Vətəndən uzaqlarda yaşamaq, başqa dillərdə
yazıb-yaratmaq, dünya xalqlarının ədəbiyyat,
mədəniyyət xəzinəsini zənginləşdirmək bir çox
Azərbaycan sənətkarlarının, alimlərinin alın
yazısı olub. Səkkizinci yüzillikdə Azərbaycan
mütəfəkkirlərinin sorağı Dəclə - Fərat
çaylarının sahillərindən gəlmiş, Pireney
yarımadasından tutmuş Hindistana qədər gedib
çatmışdır. XIX yüzillikdə isə bir sıra
Azərbaycan alim, mütəfəkkir, yazıçı və şairləri
nəzərlərini şimala - Rusiyaya çevirmişlər.
Onlardan A.A.Bakıxanov, İ.Qutqaşınlı,
M.F.Axundov, Həsən bəy Zərdabi, S.Ə.Şirvani,
N.B.Vəzirov, M.Şahtaxtlı, E.Süleymanov,
M.C.Topçubaşov və b. göstərmək olar.
Azərbaycan - rus ədəbi-mədəni və elmi
əlaqələrinin təməl daşlarını qoyan, Kazan və
Peterburq universitetlərində Şərq fakültəsinin
yaradıcısı və ilk dekanı, Şərq filologiya
elmləri üzrə fəxri doktor, əməkdar professor,
Azərbaycan dilinin ilk elmi qrammatikasının
müəllifi, bir çox xarici ölkə akademiyalarının
və elmi cəmiyyətlərinin üzvü, 33 yaşında Rusiya
Elmlər Akademiyasının müxbir üzvü, ömrünün 45
ilindən çoxunu Azərbaycan, türk, ərəb, fars
dillərinin, zəngin Şərq ədəbiyyatı və
mədəniyyətinin, Azərbaycan, Qafqaz tarixinin,
İslam dini, ideoloji, etnik,siyasi əsaslarının,
müsəlman hüququnun və s. Rusiyada, Avropada
öyrənilməsinə həsr edən Mirzə Məhəmmədəli Hacı
Qasım oğlu Kazımbəyin böyük fəaliyyəti olmuşdur.
O,
"Şərqin qapısı", dəmir qapı adları ilə
nağıllarımızdan, dastanlarımızdan, "Kitabi -
Dədə Qorqud" boylarından hamımıza tanış olan,
mühüm hərbi strateji məntəqə olduğuna görə on
beş əsrdən artıq bir dövr ərzində xəzərlərin,
ərəblərin, farsların, monqolların, türklərin və
rusların ona yiyələnmək uğrunda mübarizə
apardıqları qədim Azərbaycan şəhəri Dərbənddə
böyüyüb boya-başa çatmış, ilk təhsilini burada
almışdir.
Dərbənd şəhəri 1776-cı ildə Rusiyanın himayəsinə
keçəndən sonra İranın Rəşt şəhərində yaşayan
Məhəmmədəlinin babası Hacı Kazımbəy vətənə
qayıdaraq Fətəli xanın sarayında vəzir
vəzifəsində işləyir. O, sarayda nazir kimi
maliyyə, yaxud xalq təminatı işlərinə başçılıq
edirdi. Hacı Kazımbəyin dörd oğlu olub.
Dərbənddə və ətraf regionlarda gedən çəkişmələr,
özbaşınalıq zamanı oğlanlarından İsmayıl bəy öz
əcəli ilə vəfat etmiş, Məhəmməd Cəfər
müharibədə həlak olmuş, İbrahim bəy dağlara
çəkilərək oralarda ölmüşdür. Ailənin dördüncü
oğlu, gələcək alimin atası Hacı Qasım Kazımbəy
qardaşlarından fərqli olaraq hərbi işlərə o
qədər də maraq göstərməmişdir. Onu elm və
mədəniyyət aləmi daha çox maraqlandırırdı.
Zaqafqaziyanın müharibələr meydanına çevrildiyi
bir zamanda o, biliyini, dünyagörüşünü
artırmaq, müqəddəs yerləri görmək üçün
Ərəbistana yollanır. Hacı Qasım Kazımbəy
müqəddəs yerləri ziyarət etdikdən, Şərqin bir
sıra şəhərlərində olduqdan sonra Mədinədə məskən
salır, 6 il bu şəhərdə yaşayıb, oxuyaraq
ilahiyyatçı alim kimi yetişmiş və müctəhid adı
qazanmışdır. O, 1800-cü ildə təhsilini başa
vurduqdan sonra vətənə qayıdır. Yolüstü bir
müddət İranın Rəşt şəhərində qalır. Gənc
müctəhid Rəşt şəhərində yaşayarkən Gilan
tacirlərindən Mir Bağır xanın Şərəfnisə adlı
qızı ilə ailə qurur. Həmin nikahdan gələcək
görkəmli şərqşünas alim Mirzə Məhəmmədəli
Kazımbəy doğulur. 1808-ci ildə Məhəmmədəli ata,
anası ilə birlikdə Dərbəndə gəlib burada
yaşamağa başlayır. 1808-ci ildə anası Şərəfnisə
qəflətən vəfat edir. Oğlunun təhsil, tərbiyəsi
ilə atası məşğul olur. Hələ ilk təhsil illərində
müxtəlif dilləri öyrənməyə böyük maraq göstərən
Məhəmmədəli on iki-on üç yaşlarında ərəb, fars
və türk dillərini mükəmməl bilirdi.
Təbiətin Mirzə Məhəmmədəliyə bəxş etdiyi parlaq
istedad və qabiliyyət ona müsəlman təliminin tam
kursunu vaxtindan xeyli əvvəl başa vurmağa imkan
vermişdir. Gecələr səhərədək şam işığında
oxuduğu kitablar, əfsanələr, nağıllar yeniyetmə
Məhəmmədəlinin yaddaşında ömürlük həkk olunurdu.
Onun yaddaşı da müəllimlər üçün bir sirr idi.
Bir dəfə gördüyünü heç vaxt gözlərindən
qaçırmır, bir dəfə eşitdiyini qulaqlarında
ömürlük sırğaya çevirirdi.
Xaqaninin "Mədain xərabələri", Nizaminin "Sirlər
xəzinəsi", Füzulinin "Leyli və Məcnun"u,
Firdovsinin "Şahnamə"si, Sədinin "Gülustan"ı
dilindən düşmürdü.
Bu dahilər dünyası və gündə 14-16 saat oxumaq
onu elə yüksəklərə qaldırmışdı ki, o,
ətrafındakı mühit üçün bir sirr, bir müəmma
olmuşdur.
Məhəmmədəli doğma şəhərinin tarixini yaxşı
bilirdi. O, bu tarixə bağlı idi. Bu biliklə
sonralar "Dərbəndnamə" yazıb çap etdirir. O,
tədqiqatlara əsasən deyirdi: "Xəzər nə qədər
qədimdirsə, Dərbəndin də bir o qədər tarixi var
və ikisi də bir yaranıb, əkiz doğulublar".
Gələcəyin böyük alimi Məhəmmədəli özünün "Ərəb
dilinin müxtəsər qrammatikası" ilk elmi əsərini
1819-cu ildə 17 yaşı olarkən yazmışdır.
O, gənc yaşlarında Dərbənd mühiti yaradıcılığı
üçün geniş üfüqlər açmasa da, yazmağı, öz
fikirlərini başqaları ilə bölüşməyi, ünsiyyətdə
olmağı bacarır, oxumaq və yazmaq həvəsilə
yaşayırdı.
Atası Dərbənddə nüfuzlu adamlardan biri idi.
Hələ 15 yaşı olanda - 1816-cı ildə günlərin
birində Məhəmmədəlinin atası ilə maraqlı bir
söhbəti olub. Hacı Qasım bayaqdan pəncərə önündə
dayanmışdı. Dərin düşüncələrə dalmışdı...
Dərbəndin şeyxulislamı Dərbənd xalqının gözündə
o qədər hörmət və ehtiram qazanmışdı ki, bu, rus
generalını narahat etməyə bilməzdi.
Hacı Qasım dünyanın min fitnə-fəsadlı oyununu
görmüşdü və yaxın günlərdə fırtına qopacağı ona
bəlli idi.
Məhəmmədəli atasının otağına girərək onunla
söhbətləşməyə başlayır. Onların söhbətləri
gecəyarıya kimi çəkir. Qasım qəlbindəki
narahatçılığı büruzə verməmək üçün yenə də
Dərbəndin tarixindən söhbət açır:
- Deyirlər bu yerlərdə altun çağlar olub. Hər
adamın, hər ailənin öz yeri, yurdu, öz heyvanı,
öz daxması varmış. Hamısı işlək olub. İnsanlar
bir-birinə sevgi ilə baxırmış. Qəlblərdə vicdan,
damarlarda qəhrəmanlıq qanı... İndi isə
damarlarda çirkab axır.
Amma çox sonralar əli qələmli adamlar gəldi.
Əkin yerlərini çərək-çərək böldülər. Heyvanları
hesaba, ağacları, meyvələri qələmə aldılar, az
qala salxımlarda olan üzüm gilələrini də bir-bir
saysınlar. Daxmaları ölçdülər, quyulardakı
suları hesaba aldılar və s. Hamısını haqq-hesaba
vurdular: daxmaya vergi bu qədər, hər mala, hər
qoyuna bu qədər, su pulu bu qədər... Vergi
yazana ver. Bu pullar getsin xəzinəyə, hökmdar
da oğlanlarımızı yığıb aparsın qırğına, özünü,
hərəmlərini qorumaq üçün qala divarları
tikdirsin... Zəkat ver, fitrə ver... Ramazanda
ver, orucluq qurtaranda ver... Nəzir ver, sədəqə
ver, xərac ver... Beləliklə, oğul, eşitdiyin
ədalət belə yaranıb... Mən bunların çoxunu
kitabdan oxumuşam, çoxunu da özüm görmüşəm...
Sən də oxu, çox oxu, amma gördüklərinə inan,
kitablardakı hər yazıya inanma. Onlarda
həqiqətdən uzaq şeylər də çoxdur... Oxu, sonra
da çalış mümkün olanı gözünlə görəsən... Oxu,
ancaq öz vicdanının səsinə qulaq ver... Ehtiyac
üzündən sənə uzanan əlləri boş qaytarma.
Çörəksizə çörək ver, xəstəyə dərman. Ehtiyac ac
şeydir. Ehtiyac ən böyük qəhrəmanlara diz
çökdürür və dahilərə baş əydirir.
Məhəmmədəli bu sözlərin sehrindən qopa bilmirdi,
amma atasının baxışlarında nə isə vardı ki, oğul
yerindən qalxdı. Yorğun və kədərli baxışları ilə
atasını oxşayaraq: - Bağışla, amma bəs yalanlar
bəzən niyə çox güclü olur? Yalanlar öz
gücünü-qüdrətini hardan alır?
Hacı harasa, uzaqlara baxaraq danışırdı:
- Yox, oğlum, yalanlar bir dərya olsa da, bir
damla həqiqətə güc gələ bilməz. Nə olursa-olsun,
həqiqəti daşlama, həyatda düz həqiqətin gözünün
içinə bax. Çünki həqiqətlə ədalət bir xəmirdən
yoğrulub. Onu da bil ki, ədalətli söz ağır olur,
amma o da dərman kimi şəfavericidir... Ədalətli
sözlə dərmanın bir fərqi var ki, dərman vücudu
müalicə edir, ədalətli söz isə qəlbi, ruhu,
vicdanı... Müalicə uzun sürə bilər, sən ümidini
itirmə, səbirli ol, özünə güvən... İnsanlara
güvən... İnsanlardan ümidini kəsmə, insan əlləri
ilə yüksəlmiş qalalara da ümid bağlama. İnsan
tab gətirməyən qüvvəyə nə dağlar, nə də qalalar
tab gətirə bilər.
Hacı Qasım acı həqiqətlə cavan qəlbini alt-üst
etmək istəmirdi. Ona görə də söhbəti elə
buradaca bitirmək istədi:
- Vaxtını çox aldım, oğul, - deyə Hacı Qasım
oğlunun başını sığalladı.
- Gecdir, gecə yarıdan keçib.
- Yox, amma mən səninlə fəxr edirəm.
- Mən istərdim ki, səninlə fəxr edəm. Bir adama
deyəndə ki, kimsə səndən ağıllıdır, acığı gələr,
amma ataya desən ki, oğlun səndən ağıllıdır
sevinər... Bu gunlük kifayətdir, vaxt gedir. O,
qızıla bərabərdir... Amma bunların bir fərqi
var: qızılı yığıb saxlamaq olur, vaxtı isə
saxlamağa heç kimin hünəri çatmır.
Məhəmmədəli yataq otağına keçdi və
fikirləşə-fikirləşə yatdı.
1820-ci ildə Mirzə Məhəmmədəli Kazımbəyin atası
Hacı Qasım Kazımbəy çar hökumətinə qərəzli
münasibət bəsləyən şəxslərlə gizli yazışmada
şübhəli bilinərək əmlakı müsadirə olunmaqla
Həştərxana sürgün edilir.
Bu haqda Məhəmmədəli Kazımbəy yazmışdır: "Atam
həmişə Rusiyaya qarşı xeyirxah münasibətdə
olmuşdur, lakin o, rütbəsinə görə xalqın
hüquqlarını müdafiə etdiyindən, əslən dərbəndli
bir bəyin simasında çox güclü düşmənə malik idi.
Dərbənd bəylərindən biri olan Lütfəli bəy yalan
məlumatlarla Qafqazın canişini general
A.P.Yermolova gizli xəbərlər, Hacı Qasım
haqqında məlumatlar verirdi. Beləliklə, atamı
nüfuzdan salmaqla məşğul idilər. Hökumət
Dərbəndə hərbi məhkəmə göndərdi. Məhkəmə atamın
mülkünü müsadirə edərək 14 dostu ilə birlikdə
Həştərxana sürgün etdi ".
Mirzə Məhəmmədəli bu özbaşınalıq və
haqsızlıqlarla heç cür barışa bilmirdi. O,
1821-ci ilin əvvəllərində Həştərxana getmək üçün
hazırlaşmağa başladı. Yola düşməzdən bir gün
əvvəl anası, qohumları və Dərbənd şəhidlərinin
qəbrini ziyarət etmək üçün qəbiristanlığa
yollandı. Sonra tanış uşaqlardan birini sevdiyi
Günlara xəbər vermək üçün göndərdi. Axşam
Günlarla görüşdü. Onlar xeyli söhbət edəndən
sonra ayrıldılar. Belə hallar çox olur.
Həqiqətən bir-birini sevənlər bir-birinə
qovuşmurlar. Cümə günü səhər açılar-açılmaz
Məhəmmədəli yoldaşları ilə bərabər Xəzərin
sahilinə gəldi. Yükləri atlardan düşürüb sahildə
dayanmış gəmiyə tərəf aparmağa başladılar.
Məhəmmədəli yoldaşlarından aralandı, üzünü
Xəzərə tutdu: "Xəzərim mənim... Mən həmişə sənin
qiyamət qoparan qasırğalarından söz açan
kitabları oxumuşam, amma sərt qış günündə sən
məni gözəl təbəssümlə yola salırsan... Mən sənin
qəzəbini çox görmüşəm. O gün də səhər yuxudan
oyanan bir gözəl kimi naz-qəmzə ilə qaşlarını
çatdın, bütün köksün həyəcana gəldi, suların
saçaq-saçaq olub köpüklənirdi... Sabahısı...
Sabahısı sən bir qədər də gözəlləşdin,
büllurlaşdın, şəffaflaşdın, pak oldun... Səni
çox şairlər görməyib, səni nə Homer gördü, nə
Bayron, nə Şekspir sənə vuruldu, nə Dante...
Görsəydilər sən onlar üçün bir alova, bir məşələ
çevrilərdin, mənim Xəzərim... Mən sənin
həsrətini çəkəcəyəm... Yox, sənin Həştərxan
sahillərini yuyan dalğaların Dərbəndi qucaqlayan
sularından deyil. Mən sənin intizarında
olacağam... Bir dilə gəl, Xəzərim. Sənə dediyim
xatirində qalacaqmı?!..".
Gəmi bir necə dəfə fit verib ağır-ağır sahildən
aralandı. Məhəmmədəli ürəyini Dərbənddə qoydu
getdi.
Həştərxan Məhəmmədəlini qaş-qabaqla qarşıladı.
Hava çox soyuq idi. Buna baxmayaraq o,
Həştərxana düşdüyü ilk gündən şəhərin mədəni
həyatı ilə yaxından maraqlandı, bəzi
həmvətənlərlə tanış oldu. O, işləmək istədi,
şəhər bələdiyyə idarəsi ona bir neçə yerdə
işləməyi təklif etdi, lakin heç biri ürəyinə
yatmadı.
Nəhayət, Məhəmmədəli 1821-ci ilin əvvəllərində
ingilislərə şərq dillərini təlim etməyə başladı.
Məhəmmədəli Volqa çayını ilk dəfə görürdü.
Həştərxanda çay bir neçə qola ayrılırdı və bu
möhtəşəm çayın əzəməti gözlə görünmürdü.
Böyüklər xırdalandığı, əzəmət parçalandığı zaman
gözdən düşür və insanlar onların böyüklüyünü
dərk edə bilmir.
Böyük zəka sahibi və gələcəkdə şöhrət zirvəsini
fəth edəcək bu müsəlman oğlu az zamanda bir neçə
xarici dil öyrəndi.
1825-ci ildə Hacı Qasımın sürgün illəri bitdi.
O, Dərbəndə, Məhəmmədəli isə şimala doğru getmək
fikrinə düşdü. O, Qafqaz canişini Yermolova
Peterburqa getmək üçün məktubla müraciət
etmişdi. Məhəmmədəli Peterburqa getməkdə kübar
cəmiyyətin gözqamaşdıran saraylarına can
atmırdı. Onun xəyalında elmin və mədəniyyətin
zirvələri şəfəq saçırdı və bu zirvələrə qovuşmaq
üçün Həştərxanın üfunətli çirkablarından
qurtarmağa can atırdı.
Nəhayət, 1828-ci il avqustun 29-da
Məhəmmədəlinin məktubuna Peterburqdan cavab
gəldi. Ona xaricə getməyə icazə verilmir.
Məhəmmədəlinin taleyi artıq həll olunmuşdu. Onun
yolu Qərbi Sibirə idi. Gələcək alim ildə 800
manat maaşla Omsk Asiya Məktəbində şərq dilləri
müəllimi vəzifəsinə təyin edilmişdi. O, Sibirə
həvəssiz yollandı. Nə üçün məhz Sibirə
göndərildiyinin səbəbini də başa düşmürdü.
Məhəmmədəli sonra başa düşdü ki, bu təyinat onu
Sibirə sürgün etmək məqsədi daşıyır. Sibirə
gedən yol Kazandan keçirdi.
1826-cı ilin sərt qış günləri idi.
Ucsuz-bucaqsız Rusiya qarın altında qalmışdı...
Yalnız bacalardan qalxan burum-burum tüstü
Kazımbəyin keçdiyi yerlərdə həyat nişanəsi
olduğunu göstərirdi.
Kazımbəy xahiş etmişdi ki, Həştərxandan Omsk
şəhərinə getməyini yaza saxlasınlar. General
Yermolov razı olmamışdı. Nəhayət, Kazımbəy
dilicansda soyuq havada Həştərxandan yola düşdü.
Yolboyu soyuq onun iliyinə işləmişdi. Dilicansda
bir neçə nəfər var idi. Küncdə oturmuş gənc
qadın qucağında çığıran uşağı sakit etməyə
çalışırdı. Kazımbəy fikirləşir və dilicansda
olan adamlarla ucsuz-bucaqsız çöllərə baxırdı.
O, fikirləşirdi ki, bu adamların hər birinin öz
həyatı var... Kimin alnına nə yazılıbsa onu da
görəcək. Onun nəzəri yenə də qadına sataşdı. Ana
bütün isti nəfəsini uşağa verməyə çalışırdı.
Lakin soyuq öz işini görürdü. Kazımbəy bir
istədi içərisi qoyun dərisindən sırınmış
canlığını qadına təklif etsin. Sonra fikirləşdi
ki, birdən qadının acığı gələr. Buna baxmayaraq
o, canlığını çıxarıb qadına verir. Qadın onu
özünə və uşağına bükür. Bir az keçəndən sonra
Kazımbəy özü soyuqdan huşunu itirir.
Sərnişinlərdən bir qadın Kazımbəyi bu vəziyyətdə
görüb ona kömək etməyə çalışırdı və Kazımbəydən
soruşdu: "Siz Kazana gedirsiz?". Kazımbəy
cavabında: "Yox, mən Omska getməliyəm", - dedi.
Nəhayət, onlar Kazana çatdılar. Qadının
köməkliyi ilə yüksək qızdırma içərisində olan
Kazımbəy Kazanda xəstəxanaya yerləşdirildi.
Həmin qadın Aleksandra Andreyevna Fuks idi. Bu
qadın Kazan Universitetinin rektoru olan
K.F.Fuksun həyat yoldaşı idi. K.F.Fuks
Almaniyadan universitetə dəvət olunmuşdu. O,
ixtisasca həkim idi. Rektor həm də Volqaboyu
ərazinin tarix, iqtisadiyyat, arxeologiya və
etnologiyasının istedadlı tədqiqatçılarından
biri kimi tanınmışdı. Kazana düşdüyü ilk gündən
təkcə rus dilini deyil, həm də tatar dilini
öyrənməyə başlamışdı. Fuks ailəsi ilə birlikdə
tez-tez Kazımbəyin yanına xəstəxanaya gəlirdi.
Beləliklə, Kazımbəy özünün dərrakə, savad və
ehtiramına görə Fuksun xoşuna gəldi. Fuks Kazan
Universitetinin alimləri ilə birlikdə Maarif
Nazirliyindən Kazımbəyin Kazan Universitetində
Şərq dilləri üzrə mühazirə oxumasını xahiş edir.
Beləliklə o, 1826-cı il oktyabrın 31-dən
universitetdə işləməyə başlayır. Kazımbəy
universitetdə 20 il fəaliyyət göstərmişdir.
Mirzə Kazımbəyin əqli və mənəvi inkişafında
K.F.Fuksun böyuk rolu olmuşdur.
(Ardı var)
Məmmədağa RZAYEV,
Təhsil Problemləri İnstitutunun böyük elmi
işçisi |