Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - ¹32

 

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir

Bookmark and Share

Azərbaycanda təhsilin demokratik, humanist prinsiplər əsasında inkişaf etdirilməsi məzmunun, texnologiyaların və idarəolunma sisteminin yenidən qurulmasını, bu sistemin cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılmasını prioritet istiqamət kimi tələb edir. Bu gün həmin istiqamətdə görülən işlər, ilk növbədə təhsilin idarəolunması sistemində dəyişikliklərin aparılmasını həlledici amillərdən biri kimi qarşıya qoyur.  Təhsilin idarə olunmasında elmi-pedaqoji əsaslara istinad edilməsi, idarəçilik fəaliyyətinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, keyfiyyətin monitorinqi prinsipləri əsasında qurulması, təhsildə olan bütün fəaliyyətlərin inkişafyönümlü xarakterdə olması onun keyfiyyət göstəricilərinin ardıcıl izlənməsini, keyfiyyətin gözlənilən nəticələrin reallaşdırılması səviyyəsi ilə müəyyənləşdirilməsini zəruri edir.

Azərbaycan məktəbinin, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi, onun yeni təhsil texnologiyaları əsasında qurulmasını və inkişaf etdirilməsini, mövcud metodik işin təşkili sisteminin təşkilati-struktur baxımından yeniləşdirilməsinə ehtiyac olduğunu aydın göstərir.

Pedaqoji kadrlarla aparılan metodik işin istiqamətləndirilməsi, onların ixtisasının artırılması və yenidən hazırlanması, təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması və yeni pedaqoji texnologiyaların öyrənilməsi və tətbiqi sahəsində məktəb və metodbirləşmə rəhbərlərinin təlimatlandırılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və digər sahələr üzrə metodik xidmətin təşkilində rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetləri mühüm rol oynayır.

Son illərdə bir sıra rayon (şəhər)  təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin işində fəallıq hiss olunsa da, ümumilikdə onların fəaliyyəti günün tələblərindən geri qalır. Müşahidələr göstərir ki, metodik kabinetlər tərəfindən pedaqoji işçilərə metodik kömək göstərilməsi heç də həmişə kifayət qədər sistemli şəkildə təşkil edilmir. Bunun əsas səbəblərindən biri xidmət göstərənlər arasında (təhsil şöbəsi, metodik kabinet, məktəb) möhkəm əlaqənin olmaması ilə bağlıdır. Bu gün pedaqoji kollektivlərə göstərilən metodik xidmət, demək olar ki, günün tələbləri ilə ayaqlaşa bilmir. Pedaqoji elmlər sahəsində baş verən yeniliklər, ölkədə gedən köklü təhsil islahatları metodik xidmətin təşkilinin məzmunu və formasının təkmilləşdirilməsini tələb edir.

Metodik xidmət nədir? Bu, hər bir müəllimin ixtisasının və peşə ustalığının artırılması, pedaqoji kollektivin yaradıcı potensialının inkişafı və onun yüksəldilməsi istiqamətinə yönəldilmiş qarşılıqlı tədbirlər sistemidir. Pedaqoji elmin nailiyyətləri və pedaqoji prosesdə yaranan qabaqcıl pedaqoji təcrübənin təhlili metodik işin əsasını təşkil edir.

Uzun illər metodik kabinetlər tərəfindən metodik işin təşkili əmrlərin, sərəncamların, metodik göstərişlərin məcburi şəkildə yerinə yetirilməsi ilə məhdudlaşmışdır. Metodik kabinetin əməkdaşları çox az hallarda vəzifə funksiyalarını yerinə yetirmiş, əksər vaxtlarda müəyyən mənada inspektorların işini təkrar etmişlər. Ona görə də metodik xidmətin strukturunun günün tələblərinə uyğun olaraq yenidən qurulması zərurəti yaranmışdır. Hazırda ölkəmizdə təhsil sahəsində islahatların aparıldığı, innovasiyaların, təcrübi-eksperimental fəaliyyətin intensiv şəkildə artdığı bir vaxtda metodik kabinetlərin mövcud iş sistemi təhsildə gedən sürətli dəyişikliklərlə ayaqlaşa bilmir. Ona görə də bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməklə respublikamızda da metodik xidmətin daha əlverişli, səmərəli, təhsil sisteminin işçiləri tərəfindən qəbul edilə bilən modelini yaratmaq artıq vaxtı çatmış məsələlərdən biridir. Heç də təsadüfi deyildir ki, bu məsələ təhsil naziri cənab Misir Mərdanovun təşəbbüsü ilə nazirlikdə müzakirə olunmuşdur. İşçi qrupu yaradılaraq respublikanın rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin mövcud fəaliyyəti təqdim edilən sənədlər əsasında öyrənilmiş, hazırlanmış arayış kollegiya iclasında müzakirə edilərək müvafiq qərar qəbul olunmuşdur.

Təhsil naziri, professor Misir Mərdanovun "Azərbaycan müəllimi" qəzetinin 23 iyul 2010-cu il tarixli nömrəsində "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" adlı məqaləsində təhsil sistemində metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair həyata keçiriləcək tədbirlər ətraflı şəkildə şərh edilmişdir.

Bu məqalədə biz yalnız metodik kabinetin fəaliyyətinin planlaşdırılması və metodik xidmətin təşkilinin bəzi formalarını yığcam şəkildə şərh etməyə çalışmışıq.

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin vəzifələri, onların görəcəyi işlər Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 111 nömrəli əmri ilə təsdiq edilmiş "Rayon (şəhər) təhsil şöbəsinin metodik kabineti haqqında Əsasnamə"də öz əksini tapmışdır.

Əsasnamədə göstərildiyi kimi, vəzifələr çoxdur və onların yerinə yetirilməsi xeyli dərəcədə metodik kabinetlərin işinin düzgün planlaşdırılmasından asılıdır. Dəqiq, müasir tələblərə cavab verən fəaliyyət planı olmadan həmin vəzifələri yerinə yetirmək mümkün deyildir.

Metodik kabinetin fəaliyyət planı tərtib edilərkən elmlik, konkretlilik, yığcamlıq, demokratiklik prinsiplərini nəzərə almaq lazımdır. Lakin aparılan müşahidələr və sənədlərin təhlili göstərdi ki, bəzi rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin fəaliyyət planlarında nəzərdə tutulan məsələlər o qədər də aktuallıq kəsb etmir, günün tələbləri ilə səsləşmir. Plana daxil edilən tədbirlər üzrə gözlənilən nəticələr əvvəlcədən müəyyənləşdirilmir. Bəzi rayon (şəhər) metodik kabinetlərinin fəaliyyət planlarında metodik işin məzmunu və təşkili, pedaqoji kadrların ixtisasının artırılması sahəsində görüləcək işlər, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması, gənc müəllimlərlə aparılan işin məzmunu, dayaq məntəqələrinin fəaliyyətinin səmərəli təşkili və fənn  kurikulumlarının tətbiqi ilə bağlı məsələlərə kifayət qədər yer verilmir. Əksər fəaliyyət planlarının bölmələri düzgün müəyyənləşdirilmir. Bütün bunları nəzərə alaraq, kollegiyanın qərarında nəzərdə tutulduğu kimi, metodik kabinetlərin əməkdaşlarına kömək məqsədilə illik fəaliyyət planının tərtibi prinsiplərini, nəzərdə tutulan tədbirlərin qısa məzmununu, habelə metodik kabinetlərin fəaliyyətində əsas yerlərdən birini tutan və daha çox əhəmiyyət kəsb edən metodbirləşmələrin işinin təşkili, gənc müəllimlərlə aparılan işin məzmunu, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi məsələlərini  yığcam şəkildə şərh etməyə çalışmışıq. Fəaliyyət planının bölmələri təxminidir. Yerli şəraitdən, işin xüsusiyyətlərindən  asılı olaraq planın bölmələrində və hər bölməyə aid işin məzmununda müvafiq dəyişiklik edilə bilər. 

Metodik kabinetin illik fəaliyyət planını aşağıda göstərilən bölmələr üzrə tərtib edilməsi tövsiyə olunur: 

 
Sıra ¹-si Fəaliyyət istiqamətləri Məqsəd İcra vaxtı İcraçı İcraya cəlb olunanlar Gözlənilən nəticə
 
  • Giriş (ötən dərs ilinin təhlili və növbəti tədris ili üçün metodik kabinetin fəaliyyət istiqamətləri);

  • Təşkilati-pedaqoji tədbirlər;

  • Metodik diaqnostika və yeni təlim texnologiyalarının tətbiqi;

  • Metodik işin məzmunu və təşkili;

  • Pedaqoji kadrların ixtisasının artırılması üzrə işin təşkili və məzmunu;

  • Fənn kurikulumlarının tətbiqi üzrə işin təşkili;

  • Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;

  • İstedadlı şagirdlərlə işin təşkili;

  • Məktəbəqədər təhsil müəssisələri ilə işin məzmunu;

  • Metodik şuranın işinin təşkili.

Fəaliyyət planının "Ötən dərs ilinin yekununun təhlili" bölməsində icra edilmiş işləri aşağıdakı istiqamətlər üzrə ardıcıllıqla göstərmək məqsədəuyğundur (ilin yekununa dair hesabatı da bu ardıcıllıqla hazırlamaq olar):

təhsil işçilərinin sentyabr konfransı, qəbul edilmiş qərarlar, rəy və təkliflər; təhsil müəssisələrində pedaqoji kadrlarla aparılan metodik işin məzmunu; pedaqoji kadrların ixtisasının artırılması sahəsində görülən işlər; təlimin yeni məzmunu, müasir pedaqoji texnologiyaların öyrənilməsi və innovasiyaların tətbiqi ilə əlaqədar həyata keçirilən tədbirlər; fənlərin tədrisi keyfiyyətinin və şagirdlərin bilik səviyyələrinin monitorinqi, onun təhlili, fənlərin dövlət standartları səviyyəsində tədrisinə nail olmaq üçün aparılmış təşkilati-pedaqoji işlər; təhsil müəssisələrində psixoloji xidmətin təşkili, istedadlı şagirdlərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üzrə işin təşkili ilə əlaqədar təhsil müəssisələrinə göstərilən metodik kömək; rayonun (şəhərin) təhsil müəssisələrinin və pedaqoji heyətin fəaliyyətinin təşkili ilə əlaqədar keçirilən tədbirlər; qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması; pedaqoji işçilərin innovativ layihə və proqramlar çərçivəsində təlim kurslarına cəlb edilməsi, onların Kurikulum Mərkəzi ilə əlaqələri; elan olunmuş "Ekologiya ili" çərçivəsində təhsil müəssisələrinə göstərilən metodik kömək; məzunların ali məktəblərə qəbulunun nəticələrinin təhlili; "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində təhsil müəssisələrinin iştirakı və nəticələr; bilik yarışları, olimpiadalar, inşa və rəsm müsabiqələri və s. Təhlilin sonunda Təhsil Nazirliyinin müvafiq tövsiyələri və normativ-hüquqi sənədləri nəzərə alınmaqla yeni tədris ili üçün rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetinin fəaliyyət planı hazırlanır.

Planın "Təşkilati-pedaqoji tədbirlər" bölməsində təhsil işçilərinin sentyabr konfransının plenar və bölmə iclaslarına hazırlıq və onların keçirilməsi, metodik kabinetin  illik fəaliyyət planının müzakirə və təsdiq edilməsi, təhsil müəssisələrinə metodik köməyin təşkili, yeni dərslik və dərs vəsaitləri, didaktik materiallara dair "Məlumat bankı"nın zənginləşdirilməsi; metodik kabinetin nəzdində qabaqcıl, yaradıcı və novator müəllimlərdən ibarət "Yaradıcı müəllimlər birliyi" yaradılması, müəllimlərin innovasiya fəaliyyətinə dair qabaqcıl təcrübənin işıqlandırılması üçün məcmuənin nəşri istiqamətində tədbirlərin həyata keçirilməsi; metodkabinetin nəzdində "qabaqcıl təcrübə", "yeni metodik ədəbiyyatlar" başlığı altında guşələrin yaradılması, təhsil müəssisələrində metodik işin davam etdirilməsi və s. tədbirlər qeyd olunur.

"Metodik diaqnostika və yeni təlim texnologiyalarının tətbiqi" bölməsinə aşağıdakı tədbirləri daxil etmək olar: metodik diaqnostikaya dair texnoloji qrafiklərin təkmilləşdirilməsi; təhsil müəssisələrindən diaqnostik məlumatların toplanması və onların təhlili; təlim prosesində İKT-nin imkanlarından istifadənin mövcud vəziyyətinin monitorinqi; elektron dərsliklərdən istifadənin vəziyyəti və s.

Planın "Metodik işin təşkili və məzmunu", "Pedaqoji kadrların ixtisasının artırılması" bölmələrinə ibtidai sinif və fənn metodbirləşmələrinin işinin təşkili, dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, gənc müəllimlərlə aparılan işin forma və məzmunu, açıq dərslərin təşkili, sifariş-təklif əsasında pedaqoji işçilərin ixtisasının artırılması istiqamətində həyata keçirilən tədbirlər, fəal təlim metodlarının tətbiqinə dair seminar və praktik məşğələlərin keçirilməsi və s. tədbirləri daxil etmək olar.

Planın "Fənn kurikulumlarının tətbiqi üzrə işin təşkili" bölməsinə aşağıdakı tədbirlərin daxil edilməsi məqsədəuyğundur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulum) təsdiq edilməsi haqqında" 30 sentyabr 2006-cı il tarixli, 233 nömrəli qərarının və Təhsil Nazirliyinin əmrlərinin icrası ilə əlaqədar tədbirlər; ümumtəhsil məktəblərinin ibtidai siniflərində fənn kurikulumlarının tətbiqi vəziyyətinin monitorinqi; fənn kurikulumlarının tətbiqi ilə əlaqədar dərslik müəllifləri ilə görüşlərin təşkili; ibtidai sinif müəllimlərinin treninqlərə cəlb edilməsi; fənn kurikulumlarının tətbiqi ilə bağlı təhsil müəssisələrinə göstərilən metodik kömək; proqram layihələrinin müzakirəsi, rəy və təkliflərin öyrənilməsi, ümumiləşdirilməsi, Kurikulum Mərkəzinə göndərilməsi və s.

"Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi" bölməsində bu istiqamətdə işlərin aparılması, qabaqcıl pedaqoji təcrübəni, təhsil müəssisələri və müəllimlərin fəaliyyətini əks etdirən məlumat bankının yaradılması, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi haqqında" 04 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən hər il keçirilən  müsabiqələrdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" adına layiq görülmüş məktəb və müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilməsi qeyd edilir. Pedaqoji mühazirələr, elmi-praktik konfranslar, sərgilər, bülletenlər və mətbuat vasitəsilə qabaqcıl təcrübənin, yeniliklərin yayılması ilə bağlı tədbirləri də bu bölməyə daxil etmək olar.

Fəaliyyət planının "İstedadlı şagirdlərlə iş" bölməsində Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)" icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planına uyğun olaraq tədbirlərin həyata keçirilməsi, müəyyən edilmiş vaxtlarda təhsil müəssisələrində test yoxlamalarının, müsabiqələrin, müxtəlif bilik yarışlarının keçirilməsi, məktəblilərin fənn olimpiadalarına hazırlıq üzrə tədbirlər, olimpiadalara hazırlıq mərkəzlərinin yaradılması, yay və qış təlim-istirahət düşərgələrinə göndərilən istedadlı şagirdlərin müəyyənləşdirilməsi, istedadlı uşaq və gənclərin iştirakı ilə bilik və idman yarışlarının, kiçik olimpiadaların, müsabiqələrin keçirilməsi ilə əlaqədar illik qrafiklərin hazırlanması və s. tədbirlər qeyd edilir.

"Məktəbəqədər təhsil müəssisələri ilə işin təşkili" bölməsinə aşağıdakı məsələləri daxil etmək olar: məktəbəqədər təhsil müəssisələrində yaş qrupları üzrə proqram materiallarının yerinə yetirilməsi vəziyyətinin monitorinqi; beşyaşlıların məktəb təliminə hazırlığı ilə bağlı həmin təhsil müəssisələrinin məktəblərlə əlaqəsinin genişləndirilməsinə dair tədbirlər; məktəbəqədər müəssisələrdə metodik kabinetlərin işinin təşkili və s.

Planın "Metodik şuranın işinin təşkili bölməsində" metodik şuranın iş planının təsdiqi, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulum) təsdiq edilməsi haqqında" respublika Nazirlər Kabinetinin qərarının icrası və "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları"nın tətbiqi ilə əlaqədar Təhsil Nazirliyinin əmrlərinə müvafiq olaraq tədbirlərin müəyyənləşdirilməsi, istedadlı uşaqların aşkar edilməsi və fənn olimpiadalarının birinci mərhələsinə hazırlıq işlərinin görülməsi, ümumi orta və tam orta təhsil üzrə imtahanlara hazırlıqla bağlı tədbirlər; təhsil işçilərinin yanvar bölmə iclaslarının keçirilməsi və onun nəticələrinin təhlili, pedaqoji kadrların ixtisasının artırılması vəziyyəti, dayaq məntəqələrində aparılan işin təşkili, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması vəziyyətinin təhlili, il ərzində keçirilən müsabiqə və bilik yarışlarının nəticələrinin müzakirəsi və s. tədbirləri qeyd etmək olar.

Metodik kabinetlərin illik fəaliyyət planının tərtibi ilə bağlı göstərilən bölmələr və tövsiyə edilən tədbirlər təxminidir. Yerli şəraitdən və işin xüsusiyyətlərindən asılı olaraq planda zəruri dəyişiklik etmək olar.

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin fəaliyyət istiqamətləri, qeyd etdiyimiz kimi, Əsasnamədə ətraflı şəkildə öz əksini tapmışdır. Həmin vəzifələr içərisində metodbirləşmələrin, gənc müəllimlərlə işin təşkili, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqinin  təmin edilməsi məsələləri üzərində bir qədər ətraflı dayanmağı faydalı hesab edirik.

Metodbirləşmələr. Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili formaları (məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların işinin məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər işıqlandırılmışdır. Metodik kabinetin əməkdaşları və məktəb rəhbərlərinə kömək məqsədilə metodbirləşmələrin işinin məzmunu və təşkilinin bəzi cəhətlərinə toxunmaq istərdik.

Əsasnaməyə uyğun olaraq, rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və metodbirləşmə rəhbərlərini təlimatlandırmaq, məktəbdə aparılan metodik işin məzmunu, forma və üsullarına dair onların diqqətini pedaqoji texnologiyaların tətbiqinə yönəltməkdir. Ona görə də metodbirləşmələrin hesabatlılıq prinsipi əsasında fəaliyyətini təmin etmək, onlara məsləhətlər vermək, əməli kömək göstərmək, fəaliyyətini tənzimləmək baxımından metodik kabinetlərin əməkdaşları metodbirləşmə rəhbərlərinin yaxın köməkçisinə çevrilməlidir. Hər dərs ilinin əvvəlində metodik kabinetin əməkdaşları yerlərə metodbirləşmələrdə müzakirə edilən məsələlərə dair istiqamətverici tövsiyələr hazırlayıb göndərməli və onların işinin planlaşdırılmasında yaxından iştirak etməlidirlər.

Metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını  artırmaqda, təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini yüksəltməkdə,  yeni pedaqoji texnologiyaları və təlimin  müasir metodlarını praktik işdə tətbiq etməkdə  kömək göstərməkdir.

Məktəbdə metodbirləşmələrin işi necə təşkil olunmalıdır? Bu suala cavab vermək o halda mümkündür ki, metodik kabinetlərdə hər bir təhsil müəssisəsinin hazırda hansı təlim-tərbiyə vəzifələrini həll etdiyi, hansı problem üzərində işlədiyi, qarşıda duran problemlərin hansı qüvvə və bacarıqla həll edildiyi barədə dəqiq məlumat olsun. Müşahidələr göstərir ki, son illərdə dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması, yeni pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi sahəsində metodbirləşmələrdə məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda metodik kabinetlər bu təcrübədən vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını, nəzəri və metodik hazırlığını, onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir. Müəllimin dərsini müşahidə etmək, müxtəlif tədbirlərdə məruzə və mühazirələrini dinləmək, gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar.

Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli müəllimlərin "açıq dərs"lərinin təşkili, əyani və didaktik materialların hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil Nazirliyinin və yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı  metodik tövsiyə və göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı metodbirləşmələrin əsas fəaliyyət sənədidir. Ona görə də metodbirləşmələrin işini planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri, planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret kömək göstərmək zərurətindən irəli gələn tələbləri və rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetlərinin tövsiyələrini nəzərə almaq lazımdır. Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin əvvəlində fəaliyyət planı ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə göndərir. Metodbirləşmələrin iş planı onlardan istifadə edilərək tərtib olunur.

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin və qabaqcıl məktəblərin iş təcrübəsi əsasında metodbirləşmələrin illik iş planının aşağıdakı formada tərtib edilməsi tövsiyə olunur:

  • metodbirləşmələrin tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi; metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr;

  • tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər;

  • metodbirləşmə iclaslarında müzakirə ediləcək məsələlər, məruzə mövzuları, tematik planlaşdırmalar, "açıq dərs"lər və dərslərdə qarşılıqlı iştirak, onların keçirilməsi və müzakirəsi üzrə metodik işləmələr qrafiki;

  • pedaqoji mühazirə üçün məruzələrin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin planlaşdırılması;

  • fənlərin tədrisi vəziyyəti və şagirdlərin bilik səviyyəsinin monitorinqi;

  • gənc müəllimlərlə işdə hamilik, stajkeçmə;

  • əyani vəsait və didaktik materialların hazırlanması;

  • normativ sənədlərin öyrənilməsi;

  • yaradıcı, novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;

  • şəxsi təhsilini artırmaq üzrə müəllimlərin hesabatı.

Tədris ilinin sonunda metodbirləşmələrin fəaliyyətini aşağıdakı ardıcıllıqla təhlil etmək olar:

  • metodbirləşmələrin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi;

  • hansı nəticələr əldə edilmişdir;

  • imtahanların nəticəsi;

  • olimpiadaların nəticəsi;

  • ali məktəblərə qəbulun nəticəsi;

  • tədris proqramlarının yerinə yetirilməsi;

  • şagirdlərin tərbiyəlilik səviyyəsi;

  • test yoxlamaları üzrə məktəb monitorinqinin nəticəsi;

Əldə edilən bu nəticələr hansı məsələlərin həllinə kömək etmişdir?

  • kadr potensialının yaxşılaşdırılmasına (müəllimlərin hazırlığı, ixtisaslarının artırılması və s.);

  • metodik səviyyənin yüksəlməsinə (yeni proqramlar, dərsliklər, dərs vəsaitlərinə dair işin təşkili, təcrübə mübadiləsinin aparılması, yeni texnologiyalardan istifadə, şəxsi təhsilini artırmaq üzrə işin yekunu və s.);

  • normativ-hüquqi sənədlərin öyrənilməsinə (qərar, əmr, sərəncam, əsasnamə və təlimatlar və s.) .

Hər il metodbirləşmələrin qarşısında elə vəzifələr durmalıdır ki, onlar  metodik problemləri həll edə bilsinlər. Məsələn, tutaq ki, bütün pedaqoji kollektiv təlim prosesində şagirdlərinin idrak fəaliyyətinin inkişafı üzərində işləyir. Deməli, hər bir metodbirləşmənin vəzifəsi bu olmalıdır.

Metodbirləşmələrə rəhbərliyin ən yaxşı formaları kimi metodistlərin, məktəb direktoru və ya onun müavinlərindən birinin məşğələlərdə iştirakı, elmi əsaslı və inandırıcı tövsiyələri, əsaslandırıcı nəticə çıxarıb işi qiymətləndirməsi ola bilər. Ona görə də məktəb rəhbərləri metodbirləşmə məşğələlərində müzakirə edilən məsələlərlə əvvəlcədən tanış olmalı, hazırlanmış materiallara dair müvafiq tövsiyələrini verməlidir.

Gənc müəllimlərlə işin təşkili. Gənc müəllimlərlə işin təşkili, onlara metodik və metodoloji kömək göstərilməsi metodik kabinetlərin ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən biri olmalıdır.

Gənc müəllim ali təhsil müəssisəsini bitirib məktəbə gəlir. O, şagirdlərlə işləməyə hazırdırmı? Əlbəttə, hazır deyildir. Hələlik onda pedaqoji üslub, şagirdlərlə işləmək vərdişi formalaşmamışdır. Ona görə də ilk gündən başlayaraq metodik kabinetin əməkdaşları, məktəb rəhbərləri gənc müəllimlə əməkdaşlıq etməli, gündəlik dərs planının tərtibi, işin formalarının seçilməsi, təlimin yeni metodlarının tətbiqi, gənc müəllim üçün çox çətin olan şagirdlərlə ünsiyyət və əməkdaşlığın yaradılması və digər məsələlərdə ona yaxından kömək etməlidirlər. Əgər gənc müəllimin yanında müdrik, təcrübəli müəllim (hami) olmasa, o, dəyərli mütəxəssis kimi yetişə bilməz. Məşhur pedaqoq və psixoloq M.M.Rubinşteyn əsərlərinin birində qeyd edirdi ki, "pedaqoq sözün dar mənasında təhsil müəssisəsində deyil, praktik həyatda yaranır". Ona görə də gənc müəllim həmişə özündən yaşlıların, təcrübəli hamilərin, metodistlərin, metodbirləşmə rəhbərlərinin, müəllim yoldaşlarının, sinif rəhbərinin və psixoloqun müntəzəm olaraq köməyini hiss etməlidir. Gənc müəllimin pedaqoji kollektivə uyğunlaşması üçün onunla müntəzəm olaraq seminar və treninqlərin keçirilməsi çox vacibdir.

Məktəb təcrübəsində gənc müəllimlərlə aparılan metodik işin fərdi formalarına daha çox üstünlük verilir. Onlardan ən başlıcası məktəb rəhbərlərinin gənc müəllimlərlə apardığı fərdi söhbətlərdir. Bu söhbətdə məktəbin rəhbərliyi gənc müəllimin hansı məsələləri öyrənməyə daha çox ehtiyacı olduğunu müəyyənləşdirə bilər. Məsələn, tutaq ki, gənc müəllimlərdən birinə VII-VIII siniflərdə Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi tapşırılmışdır. Bununla əlaqədar şagirdlərin hazırlıq səviyyəsini aydınlaşdırmaq üçün müəllim keçən ilin sinif jurnalları, şagirdlərin şəxsi işləri ilə tanış olmalı, həmin siniflərdə dərs demiş müəllimlər, sinif rəhbərləri, uşaq yaradıcılıq birliyinin rəhbəri, sinif valideyn komitəsinin sədrləri ilə görüşərək söhbət aparmalıdır. Bundan əlavə, məktəb rəhbərinin tapşırığı əsasında təcrübəli müəllimlərdən biri müxtəlif məsələlər, məsələn, dərsə necə hazırlaşmaq, dərsə verilən didaktik tələblər, tədris prosesində təlimin fəal metodlarından istifadə, şagirdlərin biliyinin qiymətləndirilməsi, ev tapşırıqlarının seçilməsi və s. barədə ona məsləhət verə bilər.

Təcrübəli məktəb rəhbərləri dərs ilinin ilk günlərində yeni işə başlayan gənc müəllimə cədvəldə dərs salınmasını məqsədəmüvafiq hesab etmirlər. İlk günlərdə məktəbin direktoru, yaxud təlim-tərbiyə işləri üzrə direktor müavininin gənc müəllimi öz dərslərinə aparmağı tövsiyə edirlər. Bu zaman gənc müəllim dərsin təşkili, dərsdə təlimin yeni metodlarının tətbiqi, şagirdlərin fəaliyyətinin qiymətləndirilməsini əyani surətdə görür, öz dərslərini keçməyə psixoloji cəhətdən hazır olur. Gənc müəllimi ilk dərslərə hərtərəfli hazırlaşdırmaq, onda öz qüvvə və bacarığına inam yaratmaq, onu ruhlandırmaq təkcə metodistlərin və məktəb rəhbərlərinin vəzifəsi deyil, eyni zamanda bütün pedaqoji kollektivin, ilk növbədə hər fənn üzrə metodbirləşmə rəhbərinin də əsas vəzifəsi olmalıdır.

Gənc müəllimlərlə aparılan fərdi metodik iş bununla məhdudlaşa bilməz. Məktəb direktorunun gənc müəllimlə ilk söhbəti problemi həll etmir. Gənc müəllimə təlim-tərbiyə prosesində kömək göstərmək, onu işləməyə öyrətmək, onun vaxtaşırı təcrübəli müəllimlərin dərslərində iştirakını təmin etmək sistem halını almalıdır. Gənc müəllimlərin peşəkarlıq səviyyəsini yalnız bu yolla artırmaq mümkündür.  Müşahidələr göstərir ki, bəzi məktəb rəhbərləri ilk günlərdən gənc müəllimlərin dərslərində ya tez-tez iştirak edir,  yeni şəraitə, pedaqoji kollektivə uyğunlaşmasına imkan vermir, ya da onun dərslərində ümumiyyətlə iştirak etmir. Hər iki hal məqbul sayılmır.

Bəs məktəb rəhbərləri gənc müəllimin dərsində nə vaxt iştirak etməlidirlər? Məsələ ilə bağlı pedaqoji və metodik ədəbiyyatda vahid fikir yoxdur. T.İ.Qorskaya "Məktəbdə təlim-tərbiyə prosesinin təşkili" adlı kitabında gənc müəllimin ilk dərsində məktəb rəhbərlərinin iştirakını məqsədəmüvafiq hesab etmir. Onun fikrincə, gənc müəllimə imkan verilməlidir ki, şagirdləri tanısın, yeni şəraitə uyğunlaşsın, sinifdə öz yerini tapsın. İlk dərsinin necə keçməsi haqqında məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti kifayətdir. Müəllimdən soruşmaq olar: dərs necə keçdi? Şagirdlər dərsdə keçilən materialı tam mənimsədilərmi? Dərsdə şagirdlərin fəaliyyəti necə təşkil olunmuşdu? Kim daha intensiv işləmişdir - müəllim, yoxsa şagirdlər? Dərsin təşkili, onun quruluşu,  pedaqoji texnologiyaların tətbiqinə necə yer verildi? Müəllim-şagird əməkdaşlığı necə quruldu? Dərsdə hansı cəhətlər uğurlu olmuşdur?

Məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti elə məzmunda olmalıdır ki, o, ruhdan düşməsin, onda öz qüvvəsinə inam yaransın. Dərsin nəticəsi ilə əlaqədar müəllimlə söhbət edərkən təkliflər yazdırmağa tələsmək lazım deyildir. Yaxşı olar ki, ona dərsin təşkili metodikasına dair bir neçə metodik vəsait oxumaq tövsiyə edilsin. Bu, gənc müəllimdə elmi-pedaqoji və metodik ədəbiyyata həvəs yaratmaq baxımından da faydalı olar. Gənc müəllimlərə metodik köməyin ən səmərəli formalarından biri "açıq dərs"lərin təşkili və dərslərdə qarşılıqlı iştirakdır.

"Açıq dərs"lər bir tərəfdən öyrədici xarakter daşıyırsa, digər tərəfdən qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasına xidmət edir. Dərsin təşkili, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ən mürəkkəb və daim təkmilləşdirilməsi tələb olunan prosesdir. Yaxşı təşkil olunmuş "açıq dərs"in çox böyük faydası vardır. "Açıq dərs"lərin aparılması yüksək peşəkarlığı ilə seçilən yaradıcı müəllimlərə tapşırılmalıdır ki, dərsdə təlimin ən səmərəli metod və üsullarından istifadə edilsin, çünki pedaqoji yaradıcılıq son dərəcə mürəkkəb bir təzahürdür.  Burada müəllimdən hədsiz dərəcədə məharət tələb olunur. B.P.Strezikozin qeyd edir ki, "... müəllimin "açıq dərs"ə hazırlaşmasından sui-istifadə etmək olmaz. Əks-təqdirdə müəllim öz pedaqoji fikrinə görə deyil, məktəb rəhbərlərinin və metodistlərin verdikləri çoxlu miqdarda, bəzən bir-birinə əks olan məsləhətlərə əməl etməli olur ki, nəticədə dərs adilərinə nisbətən xeyli pis keçir". Ona görə də dərsin strukturunun və mərhələlərinin  seçilməsində müəllimə bir qədər sərbəstlik verilməlidir, çünki dərs müəllimin yaradıcılığının məhsuludur.

Məktəb təcrübəsində "açıq dərs"lərin təşkilinin iki forması mövcuddur.

  • Müəllim müstəqil surətdə dərsin tipini və quruluşunu seçir və özü planlaşdırdığı formada dərsi keçir. Bu dərslər adətən qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənmək məqsədi daşıyır;

  • Müəllimin "açıq dərs" üçün hazırladığı plan həmin fənn üzrə metodbirləşmədə müzakirə edilir, təklif və qeydlər əsasında dərsin planını yenidən işləyir və onun əsasında "açıq dərs"i keçir. Belə dərslər təlimin metodlarının tətbiqində müəllimə kömək göstərir.

Müəllimlərin pedaqoji ustalığının yüksəldilməsi üçün metodbirləşmələrin təşkil etdiyi qarşılıqlı qaydada dərslərdə iştirakın da mühüm əhəmiyyəti vardır. Yenicə fəaliyyətə başlayan müəllimlər daha təcrübəli yoldaşlarından dərslərə hazırlaşmağın forması ilə tanış olur, dərsin hər bir mərhələsində tətbiq edilən təlimin yeni metodlarının əməli surətdə necə reallaşdırıldığını görürlər. Lakin dərslərdə qarşılıqlı surətdə iştirak yalnız yeni fəaliyyətə başlayan pedaqoqların öyrədilməsi ilə məhdudlaşmamalıdır. Hər bir müəllim həmkarının dərslərində iştirak etməklə ondan nə isə faydalı, öz dərslərində istifadə edə biləcək bir şey götürə bilər.

Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirsək, deyə bilərik ki, ilk müstəqil dərslər, birinci pedaqoji fəaliyyət ili gənc müəllimlərin pedaqoji ustalığa yiyələnməsində mühüm mərhələdir. Burada ilk səhvlər və məyusluq labüddür. Gənc müəllimin pedaqoji prosesdəki səhvlərini görmək, onun təkrar olunmasının və dərinləşməsinin qarşısını vaxtında almaq, təcrübədə özünü doğrultmüş metodik priyomlara yiyələnməkdə onlarla əməkdaşlıq etmək, onlara kömək göstərmək məktəb rəhbərlərinin və metodik kabinet əməkdaşlarının ümdə vəzifəsi olmalıdır.

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması. Ən yaxşı məktəb və müəllimlərin iş təcrübəsinin öyrənilməsi, qabaqcıl müəllim-pedaqoqların nailiyyətləri əsasında təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi təhsili idarəetmə orqanlarının, xüsusilə rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin həmişə diqqət mərkəzində durmalıdır. Bu məsələ ölkəmizdə təhsil sahəsində köklü islahatların, xüsusilə məzmun islahatlarının həyata keçirildiyi bir vaxtda xüsusi aktuallıq və əhəmiyyət kəsb edir. Müşahidələr və müvafiq sənədlərin təhlili göstərir ki, qabaqcıl pedaqoji təcrübə anlayışı ilə bağlı vahid fikir yoxdur. Əslində qabaqcıl təcrübə geniş mənada müəllimin peşəkarlığı, onun  ustalığı mənasında başa düşülməlidir. Belə müəllimlərin iş təcrübəsinin tətbiqi hələlik pedaqoji ustalığa yiyələnməmiş, gənc müəllimlər üçün daha faydalı və qiymətlidir. Ona görə də yaradıcı axtarışı, yeniliyi, orijinallığı, novatorluğu ilə seçilən təcrübənin öyrənilməsi, təhlili, ümumiləşdirilməsi və tətbiqi ilk planda durmalıdır.

Qabaqcıl pedaqoji təcrübə necə öyrənilməlidir? Bu işdə ilk addım təcrübənin aşkar edilməsidir. Metodik kabinetin, təhsil şöbəsinin əməkdaşları və məktəb rəhbərləri təcrübəsi öyrəniləcək müəllimin təcrübəsinin öyrənilməyə layiq olub-olmamasını yalnız onun dərslərində və sinifdənkənar tədbirlərində iştirak etdikdən sonra müəyyənləşdirə bilərlər. Sonrakı mərhələ bir neçə meyar əsasında təcrübənin qiymətləndirilməsi ola bilər. Qiymətləndirmədə aşağıdakılar nəzərə alınır:

  • təlim-tərbiyə prosesinin effektliliyi, müsbət nəticələrin əldə edilməsi;

  • həmin nəticələrin əldə edilməsi üçün müəllimin səmərəli metodlardan istifadə etməsi;

  • bu təcrübənin yayılmasının digər müəllimlər üçün əhəmiyyətliliyi;

  • həmin təcrübədə orijinallıq, yaradıcılıq, novatorluq elementlərinin olması.

Əgər metodik kabinetin əməkdaşları və məktəb rəhbərləri təcrübəni qiymətləndirib onun maraq doğurduğu nəticəsinə gəlirlərsə, sonrakı mərhələyə kifayət qədər inanılmış faktlar əsasında təcrübəni təfərrüatı ilə öyrənməyə başlaya bilərlər.

Müşahidələr göstərir ki, qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində çatışmazlıq və problemlər mövcuddur. Qabaqcıl təcrübəyə dair materiallar heç də həmişə məktəb pedaqoji şuralarında, metodbirləşmə yığıncaqlarında müzakirə edilmir. Bəzi metodik kabinetlərin qabaqcıl iş təcrübəsinə dair hazırladıqları materiallarda çox zaman təsvirçiliyə, sözçülüyə daha çox yer verilir, bu təcrübənin elmi-praktik əhəmiyyəti açılmır. Bəzi hallarda isə təcrübəsi öyrənilmiş məktəb və müəllimlərlə sonradan işin davam etdirilməsi unudulur, pedaqoji mühazirələrdə, ixtisasartırma kurslarında onların çıxışları təşkil edilmir. Ona görə də təcrübənin obyektində müəllimin bütün iş sistemi, yaxud onun fəaliyyətinin ayrı-ayrı istiqamətləri, təlim və tərbiyə prosesində səmərəli metodlardan istifadə edilməsi dayanmalıdır. Müəllimin iş sistemini öyrənərkən  ilk növbədə onun pedaqoji fəaliyyəti ilə dərindən tanış olmaq lazımdır. Tanışlıq zamanı aşağıdakı göstəricilərə diqqət yetirilməsi vacibdir:

  • müəllimin  peşə ustalığı, elmi-nəzəri və metodik hazırlığı ilə tanışlıq;

  • pedaqoji nailiyyətləri, interaktiv, fəal təlim metodlarını və yeni pedaqoji texnologiyaları səylə öyrənib öz işində tətbiq etməsi;

  • dərslərə və sinifdənkənar tədbirlərə hazırlaşması və onların keçirilməsi (gündəlik dərs planı, əlavə ədəbiyyatlardan istifadə edilməsi, materialın seçilməsi və düzgün paylanması, metodların seçilməsinin məqsədəuyğunluğu);

  • işə yaradıcı münasibəti, təşəbbüskarlığı, yenilikçilik xüsusiyyətıəri;

  • bir və bir neçə mövzu üzrə silsilə dərslərin dinlənməsi;

  • sinifdənxaric tədbirlərdə iştirak, valideyn və ictimaiyyətlə işin təşkili təcrübəsinin öyrənilməsi;

  • şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətinin və onların tərbiyəlilik səviyyəsinin təhlili və qiymətləndirilməsi;

  • rayon (şəhər) və respublika səviyyəli pedaqoji müsabiqələrdə iştirak etməsi;

  • fənn metodbirləşməsinin işində fəal iştirakı, faydalı təklif və mülahizələr irəli sürməsi;

  • müvafiq fənnə dair metodik tövsiyələrin, fənn proqramlarının və dərsliklərin hazırlanmasında iştirakı və pedaqoji təkliflərlə mətbuatda çıxış etməsi.

Bu göstəricilərin sayını artırmaq da olar. Özlüyündə bu faktlar "çiydir", onları sistemə salmaq, müəllimin nailiyyətini açmaq, təhlil etmək lazımdır. Faktların təhlili sonrakı mərhələdə - təcrübənin ümumiləşdirilməsi mərhələsində aparılır. Ümumiləşdirmə prosesində ayrı-ayrı fakt və hadisələrin təhlili əsasında nəticələr çıxarılır. Qabaqcıl təcrübənin təhlili və ümumiləşdirilməsinin əsas məqsədi müvafiq qaydalar əsasında  müəllimin müsbət nəticələrə necə nail olmasını müəyyənləşdirməkdir. Qabaqcıl pedaqoji təcrübənin təhlili və ümumiləşdirilməsi müxtəlif elmi səviyyələrdə aparılmalı, empirik nəticədən başlayaraq pedaqoji hadisələrin dərin və qarşılıqlı əlaqələrinin açılmasına imkan yaradan ciddi tədqiqaçılıqla  başa çatmalıdır.

Məktəb təcrübəsində müəllimlərin qabaqcıl təcrübəsi ilə tanış olmağın müxtəlif formalarından istifadə edilir. Bunlara pedaqoji mühazirələr, elmi-praktik konfranslar, seminarlar, qabaqcıl təcrübəyə dair sərgilər, müəllimlərin məruzələrindən ibarət məcmuələrin, albomların nəşri və s. daxildir.

Qabaqcıl pedaqoji təcrübənin yayılması və tətbiqinin ən səmərəli formalarından biri qabaqcıl təcrübə (istinad) məktəbləridir. Hazırda dayaq məntəqələrində qabaqcıl pedaqoji təcrübənin yayılması üçün geniş imkanlar açılmışdır. İstinad məktəblərinin təcrübəsi göstərir ki, müəllim öz təcrübəsi haqqında yığcam şəkildə məlumat verir, təcrübəsini təlimin texnoloji vasitələri ilə nümayiş etdirir, dinləyicilərin suallarına cavab verir, müxtəlif məsələlər üzrə müəllimlərlə və metodik kabinetin əməkdaşları ilə fikir mübadiləsi aparır.

Qabaqcıl pedaqoji təcrübənin ümumiləşdirilməsinin yekunu onun təcrübədə tətbiqidir. Elmin nailiyyətlərinin praktikaya tətbiqi məsələsi vaxt tələb edir. Başqa elmlərə nisbətən pedaqogika sahəsində yeniliyin nəticəsi çox gec görünür. Elmi bilikləri müəllimlər arasında geniş təbliğ etmək, elmi tədqiqatların nəticələri əsasında bütün ixtisasartırma sistemini təkmilləşdirmək, qabaqcıl təcrübə məktəbləri (istinad məktəbləri)  vasitəsilə   müəllimlərin təcrübəsinin yayılmasını təşkil etmək, əlbəttə, vaxt tələb edən prosesdir. Burada tələsmək, təcrübəni səthi öyrənib yaymaq işə xeyirdən çox ziyan verə bilər.

Bu məqalədə metodik xidmətin təşkilinin yalnız bir neçə formasını işıqlandırmağa çalışdıq. Respublikamızda təhsil islahatının həyata keçirildiyi bir vaxtda metodik kabinetlərin görəcəyi işlər həddindən artıq çoxdur və bu vəzifələr qeyd etdiyimiz kimi  Əsasnamədə dəqiq və aydın şəkildə göstərilmişdir. Gələcəkdə imkan daxilində həmin məsələlərdən də söhbət açmağa çalışacağıq.

"Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında" kollegiyanın qərarında rayon (şəhər) təhsil şöbəsi metodik kabinetlərinin fəaliyyətinin daha da səmərəli təşkili, metodistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların "öyrədənlər" kimi hazırlanması, metodik kabinetlərin resurs mərkəzinə çevrilməsi, müəllimlərlə aparılan metodik xidmətin təkmilləşdiriılməsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Beynəlxalq təcrübə və respublikada təhsilin inkişaf meyilləri nəzərə alınmaqla hazırda bu istiqamətdə işlər davam etdirilir. 

Məhərrəm SƏFƏROV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi,
respublikanın əməkdar müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - ¹32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov