ŞABRAN
Rayonun təhsil müəssisələrinin 2010-2011-ci dərs
ilinə hazırlığı ilə əlaqədar müəyyən işlər
görülmüşdür. Belə ki, təhsil şöbəsinin fəaliyyət
planına uyğun olaraq ümumtəhsil məktəblərinin
ehtiyac duyulan pedaqoji kadrlarla təmin
olunmasına diqqət yetirilir. Təhsil
müəssisələrinin cari və əsaslı təmiri aparılır.
Bununla yanaşı, RTŞ-ın tabeliyində olan digər
təhsil müəssisələrində daxili imkanlar hesabına
cari təmir işləri aparılmaqdadır. Şabran Rayon
Təhsil Şöbəsinin tabeliyində olan 49 ümumtəhsil
məktəbinin, 3 məktəbəqədər və 5 məktəbdənkənar
tərbiyə müəssisəsinin yeni dərs ilinə hazırlığı
ilə bağlı əlaqədar təşkilatlar işə cəlb
olunublar. Rayon icra hakimiyyətinin köməyilə
qarşıya çıxan problemlər həll olunur. Şəhər orta
məktəblərinin istilik sistemi hələ ötən dərs
ilində yenidən qurulub. Kənd məktəblərinin
yanacaqla təmin olunması üçün hazırlıq işləri
başa çatıb, yaxın günlərdə bu işin icrasına
başlanılacaq. Rayonun təhsil müəssisələrinin
maddi-texniki təminatını yaxşılaşdırmaq
məqsədilə 20.699 manatlıq bərk inventar alınaraq
məktəblərə verilib.
Şagirdlər üçün 11.829 manatlıq dərslik komplekti
məktəblərə paylanıb. Məktəbəqədər tərbiyə
müəssisələri üçün "Çaşıoğlu - Multimedia"
MMC-dən 4337,75 manatlıq vəsait gətirilib.
Milli Kurikulumun tətbiqi ilə bağlı 2010-2011-ci
dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər
üçün birhəftəlik təlim kursları keçirilib. Təlim
kurslarını müvəffəqiyyətlə bitirən 62 nəfər
müəllim sertifikat alıb. Hazırda Təhsil
Nazirliyi tərəfindən təyinatla rayona göndərilən
gənc mütəxəssislər kənd məktəblərində
yerləşdirilir, onlar üçün lazım olan şərait
yaradılır.
XIZI
Rayonda 8 tam orta, 6 ümumi orta, 1 uşaq gənclər
idman məktəbi, 1 uşaq yaradıcılıq mərkəzi, 1
uşaq şahmat məktəbi və 8 məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərir.
Rayon təhsil şöbəsinin müdiri Oqtay
Abdullayevdən aldığımız məlumata görə,
2010-2011-ci dərs ilinə hazırlıqla əlaqədar
rayonun bütün umumtəhsil məktəblərində cari
təmir işləri görülüb, ən ucqar kəndlərdə
yerləşən Qarabulaq və Ağdərə kənd ümumi orta
təhsil məktəbləri və Uşaq Gənclər İdman
məktəbində cari təmir işləri aparılmışdır.
2009-2010-cu tədris ilində 100 illik yaşı olan
Giləzi qəsəbə uşaq bağçası əsaslı təmir edilmiş,
müasir avadanlıqlarla tam təmin olunmuş və
körpələrin istifadəsinə verilmişdir. Eyni
zamanda yeni dərs ilinə hazırlıqla əlaqədar
bütün uşaq bağçalarında cari təmir işləri
aparılmışdır.
Ötən tədris ilində rayonun pedaqoji işçiləri İKT
üzrə öyrədici treninqlərdən keçib. Hazırda isə
rayonun rəhbər təhsil işçiləri üçün İKT üzrə
öyrədici treninqlər təşkil edilib.
2010-2011-ci tədris ilində I siniflərdə dərs
deyəcək ibtidai sinif müəllimləri üçün 16-21
avqustda kurikulumla bağlı birhəftəlik təlim
kurslarının keçirilməsi planlaşdırılıb.
Yeni tədris ili üçün 21 adda 4441 nüsxə dərslik
alınmış və məktəblərə paylanmışdır.
QAX
Rayonda məktəblərin maddi-texniki bazasını
möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
Baydarlı kəndində 360, Almalı kəndində 480,
şəhərdə 180 yerlik yeni məktəb binaları, Çüdüllü
kəndində 80 yerlik 4 əlavə sinif otağı tikilib
istifadəyə verilmişdir.
Rayonun təhsil müəssisələrində yeni dərs ilinə
hazırlıq işlərinə cari ilin mart ayında
başlanılmışdır. Təhsil şöbəsinin şura iclasında
yeni dərs ilinə hazırlıqla bağlı tədbirlər planı
müzakirə olunaraq təsdiq edilmişdir.
Ötən dərs ilində rayonun təhsil müəssisələrinin
təmiri üçün ayrılmış 82 min manat büdcə vəsaiti
hesabına şəhər 1, 5 nömrəli, Tasmalı, Alatəmir
tam, Lələpaşa, Əmircan əsas məktəblərinin
təmiri nəzərdə tutulmuşdur. Artıq şəhər 5
nömrəli, Tasmalı, Alatəmir, Əmircan, Lələpaşa
məktəblərində döşəmələr dəyişdirilmiş, Alatəmir,
Lələpaşa, Əmircan məktəblərində dam örtüyü
yenisi ilə əvəz olunmuş, şəhər 1 nömrəli orta
məktəbdə sanitar qovşağı tikilmiş, 2 nömrəli
məktəbin ətrafında 130 m uzunluğunda hasarın
tikintisi, rəngləmə, ağartma, suvaq işləri davam
etdirilir. Şəhər 4 nömrəli, Qum, Güllük, Qıpçaq,
İlisu, Qaxbaş kənd 1, 2 nömrəli, Marsan,
Qaxingiloy, Sarıbaş, Çüdüllü, İbaxlı
məktəblərində də təmir işləri aparılır, şəhər 3
nömrəli, Turaclı, Fıstıqlı, Çinarlı, Lələpaşa,
Qaradolaq məktəblərində isə cari təmir işləri
artıq başa çatdırılıb.
Məktəblərin yeni dərs ilinə hazırlığı prosesində
ayrılmış büdcə vəsaitindən başqa yerli
bələdiyyələrin və pedaqoji kollektivlərin də
yaxından köməkliyi olmuşdur. Zəyəm, Cəlayır,
Qaratala, Qaşqaçay, Qaxingiloy, Sarıbaş, Qıpçaq
bələdiyyələrinin müsbət işini qeyd etmək olar.
Məktəblərin yeni dərs ilinə nümunəvi hazırlığını
təmin etmək üçün Təhsil Nazirliyinin verdiyi 60
adda 16954 dərslik, 300 ədəd dəmir soba
gətirilmiş, bölgü əsasında yerlərə
çatdırılmasına başlanmışdır.
İcbari təhsil fondu hesabına rayonun ümumtəhsil
məktəblərində oxuyan imkansız, bir və ya hər iki
valideynini itirmiş şəhid və Qarabağ müharibəsi
veteranlarının uşaqlarına, valideyn himayəsindən
məhrum olmuş 1333 nəfər şagirdə 145 min manat
məbləğində məktəbli formasının, dərs
ləvazimatlarının və s. alınıb verilməsi nəzərdə
tutulub.
Nizami MİRZƏ,
Rəşad ZİYADOV |