|
Yerləşir: |
Danimarka, Kopenhagen şəhəri |
|
|
Yaranma tarixi: |
1479-cu il |
Tipi: |
Dövlət |
İşçi heyətinin ümumi sayı: |
8600 nəfər |
Tələbələrin ümumi sayı: |
38010 nəfər |
Ümumi büdcəsi: |
7033684000 Danimarka kronu (DKK) |
Rəsmi saytı: |
www.ku.dk |
|
|
|
|
Kopenhagen Universiteti (University of
Copenhagen) Danimarkanın paytaxtı Kopenhagen
şəhərində yerləşir və ölkənin ən böyük ali
məktəbidir. Avropanın aparıcı elmi tədqiqat
mərkəzlərindən biri olan Kopenhagen
Universitetində dərslər Danimarka, ingilis və
alman dillərində keçilir. Kopenhagen
Universiteti Beynəlxalq Tədqiqat Universitetləri
Alyansının (IARU) üzvüdür.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Kopenhagen
Universiteti 100 ən yaxşı ali məktəb arasında
51-ci yerdə sıralanıb. 2010-cu ildə dünyanın ən
nüfuzlu universitetləri arasında "Times Higher
Education World University Rankings"-in
açıqlamasına əsasən, Kopenhagen Universiteti
177-ci yerdə, "QS World University Rankings"-in
açıqlamasına əsasən isə 45-ci yerdə qərarlaşıb.
Tarixi
Kopenhagen
Universiteti 1479-cu il iyunun 1-də Kral I
Xristian Roma papası IV Sikstin razılığını
aldıqdan sonra yaradılıb və Danimarkanın ən
qədim ali təhsil ocağıdır. 1536-cı ildə Lund
şəhərində yerləşən Studium Generale bağlandıqdan
sonra 1920-ci illərin sonunda Aarhus
Universiteti yaradılana qədər Kopenhagen
Universiteti Danimarkada yeganə ali məktəb olur.
Universitet Universal Roma katolik kilsəsinin
bir hissəsi olaraq ilahiyyat, hüquq, tibb və
fəlsəfə tədris edir. Ali məktəb Lüteran
Reformasiyasından sonra 1537-ci ildə bərpa
edilir və yevangelist-Lüteran seminariyasına
çevrilir. 1675-1788-ci illər arasında
universitetdə dərəcə imtahanı tətbiq edilir.
1788-ci ildə qəbul edilmiş nizamnamədən sonra bu
ali məktəb tədricən klassik Avropa
universitetindən müasir elmi tədqiqat mərkəzinə
çevrilməyə başlayır.
1801-ci ildə admiral Horatio Nelsonun
komandanlığı altında Britaniya donanması
Kopenhagen şəhərini bombardman edir, Kopenhagen
Universitetinin binaları da dağıntıya məruz
qalır. Buna baxmayaraq, 1836-cı ildə yeni
quruculuq işləri getdiyi vaxtda universitetin
yeni binası istifadəyə verilir. Bu dövrdə
universitet kitabxanası, Zoologiya, Geologiya
muzeyləri, botanika bağı və oranjereya
yaradılır. İlk qız tələbə universitetə 1877-ci
ildə qəbul olunur.
1993-cü ildə Kopenhagen Universitetinin hüquq
fakültəsi sosial elmlər fakültəsindən ayrılır,
1994-cü ildə ekologiya, biotexnologiya
fakültələri açılır, tələbə və müəllimlərin sayı
sürətlə artır. 1479-cu ildən 2004-cü ilədək
universitet rektor və Konsistoriya (kilsə
şurası) tərəfindən idarə olunur. 2004-2005-ci
illərdə Konsistoriya İdarəçilər Şurası ilə əvəz
olunur. 2005-ci ildə Kopenhagen Universitetinin
Sağlamlıq və Cəmiyyət Mərkəzi, Səhiyyə İnstitutu
açılır.
2006-cı ilin mayından universitet 500-dən artıq
yaşı olan qədim binalarını tərk etmək qərarına
gəlir. Məqsəd daha keyfiyyətli tədris şəraiti və
müasir təhsil mühiti yaratmaq üçün universitetin
departament və fakültələrinin əksəriyyətini üç
böyük kampusda cəmləməkdən ibarət olur.
Kampusdakı departamentlər fənlərdən asılı olaraq
yerləşdirilir, məsələn, Siyasi elmlər və
Sosiologiya departamentləri bir-birlərinə yaxın
ərazidə salınıb.
2007-ci ildə Kral Baytarlıq və Kənd Təsərrüfatı
Universiteti ilə Danimarka Əczaçılıq Elmləri
Universiteti Kopenhagen Universitetinə
birləşdirilir. Həmin universitetlər hazırda
Kopenhagen Universitetinin dəqiq elmlər və
əczaçılıq fakültələri kimi fəaliyyət göstərir.
Büdcə və təhsil haqqı
2009-2010-cu
tədris ilində Kopenhagen Universitetinin illik
büdcəsi 7033684000 Danimarka kronu (DKK) təşkil
edib.
Kopenhagen Universitetinə yerli abituriyentlər
imtahansız, orta məktəbin buraxılış
imtahanlarının nəticəsini təqdim edərək qəbul
olunurlar. Universitetdə yerli və Avropa
Birliyinə daxil olan ölkələri təmsil edən
tələbələr ödənişsiz oxuyur. 2010-2011-ci tədris
ilində Kopenhagen Universitetində əcnəbi
tələbələrin təhsil haqqı İctimai elmlər
fakültəsində bakalavr, magistratura və
doktorantura pillələrində təhsil almalarından
asılı olmayaraq ildə 10000 avro, Əczaçılıq
elmləri fakültəsində ildə 14400 avro, Həyat
elmləri fakültəsində ildə 7000 avro, Dəqiq
elmlər fakültəsində ildə 13000-15300 avro təşkil
edir. Təhsil haqqı tələbənin fakültədə
qeydiyyata düşməsindən 1 ay əvvəl ödənilməlidir
(əgər tələbə sentyabr ayının 1-dən qeydiyyata
düşürsə, avqustun 1-dən, fevralın 1-dən
qeydiyyata düşürsə, yanvarın 1-dən təhsil
haqqını ödəməlidir).
Dünyanın digər universitetlərində olduğu kimi,
Kopenhagen Universiteti də tələbələrə müxtəlif
təqaüd və kreditlər təklif edir. Təqaüd və
kredit almaq üçün tələbə avqust və fevral ayında
universitetə yazılı ərizə ilə müraciət
etməlidir. Götürdüyü krediti tələbə oxuduğu
müddətdə tədricən və ya universiteti bitirib işə
düzəldikdən sonra qaytarır. Əgər tələbə ali
məktəbi bitirdikdən sonra sağlamlığı ilə
əlaqədar və digər səbəblərə görə işləmək
imkanını itirirsə, iş tapa bilmirsə, götürdüyü
kredit ona bağışlanır.
Kopenhagen Universiteti yataqxanaları yetərincə
tələbə yerləşdirməyə malikdir, lakin tələbə sayı
çox olduğundan əcnəbi tələbələr burada otaq
tapmağa çətinlik çəkir. Yataqxanada otaq tutmaq
üçün tələbə dərslər başlanmazdan 2-3 ay əvvəl
universitetə müraciət etməlidir. Otaqların
qiyməti şəraitindən asılı olaraq ayda 2500-4500
kron arasında dəyişir. Tələbələr şəxsi evlərdə
ayda 2600-4000 kron ödəməklə kirayə otaq tuta
bilərlər.
Universitet bu gün
Kopenhagen
şəhəri sakinləri və qonaqları üçün yüksək həyat
tərzi təklif edir. Şəhər rəngarəng memarlıq
nümunələri, dizayn və delikatesləri ilə
məşhurdur. Həmçinin burada çox rahat şəhər
nəqliyyatı, velosiped mədəniyyəti (şəhər
əhalisinin 36 faizi iş yerlərinə və təhsil
aldıqları müəssisələrə bu nəqliyyat növü ilə
gedir), limanları, yaşıllıqları, dəbli kafeləri
yüksək həyat tərzinə öz töhfəsini verir. Sahil
küçələrində, parklarda, şənbə-bazar günləri isə
şəhərdən kənarda qəsrlərdə, kəndlərdə, meşə və
dağlarda gəzinti insana əvəzolunmaz zövq bəxş
edir.
Kopenhagen Universiteti Kopenhagen şəhərinin
mərkəzi hissəsində yerləşir və 4 kampusdan
ibarətdir: Şimal, Cənub, Şəhər və Frederiksberq.
Şimal kampusda Sağlamlıq, Əczaçılıq elmləri,
Dəqiq elmlər fakültələri, Biotexnologiya
Tədqiqatları və İnnovasiyalar Mərkəzi, Cənub
kampusda Humanitar elmlər fakültəsi, Şəhər
kampusunda Hüquq, İctimai elmlər, İlahiyyat
fakültələri, İnzibatçılıq Mərkəzi, Frederiksberq
kampusunda isə Həyat elmləri fakültələri
yerləşir.
Kopenhagen Universitetinin kampusları yaşıllığı
və bitki örtüyünün rəngarəngliyi ilə seçilir.
Universitetin məqsədi Avropanın ən yaşıl kampusu
adına yiyələnməkdir. Bu təşəbbüsə tələbə və
müəllimlər də cəlb olunur. Havaya zərərli
qazların buraxılmasının aradan qaldırılması,
enerji istifadəsinin azaldılması, ümumiyyətlə,
təbiətin mühafizəsi ilə bağlı universitetdə
xeyli işlər aparılır. Kopenhagenin mərkəzində
universitetin Botanika bağı yerləşir. Bağ
Danimarkanın bütün bitkilərinin kolleksiyasından
ibarət canlı muzeydir. Həmçinin burada dünyanın
ən böyük bitki və göbələk herbarisi toplanıb.
Ali məktəbin kampusunda əvvəllər Kral Baytarlıq
bağı adlandırılan, elmi tədqiqatlar üçün nəzərdə
tutulmuş, əsrarəngiz gözəlliyə malik Həyat
Elmləri bağı mövcuddur. Bütün bunlarla yanaşı,
meşə təsərrüfatı təhsilinin inkişafı məqsədi ilə
1936-cı ildə Botanika bağına əlavə olaraq
Kopenhagen şəhərindən kənarda dendari salınıb.
Şəhərdən kənarda universitetə məxsus meyvə
ağacları və kollarından ibarət Pometum,
Eressunda dəniz suyu doldurulmuş və dənız
canlıları saxlanılan akvarium var.
Kopenhagen Universitetində 8 fakültə və 100-dən
çox departament və tədqiqat mərkəzi var.
Sağlamlıq
elmləri fakültəsi Tibbi-biologiya elmləri,
Hüceyrə və molekulyar tibb, Nevrologiya və
farmakologiya, Beynəlxalq səhiyyə, immunologiya
və mikrobiologiya, Odontologiya, İctimai
səhiyyə, Məhkəmə tibbi, Eksperimental tibb,
ortopediya və daxili xəstəliklər, Daxili təbabət
və cərrahiyyə, Nevrologiya, psixiatriya və
sensor elmləri, Ginekologiya, mamalıq və
pediatriya, Diaqnostika elmləri departamentləri,
Novo Nordisk Metabolik Fundamental Tədqiqatlar,
Novo Nordisk Protein Tədqiqatları, Vilhelm
Yohansen Funksional Genom Tədqiqatları, Aritmiya
Elmi Tədqiqat, Kopenhagen Əzələ, Epidemiologiya
və Skrininq, İltihab və Metabolizm, Beyinin
Kompleks Molekulyar Vizuallaşması, Ümumi
Təcrübə-Tədqiqat mərkəzlərindən ibarətdir.
Həyat elmləri fakültəsi nəzdində Əsas
heyvandarlıq və veterinar elmlər, Ərzaq elmləri,
Fundamental elmlər, İnsan qidalanması, Kənd
təsərrüfatı və ekologiya, Kiçik heyvanlar
kliniki elmləri, Biologiya və bitkilərin
biotexnologiyası, Böyük heyvanlar haqqında
elmlər, Xəstəliklər biologiyası, Meşə və mənzərə
departamentləri, Ərzaq və Resurs İqtisadiyyatı
İnstitutu, Danimarka Heyvandarlıq, Perspektivli
Ərzaq Tədqiqatları, Tətbiqi Bioinformatika, Kənd
Təsərrüfatı Heyvanlarının Eksperimental
Qidalanması və Fiziologiya, Bitkilərin
Molekulyar Fiziologiyası, Dəqiq Kənd
Təsərrüfatı, Sosial Təkamül, Bioetika və Riskin
Qiymətləndirilməsi, İnformatika və Kənd
Təsərrüfatı Elmləri, Biotex zavodu, Bağçılıq
mərkəzləri fəaliyyət göstərir.
Əczaçılıq elmləri fakültəsinə Əczaçılıq və
analitik kimya, Farmakologiya və
farmakoterapiya, Tibbi kimya departamentləri,
Narkotik Tədqiqatları Akademiyası aiddir.
Dəqiq elmlər fakültəsi nəzdində Biologiya (Qədim
Genetikanın Öyrənilməsi, Bioinformatika,
Müqayisəli Genomika, Həşəratların Müqayisəli və
Funksional Genomikası, Geogenetika,
Makroekologiya, Ekologiya və İqlim, Sosial
Təkamül, Danimarka Arxeya, Əzələ Tədqiqatları
mərkəzləri), Kimya (Atmosfer Tədqiqatları,
Molekulyar Filmlər, Elmi Hesablama mərkəzləri),
Kompüter elmləri, Bədən tərbiyəsi və idman
(Kopenhagen Əzələ Tədqiqatları Mərkəzi),
Coğrafiya və geologiya (Şəhər Strateji
Tədqiqatlar, Hidrologiya Rəsədxanası, Yer
Təkamülü Şimali, Karbon Mübadiləsi Ekosistemi
Araşdırmaları və İqlim Sistemi ilə Qarşılıqlı
Əlaqə Şimali mərkəzləri), Təhsil, Riyaziyyat
elmləri departamentləri (Simmetriya və
Deformasiya Mərkəzi), Nils Bor İnstitutu (Tünd
Kosmologiya, Biofizika-BioNet, Elmi Hesablama,
Elementar Hissəciklər Fizikası Fenomenologiyası
Üstünlüyü, Energetika, Ətraf Mühit və Sağlamlıq,
Buz və İqlim, Həyat Modeli, Molekulyar Filmlər,
Təbiət Fəlsəfəsi və Dəqiq Elmlər, Kvant Optikası
mərkəzləri), Danimarka Təbii Tarix Muzeyi
(GeoGenetika, Makroekologiya, Ekologiya və
İqlim, Ulduz və Planet Formalaşması, Arktik
Stansiya, Qeqertarsuaq, Qərbi Qrenlandiya, Yer
Təkamülü Şimali mərkəzləri), Yer Sistemi Elmi,
Elm, NanoChalk, Kosmik Elmlər fənlərarası
tədqiqat mərkəzləri fəaliyyət göstərir.
İctimai
elmlər fakültəsinə Antropologiya, İqtisadiyyat,
Siyasi elmlər, Psixologiya, Sosiologiya
departamentləri, Asiya Tədqiqatları Şimali
İnstitutu, Tətbiqi Mikroekonometrika, İqtisadi
Siyasət Tədqiqatı, Avropa Siyasəti elmi
mərkəzlər daxildir.
Humanitar fakültə nəzdində İncəsənət və
mədəniyyət elmləri, Millətlərarası əlaqələr və
regional tədqiqatlar (Cənubi Asiya Qlobal
Tədqiqatlar, Yeni İslam İctimai Sferası
mərkəzləri), İngilis, german və roman
tədqiqatları (Dilin Paralel İstifadəsi və
Beynəlmiləlləşdirmə, Transmilli Miqrasiya
Tədqiqatları Proqramı, Latın Amerikası
Tədqiqatları, Tərcüməçilik və Leksikoqrafiya,
Kopenhagen Universiteti Tərcümə Mərkəzi, Amerika
Transmilli Tədqiqatlar, Avstraliya Tədqiqatları
mərkəzləri), Media, qavrama və kommunikasiya
(Müasir Avropa Tədqiqatları, Subyektivlik
Tədqiqatları, Bərabərlik və Çoxmədəniyyətliliyin
Öyrənilməsi mərkəzləri), Skandinav tədqiqatları,
Skandinav tədqiqatları və linqvistikası
departamentləri (Avropanın Kökləri, Müasir
Avropa Tədqiqatları, Dilin Paralel İstifadəsi və
Beynəlmiləlləşdirmə, Gender Tədqiqatları,
Danimarka Dilinin İkinci və Əcnəbi Dil Kimi
Öyrənilməsi, Oxumaq üçün Tədqiqat mərkəzləri,
Real Vaxt Rejimində Danimarka Milli Tədqiqat
Fondu), SAXO institutu (Müasir Avropa
Tədqiqatları, Aristotel Ənənələri, Orta Əsrlər
Avropa Tədqiqatları, Mədəni Analiz, Sağlam
Qocalma, Tekstil Tədqiqatları mərkəzləri), Dil
Texnologiyaları Mərkəzi fəaliyyət göstərir.
Hüquq fakültəsi Müəssisə Məsuliyyəti, Avropa
Konstitusiyalaşma, İnnovasiya və Hüquq
İnformasiyası, Pensiya Qanunu, Hüquq Mədəniyyəti
Elmləri, Hüquq Kompaniyası üçün Forum və Maliyyə
Bazarı Hüququ, Avropa Birliyi Bazar
İnteqrasiyasında Hüquq və Sosial Təminat, Dövlət
Tənzimlənməsi və İdarəolunması mərkəzlərindən
ibarətdir.
İlahiyyat fakültəsinə İncilin şərhi, Kilsə
tarixi, Sistematik ilahiyyat departamentləri,
Afrika Tədqiqatları, İncilin Öyrənilməsi, Orta
Əsrlər Mərasimləri, Avropa İslam Düşüncəsi,
Naturalizm və Xristian Semantikası, Seren
Kyerkeqor Elmi Tədqiqat mərkəzləri aiddir.
Həmçinin Kopenhagen Universitetində
fakültələrdən kənar BRİK-Biotek Tədqiqat və
İnnovasiyalar, Epigenetika elmi mərkəzləri
fəaliyyət göstərir. Kopenhagen Universitetinin
əsas kitabxansı Kopenhagen Universiteti
Kitabxanasıdır. Bununla yanaşı, hər bir fakültə
və departamentin şəxsi kitabxanası mövcuddur.
Kopenhagen Universiteti kitabxana kolleksiyası
Avropanın ən zəngin kolleksiyalarından biri
hesab olunur.
Kopenhagen Universiteti müstəqil idarəetmə
sisteminə malik dövlət universitetidir.
Universitetin ali orqanı Universitet Şurasıdır.
Universitet Şurası ölkənin Elm, Təhsil,
Texnologiya və İnnovasiyalar Nazirliyi ilə birgə
Fəaliyyət Sazişi imzalayıb. Saziş müəyyən bir
vaxtı və bu vaxt ərzində universitetin inkişaf
proqramını əhatə edir ("2005-ci il İnkişaf
Sazişi", "2006-2008-ci illər İnkişaf Sazişi",
"2008-2010-cu illər İnkişaf Sazişi"). Şura ali
məktəbin ümumi maraqları və təhsil, tədqiqat
məsələlərinə nəzarət edir. Universitetin rektor
və prorektorları Şura, 8 fakültənin dekanları
isə rektor və Şura tərəfindən təyin olunur.
Fakültə və departamentlərin şəxsi
administrasiyası fəaliyyət göstərir, lakin onlar
da Şuraya tabedir.
2005-ci ildən Kopenhagen Universitetinin 258-ci
rektoru 2005-ci ildən psixiatriya üzrə professor
Ralf Hemminqsendir. Həmçinin o, tələbə və
əməkdaşlar tərəfindən seçilən universitetin ilk
rektorudur. Bu ali məktəbin prorektoru isə
professor Tomas Bjornholmdur. Universitetdə
ümumilikdə 8600 işçi çalışır. Əməkdaşların 4406
nəfərini akademik, 4194 nəfərini isə inzibati
heyət təşkil edir.
2009-2010-cu tədris ilində Kopenhagen
Universitetində 38010 nəfər tələbə təhsil alıb.
Tələbələrin 21489 nəfərini bakalavrlar, 16521
nəfərini magistr və doktorantlar, 5484 nəfərini
isə əcnəbi tələbələr təşkil edib.
Kopenhagen Universiteti çoxlu sayda məşhur
məzunları ilə tanınır. Universitetin 9 nəfər
Nobel mükafatı laureatı var. Onların arasında
tanınmış alim, fizika üzrə Nobel mükafatı
laureatı Nils Boru qeyd etmək olar. Bir çox
Danimarka alimləri kimi Nils Bor da ölkədən
kənarda fəaliyyət göstərib. II Dünya
müharibəsindən sonra Danimarkada güclü "beyin
axını" prosesi müşahidə edilməyə başlanıb,
ölkənin ən perspektiv şəxsləri işləmək üçün
xarici ölkələrə, xüsusi ilə Amerikaya yollanıb.
Danimarka hökuməti bu prosesin qarşısını almaq
üçün bir çox tədbirlər həyata keçirir. Hər
ixtisasa uyğun ölkəyə lazım olan qədər
mütəxəssis hazırlanır və onlar yüksək maaşlı
işlə təmin olunur. Orta və ali məktəblərdə
tələbələrə Vətənə sadiqlik, sevgi hissləri
aşılanır.
Kopenhagen Universiteti ilk öncə Danimarkanın
maraqlarını qoruyan və xalqının rifahına xidmət
edən dövlət ali təhsil ocağıdır. Universitetin
məqsədi bütün sahələr üzrə yüksək səviyyədə
ixtisaslaşmış mütəxəssislər hazırlamaqdır, bunun
üçün də tələbələrə dünyanın əsas dillərində
müxtəlif fənlər üzrə təhsil almaq imkanı
yaradılıb. Kopenhagen Universiteti Danimarka
Krallığının fəxri hesab olunur.
Universitetin məşhur məzunları
|
Anders Sando |
Danimarkanın sabiq Baş naziri |
|
|
Pol Şlyuter |
Danimarkanın sabiq Baş naziri |
|
|
Pol Nyurupa Rasmussen |
Danimarkanın sabiq Baş naziri |
|
|
Lars Lokke Rasmussen |
Danimarkanın sabiq Baş naziri |
|
|
Za Meller Stiq |
Danimarkanın mədəniyyət naziri |
|
|
Tor Pedersen |
Danimarkanın sabiq maliyyə naziri |
|
|
Halldor Aussqrimsson |
İslandiyanın sabiq Baş naziri |
|
|
Nils Finsen |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Auqust Kroqh |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Yohannes Fibiger |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Henrik Dam |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Niels Jerne |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Nils Bor |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Oge Bohr |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Ben Mottelson |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Yens Kristian Skou |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Tomas Bartolin |
limfatik sistemi kəşf etmiş alim |
|
|
Hans Xristian Orsted |
elektromaqnetizmi kəşf etmiş alim |
|
|
Seren Kyerkeqor |
filosof, ekzistensializmin banisi |
|
|
Nikolay Qrundtvik |
yazıçı, şair, filosof və din xadimi |
|
|
Tixo Brage |
astronom, İohann Keplerin müəllimi |
|
|
Georq Brandes |
yazıçı və tənqidçi |
|
|
Rasmus Rask |
alim, filoloq |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |