1. Təhsil Nazirliyinin
www.edu.gov.az
saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə"
səhifəsində respublikanın ümumtəhsil
məktəblərində olan vakant yerlər, elektron ərizə
forması, vakant yerlərə müəllimlərin işə qəbulu
ilə bağlı reqlament yerləşdirilmişdir.
Reqlamentdə göstərilən tələblərə riayət edilməsi
zəruridir.
2. Reqlamenti oxuduqdan sonra vakant yerlərin
siyahısı ilə tanış olmaq lazımdır. Axtarış
səhifəsinə müvafiq məlumatları daxil etməklə
axtarılan vakansiyanı tapmaq mümkündür. Seçilmiş
vakant yerlərin kodları yadda saxlanılmalıdır,
çünki həmin kodlar elektron ərizə formasına
daxil ediləcəkdir.
3. Vakant yerlərə namizədlərdən elektron
ərizələr 2010-cu il avqust ayının 20-dən 27-dək
qəbul edilir. Ərizə doldurularkən yalnız bir
ixtisas seçilə və ən çoxu 4 vakant yerin kodları
siyahıdan daxil edilə bilər. Ərizədə (*) işarəsi
olan sahələr mütləq doldurulmalıdır. Əks halda
ərizə qeydiyyatdan keçməyəcəkdir. Ərizəsinə
yanlış məlumatlar daxil edən nəmizədlər
müsabiqəyə buraxılmır.
4. Ərizəyə bütün məlumatları daxil etdikdən
sonra namizəd "Qeydiyyat" düyməsini sıxaraq
ərizəsini qeydiyyatdan keçirir. Namizəd
qeydiyyata alınan ərizəsini bir daha diqqətlə
yoxlamalı və məlumatların düzgünlüyünə əmin
olduqdan sonra "Təsdiq edirəm" düyməsini
sıxmalıdır. Hər bir namizəd yalnız bir dəfə
ərizə doldura və onu təsdiqləyə bilər. Namizəd
ərizəni təsdiqlədikdən sonra "Çap etmək"
düyməsini sıxaraq ərizəni çap etməlidir.
5. Ərizə təsdiq edildikdən sonra proqram
tərəfindən namizədə şəxsi kod və parol təyin
olunur. Unutmayın: təyin edilən kod və parol
mütləq yadda saxlanılmalı və ya çap edilməlidir.
Sonradan şəxsi kod və parolu
www.edu.gov.az saytının
"Müəllimlərin işə qəbulu üzrə müsabiqə"
səhifəsinə daxil etməklə namizəd "Şəxsi
kabinet"ə daxil ola bilər. "Şəxsi kabinet"də hər
bir namizədə aid olan və onun üçün nəzərdə
tutulan bütün məlumatlar yerləşdirilir. Namizəd
əvvəlcədən ərizəsini çap edə bilməyibsə, "Şəxsi
kabinet"ə daxil olmaqla ərizəsini çap edə bilər.
Diqqət! "Şəxsi kabinet" vasitəsilə namizəd
müsahibə və ya test imtahanının keçirilmə vaxtı
və yeri, müsabiqənin nəticələri və s. haqda
məlumatlandırılacaqdır.
6. Namizədlər 23-28 və 30-31 avqust 2010-cu il
tarixlərdə elektron ərizəsinin çap olunmuş
variantını və digər müvafiq sənədləri (kadrların
şəxsi uçot vərəqi, diplom, diploma əlavə, ali
məktəbi son 3 ildə bitirənlər üçün təyinat
vərəqəsi və ya müstəqil işə düzəlməyə icazə
verən arayış, əmək kitabçası, şəxsiyyət
vəsiqəsinin və ərizə formasındakı göstəriciləri
təsdiq edən digər sənədlərin surətləri) Təhsil
Nazirliyinin Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması şöbəsinə təqdim
etməlidir. Sənədlərin qəbulu hər gün saat
10.00-dan 18.00-dək nazirliyin qəbul otağında
aparılır. Müəyyənləşdirilmiş müddət bitdikdən
sonra sənədlərin qəbulu dayandırılır.
7. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 2
mərhələdə keçirilir. I mərhələdə vakant yerlərə
ərizə vermiş namizədlərin göstəriciləri
müəyyənləşdirilmiş meyarlar əsasında, kompüter
proqramı vasitəsilə qiymətləndirilir.
8. Müsabiqənin II mərhələsində namizədlərlə
müəyyən olunmuş vaxtda müsahibə və ya test
imtahanı keçirilir.
9. 3-5 sentyabr 2010-cu il tarixdə namizədlər
kod və parolu vasitəsilə "Şəxsi kabinet"dən
müsabiqəyə buraxılması, müsahibə və ya test
imtahanının keçirilmə vaxtı və yeri barədə
məlumat əldə edirlər. Hər hansı bir səbəbdən
göstərilən vaxtda müsahibə və ya imtahanda
iştirak etməyənlər üçün təkrar müsahibə və
imtahan təşkil edilmir və onların şikayətlərinə
baxılmır.
10. Fiziki tərbiyə, gənclərin çağırışaqədərki
hazırlığı, əmək hazırlığı, rəsmxət, təsviri
incəsənət, musiqi və nəğmə fənlərindən vakant
yerlərə işə qəbul nazirliyin müsabiqə
komissiyası tərəfindən müsahibə formasında
aparılır, müəyyənləşdirilmiş meyarlar əsasında
qiymətləndirmə aparılır və nəticələr kompüter
proqramına daxil edilir.
11. Digər fənlərdən (dil və ədəbiyyat,
riyaziyyat, informatika, fizika, kimya,
biologiya, tarix, coğrafiya, xarici dil),
həmçinin ibtidai sinif müəllimi ixtisası üzrə
vakant yerlərə müsabiqə test imtahanı yolu ilə
aparılır. İmtahanda hər namizədə fərdi olaraq
kompüterdə uyğun ixtisaslar üzrə məktəb proqramı
əsasında tərtib edilmiş 25 test tapşırığı
verilir və bunun cavablandırılmasına 40 dəqiqə
vaxt ayrılır. Hər bir düzgün cavab 1 bal ilə
qiymətləndirilir və verilmiş vaxt ərzində icra
olunduqdan dərhal sonra ümumi bal kompüterdə
göstərilir. Test tapşırıqlarının 80 və daha
yüksək faizinə düzgün cavab vermiş namizədlər
keçid balını toplamış hesab olunurlar.
12. Qiymətləndirmənin I və II mərhələlərinin
nəticələri nəzərə alınmaqla namizədlərin yekun
qiymətləndirilməsi kompüter proqramı vasitəsilə
həyata keçirilir.
13. Yekun qiymətləndirmədən sonra vakant yerlərə
yerləşdirmə kompüter proqramı vasitəsilə ən
yüksək bal toplamış namizəddən başlamaqla həyata
keçirilir. Hər hansı ixtisas üzrə bir vakant
yerə 2 və daha artıq sayda eyni bal toplamış
namizədlər olduqda, müsabiqə komissiyası bütün
halları araşdırmaqla və onlarla aparılan
müsahibənin nəticələrinə uyğun qərar qəbul edir.
14. Müsabiqənin nəticələrinə əsasən işə qəbul
edilən müəllimlərin siyahısı nazirliyin İnternet
saytında yerləşdirilir, siyahı və şəxsi işlər
rəsmi məktubla aidiyyəti üzrə yerli təhsili
idarəetmə orqanlarına göndərilir.
15. Yerli təhsili idarəetmə orqanlarının
məktubuna əsasən məktəb direktoru ilə işə
götürülən müəllim arasında əmək müqaviləsi
bağlanılır və işə qəbul mövcud qanunvericiliyə
uyğun rəsmiləşdirilir.
16. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya
şikayətinə müsabiqələr tam başa çatdıqdan sonra,
bir həftə ərzində baxılır.
Qeyd: Bakı şəhərinin ümumtəhsil məktəblərində
olan vakant yerlərə namizədlərin sənədlərinin
qəbulu zamanı onların Bakı şəhərinə
qeydiyyatının və ali pedaqoji təhsilinin olması
nəzərə alınır.
2010-2011-ci tədris
ilində respublikanın ümumtəhsil məktəblərində
olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə
bağlı reqlament
2010-2011-ci dərs ilində Bakı şəhərinin
ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu
üzrə vakant yerlər haqqında məlumat
2010-2011-ci dərs ilində respublikanın digər
şəhər və rayonlarının ümumtəhsil məktəblərində
müəllimlərin işə qəbulu üzrə vakant yerlər
haqqında məlumat
Azərbaycan Respublikası Təhsil Nazirliyi |