Təhsil bütövlükdə xalqın bu günü, sabahı və daha
uzaq gələcəyi ilə bağlı olan, onun intellektual
inkişafına yönələn məqsədyönlü, planlı bir
prosesdir. Burada öyrədən də, öyrənən də məhz
xalqın özüdür.
Həmin prosesin nəticələri xalqın gələcəyinə
hesablanır.
Bu gün - dünya təhsilinə inteqrasiyanın müxtəlif
istiqamətlərdə reallaşdırıldığı bir zamanda
bölgənin, bütövlükdə ölkənin təhsil tarixinin
öyrənilməsi və inkişaf qaynaqlarının aşkara
çıxarılması perspektivlərin dəqiq
müəyyənləşdirilməsi və istənilən uğurların
qazanılması ilə bağlıdır.
Odur ki, bu sahədə görülmüş hər bir iş xalqa,
gələcəyə xidmətdir.
"Şamaxı - təhsil tarixi" irihəcmli kitabı (elmi
redaktoru Ə.Xəlilov, rəyçiləri AMEA-nın müxbir
üzvü, professor N.Cəfərov, professor F.Rüstəmov,
professor O.Rzaquliyev və b.) bu baxımdan
vaxtında yazılmış əsərdir. Müəlliflər - Şamaxı
RTŞ-ın əməkdaşı, BDU-nun dissertantı Ədalət
Məmmədov və Şamaxı RTŞ-ın müdiri, respublikanın
əməkdar müəllimi Viktor Əliyev monoqrafiyada
milli dövlətçiliyimizin nümunəsi olan
Şirvanşahların paytaxtı Şamaxının təhsilinin
inkişaf tarixinə zəngin mənbələr əsasında işıq
salıblar. Kitaba "Ön söz"ü akademik Vasim
Məmmədəliyev yazmışdır.
16 fəsildən ibarət kitabın tarixi-mədəni
dəyərləri çoxdur. İlk fəsildə yerli abidələrə,
mənbə və yazılı qaynaqlara istinad olunaraq
müstəqil Şirvanşahlar dövlətinin paytaxtı
Şamaxının salnaməsi səhifələnir, zəngin faktlar
vasitəsilə qədim və məşhur şəhər barədə bu günün
və gələcəyin oxucularına geniş məlumat
çatdırılır.
Şirvan torpağı Azərbaycandan ayrı şəkildə deyil,
ümumilikdə türk dünyası ilə əlaqəli şəkildə
tarixi-coğrafi obyekt kimi alınıb, onun
mədəniyyəti, təhsili ümumazərbaycan kontekstində
götürülərək təsvir və təhlil olunub. Bu baxımdan
"Qədim yazı işarələrindən əlifbaya doğru",
"Kitabi-Dədə Qorqud" -- möhtəşəm sənət
abidəmiz", "Orta əsrlərdə Azərbaycan
elmi-fəlsəfi və pedaqoji fikir tariximizə bir
nəzər" adlı fəsillər Şamaxının salnaməsinin,
təhsil tarixinin ümumtürk dəyərləri ilə
ortaqlığından xəbər verir. Əsərin böyük və
zəngin faktlarla qələmə alınmış fəsillərindən
biri "İslam və təhsil" adlanır. Şamaxı məktəb və
mədrəsələrinin erkən orta əsrlərdən XIX əsrə
qədərki dövrü bu fəsildə mərhələ və inkişaf
dinamikası üzrə tədqiq olunmuşdur.
Ölkəmizin, eləcə də onun qədim bölgələrindən
olan Şamaxının təhsilinin inkişafında XIX əsr
mühüm mərhələdir. Müəlliflər "XIX əsr Azərbaycan
məktəbi" adlı bölmədə ictimai-siyasi durumu
təhlil etməklə, quberniya mərkəzi olan Şamaxıda
açılmış "ali ibtidai", "müsəlman", "şəhər
məktəbi" tipli təhsil ocaqlarından geniş söhbət
açıblar. Fəsildə oxucular üçün maraqlı olanlar
arasında kənd məktəbləri, xalq məktəbləri, bazar
günləri məktəbləri haqqında məlumatlardır.
Azərbaycan şair, yazıçı və publisistləri həm də
əsl maarifpərvərlər olmuşlar. S.Ə.Şirvani
məktəbdarlıq, müəllimlik etmiş, dərs vəsaiti
hazırlamış, əsərlərində maarifçilik ideyalarını
təbliğ etmişdir. Bu baxımdan S.M.Qənizadə,
M.Mahmudbəyov, Ə.Orucov, S.Ünsizadə, Qori
Müəllimlər Seminariyasının inspektoru
A.O.Çernyayevskinin tarixi xidmətləri böyükdür.
Monoqrafiyanın "Rus-Azərbaycan məktəblərinin
meydana gəlməsi və Şamaxı maarifpərvərləri"
adlı fəsli məhz bu faktların şərhinə,
həmin maarifpərvərlərin fəaliyyətinin təsvirinə
həsr olunub.
Şamaxı mühitinin özəlliklərindən biri məhz
şairlərin xalqın maariflənməsində mühüm rol
oynamalarıdır. Belə ki, M.Ə.Sabir, A.Səhhət,
M.Hadi kimi ədəbi-tarixi şəxsiyyətlər həm şəxsi
fəaliyyətləri ilə məktəbin inkişafına xidmət
etmiş, həm də əsərlərində maarifçiliyi təbliğ
sahəsində uğurlu işlər görmüşlər.
Kitabın "XX əsrin başlanğıcında Şamaxıda
ictimai-milli və ədəbi-bədii uğurların ifadəsi"
adlı onuncu fəslində bu haqda faktlar təhlil
edilib, qadın təhsili sahəsində uğurlar (ilk qız
məktəbinin açılması və s.) qələmə alınıb.
Əsərin "Azərbaycan Demokratik Respublikası
dövründə maarif və məktəb" (1918-1920), "Yaxın
tariximiz - 70 ildə sovet məktəbi" kimi fəsillər
də diyarşunaslıq faktları ilə bağlı səhifələrlə
zəngindir. Məlum olur ki, ADR zamanında xaricdə
təhsil almağa göndərilmiş 100 nəfər azərbaycanlı
gəncdən 5 nəfəri şamaxılı imiş. İstər ADR
zamanında, istərsə də sovet hakimiyyəti
illərində əslən şirvanlı olan M.Mahmudbəyov,
C.Cəbrayılbəyli kimi pedaqoqlar sələflərinin
yolunu davam və inkişaf etdirmiş, gələcək
nəsillər üçün nümunəyə çevrilmişlər.
Ədalət Məmmədov və Viktor Əliyevin arxiv
materialları, müxtəlif tarixi-pedaqoji mənbə və
qaynaqlar əsasınla qələmə alıb nəşr etdirdikləri
monoqrafiyanın sonuncu fəsli çox zəngin faktlara
söykənir.
Kitabın ədəbi-tarixi dəyərini artıran tərəflər
bunlardır: fəsillərə müvafiq epiqrafların,
Şamaxının tarixi və gözəlliyi ilə bağlı görkəmli
şəxsiyyətlərin fikirlərinin, müxtəlif şəkil və
rəsmlərin reproduksiyalarının verilməsi,
statistik rəqəmlərin təqdimi və s.
Dövri nəşrlərdə dərc olunmuş resenziyalarda da
kitabın tarixi, mədəni dəyəri olduğu qeyd
edilir: "Monoqrafiyada müstəqil, demokratik
Azərbaycan Respublikasının təhsil islahatları,
Şamaxının timsalında təhsilimizin bugünkü
nailiyyətləri sadalanmış, geniş şərh olunmuşdur.
Belə ki, Heydər Əliyev Fondunun 2004-cü ildən
başlayaraq "Yeniləşən Azərbaycana yeni məktəb"
Proqramı çərçivəsində ölkənin müxtəlif
regionlarında məktəblərin yenidən qurulması,
müasir avadanlıqla təmin olunması,
kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi və
bu kimi digər təhsilimizin inkişafına yönəlmiş
əvəzsiz işlərdə Şamaxı da unudulmamış, məhz bu
cür xidmətlərdən bəhrələnmişdir. Şamaxı
şəhərində yerləşən bütün ümumtəhsil məktəblərin,
onların pedaqoji kadrlarının, qabaqcıl
müəllimlərinin, məktəblərin əldə etdiyi
nailiyyətlərin kitabda xüsusilə əks olunması
təqdirəlayiqdir".
Təbii ki, hər bir sahədə ilk addım, ilk təşəbbüs
müəyyən çatışmazlıq və ya nöqsanlardan xali
olmur. Bu mənada kitabda mübahisə doğuran
məqamlar, qrammatik səhvlər var. Lakin bunlar
irihəcmli kitabın ümumi tarixi, pedaqoji, mədəni
dəyərləri ilə müqayisədə çox deyil.
Hər bir vətəndaş həyatının hansı mərhələsindəsə
vətən, xalq, diyar qarşısında öz tarixi hünərini
göstərir, layiqli iş görür. Bu yöndən Şamaxı
RTŞ-ın müdiri V.Əliyevlə şöbənin aparıcı
mütəxəssisi Ə.Məmmədovun gərgin zəhmət, ciddi
axtarış və məqsədyönlü fəaliyyət nəticəsində
araya-ərsəyə gətirdikləri "Şamaxı-təhsil tarixi"
(Bakı: Zərdabi LTD MMC, 528 s.) adlı irihəcmli
kitab çox dəyərli əsərdir. Ümidvarıq ki, bu əsər
ayrı-ayrı bölgələr üzrə belə kitabların
hazırlanması sahəsində ilk qaranquş olacaq.
Ş.MƏMMƏDOV |