Xəbər verdiyimiz kimi, ölkə Prezidenti cənab
İlham Əliyevin imzaladığı müvafiq sərəncama
uyğun olaraq Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun adının əbədiləşdirilməsi ilə
bağlı bir sıra tədbirlər həyata keçirilib. Bu
yaxınlarda Biləsuvar şəhərində xüsusi istedada
malik uşaqlar üçün inşa olunmuş lisey-məktəb
kompleksinə M.İbrahimovun adı verilib.
İndi rayon mərkəzinə yaraşıq verən, müasir
arxitektura üslubunda yeni inşa olunmuş bu
kompleksdə xüsusi istedada malik 107 şagird
təhsil alır ki, onların da bir hissəsi ətraf
rayonlardan olan uşaqlardır. Liseydə yeddinci
sinifdən yuxarı test üsulu ilə seçilərək qəbul
olunmuş şagirdlərə 33 müəllim dərs deyir. Həmin
müəllimlərdən 20 nəfəri Biləsuvar rayonunun
ümumtəhsil məktəblərindən seçilərək bu liseydə
dərs demək üçün cəlb olunmuşdur. Onlardan biri
də Milli Qəhrəman Mübariz İbrahimovun vaxtı
ilə təhsil aldığı Əliabad kənd orta məktəbinin
fizika müəllimi S. İsayevdir.
Lisey-məktəbin direktoru Anar Məmmədov
bildirmişdir ki, növbəti illərdə burada təhsil
alacaq şagirdlərin sayını 300-ə çatdırmaq
nəzərdə tutulur.
Bizim isə ən böyük arzumuz budur ki, Milli
Qəhrəman Mübariz İbrahimovun adını daşıyan
liseydə təhsil alan şagirdlərin xüsusi
istedadlarına Mübarizin Vətən, torpaq sevgisi,
döyüş şücaəti də qatılsın və onların hər biri
sabahımızın mübarizləri olsunlar.
ƏDALƏT |