri həyata
keçirilir.
- Tələbələrlə, müəllimlərlə ünsiyyət zamanı
çətinliyiniz olmur ki?
- Yaxşı sualdır. Tələbələrlə unsiyyətdə çətinlik
çəkmirəm. Çünki bütün tələbələr ingilis dilini
bilir. İngilis dilini bilməyən bəzi
həmkarlarımla isə rus dilində danışıram. Mən bu
dili də bilirəm. Dekanlarla, prorektorlarla
görüşlərdə, adətən, 3 dildən - Azərbaycan,
ingilis və rus dillərindən istifadə olunur.
Keçirilən görüşlərdə, iclaslarda da bu baxımdan
problem olmur.
- Maraqlı müsahibə üçün sağ olun.
Müsahibəni apardı:
Yusif ƏLİYEV |