Yaponiyanın Gürcüstandakı səfirliyinin maliyyə
dəstəyi ilə Gürcüstanın Kvemo Kartli-Borçalı
bölgəsinin Marneuli rayonundakı Axıllələ baza
məktəbinin binası bərpa olunmuşdur. Bərpa
işlərinə və məktəbin yeni avadanlıqla təchiz
olunmasına 74 min dollardan artıq vəsait
xərclənmişdir.
Avqustun 12-də Axıllələ kəndində məktəbin
yenidən qurulması işlərinin başa çatması
münasibətilə tədbir keçirilmişdir. Tədbiri Kvemo
Kartli-Borçalı bölgəsinin qubernatoru David
Kirkitadze açaraq Yaponiyanın Gürcüstandakı
səfirliyinin milli azlıqların probleminin həlli
məsələsində xüsusi xidmətlərini vurğulamış və
xeyirxah işlərə görə təşəkkürünü bildirmişdir.
Reinteqrasiya məsələləri üzrə Gürcüstanın dövlət
naziri Temur Yakobaşvili demişdir ki, səfirlik
ölkəmizin milli azlıqlar yaşayan bölgələrində
müxtəlif layihələri uğurla həyata keçirir. Bir
il bundan əvvəl səfir yeni layihə həyata
keçirmək niyyətini açıqlamış və biz Marneuli
rayonundakı Axıllələ kənd məktəbi binasının
yararsız vəziyyətdə olduğundan burada bərpa
işləri aparmağı təklif etmişdik.
Nazir vurğulamışdır ki, səfirlik təklifimizi
məmnuniyyətlə qəbul etmiş və bir ildə məktəb
binasının əsaslı surətdə yenidən qurulması
işlərini başa çatdırmışdır.
Yaponiyanın Gürcüstandakı səfiri Masaiosi
Qamaxaro axıllələlilər üçün belə gözəl şəraitin
yaradılmasından məmnunluq duyduqlarını və
gələcəkdə bu cür layihələri davam
etdirəcəklərini söyləmişdir. Səfir məktəbin
müəllim və şagirdlərinə təhsildə uğurlar
diləmişdir.
Məktəbin direktoru Məhərrəm Xəlilov ölkə
rəhbərliyinə, Yaponiyanın Gürcüstandakı səfirinə
və səfirliyin bütün əməkdaşlarına bu təhsil
ocağının 115 şagirdi, 17 müəllimi adından
minnətdarlığını bildirmişdir. O, tədbir
iştirakçılarını əmin etmişdir ki, artıq hər cür
şəraitə malik olan məktəbin pedaqoji kollektivi
şagirdlərin biliklərin əsaslarına yiyələnmələri
üçün səy və bacarığını əsirgəməyəcəkdir.
Mərasimdə qeyd olunmuşdur ki, bu, Yaponiya
səfirliyinin Marneulidə həyata keçirdiyi ilk
layihə deyildir. Ötən il rayonun Qızılhacılı
kəndində səfirliyin maliyyə dəstəyi ilə müasir
ambulatoriya istifadəyə verilmiş, kənd
təsərrüfatının inkişafı yönümündə müxtəlif
layihələr həyata keçirilmişdir. |