Ötən əsrin 90-cı illərinədək SSRİ-nin tərkibində
olan Azərbaycan Respublikası müstəqillik,
suverenlik əldə etdikdən sonra dünyada, dünya
siyasətində özünün geosiyasi yerini
müəyyənləşdirməyə başladı. İndi Azərbaycan
dövləti öz xarici siyasətini, iqtisadi, mədəni,
hərbi sahədə münasibətlərini özü müstəqil
şəkildə, həm də geosiyasi vəziyyəti nəzərə
almaqla həyata keçirir. Biz bir tərəfdən inkişaf
etmiş dünya dövlətlərinə inteqrasiyaya, digər
tərəfdən milli xüsusiyyətlərimizi,
adət-ənənəmizi, soy-kökümüzü qoruyub inkişaf
etdirməyə çalışırıq. Təbii ki, bu deyilənlərin
həyata keçirilməsində təhsil sistemi müstəsna
rol oynayır.
Ümummilli
lider Heydər Əliyev bu proseslərin həyata
keçirilməsində, xalqın, cəmiyyətin inkişaf
etdirilməsində təhsilin müstəsna rol oynadığını
dönə-dönə qeyd etmişdir. Bununla bağlı demişdir:
"Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi,
siyasi yolla gedərək, dünyanın bütün
ölkələrinin, xüsusən Qərb ölkələrinin
təcrübəsindən istifadə etməyə çalışır və
təhsilin də təkmilləşdirilməsində bu təcrübədən
istifadə etmək lazımdır".
Bununla belə, təbii ki, təhsil sistemində nəzərə
alınması zəruri hesab edilən amillərdən biri də
milliliyin qorunması, inkişaf etdirilməsi ilə
bağlıdır. "Dövlət müstəqilliyinin xalqımıza bəxş
etdiyi nemətlərdən biri də odur ki, biz artıq
təhsil sistemimizi xalqımızın, millətimizin
tarixinə, mənəviyyatına, ənənələrinə uyğun
qururuq" (Heydər Əliyev).
Təhsilin inkişaf istiqamətləri ilə bağlı tövsiyə
və tələb edilən bu fikirlərin həyata
keçirilməsi, ilk baxışdan göründüyü kimi, o
qədər də asan və sadə bir proses deyil.
"Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu
proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu
gün təhsil sahəsində çalışan bütün vətəndaşlara,
müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə
müraciət edərək xahiş edirəm ki, onlar tezliklə
təhsil sistemində işlərin müstəqil Azərbaycanın
prinsipləri əsasında qurulmasına nail olsunlar"
(Heydər Əliyev).
Təhsilin yeniləşməsi, onun dövlətin təhsil
siyasətinə uyğun olaraq qurulması üçün kifayət
qədər işlər görülüb və görülməkdə davam edir. 19
may 2005-ci il tarixdən Azərbaycan Boloniya
prosesinə qoşulmuş, həqiqi üzv seçilmişdir.
Bunların həyata keçirilməsi üçün Təhsil
Nazirliyi, eləcə də ali təhsil müəssisələri
tərəfindən ciddi islahatlar aparılır və müasir
tələblərə cavab verən elmi-metodiki işlər
görülür. "Təhsil haqqında" Azərbaycan
Respublikasının qanunu, Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası
(Milli Kurikulumu), eləcə də onlarla digər
normativ-hüquqi sənədlər qəbul olunmuşdur.
Əlbəttə, bu deyilənlərin, qoyulan tələblərin
həyata keçirilməsinin elmi-nəzəri əsasları
işlənilməlidir. Hesab edirəm ki, pedaqoq,
psixoloq və metodistlərimiz təhsilin elmi-nəzəri
əsaslarının işlənməsi, onların həyata
keçirilməsi yollarının müəyyənləşdirilməsi
baxımından müəyyən qədər passivlik göstərirlər.
Bəziləri sadəcə olaraq kənarda dayanıb
tənqidçiliklə məşğul olur, bəziləri "keçmişdə
daha yaxşı olduğunu" söyləməklə kifayətlənirlər.
Lakin, sözün həqiqi mənasında, təhsilin müasir
problemlərinin elmi-nəzəri, pedaqoji-psixoloji,
metodiki problemlərinin araşdırılması, həyata
keçirilməsi sahəsində ciddi işlər görən
alimlərimiz də az deyildir. Onlar, sözün həqiqi
mənasında, fədakarcasına axtarışlar aparır,
qabaqcıl dünya dövlətlərinin təhsil sistemini,
onun həlli yollarındakı təcrübələri öyrənir,
milli xüsusiyyətlərimiz, dövlətimizin təhsil
siyasəti nəzərə alınmaqla təhsilimizin inkişafı
üçün cidd-cəhdlə çalışırlar. Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunun
direktoru, professor Abdulla Mehrabov, sözün
həqiqi mənasında, bütün varlığıyla axtarışda
olan, Azərbaycan təhsilinin inkişafı üçün
əlindən gələni edən alimlərimizdəndir.
Onun Azərbaycan təhsilinin aktual
problemlərindən bəhs edən onlarla məqaləsi,
2007-ci ildə nəşr olunan "Azərbaycan təhsilinin
müasir problemləri" monoqrafiyası dediklərimizin
sübutu kimi qəbul edilə bilər. Bu məqalələrdə və
adını çəkdiyimiz monoqrafiyada A.Mehrabov
Azərbaycan təhsilinin müasir elmi-nəzəri,
konseptual məsələlərini araşdırır, təqdim edir,
həmin problemlərin həlli ilə bağlı yeni
yanaşmalar, modellər müəyyənləşdirir. Bu
günlərdə A.O.Mehrabovun Azərbaycan təhsil
sistemində həyata keçirilən islahatın konseptual
problemlərindən, qarşıya çıxan bəzi problemləri
doğuran obyektiv və subyektiv məsələlərdən bəhs
edən "Müasir təhsilin konseptual problemləri"
(Bakı: Mütərcim, 2010, 516 səh.) adlı irihəcmli
yeni kitabı işıq üzü görmüşdür. Təhsilin
müxtəlif problemlərini əhatə edən altı bölmədən
ibarət kitabda təhsil sistemində aparılan
islahatlar, təhsilin pedaqoji-psixoloji
məsələləri, təhsil texnologiyaları, təhsilin
keyfiyyət təminatında idarəetmənin rolu,
monitorinq, qiymətləndirmə və sairə
problemlərdən bəhs olunur. Kitabın ümumi
qayəsini təhsilin keyfiyyətinin daha da
yaxşılaşdırılması, təhsilin şəxsiyyətyönümlü və
nəticəyönümlü olmasının elmi-nəzəri məsələləri
və həyata keçirilməsi yollarının
müəyyənləşdirilməsi təşkil edir.
Kitabda təhsilin modernləşdirilməsi, onun
başlıca məqsədi ilə bağlı irəli sürülən ideya
ondan ibarətdir ki, təhsil şəxsiyyətyönümlü,
koqnitiv-informasion və kreativ olmalıdır.
Nəticədə təhsil alanlarda müstəqil düşüncə
qabiliyyəti, yaradıcı təfəkkür, özünüinkişafa,
özünütəsdiqə meyil, tolerantlıq
formalaşdırılmalıdır. Bununla bağlı A.Mehrabov
yazır: "Qlobal dünyanın informasiya bolluğu
şəraitində məktəbin, təhsilin vəzifələri
dəyişir. Ağılın, intellektin inkişaf etdirilməsi
ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə
bilik və bacarıqlar deyil, dəyərlər, səriştələr
şəxsiyyətin inkişafında mühüm atributlar kimi
qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət
göstəriciləri kimi qəbul edilir".
Müəllif Azərbaycan təhsilinin getdikcə,
pillə-pillə tələbyönümlü bir təhsil sisteminə
çevrildiyini vurğulayır. Göstərir ki, cəmiyyətin
ehtiyac və tələbatlarına uyğun belə bir təhsil
sisteminin qurulmasında demokratikləşdirmə,
humanistləşdirmə, inteqrasiya,
diferensiallaşdırma, fərdiləşdirmə,
humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi
prioritet olmalıdır. Bütün bunlar isə
öyrənənlərin maraq, arzu, meyil və
qabiliyyətlərinin nəzərə alınması yolu ilə
həyata keçirilməlidir.
Hələ vaxtilə V.A.Suxomlinski yazırdı: "Təhsil
müəllim və şagirdin özünütərbiyəsi və
özünütəsdiqi üçün imkan və şərait
yaratmalıdır. Müəllim insanın mənəvi
həyatının yaradıcısı, ruhlandırıcısı
olmalıdır".
Kitabda qarşılıqlı münasibətlərin qurulmasının
pedaqoji-psixoloji əsasları qırmızı xətt kimi
keçir. Əsərdə bu sahədə ümumiləşdirilmiş başlıca
ideya belədir ki, təhsilə yalnız çətinliklərin
öyrənilməsi və onun dəf olunması kimi
baxılmamalıdır. Pedaqoji priyomlar o vaxt
səmərəli olur ki, məktəbdə öyrədən və öyrənənlər
arasında hörmət və tələbkarlıq olsun. Təhsil
alanların bütün xüsusiyyətləri nəzərə alınsın,
onlara hörmətlə yanaşılsın. Bu mənada
A.Mehrabovun fikirləri məşhur pedaqoq
A.A.Kumanevin fikirləri ilə üst-üstə düşür.
A.A.Kumanev yazır: "Dərin emosional tərbiyəyə
əsaslanmayan bilik heç vaxt insanı xoşbəxt edə
bilməz".
A.Mehrabova görə, təhsil açıq, özünü inkişaf
etdirən sistem olmalıdır. İdarəetmə prosesində
şəxsiyyətin inkişaf qanunları nəzərə
alınmalıdır. Təhsil son nəticədə şəxsiyyətin
sosiallaşmasının effektiv təminatçısı olmalıdır.
Bunun üçün isə çoxistiqamətli, bir-birindən
kəskin fərqlənən modellər yox, vahid bir
strateji xətt olmalıdır. Müəllif əsaslı fakt və
dəlillərlə sübut edir ki, belə kəskin fərqlərin
aradan qaldırılmasında "Kurikulum modelinə
müraciət olunması onların bir məcraya
gətirilməsinə, bir xətt üzrə qurulmasına imkan
yaratmışdır".
Ön söz əvəzi və 6 bölmədən ibarət olan kitabın
hər bir bölməsi təhsilin müxtəlif sahələrini,
problemlərini əhatə etsə də, onların arasında
bir bağlılıq var, biri digərini tamamlayır.
Kitabın "Müasir təhsilin məzmununun
pedaqoji-psixoloji məsələləri" adlanan I
bölməsində XXI əsrdə təhsilin inkişafının əsas
istiqamətləri, təhsilin konseptual məsələləri,
təhsilin məzmunu və fəaliyyət, şəxsiyyətin
formalaşdırılmasının pedaqoji-psixoloji
məsələləri araşdırılır.
Alimlərin, dövlət xadimlərinin fikrinə görə,
eləcə də inkişaf etmiş dünya dövlətlərinin
təcrübəsinin təhlili göstərir ki, XXI əsrdə əsas
kapital təbii ehtiyatlar, zəngin təbii sərvətlər
deyil, insan kapitalı, onun intellektual
zənginliyi, biliyidir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yazır:
"Biz öz imkanlarımızdan səmərəli istifadə edərək
maddi kapitalı insan kapitalına çevirməliyik".
A.Mehrabova görə, intellektual potensialın
formalaşması üçün təhsilin modernləşdirilməsi
aşağıdakı prioritet istiqamətlər üzrə
aparılmalıdır:
- millilik və bəşərilik;
- qabaqlayıcı təhsilvermə;
- universal biliklərə yiyələnmə;
- bütün həyatı boyu təhsilalma;
- yeni maliyyələşdirmə modelinə keçid.
A.Mehrabov müasir dövrdə təhsil müəssisəsinin
qarşısında duran ən vacib məsələlərdən birinin
ayrı-ayrı fənlər üzrə biliklərin verilməsi yox,
biliklərin toplanması yollarının mənimsədilməsi
olduğunu göstərir. Qeyd edir ki, təlim
prosesində şagirdlər hazır biliklərə deyil,
nəzəri və tənqidi təfəkkürə sahib olmalıdırlar.
Aydın məsələdir ki, bütün dövrlərdə şəxsiyyətin
formalaşdırılması psixoloq və pedaqoqların
tədqiqat obyekti olmuş, təhsilin qarşısında
duran vacib vəzifələrdən biri kimi
səciyyələndirilmişdir. Lakin burada bir məsələni
unutmaq olmaz ki, hər bir ictimai quruluş,
ideoloji sistem öz tələblərinə cavab verən, onu
həyata keçirə bilən şəxsiyyətlərin
formalaşdırılmasını vacib hesab etmiş, ona
çalışmışdır. A.Mehrabova görə, müasir Azərbaycan
təhsili şəxsiyyətin formalaşdırılmasında
mənəviyyata, özünütəşkilə, özünütəsdiqə,
özünüreallaşdırmaya əsaslanmalıdır. Şəxsiyyət
tamlığının təmin olunması üçün insan təbiətinin
dərk olunması, təhsilin şəxsiyyətyönümlü olması,
mənəvi-gedonist, metakoqnitiv prinsiplərə əməl
olunmalıdır. Həm də bunlar ayrı-ayrılıqda,
bir-birindən təcrid olunmuş şəkildə deyil,
vəhdət halında götürülməlidir.
Kitabda maraq doğuran, diqqəti cəlb edən
məsələlərdən biri də təhsilin
humanistləşdirilməsi və humanitarlaşdırılması
probleminə yanaşma ilə bağlıdır. Bu problem bir
də ona görə diqqəti cəlb edir ki, təhsilin
humanistləşdirilməsi və humanitarlaşdırılması
ilə bağlı bir sıra fərqli yanaşma və mövqelər
mövcuddur. Bir çoxları bu anlayışları humanitar
fənlərin sayının və nisbətinin artırılmasında
görürlər. Hesab edirlər ki, şagirdlərin
humanistləşdirilməsi yalnız humanitar fənlərin
tədrisi zamanı mümkündür. Fizika, riyaziyyat,
kimya və s. təbiət elmləri şagirdlərdə bu
keyfiyyətləri formalaşdıra bilməz. Təbii ki, bu,
tamamilə yanlış bir yanaşmadır.
Humanistləşdirilmə ayrı-ayrı fənlərin yox,
bütövlükdə təhsilin qarşısında qoyulan tələbdir,
vəzifədir. Bu məsələdə təbiət fənləri ilə
humanitar fənlər eyni çəkiyə malikdir.
Biliklərin humanitar və qeyri-humanitar bölgüsü,
ilk növbədə, mədəni dəyərlə bağlı biliklərə
aiddir. Başqa sözlə, əgər bilik insan üçün şəxsi
məna kəsb edirsə, onun daxili aləmini
zənginləşdirirsə, sosiomədəni keyfiyyətlər
aşılayırsa, həmin biliyin humanitar mahiyyət
daşıdığını söyləyə bilərik. Hansısa bir bədii
əsərdəki surətlərin, süjet xəttinin sadəcə
olaraq öyrənilməsi bilik səviyyəsində qalırsa,
şəxsi məna kəsb etmirsə, mənəvi zənginliyə
xidmət göstərmirsə, bu biliyi qeyri-humanitar
bilik adlandırmaq olar. Təbiət elmlərindən
sayılan fizikanın tədrisi zamanı fiziki
hadisələr, alimlərin həyatı, ətraf aləmin dərk
olunması öyrənilirsə və bu, insanın idrak
imkanlarını dərinləşdirir, şəxsi əhəmiyyət kəsb
edirsə, onda fizikadan öyrənilənləri də eyni
zamanda humanitar biliklər adlandırmaq olar.
"Humanitarlaşdırma təlimin məzmunu əsasında,
onun səviyyəsindən və formasından asılı
olmayaraq, insanın xoşbəxtliyi və inkişafı
naminə əsas sosial məsələlərin həllinə hazır
olan, müxtəlif millətlərin və xalqların peşə və
ixtisas nümayəndələri ilə sərbəst ünsiyyət
qurmaq... və nəticə çıxarmağı bacaran insanın
formalaşmasına geniş imkan açır".
Kitabda haqqında bəhs etdiyimiz problem barədə
A.Mehrabovun mövqeyi belə təqdim olunur və biz
bu mövqeyi doğru və haqlı hesab edirik.
Son dövrlərdə həyatımızın demək olar ki, bütün
sahələrində sürətli yeniləşmə baş verir,
dünyanın inkişaf etmiş ölkələrinin
texnologiyaları Azərbaycana gətirilir. Bu isə
eyni zamanda münasibətlər sistemində, düşüncə
tərzində köklü dəyişikliklərə səbəb olur. Təhsil
sistemində də yeni təlim texnologiyaları tətbiq
edilir. Təbii ki, bu texnologiyaların tətbiqinin
pozitiv və neqativ tərəfləri vardır. Lakin biz
dünya dövlətlərinə inteqrasiya ediriksə, təhsil
sistemimizi ən azı Avropa təhsil sisteminin
tərkib hissəsi kimi qəbul ediriksə, onda dünyada
istifadə olunan təlim texnologiyalarından
istifadə olunması qaçılmazdır. Bununla belə,
İKT-nın təhsilimizə zərər vurduğu fikrini
vurğulayan alimlərimiz, təhsil işçilərimiz də az
deyil. Onlar öz fikirlərini əsaslandırmaq üçün
sovet təhsilinin uğurlarını önə çəkir, nəzəri
materialların öyrədilməsini vacib amil kimi
göstərirlər. Əlbəttə, sovet təhsilinin
uğurlarını, nəzəri biliklərin faydalılığını heç
kim inkar etmir. Lakin biz artıq təhsilimizi
yeni dünyanın tələbləri əsasında qurmalı,
şəxsiyyətləri, şəxsi keyfiyyətləri azad bazar
iqtisadiyyatının normalarına uyğunlaşdırmalıyıq.
Yeni təlim texnologiyalarının tətbiqi özlüyündə
problemin həlli deyil. Burada tətbiq olunan
metodika və texnologiya arasında vəhdətin
yaradılması vacibdir. "Metodikanın predmetini
təlim metodları və onun müxtəlif kompozisiyaları
müəyyən edir. Təhsilin texnolojiləşdirilməsi isə
təlimin məzmunu, tədris-təlim prosesi və onun
təşkili ilə bağlı bütün məsələlərin kökündən
yenidən qurulması olub, onun idarəolunması ilə
birbaşa bağlıdır".
Ümumən bütün dövrlərdə, xüsusilə bir iqtisadi,
siyasi, ideoloji sistemdən digərinə keçdikdə
istənilən sahədə, xüsusən təhsil sistemində
təhsilin metodoloji əsasının müəyyənləşdirilməsi
zəruri şərtlərdəndir. Metodologiya olmadan nə
təhsilin məzmununu, nə onun istiqamətini, nə də
böyüyən nəslin hansı keyfiyyətlərin daşıyıcısı
olmasını, bir sözlə, nəyi və necə formalaşdırmaq
mümkün deyildir. A.Mehrabovun kitabda
araşdırdığı, mövqe bildirdiyi problemlərdən biri
də təhsilin metodoloji problemləri ilə bağlıdır.
A.Mehrabov öz mövqeyini belə şərh edir: "Müasir
elmşünaslıqda metodologiya elmi idrak
fəaliyyətinin təşkilinin prinsip, forma və
metodları haqqında təlim kimi başa düşülür.
Pedaqogikada isə metodologiyaya pedaqoji
gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi
haqqında nəzəri müddəaların məcmusu kimi
baxılır". Deməli, metodologiya təhsil sistemində
tənzimləyici və normativ funksiyanı yerinə
yetirir. Ona görə də müasir Azərbaycan
təhsilinin başlıca vəzifəsi kimi təhsilin
humanistləşdirilməsi, demokratikləşdirilməsi,
öyrənənlərdə nəzəri və məntiqi təfəkkürün
formalaşdırılması prioritet təşkil etməlidir.
Problemin elmi-nəzəri təhlilini aparan
A.Mehrabov belə bir nəticəyə gəlir ki, təhsil
sahəsində zəruri islahatların, modernləşmənin
istiqamətlərinin düzgün müəyyənləşdirilməsi üçün
birinci növbədə fundamental tədqiqatlar
genişləndirilməli, elmi idrakın formalaşmasında
xüsusi yeri olan öyrənmə və öyrətmə
proseslərinin elmi, pedaqoji-psixoloji əsasları
dərindən təhlil edilməlidir.
İnsanın həyat və fəaliyyəti yalnız və yalnız
ünsiyyət və münasibətlər üzərində qurulur. Yerdə
qalan nə varsa, hamısı onlardan yaranır və
onlara xidmət edir. Təlim-tərbiyə prosesi isə
bütövlükdə insan-insan münasibətləri üzərində
qurulur və bu qaçılmazdır. Çünki tərəflərin hər
birində insan dayanır. Öyrədən də, öyrənən də
insandır. Lakin sadəcə olaraq zaman-zaman
münasibətlər, onun əsasında isə mövqelər
dəyişir. Əgər son vaxtlara qədər öyrədən və
öyrənənlər arasında münasibətlər subyektin
obyektə münasibəti kimi qurulurdusa və şagird
yalnız öyrədilənləri, lazım bilinənləri
öyrənməli idisə və burada əks əlaqə
yaranmırdısa, indi münasibətlər subyektin
subyektə münasibəti kimi qurulmalıdır. Çünki əks
halda nə düşünən, nə yaradıcı təfəkkürün
daşıyıcısı olan azad, humanist keyfiyyətlərə
sahib olan şəxsiyyətdən danışmaq mümkün deyil.
Subyektin subyektə münasibəti hər iki tərəfdən
dözümlülük, xeyirxahlıq, qarşılıqlı inam və
hörmət tələb edir. Bununla belə, praktikada
bəzən bu xüsusiyyətlər düzgün başa düşülmür.
Düzgün pedaqoji ünsiyyət öyrənənin və öyrədənin
özünütəsdiqi, özünüreallaşdırması, mənəvi
zənginləşmə üçün yaradılan psixoloji mühit,
şəraitdir.
Kitabda irəli sürülən, əsaslandırılan başlıca
ideyanın məzmunu belədir. Bütün bunlar isə
keyfiyyətli idarəetmə nəticəsində reallaşa
bilər. A.Mehrabova görə, idarəetmə müxtəlif
təbiətli (bioloji, sosial, texniki) sistemlərin
elementi və funksiyası olub, onların müəyyən
strukturunun saxlanılmasını, fəaliyyət rejiminin
mühafizəsini, məqsədin reallaşmasını təmin edir.
Təhsilin keyfiyyəti isə təhsil nəticələrinə
uyğun olaraq əvvəlcədən müəyyən edilmiş
normativlərə (standartlara) müvafiq, təhsil
alanların səviyyəsi, ümumi halda isə təhsil
sisteminin durumu ilə müəyyən edilir. Burada
yalnız bilik deyil, həm də dünyagörüşü, şəxsi
keyfiyyətlər prioritet götürülməlidir.
Kitabda eyni zamanda peşə-ixtisas təhsilinin
problemləri, təhsildə innovasiyalar,
informatlaşdırma problemləri, əlavə təhsilin
modernləşdirilməsinin psixoloji-pedaqoji
əsasları geniş şəkildə araşdırılaraq təhlil
olunur.
Kitabda ali peşə-ixtisas təhsil sisteminin
müasir problemlərinin verilməsi xüsusi aktuallıq
kəsb edir. İlk növbədə, ona görə ki, ali təhsil
sistemi pedaqoq və psixoloqlarımızın bu vaxtadək
az diqqət yetirdiyi sahələrdəndir. Artıq neçə
illərdir ki, respublikamız Boloniya prosesinə
qoşulmuş, ali təhsillə bağlı bir sıra dövlət
sənədləri qəbul olunmuşdur. Demək olar ki, ali
təhsilin bir sıra vacib problemləri məhz bu
kitabda öz əksini tapmış, onlara münasibət
bildirilmişdir.
A.Mehrabovun "Müasir təhsilin konseptual
problemləri" adlı 516 səhifəlik kitabını təhsil
sisteminin müxtəlif sahələrini əhatə edən
fundamental elmi-nəzəri əsər hesab etmək olar.
Təhsilin pedaqoji, psixoloji, metodiki və
metodoloji məsələlərini özündə vəhdət halında
birləşdirən bu kitabı Azərbaycan
pedaqoji-psixoloji elminin son dövrlərdəki ən
böyük uğurlarından biri kimi qəbul etmək olar.
Pedaqoji ictimaiyyət, məktəb rəhbərləri,
müəllimlər və magistrlər, pedaqoji sahədə
çalışan tədqiqatçılar və təhsillə maraqlanan
digər peşə sahibləri üçün nəzərdə tutulan bu
kitab inanırıq ki, onların stolüstü kitabına
çevriləcək, ondan istifadə edənlər Azərbaycan
təhsilinin inkişafı yolunda faydalı biliklər
əldə edəcəklər.
Ramiz ƏLİYEV,
psixologiya elmləri doktoru, professor,
respublikanın əməkdar müəllimi |