Naxçıvan Dövlət Universiteti dünya elminə uğurla
inteqrasiya etmək məqsədilə ABŞ-ın,
İngiltərənin, Fransanın, Türkiyənin, İranın
məşhur ali təhsil ocaqları ilə çoxşaxəli
beynəlxalq əlaqələr qurmaqdadır. 1999-cu ildə
universitetin təbiətşünaslıq fakültəsinin
nəzdində pediatriya ixtisası kimi yaradılan,
2003-cü ildən müstəqil fakültə kimi fəaliyyət
göstərən tibb fakültəsi isə bu əlaqələrin önündə
gedir.
Naxçıvan
Muxtar Respublikasında səhiyyənin inkişafına,
yerli tibbi kadrların yetişdirilməsinə
göstərilən yüksək diqqət və qayğının təzahürüdür
ki, fakültənin müəllim və tələbələri Türkiyə
Respublikasının Elazığdakı Fırat, İzmitdəki
Kocaeli, Kayseridəki Erciyez, Erzurumdakı
Atatürk, Van 100-cü il, Qars, Ankara
universitetlərində elmi istehsalat təcrübələri,
ixtisasartırma kursları keçirlər.
NDU ilə Türkiyənin Kayseri şəhərindəki Erciyez
Universiteti arasında bağlanan müqaviləyə görə,
bu yaxınlarda tibb fakültəsinin 26 nəfər III, IV
və V kurs tələbəsi adıçəkilən universitetdə elmi
istehsalat təcrübəsində olmuşdur. Fakültənin
dekanı, dosent Bəhruz Məmmədov, Ümumi təbabət
kafedrasının müdiri, dosent Malikəjdər
İbrahimov, Naxçıvan MR əməkdar həkimi,
fakültənin baş müəllimi, tibb elmləri namizədi
İsa Abdullayev, Azərbaycan Respublikasının
əməkdar müəllimi Kubra Cəfərova və tibb elmləri
üzrə fəlsəfə doktoru Elmar Rzayev də heyətə
qatılmışdı. Erciyez Universitetinin rektoru,
professor-doktor Fəxrəddin Kələktaş və pedaqoji
kollektiv Naxçıvandan gələn heyəti yüksək
qonaqpərvərliklə, hərarətlə qarşılamışdır.
Böyük mədəniyyət, sənaye və ticarət mərkəzi, 4
minillik tarixə malik olan Kayseri şəhərində
yerləşən Erciyez Universiteti 1978-ci ildə
Kayseri Universiteti adı ilə fəaliyyətə
başlamış, sonralar Erciyez dağının adı ilə
adlandırılmışdır. Universitetin 18 fakültəsi, 8
yüksəkokulu, 8 məslək yüksəkokulu, 5 institutu,
13 araştırma mərkəzi var. Türkiyənin 10 ən
tanınmış universitetindən biri olan bu ali
məktəbin təməlini təşkil edən fakültələrdən biri
də hələ 1969-cu ildə Hacəttəpə Universitetinə
bağlı olaraq açılan, 1982-ci ildən Erciyəz
Universitetinə birləşdirilən Gövhər Nəsibə Tibb
fakültəsidir.
Fakültədə 104 professor, 40 dosent, 63 yardımçı
dosent çalışır. Fakültə dekanı,
professor-doktor Ruhan Düşünselin rəhbərliyi və
qayğısı ilə tələbələr "Biokimya", "Anatomiya",
"Mikrobiologiya", "Normal fiziologiya"
kafedralarında olmuş, dünyadakı müasir tibb
təhsili, yeni dərslik və dərs vəsaitləri ilə
maraqlanmış, fikir mübadiləsi aparmışlar.
Təcrübəçi tələbələr fakültənin 1500 çarpayılıq 5
xəstəxanasında - Hematologiya-onkologiya, Orqan
köçürülməsi və dializ, ürək və damar
xəstəlikləri, uşaq xəstəxanalarında, Sümük iliyi
köçürülməsi Mərkəzində olmuşlar. Bu səhiyyə
ocaqları fakültə üçün fundamental təcrübə və
elmi-tədqiqat mərkəzi rolu oynayırlar.
"Cərrahiyyə", "Daxili xəstəliklər",
"Endokrinologiya", "Ağciyər xəstəlikləri",
"Hemotologiya", "Onkologiya", "Təcili tibbi
yardım", "Uşaq reanimasiyası", "Doğum"
şöbələrində müxtəlif xəstəliklərin müayinəsində
fəal iştirak edən gələcək həkimlərimiz müasir
müalicə üsullarını, ən yeni tibbi texnologiyadan
istifadəni mənimsəmişlər. Cərrahiyyə şöbəsində
tələbələr yerli həkimlərin və cərrah İsa
Abdullayevin nəzarəti ilə assistent kimi
müxtəlif əməliyyatlara girmiş, daxili orqanların
cərrahi yolla müalicəsində, böyrək və sümük
iliyi köçürülməsi, qaraciyər rezeksiyası,
hemodializ, göz, beyin, açıq ürək
əməliyyatlarında, koronar angioqrafiyada,
endoskopiya vasitəsilə qida borusunun,
onikibarmaq bağırsağın, ERSP vasitəsilə öd
yollarının görüntülənməsində iştirak etmişlər.
Tələbələr dünya təbabətinin ən yeni
nailiyyətləri haqqında təcrübi bilik əldə
etmişlər.
Tələbələrimiz xəstəxananın mərkəzi
laboratoriyasındakı müasir laborator müayinə
üsullarını, poliklinikada isə ambulator
xəstələrin qəbulu, müayinəsi və müalicə üçün
istiqamətləndirilməsi proseslərini öyrənmişlər.
Təcrübə müddətində müvafiq kafedraların
professorları təcili tibbi yardıma, infeksion
xəstəliklərə, uşaqların qidalandırılmasına,
anemiyalara, qalxanabənzər vəzin şişlərinə,
müasir təbabətin aktual problemlərinə dair
mühazirələr oxumuş, tələbələri maraqlandıran
suallara cavab vermişlər. Diskussiya zamanı
tələbələr yetkin nəzəri bilik nümayiş
etdirmişlər.
Səfər zamanı naxçıvanlı qonaqlar üçün tarixi
yerlərə ekskursiyalar təşkil olunmuşdur.
Tələbələrimiz asudə vaxtlarında Erciyez
Universitetinin 70.000-dən artıq kitab fonduna
malik zəngin kitabxanalarında türk və ingilis
dillərində çıxan müasir elmi tibbi nəşrlərlə,
son elektron dərgilərlə tanış olmuşlar. Erciyez
Universitetinin rəhbərliyi tərəfindən NDU-nun
Tibb fakültəsinin kitabxanasına 50-dən çox tibb
dərslikləri hədiyyə olunmuşdur. Elmi istehsalat
təcrübəsinin sonunda tələbələrə universitetin
sertifikatları təqdim olunmuşdur.
Mehriban SULTAN |