Avqustun 13-də Almaniyanın şimal şəhəri
Flensburqda yerləşən məşhur Murvik Hərbi Dəniz
Akademiyası 100 illik yubileyini qeyd etmişdir.
Təntənəli mərasimdə Almaniya dövlətinin başçısı
Kristian Vulf da iştirak etmiş və təhsil
müəssisəsinin kursantları ilə görüşmüşdür.
Almaniya Prezidenti akademiyada təhsil alan
xarici ölkələrin kursantları ilə də görüşmüşdür.
Milli hərbi gündəlik - parad geyim forması
geyinmiş kursantların cərgəsi önündən keçərkən
Prezident onları salamlamış, hansı ölkəni təmsil
etməsi ilə maraqlanmışdır. Kursantların
sırasında Azərbaycan Ali Hərbi Dənizçilik
Məktəbinin birinci kursunu müvəffəqiyyətlə başa
vuraraq təhsilini davam etdirmək üçün dövlətimiz
tərəfindən Murvikə göndərilmiş Nadir Azər oğlu
Əliyev də var idi. Kursantın əlini hərarətlə
sıxan Prezident Kristian Vulf cari ilin
əvvəlində Azərbaycana səfərini xatırlamış və
ölkəmiz haqqında xoş sözlər demişdir.
Almaniyanın dövlət başçısı azərbaycanlı
kursantın Murvik Hərbi Dəniz Akademiyasında
təhsil almasını yüksək qiymətləndirmiş və ona
uğurlar arzulamışdır.
Qeyd edək ki, Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbində, Azərbaycan Ali Hərbi
Təyyarəçilik Məktəbində və Azərbaycan Ali Hərbi
Dənizçilik Məktəbində təhsildə və idmanda
xüsusilə fərqlənən kursantlar təhsillərini davam
etdirmək məqsədi ilə xarici ölkələrə
göndərilirlər. Nadir Əliyev C.Naxçıvanski adına
Hərbi Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra
Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuşdur.
Burada da təhsildə və idmanda xüsusilə fərqlənən
Nadir Azərbaycan dövlətinin xətti ilə Almaniyaya
göndərilmişdir.
AzərTAc |