Xəbər verdiyimiz kimi, cari dərs ilində Bakı
şəhərinin və ölkənin 11 rayonunun ümumtəhsil
məktəblərindəki vakant yerlərə elektron
vasitələr tətbiq olunmaqla ikimərhələli müsabiqə
yolu ilə müəllimlərin işə qəbulu aparılıb.
Avqustun 20-dən sentyabrın 23-dək çəkən bu
proses nəticəsində 226 müəllim işə qəbul olunub.
Bəs pedaqoji kadrların seçilib
yerləşdirilməsində irəliyə doğru mühüm bir addım
olan, işə qəbul prosesində obyektivliyi,
şəffaflığı təmin edən, insan amilinin iştirakını
istisna edən yeni mexanizmi müsabiqədə qalib
gələrək işə qəbul edilən müəllimlər necə
qiymətləndirirlər? Yenilik barədə məktəb
direktorları nə fikirdədirlər? Bu suallarla
həmin müəllimlərin bir neçəsinə və onların
işlədikləri məktəblərin direktorlarına müraciət
etdik.
İmtahanın tam şəffaf, obyektiv keçirildiyinə
şəxsən özüm inandım
Gülnar Niyazova (Bakıdakı 311 nömrəli orta
məktəbin fizika müəllimi):
-
Ölkəmizdə ilk dəfə olaraq 2010-2011-ci tədris
ilində ümumtəhsil məktəblərindəki vakant yerlərə
müəllimlərin işə qəbulu elektron vasitələr
tətbiq olunmaqla aparıldı. Mən də işə qəbul
olunmaq istəyir və vakant yerlər haqqında elanın
çıxmasını gözləyirdim.
Avqustun 20-də bu barədə mətbuatda və Təhsil
Nazirliyinin rəsmi saytında elan verildi. Elanı
oxudum və sənədlərimi hazırlamağa başladım.
Təhsil Nazirliyinin rəsmi saytında elektron
ərizə formasını doldurdum, ərizəm təsdiqləndi.
Sonra sənədlərimi Təhsil Nazirliyinə təqdim
etdim. Oradan öyrəndim ki, bizim imtahana
buraxılmağımız haqqında, eləcə də imtahanın
keçirildiyi vaxt, yer barədə məlumatları saytda
yaradılmış "şəxsi kabinet"imdən öyrənə bilərəm.
Bu məlumatların sentyabrın 1-dən 5-nə qədər
yerləşdiriləcəyini dedilər. Elə də oldu.
Sentyabrın 3-də öz kod və parolumu sayta daxil
edib "şəxsi kabinet"imdə imtahanın sentyabrın
17-də, saat 10.00-da Təhsil Nazirliyinin
Təhsilin İnformasiyalaşdırılması İdarəsində
keçiriləcəyini öyrəndim. İmtahana sadəcə şəxsi
kod, parolumuz və şəxsiyyət vəsiqəsi ilə
gəlməyimiz tələb olunurdu.
Göstərilən tarixdə imtahan keçirilən yerə
getdim. Saat 10.00-da imtahan başladı. Otaqda
təxminən 20 namizəd var idi. Onların hər biri
üçün ayrıca kompüter nəzərdə tutulmuşdu. Bizə
göstəriş verildi ki, şəxsi kodumuzu kompüterə
daxil edək. Mən daxil etdim və adım, soyadım,
ixtisasım, variantım ekrana gəldi. İmtahanda hər
bir namizədə ixtisası üzrə proqram əsasında
tərtib edilmiş 25 test tapşırığı verilmiş və
bunun cavablandırılmasına 40 dəqiqə vaxt
ayrılmışdı. Hər düzgün cavab 1 balla
qiymətləndirilirdi. Mən 40 dəqiqə ərzində bütün
testləri cavablandırdım. Bu zaman kompüterdə
vaxtın başa çatdığı yazıldı və düzgün cavablar
göstərildi. Mən test tapşırıqlarının 80
faizindən çoxuna düzgün cavab vermişdim. Bu da
imtahanın şərtlərinə uyğun idi. İmtahanı keçirən
şəxslər elan etdilər ki, nəticələr həmin gün
saat 18.00-da hər namizədin "şəxsi kabinet"ində"
yazılacaq. Elə də oldu. Həmin vaxtda mən yenidən
"şəxsi kabinet"imə daxil oldum. Orada 311
nömrəli məktəbə işə qəbul olduğum yazılmışdı.
Məlumatı oxuyanda çox sevindim. İmtahanın tam
şəffaf, obyektiv keçirildiyinə şəxsən özüm
inandım. Artıq bütün bunları hər kəsə sübut edə
bilərəm. Onu da qeyd edim ki, göstərilən yerlərə
namizədlərin mübarizəsi zamanı hər bir meyar
nəzərə alınaraq işə qəbul prosesi aparılıb.
Ətrafımda olan bütün insanlar bu barədə məndən
soruşublar və mən bildirmişəm ki, imtahan
olduqca ədalətli keçir. Nöqsanlara ümumiyyətlə
yol verilmir.
Mən işə qəbul olunduğumu öyrəndikdən sonra 311
nömrəli məktəbə gəldim. Məktəbin xarici görkəmi
ilk baxışdan çox xoşuma gəldi. Direktor Esmira
Muradova ilə tanış oldum. O, çox sevindi və məni
təbrik etdi. Esmira xanım dərs saatlarımı artıq
ayırmışdı. Beləliklə, mən dərs deməyə başladım.
Artıq bir aydan çoxdur ki, yeni iş yerimdə
fəaliyyət göstərirəm. Məktəbin təkcə xarici yox,
daxili tərtibatı da çox yaxşıdır. Kollektiv
mehribandır. Təəssüratlarımın sonunda savadlı
gənclərə belə şərait yaratdığına görə cənab
nazir Misir Mərdanova minnətdarlığımı
bildirirəm.
Biliyi olanlara yaradılmış bu imkan
təqdirəlayiqdir
Samirə Məmmədova (Bakıdakı 293 nömrəli orta
məktəbin fizika müəllimi):
- 1985-ci ildə Bakı şəhərində anadan olmuşam.
2003-cü ildə ADPU-nun fizika fakültəsinə daxil
olub, 2007-ci ildə bitirmişəm. 2008-2010-cu
illərdə 311 nömrəli orta məktəbdə laborant
işləmişəm. Təhsil Nazirliyinin müsabiqəsində
iştirak edərək ixtisasım üzrə vakant yerlərdən
birini qazanmışam. Hazırda 293 nömrəli orta
məktəbdə fizika müəllimi işləyirəm. Müsabiqədə
iştirak edərək hər şeyin 100 faiz obyektiv və
təmiz olduğunun şahidiyəm. Biliyi, savadı
olanlara Təhsil Nazirliyi tərəfindən yaradılmış
bu imkan təqdirəlayiqdir. Bu müsabiqədə yaxşı
nəticələr əldə etmək üçün ixtisasın üzrə bilikli
olmaqla yanaşı, kompüterdə işləmək bacarığın da
olmalıdır. Həmçinin tam sərbəst və cəld olmaq
tələb olunur. Çünki elə savadlı müəllimlər var
ki, həyəcandan istədikləri səviyyəni göstərə
bilmirlər. İmtahan test üsulu ilə 40 dəqiqə
ərzində kompüter vasitəsilə keçirildi. Bu 40
dəqiqə sanki bir neçə saniyə kimi ötüb keçdi.
Sonda gözəl nəticə əldə etdikdə çəkdiyin hər bir
əziyyət, hər bir həyəcan çox şirin və unudulmaz
olur. Bütün bunlar üçün təhsil naziri cənab
Misir Mərdanova müsabiqənin qalibləri və öz
adımdan təşəkkürümü bildirirəm.
İmtahanın kompüter vasitəsilə keçirilməsi mənim
üçün çox rahat idi
Əfsanə Qubatova (Bakıdakı 224 nömrəli ümumi orta
təhsil məktəbinin tarix müəllimi):
- Mən Əli-Bayramlı (indiki Şirvan) şəhərində
anadan olmuşam. I sinfə Əli-Bayramlı şəhəri
Elçin İmanov adına 10 nömrəli orta məktəbdə
daxil olmuş, VIII sinfə qədər həmin məktəbdə
təhsil almışam. 2000-ci ildən etibarən təhsilimi
Bakıdakı Neftçi Qurban adına 288 nömrəli orta
məktəbdə davam etdirmiş, 2004-cü ildə məzun
olmuşam.
Uşaqlıqdan humanitar fənlərə, xüsusilə tarix
fənninə böyük maraq göstərir, məktəbi
bitirdikdən sonra tarix və hüquqşünas
ixtisaslarını seçmək istəyirdim. 2004-cü ildə
istəyimə nail oldum. Azərbaycan Dövlət Pedaqoji
Universitetinin tarix fakültəsinə daxil oldum.
Tarix ixtisasını sevməyimə baxmayaraq, müəllim
peşəsinə marağım az idi, daha doğrusu bu haqda
heç düşünməmişdim. Lakin universitet illərində
aldığım təhsil və iştirak etdiyim pedaqoji
təcrübələr sayəsində müəllimlik sənətinin
gözəlliyinin fərqinə vardım və bu sənəti sevməyə
başladım.
Azərbaycan Dövlət Pedaqoji Universitetini
bitirdikdən sonra 2009-cu ildə Bakı Dövlət
Universitetinin magistraturasına daxil oldum.
Magistraturada qiyabi təhsil aldığım üçün artıq
işləmək, ölkənin ictimai-siyasi həyatında fəal
iştirak etmək haqqında düşünür və işə qəbul
olunmaq üçün bütün imkanlardan istifadə etməyə
çalışırdım. Çox gözəl haldır ki,
respublikamızda savadlı kadrların işlə təmin
olunması üçün müxtəlif peşələr üzrə vakant
yerlərə müsabiqələr keçirilir. Bu, ali məktəbi
yeni qurtarmış istedadlı gənclərin ixtisaslarına
uyğun işlə təmin olunması baxımından çox böyük
imkandır. Sevindirici haldır ki, artıq 2 ildir
belə müsabiqə müəllimlərin işə qəbulu ilə bağlı
da keçirilir.
Mən bu müsabiqədə iştirak etmək istədiyim üçün
Təhsil Nazirliyinin saytında bu haqda
yerləşdiriləcək elanla intensiv maraqlanırdım.
Nəhayət, avqustun 20-də mətbuat və İnternet
xidməti vasitəsilə müsabiqə haqqında məlumat
verildi. Müsabiqənin şərtlərinə görə istədiyi
məktəbləri qeyd etmək üçün namizədə dörd seçim
imkanı verilirdi. Dörd yerdən əlavə ərizədə belə
bir xana da var id: "Təhsil Nazirliyinin təklif
etdiyi yer ilə razısınız?" Razı olanlar həmin
xananı seçib işarə etməli idilər. Vakant yer
təqdim edən məktəblər sırasında həm Bakıda, həm
də bölgələrdə yerləşən təhsil müəssisələri var
idi. Elektron ərizəni doldurmazdan əvvəl təqdim
olunan vakant yerlərlə tanış oldum. Paytaxtda
qeydiyyatda olduğum üçün Bakı üzrə verilən
məktəbləri seçməli idim. Öncə Qaradağ rayonunda
yerləşən 224 nömrəli məktəb diqqətimi çəkdi.
Yaşadığım rayonda yerləşdiyi üçün o məktəbi
birinci seçməyimin əlverişli olduğunu düşündüm.
Digər məktəblərə nəzər yetirdikdə onların
əksəriyyətinin yaşadığım qəsəbəyə çox uzaq
olduğunu gördüm. Özüm üçün əlverişli hesab
etdiyim digər 3 məktəbi də seçdikdən sonra
ərizəmi təsdiqlətdim. Sonra tələb olunan
sənədləri Təhsil Nazirliyinə təqdim etdim.
Sentyabrın 15-də tarix fənni üzrə imtahanda
iştirak etdim. İmtahan kompüter vasitəsilə test
üsulu ilə aparılırdı. İKT sahəsində kifayət
qədər biliyim olduğundan imtahanın kompüter
vasitəsilə keçirilməsi mənim üçün çox rahat idi.
Sualları vaxtından əvvəl cavablandırdığım üçün
nəticəmlə də tez tanış oldum. Keçid balından çox
bal topladığımdan seçdiyim məktəblərdən birinə
düşmək şansım yaranmışdı. Bir neçə saatdan sonra
imtahan nəticələri İnternet xidməti vasitəsi ilə
açıqlandı. Mən ilk seçdiyim məktəbə - Qaradağ
rayonundakı 224 nömrəli məktəbə işə qəbul
olunmuşdum. Hazırda həmin məktəbdə müəllimlik
fəaliyyətimi davam etdirirəm. İlk dəfə bu
vəzifəni yerinə yetirməyimə, yəni müəllimlik
sahəsində təcrübəmin olmamasına baxmayaraq,
təcrübəli və mehriban müəllim yoldaşlarımın,
xüsusilə məktəbin direktoru N.Həsənovun
göstərdiyi diqqət və yardım sayəsində, indiyə
qədər heç bir problemlə üzləşməmişəm.
Ən böyük arzum müəllim olmaq idi
Günay Rəcəbova (Bakıdakı 26 nömrəli orta
məktəbin fiziki tərbiyə müəllimi):
- Hələ kiçik yaşlarımdan idmana böyük həvəsim
var idi. VI sinifdən idmanla məşğul olmağa
başlamışam. Uşaqlıqdan müəllimlik peşəsinə də
böyük maraq göstərirdim. Ən böyük arzum müəllim
olmaq idi. Məktəbi bitirdikdən sonra ali məktəbə
qəbul üçün sənədlərimi TQDK-ya verdim. İmtahanı
verib, turizm ixtisasına qəbul olundum. Bir il
təhsil alsam da, müəllim olmaq arzum azalmırdı.
Məhz buna görə də təhsil aldığım fakültədən
çıxaraq yenidən universitetə daxil olmaq üçün
sənədlərimi verdim. Bu dəfə də imtahandan uğurla
çıxdım və Azərbaycan Dövlət Pedaqoji
Universitetinin gənclərin çağırışaqədərki
hazırlığı və fiziki tərbiyə fakültəsinə daxil
oldum. Universiteti bitirdikdən sonra təbii ki,
işsiz qaldım. Uzun müddət ixtisasıma uyğun iş
axtarsam da, tapa bilmədim. Bu il Təhsil
Nazirliyi tərəfindən müəllimlərin testlə işə
götürüləcəyini eşitdim. Çox sevindim. Əvvəlcə
Təhsil Nazirliyinin saytına daxil oldum. Vakant
yerlər barədə elanı açaraq ərizəni doldurdum.
"Şəxsi kabinet"imə daxil olmaq üçün mənə parol
və şəxsi kod verildi. Onların vasitəsi ilə
imtahanın vaxtını və yerini öyrəndim. İmtahan
müsahibə formasında keçirildi. Komissiyada
fiziki tərbiyə proqramının təşkili, dərsin
forması, keçirilməsi barədə suallar verildi.
Suallara cavab verdikdən sonra mənə dərhal
topladığım bal deyildi.
"Şəxsi kabinet"imdən Buzovna qəsəbəsində
yerləşən 26 nömrəli məktəbə işə qəbul olduğumu
öyrəndim. Düşdüyüm kollektiv çox xoşuma gəldi.
Mən minnətdaram ki, Təhsil Nazirliyi gəncləri
düşünərək bu cür layihə hazırlayıb. Belə ki,
bununla Təhsil Nazirliyi gənclərin qarşısında
çox böyük perspektivlər açmış olur. Mən təhsil
naziri Misir Mərdanova, imtahanların təşkili və
keçirilməsində zəhməti olan insanlara təşəkkür
edirəm.
"Siz Xəzər rayonu 322 nömrəli orta məktəbə qəbul
olunmusunuz"
Vəfa İbrahimova (Bakıdakı 322 nömrəli orta
məktəbin ingilis dili müəllimi):
- Müəllim ailəsində böyüyüb tərbiyə aldığım üçün
bu sahəyə uşaqlıqda məndə maraq oyanmışdır.
Məktəbi bitirdikdən sonra 2006-cı ildə tərəddüd
etmədən sənədlərimi Azərbaycan Dillər
Universitetinə verdim və ingilis dili və
ədəbiyyatı ixtisasına qəbul oldum. 2010-cu ildə
həmin universiteti müvəffəqiyyətlə bitirdim.
Rəfiqələrimin birindən Təhsil Nazirliyinin
keçirəcəyi imtahan barədə eşitdim və nazirliyin
saytına daxil olub vakant yerlərlə maraqlandım.
Reqlamentdə imtahanla bağlı hər şey ətraflı qeyd
olunmuşdu.
Nazirliyin bizə yaratdığı bu şansdan yararlanmaq
qərarına gəldim və sənədlərimi toplamağa
başladım. Sənədlərimi hazırladıqdan sonra təsdiq
etdirmək üçün nazirliyə getdim. Orada
ekspertlər sənədlərimin düzgünlüyünü yoxlayaraq
təsdiq etdilər və beləliklə, mən imtahan vermə
şansı qazandım. Bir neçə gün sonra imtahanın
vaxtı müəyyənləşdi. İmtahan günü bir neçə
rəfiqəmlə ora getdik. Hər bir iştirakçı
nəzarətçilər tərəfindən kompüter qarşısında
əyləşdirildi. Nəzarət ciddi idi. Təlimatçılar
prosesi izah etdikdən sonra imtahana başladıq.
Bu il imtahanlar ilk dəfə idi ki, elektron
formada keçirilirdi və bu, məni çox sevindirdi.
İmtahan sualları o qədər də çətin deyildi.
Onları cavablandırdıqdan sonra imtahanı bitirmək
əmrini vermək üçün düyməni basdım. İmtahan
nəticəm dərhal monitorda işıqlandı və mən
müsabiqədən keçmə şansımın yüksək olduğuna əmin
oldum. Amma ən çox imtahanın bu cür obyektiv
şəkildə keçirilməsi məni sevindirdi. İndiyə
qədər heç vaxt belə rahat şəkildə imtahan
verməmişdim. Nəzarətçilər imtahanın nəticələri
barədə məlumatların axşam saytda
yerləşdiriləcəyini dedilər. Beləliklə, həmin gün
axşam nazirliyin saytına daxil olaraq "şəxsi
kabinet"imdən nəticəmi oxudum: "Siz Xəzər rayonu
322 nömrəli orta məktəbə qəbul olunmusunuz". Bu
nəticə məni çox sevindirdi, amma məndən çox
sevinən atam oldu. Ailəmizdə, qohumlarımızda
hamı müəllim olduğundan atam da mənim müəllim
olmağımı istəyirdi. Bir neçə gün sonra atamla
birlikdə məktəbə yollandıq. Düzü, məktəb yolu
bir az uzaq idi və ailəm gedib-getməməyim barədə
tərəddüd edirdi.
Direktor Mürvət Mirzəyev bizi səmimi qarşıladı
və məni təbrik etdi. Daha sonra məktəbin
kollektivi ilə tanış oldum. Həqiqətən də
məktəbin çox mehriban, eyni zamanda savadlı
kollektivi var. Məktəbdə nazirliyin bu imtahanı
vasitəsilə işə qəbul olmuş bir neçə müəllim var
idi.
Göndərilən kadrlar yüksək biliyə, intellektual
səviyyəyə malikdirlər
Mürvət Mirzəyev (Bakıdakı 322 nömrəli orta
məktəbin direktoru):
- Bakının Xəzər rayonunda yerləşən 322 nömrəli
orta məktəb Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
2007-ci ildə tikilib istifadəyə verilmişdir.
Məktəbin təməlqoyma və açılış mərasimlərində
cənab Prezident İlham Əliyev və onun xanımı
Mehriban Əliyeva şəxsən iştirak etmişlər.
Məktəbimiz üçmərtəbəli, 3 korpusdan ibarət
olmaqla 1296 şagird yerlikdir. Məktəbin müstəqil
su, elektrik, qazanxana və kommunikasiya
sistemləri mövcuddur. Hazırda məktəbdə 1437
şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi
ilə 94 müəllim məşğul olur. Kadrlara olan
tələbatı təmin etmək məqsədi ilə hər il Təhsil
Nazirliyinə sifariş verilir. 2009-cu ildən
etibarən kadrların seçilib yerləşdirilməsi ilə
birbaşa Təhsil Nazirliyi məşğul olur. Bu işin
müsbət nəticələri artıq göz qabağındadır. Belə
ki, 2009-2010-cu tədris ilində 3, cari tədris
ilində isə 2 nəfər ixtisaslı müəllim məktəbimizə
göndərilmişdir. Göndərilən kadrlar yüksək biliyə
və intellektual səviyyəyə malikdirlər. Hazırda
məktəbdə gənc kadrlarla mütəmadi metodiki iş
aparılır. Həmin müəllimlərə məktəbin təcrübəli
müəllimləri təhkim edilmişdir. Təhsil
Nazirliyinin apardığı kadr siyasəti günün
tələblərinə uyğundur və bir məktəb rəhbəri kimi
məni tam qane edir.
Müəllimlərin işə qəbulu prosesi ictimaiyyət
tərəfindən müsbət qarşılanıb
Natiq Səmədov (Bakıdakı 26 nömrəli orta məktəbin
direktoru):
- Son illərdə təhsil sistemində aparılan uğurlu
işlərin sırasına daha biri əlavə olundu. Bu da
məktəblərdə işə qəbul olunacaq müəllim
kadrlarının Təhsil Nazirliyi tərəfindən seçilib
yerləşdirilməsidir. Açığını desək, bu iş çoxdan
olmalı idi. Məktəblərdə rast gəlinən müəyyən
kadrların öz işinin öhdəsindən gələ bilməməsi bu
fikri deməyə əsas verir.
Müəllimlərin işə qəbulu prosesi şəffaf, obyektiv
keçirildiyindən bu iş ictimaiyyət tərəfindən
müsbət qarşılanıb. Digər tərəfdən, məktəbə
gəlmiş yeni qəbul olunan müəllimlərlə aparılan
söhbət başlanan işin uğurlu nəticələnəcəyinə
təminat verir. Məktəbin uğurları müəllimlərin
fəaliyyətindən asılıdır. Etiraf edək ki, ənənəvi
yolla işə götürülən müəllimlər arasında öz
biliyi, savadı, metodik bacarığı baxımından
fərqlənməyənlər, yəni zəif müəllimlər də
olurdu.Yeni qayda bu halı aradan qaldırır,
məktəbə daha savadlı, bilikli, dünyagörüşlü
müəllimlərin gəlməsini təmin edir.
Bizim məktəbə də 4 nəfər müəllim göndərilib.
Coğrafiya fənni üzrə Rövşən Salmanov, ingilis
dilindən Lamiyə Hüseynova, fiziki tərbiyədən
Günay Rəcəbova, biologiyadan Gülnar Məmmədova
qısa müddətdə öz işlərinə, məktəbə,
valideynlərə, şagirdlərə münasibətinə görə
kollektiv tərəfindən hörmətlə qarşılanıb.
Kollektivimizin hər bir üzvü gənc müəllimlərə öz
yoldaşlıq köməyini göstərir, hamilik edir.
26 nömrəli məktəbin kollektivi bu çətin işin
həyata keçirilməsində, imtahanların, bütövlükdə
müsabiqənin obyektiv təşkilində əməyi olan hər
bir şəxsə öz minnətdarlığını bildirir.
Hazırladı:
Yusif ƏLİYE |