Hər
bir rəssam daxilindəki hissləri müxtəlif rəng
çalarları və kompozisiyalarıyla ətrafdakılara
çatdırmaqla sanki mənəvi varlığını nümayiş
etdirir. Belə rəssamlardan biri də Bakı şəhər
Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq
Mərkəzinin rəsm dərnəyinin rəhbəri Nərmin
Abdullayevadır. O, 1986-cı ildə Bakı şəhərində
anadan olub. 2004-cü ildə İncəsənət
Gimnaziyasını bitirdikdən sonra Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasına daxil olan Nərmin
hazırda həmin akademiyanın magistr pilləsində
təhsilini davam etdirir.
Hələ kiçik yaşlarından rəsm çəkməyə başlayan
Nərminin istedadını görən valideynləri onu
T.İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzindəki
dərnəyə üzv yazdırırlar. Müəllimi Rəhilə
Məmmədzadə onun perspektivini elə ilk gündən
görür və üzərində səylə çalışır. Gərgin əmək çox
keçmir öz nəticəsini verir. Nərmin istər
respublikamızda, istərsə də xaricdə keçirilən
rəsm müsabiqələrində bir çox uğurlar qazanır.
Onun ən böyük uğuru isə 1999-cu ildə Yaponiyanın
Kanakava şəhərində keçirilən müsabiqədə
iştirakıdır. Belə ki, Nərmin həmin müsabiqənin
qalibi olaraq vətənə qızıl medalla dönmüşdür.
Gənc
rəssam hazırda sənətinin sirlərini öz
şagirdlərinə öyrətməyə çalışır və bu işdə
var-gücünü əsirgəmir. Daim dövlətimizin adını
uca tutmağa, üçrəngli bayrağımızı yüksəkliklərə
qaldırmağa çalışan rəssam bu işdən zövq aldığını
və heç vaxt yorulmayacağını bildirir.
Qeyd edək ki, Nərmin rəssamlıqla bərabər
modelyer sənəti ilə də məşğul olur. Hazırda
N.Abdullayeva "Çiçəyim" uşaq teatrında modelyer
kimi fəaliyyət göstərir və balaca aktyorların
geyimlərinə dizayn verir.
Nərminin dediklərindən: "Rəssamlıq həyatımın
əsas hissəsi, ömrümün mənasıdır. İlk dəfə doqquz
yaşımda fərdi sərgim keçirildi. Həmin gün çox
həyəcanlı idim. Çoxlu sayda qonaqlar sərgiyə
təşrif buyurmuşdu. Onlar mənim rəsmlərimi
bəyəndilər və bu, gələcəkdə rəssam olmağıma
əlavə stimul verdi. O gündən məndə özümə inam
yarandı və yaxşı rəssam olmağı qarşıma məqsəd
qoyaraq var-gücümlə çalışmağa başladım.
Rəsmlərimdə əsasən milli koloritləri əks
etdirməyə çalışıram. Bu, mənim ən çox sevdiyim
üslubdu. Xalqımızın ən əziz bayramı olan Novruz
və çərşənbələr mövzusundakı rəsmlərim isə mənim
üçün çox əzizdir. Ölkəmizdən kənarda olan
müsabiqələrdə adət-ənənələrimizi əks etdirən
rəsmlərə üstünlük verirəm və çalışıram ki, bu
yolla başqa xalqlara zəngin mədəniyyətimizi
çatdıram".
Niyazi RƏHİMOV |