Xəbər verildiyi kimi, 2010-cu il 14-15 oktyabr
tarixlərində Moskva şəhərində MDB ölkələri
Humanitar Şurası və Dövlətlərarası Humanitar
Əməkdaşlıq Fondu(DHƏF) tərəfindən yaradıcı və
elmi ziyalıların növbəti V Beynəlxalq Forumu
keçirilib.
MDB
üzvü dövlətlərdən 500 nəfər təhsil, elm,
mədəniyyət xadiminin qatıldığı mötəbər Forumda
Azərbaycanın da nümayəndə heyəti iştirak edirdi.
Həmin Forumun iştirakçılarından biri də
Azərbaycan Dillər Universitetinin İngilis
dilinin tarixi və leksikası kafedrasının müdiri,
dosent, filologiya elmləri üzrə fəlsəfə doktoru,
ADU-nun YUNESKO üzrə koordinatoru Sevinc
Ələkbərzadə olub.
Onunla görüşüb forumla bağlı ətraflı məlumat
verməsini xahiş etdik. Sevinc xanım bunları
bildirdi:
- İlk öncə qeyd edim ki, mənim üçün belə bir
nüfuzlu tədbirdə iştirak etmək olduqca şərəfli
idi. Moskva şəhərində keçirilmiş yaradıcı və
elmi ziyalıların V Beynəlxalq Forumu MDB
məkanında elmi və yaradıcı elitanın görkəmli
şəxsiyyətlərini bir araya gətirən humanitar
əməkdaşlıq sahəsində əlamətdar bir hadisədir.
Forumun açılışında Rusiya Federasiyasının
Prezidenti Dmitri Medvedev çıxış edərək bu
tədbirin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd
etdi, onun davamlı olacağına ümidvar olduğunu
söylədi. Rusiya Prezidenti "Bizim təhsil, elm
köklərimiz hələ çox yaxın və sıxdır. Bunu
itirməmək, bunu qorumaq gərəkdir" deyərək öz
çıxışını bitirdi. Sonra Azərbaycan
Respublikasının Rusiya Federasiyasındakı
fövqəladə və səlahiyyətli səfiri, MDB ölkələri
Humanitar Şurası və Dövlətlərarası Humanitar
Əməkdaşlıq Fondu nəzdində ölkəmizin təmsilçisi
Polad Bülbüloğlu çıxış edərək Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
forum iştirakçılarına ünvanladığı təbrik
məktubunu oxudu. Təbrik məktubunda Azərbaycanın
iqtisadi nailiyyətlərin insan kapitalına
çevrilməsinə yönəlmiş bir çox proqram və
layihələrdə iştirak etməklə ardıcıl olaraq öz
humanitar əməkdaşlığını genişləndirdiyi
bildirilirdi.
Səfir həmçinin forum iştirakçılarını MDB
ölkələri Humanitar Şurası və Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondunun fəaliyyətindən,
əldə etdiyi uğurlardan ətraflı söz açdı. Onun
sözlərinə görə, adıçəkilən Fondu MDB ölkələri
arasında yeni əməkdaşlıq nümunəsi kimi
qiymətləndirmək olar. Polad Bülbüloğlu onu da
xüsusi vurğuladı ki, Azərbaycan MDB
qurumlarında, o cümlədən DHƏF çərçivəsində çox
fəal iştirak edir. Fondun strategiyası
YUNESKO-nun və digər mötəbər təşkilatların baza
prinsipləri əsasında qurulmuşdur.
Qeyd edim ki, Forum MDB məkanı ictimaiyyəti ilə
humanitar əməkdaşlıq sahəsində vacib məsələlərin
birgə müzakirə edilməsi ənənəsini davam
etdirirdi. Forum öz işini "Təhsil, gənclərin
akademik və əmək mobilliyi", "Elm, texnologiya
və innovasiya", "Birliyin gəncliyə dəstəyi",
"Tarixi-mədəni irs və müasir incəsənət" və s.
bölmələrdə davam etdirdi. Bildirim ki, "KİV,
ədəbiyyat və nəşriyyat fəaliyyəti" bölməsinə
respublikanın əməkdar incəsənət xadimi Çingiz
Əlioğlu sədrlik edirdi. İştirak etdiyimiz
bölmələrdə digər ölkələrdən gəlmiş
həmkarlarımızla geniş fikir mübadiləsi apardıq,
milli-mədəni irs və dəyərlərimizi qoruyaraq
gənclərin elmi və akademik inkişafını, yeni elmi
yanaşmaları, təhsil istiqamətlərinin realizə
olmasını dəstəklədiyimizi qeyd etdik.
Forum çərçivəsində MDB ölkələrinin gənc
alimlərinə beynəlxalq "Debütlər Birliyi"
mükafatının təqdimolunma mərasimi keçirildi.
Bizim üçün sevindirici hal idi ki, AMEA
Radiasiya Problemləri İnstitutunun elmi katibi
Dinarə Abbasova və AMEA Şərqşünaslıq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri
üzrə fəlsəfə doktoru Raida Rzayeva da həmin
mərasimdə elmi tezislərinə görə mükafata layiq
görüldülər.
Həmçinin Forum iştirakçıları üçün MDB-nin açıq
şəbəkə universitetinin təqdimatı, sərgilər və
digər tədbirlər keçirildi.
Mənim üçün bu forumda ən yaddaqalan hadisələrdən
biri də Azərbaycan Respublikasının Rusiya
Federasiyasındakı fövqəladə və səlahiyyətli
səfiri Polad Bülbüloğlu ilə, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,
akademik Anatoliy Vasilyeviç Torkunovla, məşhur
rəssam Tahir Salahovla görüşlər oldu. Tanınmış
şəxsiyyətlərlə söhbət etmək, monoqrafiyamı
onlara təqdim etmək mənim üçün böyük şərəf idi.
Geniş fikir mübadiləsi, işgüzarlıq şəraitində
keçən forumda qəbul edilən vacib qərarlardan
biri də MDB ölkələri konservatoriya rektorları
şurasının yaradılması oldu. Azərbaycan tərəfinin
təşkilatçılığı ilə MDB məkanının jurnalistləri
arasında intensiv məlumat mübadiləsini təmin
edəcək Press klubun yaradılması da DHƏF
tərəfindən dəstəkləndi.
DHƏF-in növbəti forumunun 2011-ci ildə Kiyev
şəhərində keçirilməsi qərara alındı.
Hesab edirəm ki, forum dövlətlərarası
əməkdaşlığın inkişafında, elmi axtarışlara səbəb
olacaq yeni ideyaların üzə çıxarılmasında, elm,
təhsil, mədəniyyət, idman, rabitə və turizm
sahələrində peşəkar əlaqələrin qurulmasında
önəmli rol oynayacaq.
Mənim və nümayəndə heyətinin digər üzvləri üçün
öz aktuallığına və vacibliyinə görə mühüm
əhəmiyyət kəsb edən bu forumun yaxın gələcəkdə
Azərbaycanda keçirilməsini arzu edirəm.
Sonda fürsətdən istifadə edərək qəzetiniz
vasitəsilə bizə etimad göstərərək belə bir
nüfuzlu Forumda iştirak etməyimizə şərait və
imkan yaratdıqlarına görə bu işdə zəhməti
olanlara öz dərin minnətdarlığımı bildirirəm.
Söhbəti qələmə aldı:
Samirə KƏRİMOVA |