Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək, xalqımızın ümummilli lideri Heydər
Əliyevin xatirəsini ehtiramla anıb məzarı önünə
tər güllər qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi yad olunaraq məzarı
üstünə gül dəstəsi düzüldü.
Sonra təhsil işçiləri Şəhidlər xiyabanında
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini yad etdilər.
Konfransda Milli Məclis sədrinin I müavini
Ziyafət Əsgərov, Prezident Administrasiyasının
Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Fatma Abdullazadə, Yeni Azərbaycan Partiyası
sədrinin müavini - icra katibi Əli Əhmədov,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili Səttar
Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə,
deputatlar, təhsil nazirinin müavinləri,
nazirliyin struktur bölmələrinin rəhbərləri,
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq
qurumların təmsilçiləri, ali və orta ixtisas
təhsili müəssisələrinin rəhbərləri, şəhər və
rayon təhsil idarəsi və şöbələrinin müdirləri,
Təhsil Nazirliyinə birbaşa tabe olan lisey və
gimnaziyaların, paytaxtın bir sıra qabaqcıl orta
məktəblərinin direktorları, elmi-pedaqoji
ictimaiyyətin nümayəndələri, 2010-cu ildə
keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin qalibləri, KİV
əməkdaşları iştirak edirdilər.
Konfransı aparan Azərbaycan Milli
Konservatoriyası tərkibində İncəsənət
Gimnaziyasının şagirdləri tədbiri açıq elan
etdikdən sonra məktəblilərin ifasında Azərbaycan
Respublikasının Dövlət himni səsləndi. Təhsil
sahəsində dövlət siyasətini əks etdirən
videoçarx nümayiş etdirildi.
Sonra
"2009-2010-cu dərs ilinin yekunları və
2010-2011-ci dərs ilində qarşıda duran
vəzifələr" mövzusunda məruzə-təqdimat üçün söz
təhsil naziri Misir Mərdanova verildi.
Çıxışına zala toplaşmış çoxsaylı qonaqları və
təhsil işçilərini salamlamaqla başlayan təhsil
naziri konfrans iştirakçılarına nümayiş
etdirilmək üçün əhatəli təqdimat hazırlandığını,
lakin çox geniş olduğundan onu bütövlükdə
göstərməklə bəzi mühüm məqamları üzərində
dayanacağını bildirdi.
Konfrans iştirakçılarının diqqətini öncə
2009-2010-cu dərs ilinin mühüm hadisələrinə cəlb
edən təhsil naziri hər tədris ilində olduğu
kimi, ötən tədris ilinin də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
təhsilə diqqət və qayğısı, dövlət siyasətində
təhsilin əsas prioritet təşkil etməsi ilə yadda
qaldığını söylədi. Nazir ötən tədris ili ərzində
ölkə Prezidenti tərəfindən təhsillə bağlı 45
sərəncam və 3 fərmanın imzalanmasını, 470 təhsil
işçisinin müxtəlif fəxri adlara layiq
görülməsini təhsilə, təhsil işçilərinə
göstərilən qayğının bariz nümunəsi kimi
qiymətləndirib, bütün bunlara görə ölkə
başçısına təhsil işçiləri adından
minnətdarlığını bildirdi.
Təhsil naziri "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə
ölkə Prezidentinin 5 sentyabr 2009-cu il tarixdə
imzaladığı fərmanını, Bakı Dövlət
Universitetinin 90, Azərbaycan Dövlət Aqrar
Universitetinin və Azərbaycan Müəllimlər
İnstitutunun 80 illik yubileylərinin, Bakı
şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm
Olimpiadasının keçirilməsini, Azərbaycan Tibb
Universitetinin, Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının, İqtisad Universitetinin 80 illik
yubileylərinin keçirilməsi, ali təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin
tətbiq edilməsi barədə, "Ən yaxşı müəllim" və
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin
qaliblərinin mükafatlandırılması haqqında
Prezidentin fərman və sərəncamlarını ötən tədris
ilinin mühüm hadisələri sırasında xüsusi qeyd
etdi.
Artıq üçüncü ildir ki, keçirilən müsabiqələrin
nəticələri barədə ətraflı məlumat verən nazir
müsabiqə qaliblərinin, bu mötəbər yarışmada
fəallıq göstərən və onda iştirak etməyən rayon
və şəhərlərin adları ilə konfrans
iştirakçılarını tanış etdi.
Nazir vurğuladı ki, təhsilin inkişafı Nazirlər
Kabinetinin fəaliyyətində də əsas
prioritetlərdən biri olmuş, 2009-2010-cu dərs
ilində hökumət tərəfindən təhsillə bağlı 25
qərar imzalanmışdır. Həmin qərarların adları və
qısa məzmunları konfrans iştirakçılarına təqdim
olundu. Nazir hökumətin müvafiq qərarı ilə bir
sıra ölkələrdə dövlət xətti ilə təhsil alan
tələbə, aspirant və doktorantların təqaüdlərinin
artırıldığını diqqətə çatdırdı.
Təhsil
naziri məruzə-təqdimatında daha sonra ötən dərs
ilinin mühüm göstəriciləri üzərində dayandı.
Ölkə büdcəsində 2010-cu ildə təhsilə ayrılan
xərclərin ötənilkinə nisbətən 10 faiz
artırılaraq 1,276 milyard manat təşkil etməsini
təhsilimizin inkişafına yönəlmiş ən ciddi
addımlardan biri kimi dəyərləndirdi. Qeyd etdi
ki, investisiyaların həcmi də artaraq 2009-cu
ildəki 63,7 milyon manata qarşı 2010-cu ildə
71,4 milyon manat təşkil etmişdir. Təhsil
işçilərinin orta aylıq əməkhaqqının artımını,
bir ildə bir təhsilalana düşən xərclərin inkişaf
dinamikasını əks etdirən qrafik və diaqramlar
nümayiş olundu. Məlum oldu ki, dövlət
məktəbəqədər təhsil müəssisələrində bir
təhsilalana düşən xərc 2008-ci ildə 703, 2009-cu
ildə 810 manat olmuşsa, 2010-cu ildə 816 manat
təşkil etmişdir. Halbuki ayrı-ayrı özəl
məktəbəqədər müəssisələr üzrə bu rəqəm 400-750
manat arasında dəyişir. Dövlət ümumi təhsil
müəssisələrində həmin göstərici müqayisə olunan
illər üzrə müvafiq şəkildə 420, 545 və 550 manat
təşkil etmişdir. Özəl ümumi təhsil
müəssisələrində isə bir təhsilalana düşən illik
xərclər xeyli yüksək olub 4000-4800, (Qərb
Universitetinin nəzdindəki ümumtəhsil məktəbi),
7000 ("Odlar Yurdu" Universitetinin nəzdindəki
ümumtəhsil məktəbi), 8000 (Müasir Təhsil
Kompleksi), 6000 (XXI əsr ÜTM), 9000 (Günar
MMC-nin ümumtəhsil məktəbi) manatdır.
Texniki peşə təhsili müəssisələrində bir
təhsilalana dövlət 2008-ci ildə əgər 943 manat
xərc çəkmişdirsə, 2009-cu ildə həmin rəqəm 1108,
2010-cu ildə isə 1133 manat olmuşdur. Müqayisə
olunan illərdə orta ixtisas təhsili
müəssisələrində bir təhsilalana düşən xərclər
566, 741 və 750, dövlət ali təhsil
müəssisələrində isə 986, 1358 və 1548 manat
olmuşdur.
Misir Mərdanov məruzə-təqdimatında təhsilin hər
pilləsi üzrə bəzi statistik rəqəmlər, görülmüş
işlər, mövcud problemlər və qarşıda duran
vəzifələr haqqında konfrans iştirakçılarına
ətraflı məlumat verdi. Öncə dövlət və özəl
məktəbəqədər təhsil müəssisələri ilə bağlı
statistik rəqəmlər nümayiş olundu. Nazir qeyd
etdi ki, hazırda ölkəmizdə dövlətə məxsus 1624
məktəbəqədər təhsil müəssisəsi fəaliyyət
göstərir. Ötən illə müqayisədə onların sayının
17 vahid artdığını bildirən təhsil naziri bu
artımı son vaxtlar xeyli bağçanın tikilərək
istifadəyə verilməsi ilə əlaqələndirdi. Özəl
uşaq bağçalarının sayının da artdığı qeyd
olundu. Belə ki, əgər 2009-cu ildə ölkədə cəmi 5
özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət
göstərmişdirsə, bu il onların sayı 16-ya
çatmışdır.
Nazir daha sonra Azərbaycan Respublikası
Prezidentinin 12 aprel 2007-ci il tarixli
Sərəncamı ilə təsdiq olunmuş "Məktəbəqədər
təhsilin yeniləşdirilməsi Proqramı"nda nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi haqqında
məlumat verərək bildirdi ki, proqramın icrasına
2010-cu ildə 5,0 milyon manat vəsait ayrılması
nəzərdə tutulmuş, il ərzində 3 yeni uşaq bağçası
tikilib istifadəyə verilmiş, 6 müəssisə əsaslı
təmir edilmiş, 32 müəssisədə cari təmir işləri
aparılmışdır. Həyata keçirilən tədbirlər
nəticəsində Bakı şəhərində bağçalara cəlb
olunmuş uşaqların sayı 8601 nəfər artmış,
təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26
faizi ötmüşdür.
Nazir Heydər Əliyev Fondunun bu sahədəki
xidmətlərini xüsusi qeyd etdi, dövlət vəsaiti
hesabına və Fondun dəstəyi ilə tikilmiş və təmir
olunmuş uşaq bağçalarından fotogörüntülər
nümayiş etdirildi.
Məktəbəqədər təhsil müəssisələrinin tədris
vəsaitləri ilə təminatına toxunan nazir bildirdi
ki, 2010-cu ildə 14 adda 39900 ədəd masaüstü
oyun və 300 ədəd yeni təlim vəsaiti hazırlanaraq
məktəbəqədər təhsil müəssisələrinə
çatdırılmışdır. Nazir habelə məktəbəqədər təhsil
müəssisəsi olmayan yaşayış məntəqələrində yeni
müəssisələrin inşası ilə bağlı investisiya
Proqramının hazırlandığını, "Beşyaşlıların
qısamüddətli təlim qruplarında məktəbə
hazırlanması üçün proqram" və "Valideynlərin
maarifləndirilməsi proqramı"nın həyata
keçirilməsi ilə bağlı 6 pilot rayonunda müvafiq
treninqlər keçirildiyini diqqətə çatdırdı.
Təhsil naziri məktəbəqədər təhsil sahəsindəki
problemlərdən danışaraq dedi ki, məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki bazası
zəifdir, 1173 müəssisənin əsaslı təmirə ehtiyacı
var. 362 məktəbəqədər təhsil müəssisəsində 7998
nəfərdən ibarət 1768 məcburi köçkün ailəsi
məskunlaşıb. Hazırda məktəbəqədər müəssisələrə
uşaqların cəlb olunması sahəsindəki vəziyyətin
onu daha çox narahat etdiyini söyləyən nazir
bildirdi ki, bu sahədəki ən mühüm problem
ölkədəki mövcud 3532 yaşayış məntəqəsindən
2667-də (75,5%) məktəbəqədər təhsil
müəssisəsinin olmamasıdır. Problemin daha kəskin
müşahidə edildiyi rayonların adlarını göstərən
cədvəl konfrans iştirakçılarının diqqətinə
çatdırıldı. Problemlər sırasında nazir
məktəbəqədər təhsil müəssisəsində 1 gün ərzində
1 uşağın qidalanması üçün ayrılan vəsaitlərin
normadan az, pedaqoji heyətin əməkhaqqının aşağı
olmasını qeyd edib qarşıda duran vəzifələrdən
danışdı.
Təhsil nazirinin məruzə-təqdimatında təhsilin ən
mühüm pillələrindən biri olan ümumi təhsilin
inkişafı yönündə görülmüş işlər və bu sahədəki
mövcud problemlər də ətraflı təhlil olundu.
Nazir öncə sahə ilə bağlı statistikanı diqqətə
çatdırdı. Qeyd etdi ki, 2010-2011-ci dərs ilində
ölkə üzrə 4529 ümumtəhsil məktəbində 1352500
nəfər şagird oxuyacaq. Nazir bu il ümumtəhsil
məktəblərinin I siniflərinə qəbul olunacaq
şagirdlərin sayında 2 mindən çox artım
gözlənildiyini diqqətə çatdırdı. Məktəb
infrastrukturunun inkişafı yönündə görülmüş
işlərə diqqəti yönəldən nazir bildirdi ki,
2010-cu ildə 17434 yerlik 49 yeni məktəb inşa
edilib, 10 məktəb üçün 1418 yerlik əlavə
korpuslar tikilib, 7 məktəb əsaslı təmir olunub.
356 məktəbdə təmir işləri aparılıb, 6980 yerlik
25 yeni məktəb binasının tikintisinə başlanıb.
Son illər məktəblərin infrastrukturunun
yeniləşdirilməsi sahəsində Heydər Əliyev
Fondunun müstəsna xidmətləri olduğunu söyləyən
təhsil naziri 2010-cu ildə Fondun təşəbbüsü ilə
1100 yerlik 2 yeni məktəb binasının, Gürcüstanda
azərbaycanlı soydaşlarımızın yaşadığı
bölgələrdə 3 yeni məktəbin tikilib istifadəyə
verildiyini diqqətə çatdırdı.
Nazir məktəblərin avadanlıqla təminatı sahəsində
görülən işlərdən də danışıb, 2010-cu ildə bu
məqsədlər üçün 3,2 milyon manat vəsait nəzərdə
tutulduğunu, 64 rayon təhsil şöbəsinə ümumtəhsil
məktəbləri üçün 27414 parta, 2315 yazı lövhəsi,
4313 müəllim masası, 7662 müəllim stolu
verildiyini, laboratoriyalarla təminat üçün 1,9
milyon manat vəsait ayrıldığını, həmin vəsait
hesabına 115 məktəbin müasir kimya və fizika
laboratoriyaları ilə təmin edildiyini, ayrılmış
941 min manat vəsait hesabına 66 məktəbin
kitabxanasının zəruri avadanlıqla təchiz
olunduğunu diqqətə çatdırdı. Problemlərə toxunan
nazir bildirdi ki, hazırda ölkə üzrə 262 məktəb
qəza vəziyyətindədir, 872 məktəbin isə əsaslı
təmirə ehtiyacı var. Ən ciddi problemlərdən
birinin məktəb şəbəkəsinin rasionallaşdırılması
ilə bağlı olduğunu söyləyən təhsil naziri
konfrans iştirakçılarının diqqətini bu sahədəki
vəziyyəti əks etdirən slayda cəlb etdi. Nümayiş
olunan diaqramdan bəlli oldu ki, hazırda ölkədə
şagirdlərin sayı 30-dək olan 315 ibtidai, 89
ümumi orta və 9 tam orta məktəb var. Şagirdlərin
sayı 31-dən 50-dək olan məktəblərin sayı müvafiq
olaraq 38, 154 və 74, 51-dən 100-dək olanlar isə
9, 325 və 323-dür. Nazir bu istiqamətdə artıq
müəyyən işlərin aparıldığını diqqətə çatdırdı.
Daha sonra təhsil naziri kurikulum islahatının
gedişi barədə məlumat verərək bildirdi ki, iki
ildir yeni kurikulumlar tətbiq olunur. Bü il
islahat III sinifləri əhatə edəcək. Yeni
kurikulumların tətbiqi ilə əlaqədar 2010-2011-ci
tədris ilində I siniflərdə işləyən 9 minədək
müəllim xüsusi proqram əsasında öyrədici təlim
kurslarından keçirilmiş və nümunəvi tədris
materialları ilə təmin edilmişdir. Yeni
kurikulumların tətbiqini son 100 ildə təhsil
tariximizdə ən əhəmiyyətli hadisələrdən biri
adlandıran nazir onun tətbiqi ilə bağlı yaranmış
müsbət dəyişikliklərə diqqəti yönəldib, ötən
dərs ilində V-XI siniflər üzrə 9 fəndən
kurikulum layihələrinin hazırlandığını, Milli
Kurikuluma müvafiq olaraq 3 pilot məktəbində
həndəsə və cəbrin inteqrativ proqramla
riyaziyyat fənni kimi tədrisi layihəsinə
başlandığını söylədi, xarici dillərin intensiv
tədrisi barədə məlumat verdi.
Məruzə-təqdimatında ümumtəhsil pilləsində tətbiq
olunan yeni qiymətləndirmə sistemi haqqında da
söz açan təhsil naziri Nazirlər Kabinetinin 13
yanvar 2009-cu il tarixli qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil
sistemində Qiymətləndirmə Konsepsiyası"na uyğun
olaraq məktəbdaxili, milli və beynəlxalq
qiymətləndirmə sahələrində işlərin davam
etdirildiyini, konsepsiyanın müddəaları əsas
tutulmaqla ümumtəhsil məktəblərində, peşə
liseylərində buraxılış imtahanları və
şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında
yeni qaydaların hazırlanaraq Ədliyyə Nazirliyi
tərəfindən qeydiyyata alındığını, yeni
məktəbdaxili qiymətləndirmə qaydalarının,
qiymətləndirmə vasitələrinin hazırlandığını qeyd
etdi. Bildirdi ki, 2009-2010-cu dərs ilində
təhsil tariximizdə ilk dəfə olaraq ümumtəhsil
məktəblərində və peşə liseylərində ümumi orta və
tam orta təhsil səviyyələri üzrə buraxılış
imtahanları mərkəzləşdirilmiş qaydada
keçirilmişdir. Nazir həmin imtahanların bəzi
ümumi nəticələri, habelə milli və beynəlxalq
qiymətləndirmə sahəsində görülmüş işlər və
qarşıda duran vəzifələrlə konfrans
iştirakçılarını tanış etdi.
Təhsil naziri 2010-cu ildə ali məktəblərə
qəbulun ilkin nəticələri barədə təqdimatında söz
açaraq bəzi göstəricilər üzrə aparılmış
təhlilləri diqqətə çatdırdı. Qeyd etdi ki, ötən
illə müqayisədə bu il qəbul imtahanlarında 0-100
bal toplayan abituriyentlərin sayında
hissolunacaq azalma baş verib. Əgər ötən il
belələri imtahan verənlərin 31,48 faizini təşkil
edirdisə, bu il həmin göstərici 28,12 faizə
enib. 100-200 intervalında bal toplayanların da
sayı təxminən 1 faiz azalıb. 300-500 və 500-700
arasında bal toplayanların sayı isə müvafiq
olaraq 21,23 faizdən 23,03 faizə və 6,40 faizdən
8,58 faizədək artıb. Əgər ötən il 996
abituriyent 600-dən çox bal toplamışdırsa, bu il
onların sayı artaraq 1365 olub.
Xüsusi qeyd olundu ki, qəbul imtahanlarında
300-dən çox bal toplayan abituriyentlərin sayı
artaraq 2009-cu ildəki 20,70 faizə qarşı 2010-cu
ildə 31,62 faiz olub. Orta bal göstəricilərini,
əlaçı abituriyentlərin nəticələrini, Bakı şəhəri
üzrə ali məktəblərə qəbul göstəricilərini əks
etdirən diaqramlar, 700 bal toplamış
abituriyentlər haqqında məlumatlar konfrans
iştirakçılarının diqqətinə çatdırıldı.
Nazir istedadlı şagirdlərlə aparılmış işlərlə də
tədbir iştirakçılarını tanış edərək bildirdi ki,
Azərbaycan Respublikası Prezidentinin 17 aprel
2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş, "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)" üzrə işlər davam etdirilmiş, Gəncə,
Mingəçevir, Sumqayıt, Şirvan şəhərləri və Quba,
Ağdaş, Şəki, Lənkəran rayonlarının seçilmiş 8
məktəbinin bazasında istedadlı şagirdlər üçün
lisey sinfi təşkil edilmişdir. Qeyd olundu ki,
2010-cu il aprelin 27-dən mayın 3-dək Bakı
şəhərində məktəblilərin kimya üzrə 44-cü
Beynəlxalq Mendeleyev Olimpiadası keçirilmiş,
həmin yarışlarda Azərbaycan komandası 1 qızıl və
3 bürünc medal almışdır. 2009-cu ilin 3-10
dekabr tarixlərində Bakıda keçirilən
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasında
iştirak etmiş 12 azərbaycanlı məktəblidən də
2-si gümüş, 7-si isə bürünc medal qazanmışdır.
2010-cu ildə dünya fənn olimpiadalarında
Azərbaycan məktəbliləri 5 gümüş və 6 bürünc
medal əldə etmişlər.
Təhsil sahəsində həyata keçirilən digər bir
proqrama - De-institutlaşdırma proqramına da
toxunan nazir 2010-cu ildə proqramın icrasına
645 min manat vəsait ayrıldığını, Nazirlər
Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin
nəzdində Uşaqların Müdafiəsi İdarəsinin
yaradıldığını, dövlət uşaq müəssisələrinin
transformasiyası üzrə Baş plana əsasən bir sıra
müəssisələrin nəzdində reabilitasiya-inkişaf və
günərzi qayğı mərkəzlərinin, uşaq "qaynar xətt"
xidmətinin yaradıldığını diqqətə çatdırdı, bu
sahədə həyata keçirilən layihələr barədə məlumat
verdi.
Məruzə-təqdimatın dərslik siyasəti bölümündə
nazir 2010-2011-ci tədris ili üçün 127 adda
4641700 nüsxə dərslik və müəllim üçün metodik
vəsaitin çap olunduğunu dedi. Bildirdi ki, yeni
kurikulum tətbiq edilən III siniflər üçün 40
adda 1088250 nüsxə dərslik və müəllim üçün
metodik vəsait, I, VI və VIII-XI siniflər üçünsə
70 adda 3417800 nüsxə dərslik və 1 adda 600
nüsxə müəllim üçün metodik vəsait çap
olunmuşdur.
Yeni çap olunmuş dərsliklərin və vəsaitlərin
fotogörüntüləri konfrans iştirakçılarına nümayiş
olundu.
Təhsil naziri təhsil müəssisələrinin pedaqoji
kadrlarla təminatı sahəsində görülmüş işlərdən
də bəhs edərək Nazirlər Kabinetinin qərarına
əsasən 2010-2011-ci tədris ilinə ucqar kənd
məktəblərindəki vakant yerlərə stimullaşdırıcı
tədbirlər tətbiq edilməklə 800 nəfər gənc
mütəxəssis göndərildiyini, respublikanın
ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu
sahəsində yeni mexanizmlərin tətbiqinə
başlandığını, cari dərs ilində ölkə üzrə
müəllimlərin işə qəbulunun elektron vasitələr
əsasında iki mərhələli müsabiqə mexanizmi tətbiq
olunmaqla həyata keçirildiyini, görülən
tədbirlər nəticəsində müəllimlərin sayının ölkə
üzrə 173 mindən 168 minə endiyini söylədi. Nazir
onu da bildirdi ki, xüsusi proqram təminatı
hazırlanmaqla Bakı şəhərinin ümumtəhsil
məktəblərindəki 197, respublikanın digər şəhər
və rayonlarının məktəblərində 89 vakant yerə
hazırda müəllimlərin işə qəbulu aparılır. Nazir
bu sahədə də bəzi problemlərin olduğunu, belə
ki, bir stavkadan aşağı dərs saatı ilə işləyən
müəllimlərin sayının 21,5 faiz təşkil etdiyini,
müəllim-şagird nisbətinin ildən-ilə aşağı
düşdüyünü, müəllimlərin müəyyən hissəsinin
peşəkarlıq səviyyəsinin aşağı olduğunu söyləyib
həmin problemlərin aradan qaldırılmasının
qarşıda mühüm vəzifələr kimi durduğunu
vurğuladı.
Sonra ekranda məktəbdənkənar təhsil
müəssisələrinin mövcud durumunu əks etdirən
statistik göstəricilər nümayiş olundu. Bu sahədə
görülən işlərdən danışan nazir bir sıra
bölgələrdə yeni şahmat və idman məktəblərinin
tikildiyini və təmir olunduğunu, 2010-cu ilin I
rübündə dünya və Avropa birinciliklərində şahmat
üzrə 10 medal (5 qızıl, 3 gümüş, 2 bürünc),
idman məktəblərinin isə 112 medal qazandığını
qeyd etdi. Fəxrlə bildirdi ki, dünyanın ən güclü
20 şahmatçısından 3-ü Azərbaycan şahmatçısıdır.
Azərbaycan dünyanın ən güclü 10 şahmat ölkəsi
siyahısına daxil olmuşdur.
Məruzə-təqdimatında ölkədə həyata keçirilən
təhsil siyasətinin ən vacib istiqamətlərindən
birinin təhsil sisteminin
informasiyalaşdırılması olduğunu vurğulayan
Misir Mərdanov bu sahədə həyata keçirilən
proqramlar, əldə olunmuş uğurlar və görüləsi
işlər barədə də geniş məlumat verdi. Nazir
bildirdi ki, bu sahədə artıq ikinci proqram
həyata keçirilir. 2010-cu ildə proqramın
icrasına ümumilikdə 16414358 manat vəsait
ayrılmışdır. "Elektron məktəb" layihəsində
iştirak edən 20 ümumtəhsil məktəbinə 300 yeni
NEXSUS markalı fərdi kompüter, 336 ədəd (Dövlət
Proqramı çərçivəsində 236, "İntel" Korporasiyası
tərəfindən 100 ədəd) netbuk verilmiş, həmin
məktəblər fiberoptik kabel vasitəsi ilə
"Azərbaycan təhsil şəbəkəsi"nə qoşulmuş və
onların yüksək sürətli İnternetə və Nazirliyin
Məlumat və Resurs Mərkəzinə çıxışı təmin
olunmuş, ölkənin 73 məktəbinə 200
noutbuk+proyektor dəsti paylanmışdır. İKT üzrə
savadlılığın artırılmasına yönəlmiş kompleks
tədbirlərin həyata keçirilməsi məqsədilə ümumi
təhsil sistemi üzrə 2009-2010-cu illərdə 40180
nəfər pedaqoji heyət, 4000 nəfər
inzibati-idarəetmə heyəti, 600 nəfər texniki
heyət treninqlərdən keçirilmişdir.
2009-cu ildə başlanmış "Xalq kompüteri" layihəsi
çərçivəsində 7600 müəllim sadələşmiş şərtlərlə
kompüter əldə etmişdir. Bakı, Sumqayıt şəhərləri
və Abşeron rayonu üzrə 300 təhsil müəssisəsi,
digər şəhər və rayonlar üzrə 200 təhsil
müəssisəsi olmaqla ümumilikdə 500 müəssisə
şəbəkə avadanlığı ilə təmin olunmuş, kompüter
avadanlığı üçün 32000 lisenziya proqramı
alınmışdır. Nazir habelə "Bir müəllim - bir
kompüter", "Bir şagird - 1 kompüter"
layihələrinin həyata keçirilməyə başlandığını,
təhsil portalında riyaziyyat, fizika, kimya və
biologiya fənləri üzrə 30 adda elektron tədris
resurslarının yerləşdirildiyini bildirdi. Bu
sahədə qarşıda duran vəzifələri sadalayan nazir
ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə
əlavə 500 təhsil müəssisəsinin qoşulmasının,
2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər
"Elektron məktəb", 23000 nəfər pedaqoji heyətin
təlimlərə cəlb olunmasının nəzərdə tutulduğunu
diqqətə çatdırdı.
Texniki peşə təhsilindən danışan təhsil naziri
son illər təhsilin bu pilləsinə marağın
yüksəldiyini, bunun nəticəsi olaraq 2010-2011-ci
dərs ilində peşə məktəbləri və liseylərinə
qəbulun artdığını bildirdi. Qeyd etdi ki, peşə
təhsilinin inkişafı üzrə Dövlət Proqramına uyğun
olaraq 3 müəssisə - 4, 7 və 11 nömrəli Bakı Peşə
Liseyləri əsaslı təmir olunmuş, 2009-2010-cu
dərs ilində Qəbələ Turizm və Otelçilik üzrə
Peşə-Tədris Mərkəzində 90 şagird qəbul edilməklə
turizm və otelçilik peşələri üzrə kadr
hazırlığına başlanmışdır. Belə bir mərkəzin
İsmayıllı rayonunda tikintisi başa
çatdırılmaqdadır.
Nazir texniki peşə təhsili sahəsində həyata
keçirilən proqram və layihələr haqqında da qısa
məlumat verib qarşıda duran vəzifələrdən
danışdı.
Məruzə-təqdimatda ali və orta ixtisas təhsili
sahəsində ötən və yeni dərs ilində görülmüş və
görüləcək işlər barədə də məlumat verildi. Nazir
öncə təhsilin bu pillələrində hazırkı durumu əks
etdirən bəzi statistik rəqəmləri diqqətə
çatdırdı. Sonra görülmüş işlər təhlil olundu.
Qeyd edildi ki, Nazirlər Kabineti tərəfindən
təsdiq olunan "2010-2013-cü illərdə orta ixtisas
təhsili sisteminin islahatları üzrə Tədbirlər
Proqramı"nda sahənin inkişafı üçün bir sıra
mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Orta ixtisas təhsili
müəssisələrinin maddi-texniki bazasının
yeniləşdirilməsi istiqamətində işin
gücləndirilməsi, kredit sisteminin tətbiqi ilə
bağlı aparılan eksperimentin bütün orta ixtisas
təhsili müəssisələrini əhatə etməsi və bir sıra
digər məsələlər qarşıda mühüm vəzifələr kimi
durur.
Təhsil naziri ali təhsil sahəsində son illər baş
verən yenilikləri diqqətə çatdıraraq bildirdi
ki, Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə tətbiq olunmağa başlanmış ali
təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizmi ali məktəblərin inkişafına, onlar
arasında sağlam rəqabət mühitinin yaranmasına
təkan verəcəkdir.
Nazir vurğuladı ki, islahat proqramına uyğun
olaraq Boloniya bəyannaməsi çərçivəsində
beynəlxalq əməkdaşlığın inkişafı prosesində ali
məktəblər haqqında etibarlı informasiyanın
alınmasını təmin etmək məqsədi ilə respublika
təhsil müəssisələrinin reytinqini
müəyyənləşdirən metodika hazırlanmış və
tətbiqinə başlanmışdır.
Azərbaycan Dillər Universitetinin TEMPUS
proqramı üzrə Avropa Birliyinə təqdim etdiyi 1
milyon 76 min avro dəyərində layihə qalib
gəlmişdir. Bunu Azərbaycan ali təhsilinin
nailiyyəti hesab edən nazir bildirdi ki, təhsil
tariximizdə ilk dəfə olaraq ADU bu layihədə
partnyor-iştirakçı deyil, layihənin rəhbəri
(koordinatoru) kimi çıxış edəcəkdir.
2009-2010-cu illərdə ali təhsil müəssisələrinin
infrastrukturunun inkişafı sahəsində də
əhəmiyyətli işlər görüldüyünü deyən nazir
Diplomatik Akademiyanın, Azərbaycan Milli
Konservatoriyasının yeni binalarının
tikintisinin davam etdiyini, bir sıra
universitetlərdə (ADAU, AMİU, ADİU) əsaslı təmir
işlərinin aparıldığını söylədi, ali təhsil
sahəsində qarşıda duran vəzifələrdən danışdı.
Təhsil sahəsində beynəlxalq əməkdaşlığa da
məruzəsində toxunan nazir bildirdi ki, Avropa
İttifaqı, Avropa Şurası, İSESKO, YUNESKO,
YUNİSEF, British, Council, DAAD və BMT-nin digər
ixtisaslaşmış qurumları ilə əməkdaşlıq
çərçivəsində layihə və proqramlar həyata
keçirilmişdir. Türkiyə, Rusiya, Çin, Çexiya və
s. ölkələrin Azərbaycana ayırdığı təqaüdlər
çərçivəsində bu ölkələrin ali məktəblərinin
bakalavr, mütəxəssis, magistr, doktorantura,
tibdə uzmanlıq və aspiranturasında təhsil almaq
məqsədi ilə bu günədək 816 nəfər Azərbaycan
Respublikası vətəndaşı göndərilmişdir.
Öz hesabına və müxtəlif mübadilə proqramları
çərçivəsində isə hazırda 10 mindən artıq
azərbaycanlı gənc respublikamızdan kənarda
təhsilini davam etdirir. "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində təhsil almağa
göndərilənlərin sayı isə 512-yə çatmışdır.
2010-cu ildə 200 nəfərin xaricdə təhsilə
göndərilməsi ilə əlaqədar tədbirlər görülür.
Diqqətə çatdırıldı ki, hazırda Azərbaycanın ali
məktəblərində 6813 əcnəbi tələbə təhsil alır.
Ölkənin ali məktəblərində oxuyan əcnəbi
tələbələrin məlumat bazası yaradılmışdır.
Məruzə-təqdimatda təhsil sənədlərinin tanınması
istiqamətində görülmüş işlərdən də söhbət getdi,
2009-2010-cu dərs ilində tanınma ilə əlaqədar
nazirliyə 962 müraciət daxil olduğu, onlardan
753-nün tanındığı, 127 müraciətin baxılma
mərhələsində olduğu, 82 sənədin isə tanınmadığı
bildirildi.
Nazir əlavə təhsil sahəsində görülmüş işlərdən
də danışaraq bildirdi ki, təhsil sistemində bu
pillənin mühümlüyü nəzərə alınaraq Nazirliyin
Strateji təhlil, planlaşdırma və kadrların idarə
olunması şöbəsinin nəzdində əlavə təhsil sektoru
yaradılmışdır. 2010-2011-ci tədris ilində I
sinifdə dərs deyəcək ibtidai sinif
müəllimlərinin yeni model əsasında
ixtisasartırma təhsilinə cəlb olunması üzrə
kurikulum çərçivəsi və proqramı hazırlanmış,
ixtisasartırma təhsilində modul-kredit sisteminə
keçidlə əlaqədar ayrı-ayrı kateqoriyadan olan
rəhbər və pedaqoji işçilər üçün kurikulum
çərçivələrinin işlənməsinə başlanmışdır.
2010-2011-ci dərs ilində I siniflərdə dərs
deyəcək ibtidai sinif müəllimlərinin fənn
kurikulumlarının tətbiqi üzrə təlim kurslarının
təşkili məqsədi ilə keçirilmiş tenderin
qalibləri olan 4 qeyri-hökumət təşkilatı ilə
Təhsil Nazirliyi arasında müqavilələr bağlanmış,
həmin müqavilələrə uyğun olaraq iyul-avqust
aylarında 7559 müəllim müvafiq təlim kursundan
keçmiş, ilk dəfə olaraq təlim kurslarını
bitirmiş müəllimlərə göstəriciləri nəzərə
alınaraq dərəcəli sertifikatlar verilmişdir.
Bu sahədə mövcud problemlər və qarşıda duran
vəzifələr də diqqətə çatdırıldı. Qeyd olundu ki,
2011-2012-ci dərs ilində I siniflərdə işləyəcək
9000 ibtidai sinif müəlliminin, həmçinin 1500
məktəb direktoru və 500 kitabxanaçının yeni
model üzrə təlim kurslarına cəlb edilməsi üçün
müvafiq proqramların hazırlanması, kursların
təşkili məqsədi ilə tender keçirilməsi nəzərdə
tutulub.
Təhsil naziri məruzə-təqdimatının sonunda ali
məktəb elmi sahəsində görülmüş işlərdən də söz
açdı. Bildirdi ki, hazırda respublikamızda olan
1918 elmlər doktorunun 876-sı, 8976 elmlər
namizədinin isə 4233-ü nazirlik sistemində
çalışır.
Ali məktəblərin kafedralarında və elmi tədqiqat
müəssisələrində çalışan alimlər tərəfindən
müxtəlif elm sahələrində alınmış nəticələrdən
170-i mühüm elmi nəticə kimi ölkə üzrə hesabata
daxil edilmək üçün AMEA-ya təqdim edilmişdir.
Nazirlik sistemindəki ali məktəblərdə 68 elmi
konfrans, o cümlədən 12 beynəlxalq və 56
respublika səviyyəli elmi konfrans
keçirilmişdir. 2009-cu ildə ali məktəb alimləri
ixtiralarına görə 67 patent almışlar. Ötən il 33
doktorluq, 145 namizədlik dissertasiyası müdafiə
olunmuşdur. Ali məktəblərdə çalışan alimlər
tərəfindən 391 monoqrafiya, 315 dərslik, 527
dərs vəsaiti, 1461 adda proqram və metodik
ədəbiyyat nəşr etdirilmişdir. İl ərzində xarici
jurnallarda alimlərimizin 1733 məqaləsi,
beynəlxalq konfransların materiallarında 1390
məruzə tezisi nəşr edilmişdir. Bunlarla yanaşı,
nazir bu sahədə də problemlər olduğunu söyləyib
diqqəti onların bəzisinə yönəltdi. Bildirdi ki,
ali məktəblərdə elmi tədqiqatlara ayrılan
vəsaitin həcmi qənaətbəxş deyil, aparılan bəzi
elmi tədqiqat işləri müasir tələblərə cavab
vermir, gənc kadrlar tədqiqat işlərinin yerinə
yetirilməsinə kifayət qədər cəlb olunmur,
istehsalat sahələri ilə əlaqələr zəifdir. Nazir
bu sahədə də qarşıda xeyli vəzifələrin durduğunu
qeyd edib onları konfrans iştirakçılarının
diqqətinə çatdırdı.
Sonra çıxışlar oldu.
Naxçıvan
Muxtar Respublikasının təhsil naziri Piri
Nağıyev öz çıxışında qeyd etdi ki, müstəqil
Azərbaycan dövlətinin qurucusu və memarı,
ümummilli liderimiz Heydər Əliyevin xalqımız
qarşısında ən böyük xidmətlərindən biri də
Azərbaycan təhsilini himayə etməsi, təhsilin
gələcək inkişaf yollarını müəyyənləşdirməsidir.
Bu gün ulu öndərimizin əsasını qoyduğu ənənələr,
bütövlükdə müasir təhsil konsepsiyası ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
həyata keçirilməkdədir. Bu siyasət Azərbaycanın
milli təhsil sisteminin aydın strategiya və
konsepsiyasını, təhsilin idarə olunmasında yeni
prinsiplərin bərqərar olmasını, onun beynəlxalq
standartlara uyğunlaşdırılmasını və dünya təhsil
sisteminə inteqrasiyasının sürətləndirilməsini
tam olaraq özündə əks etdirir və hər bir təhsil
işçisinin qarşısında mühüm vəzifələr qoyur.
Ölkə Prezidentinin təhsil sahəsində
müəyyənləşdirdiyi vəzifə və yeni yanaşmalar
Naxçıvan Muxtar Respublikasında da ən yüksək
səviyyədə həyata keçirilməkdədir.
Piri Nağıyev daha sonra konfrans iştirakçılarına
təhsil sahəsində həyata keçirilən tədbirlər və
görülən işlər haqqında ətraflı məlumat verərək
bildirdi ki, son illər Naxçıvan Muxtar
Respublikasının şəhər, kənd və qəsəbələrində 157
yüksək keyfiyyətli, dünya standartlarına tam
cavab verən, hər cür yeni avadanlıqlarla təchiz
edilən məktəb tikilmiş və əsaslı təmir olunaraq
şagirdlərin istifadəsinə verilmişdir.
Cari ildə 4872 şagird yerlik 9 ümumtəhsil
məktəbində, 502 yerlik 2 uşaq bağçasında, 4
məktəbdənkənar tədris müəssisəsi üçün binada
tikinti və yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Respublikasının hər yerində olduğu
kimi, Naxçıvanda da Heydər Əliyev Fondu
tərəfindən yeni məktəblər tikilmiş, onların
maddi-texniki bazaları möhkəmləndirilmiş, həmin
məktəblər ən yeni kompüter avadanlıqları ilə
təmin olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə təsdiq edilmiş "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na
uyğun olaraq İKT-nin tətbiqinin daha da
genişləndirilməsi, vahid ümummilli təhsil
mühitinin formalaşdırılması, hər 20 şagirdin 1
kompüterlə təmin olunması nəzərdə tutulmuşdur.
Muxtar respublikanın ümumtəhsil məktəblərinə
2674 kompüter dəsti verilmişdir ki, bunların da
78 faizi İnternetə qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil
müəssisələrində təhsil alan şagirdlərə 1 milyon
257 min 918 nüsxə dərslik pulsuz olaraq
paylanmış və bu iş müvəffəqiyyətlə davam
etdirilir.
Dövlətimizin təhsil işçilərinə diqqət və
qayğısının nəticəsində Naxçıvan Muxtar
Respublikasında təhsilin inkişafındakı
xidmətlərinə görə 35 nəfər əməkdar müəllim
adına, 32 nəfər isə "Tərəqqi" medalına layiq
görülmüşdür.
2009-2010-cu dərs ilində ümumtəhsil
məktəblərinin XI sinfini 4131 nəfər bitirmiş,
onlardan 1435 nəfəri tələbə adını qazanmışdır.
Ali məktəblərə qəbul olunanlardan 280 nəfəri
500-700 arası bal toplamışdır.
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan
Muxtar Respublikasında da hərbi peşəyə maraq
ildən-ilə artmaqdadır. Belə ki, 2010-cu ildə
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına
hərbi liseyə 936 nəfər sənəd vermiş, onlardan
250 nəfəri kursantların sırasına daxil olmuşdur.
Muxtar respublikanın ümumtəhsil məktəblərinin
müasir istilik sistemləri ilə təchiz olunması,
qış mövsümünə hazırlıq daim diqqət
mərkəzindədir. Ölkə Prezidentinin qayğısı
nəticəsində bütün yaşayış məntəqələrinin
qazlaşdırılması başa çatdırılmışdır. Ümumtəhsil
məktəblərində qurulan istilik sistemləri qaz
xətlərinə birləşdirilir ki, bu da qış mövsümündə
yarana biləcək problemlərin aradan
qaldırılmasına mühüm stimul verir və təhsilin
keyfiyyətinə müsbət təsir göstərir.
Sonra
çıxış üçün söz Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadəyə
verildi. Rəhbərlik etdiyi kollektiv və şəxsən öz
adından yeni dərs ilinin başlanması münasibətilə
konfrans iştirakçılarını təbrik edən M.Abbaszadə
gənc nəslin tərbiyəsi və təhsili işində hamıya
yeni-yeni uğurlar arzuladı. O, tələbə adını
qazanan bütün abituriyentləri, onların
valideynlərini və müəllimlərini təbrik etdi. Bu
il öz arzusuna nail olmayan abituriyentləri
ruhdan düşməməyə çağırdı və növbəti ildə onların
da uğur qazanacaqlarına ümid etdiyini bildirdi.
Builki qəbul kampaniyasında "Təhsil haqqında"
Qanunun qəbulu ilə əlaqədar yeni qaydaların
tətbiq olunduğunu diqqətə çatdıran M.Abbaszadə
həmin qaydalara əsasən beynəlxalq yarış və
müsabiqələrin qalibi olan 108 abituriyentin
müsabiqədənkənar ali məktəblərin müvafiq
ixtisaslarına qəbul olunduğunu, ali və orta
ixtisas təhsili müəssisələrinə aparılan müsabiqə
zamanı ümumi imtahan balı eyni olduqda attestat
qiymətlərinin ikinci göstərici kimi nəzərə
alındığını və bunun təxminən 1500-dən artıq
abituriyentin taleyinə həlledici təsir
göstərdiyini söylədi. TQDK sədri qeyd etdi ki,
Azərbaycan Respublikası Prezidentinin "Ali
təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" fərmanının
icrası ilə əlaqədar TQDK tərəfindən ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrinə dövlət sifarişi və ödənişli
əsaslarla olan yerlərə yeni yerləşdirmə
alqoritmi əsasında tələbə qəbulu aparılmışdır.
Bu zaman istifadə olunan bütün proqram təminatı
TQDK-nın mütəxəssisləri tərəfindən hazırlanıb
tətbiq olunmuşdur. Nəticədə dövlət sifarişli
yerlərə ən hazırlıqlı abituriyentlər qəbul
edilmişdir.
"Tələbə-Məzun" dövlət elektron məlumat sistemi
haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 23 fevral
2010-cu il tarixli fərmanına uyğun olaraq
komissiya tərəfindən 1992-ci ildən etibarən
yaradılan və 2 milyon insan haqqında məlumatı
özündə əks etdirən elektron bazanın dövlət
elektron məlumat sisteminə çevrilməsi
istiqamətində işlərə başlanılıb.
M.Abbaszadənin çıxışından məlum oldu ki, TQDK
2010-2011-ci tədris ilinin qəbul kampaniyası
zamanı 170 mindən artıq abituriyentdən imtahan
qəbul edib. Bunlar ali və orta ixtisas
məktəblərinin magistratura pilləsinə, xüsusi
təyinatlı və hərbi məktəblərə keçirilən qəbul
imtahanlarıdır. İmtahanlar Bakı, Naxçıvan,
Sumqayıt və Gəncə şəhərlərində, ümumi orta
təhsil bazasından kolleclərə qəbul imtahanları
isə ənənəvi olaraq ölkənin 11 regionunda
keçirilib.
Qəbul sistemində sınaq imtahanlarının xüsusi yer
tutduğunu deyən M.Abbaszadə onların
abituriyentlərə imtahan texnologiyası ilə tanış
olmağa şans verdiyini vurğuladı. Bildirdi ki,
TQDK qəbul imtahanları prosesinin bütün
mərhələlərində İKT-ni geniş tətbiq edir. Son 5
ildə İKT-nin tətbiqi nəticəsində TQDK
"məmur-vətəndaş" tipli əlaqəni aradan qaldıraraq
onu virtual rejimə keçirən "İnternet xidməti -
vətəndaş" əlaqəsinə çevirib.
M.Abbaszadə təqdimat-çıxışında daha sonra bu il
keçirilmiş qəbul imtahanlarının bəzi parametrlər
üzrə təhlilləri üzərində ətraflı dayandı.
Təqdimatda ali təhsil müəssisələrinin
bakalavriaturasına tələbə qəbulu, qəbul
imtahanlarında iştirak edən, habelə ali təhsil
müəssisələrinə qəbul olan abituriyentlərin
topladıqları ballar, qəbulun nəticələrinə görə
qəbul planının təhsil formaları üzrə bölgüsü,
qəbul olan abituriyentlərin orta bal
göstəriciləri, orta ixtisas təhsili
müəssisələrinə tam və ümumi orta təhsil
bazasından tələbə qəbulu, ali təhsil
müəssisələrinin magistraturasına qəbul və s.
haqqında ətraflı məlumat verildi və bu
məlumatların əks olunduğu slaydlar təhlil
edildi.
Məleykə Abbaszadə çıxışını növbəti qəbul
kampaniyasında tətbiq olunacaq yenilikləri
diqqətə çatdırmaqla yekunlaşdırdı.
Akademik
Zərifə Əliyeva adına məktəbin direktoru Məhəbbət
Vəliyeva çıxışında cəmi 2 ildir ki, fəaliyyət
göstərən bu təhsil ocağından danışdı. O bildirdi
ki, məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə
2008-2009-cu tədris ilində tikilib istifadəyə
verilmiş və fəaliyyətə başlamışdır. Məktəb
müasir təhsil standartlarına cavab verən
maddi-texniki bazaya malikdir və yeni
texnologiyalarla təchiz edilmişdir.
2008-2009-cu tədris ilində məktəbdə 350,
2009-2010-cu tədris ilində isə 421 şagird təhsil
almışdır. Cari dərs ilində məktəbin 493 şagird
kontingenti var. Şagirdlərin təlim-tərbiyəsi ilə
36 müəllim məşğul olur. Onlardan 6 nəfəri elmlər
namizədi, 1 nəfəri əməkdar müəllimdir, 1 nəfər
"Tərəqqi" medalı ilə təltif edilmiş, 7 nəfər "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. 6
nəfər dərslik müəllifi və 5 nəfər TQDK-nın
ekspertidir. Bu təhsil müəssisəsində qarşıya
qoyulan əsas məqsəd cəmiyyətə yararlı,
hərtərəfli inkişaf etmiş layiqli vətəndaşın
formalaşdırılması, dünyanın nüfuzlu ali
məktəblərində təhsil ala biləcək şagirdlərin
yetişdirilməsi, gənclərə milli mənəvi dəyərlər
aşılamaq və yüksək təhsil verməklə onların
dünyaya inteqrasiyasına nail olunmasıdır. Məktəb
riyaziyyat-informatika, xarici dil və təbiət
fənləri təmayülləri üzrə fəaliyyət göstərir.
Siniflərin təmayüllər üzrə komplektləşdirilməsi
şagirdlərin maraq göstərdikləri elmi daha
dərindən mənimsəməsinə xidmət edir.
Akademik Zərifə Əliyeva adına məktəbə qəbul
müsabiqə yolu ilə keçirilir. Dərslər qoşa saatla
80 dəqiqə keçilir. Tətil müddətində şagirdlər
üçün mühazirələr, seminarlar təşkil olunur.
Müəllimlər peşəkarlıq səviyyələrini artırmaq
məqsədilə müxtəlif layihələr çərçivəsində təşkil
edilən treninqlərdə iştirak edirlər. Şagirdlərin
nailiyyətlərinin qiymətləndirilməsində
mikrosummativ, makrosummativ qiymətləndirmə
testləri, mövzu və bölmə üzrə şifahi sorğu və
layihə işlərinin müdafiəsi üsullarından istifadə
olunur.
2009-2010-cu dərs ilində məktəbin ilk buraxılışı
olmuşdur. 48 məzundan 47-si ali məktəblərə qəbul
olunaraq tələbə adını qazanmışdır.
Bakı
Slavyan Universitetinin rektoru, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor Kamal Abdullayev qeyd etdi ki, son
illər ölkənin təhsil sahəsində aparılan
islahatlar, baş verən dəyişikliklər canlı,
dinamik həyatın bilavasitə göstəricisidir.
Şagirdlərimizin dünyanın müxtəlif ölkələrində
keçirilən fənn olimpiadalarında, bilik
yarışlarında qazandığı nailiyyətlər, ali
məktəblərə qəbul göstəricilərinin yüksəlməsi,
700 bal toplayan abituriyentlərin sayının
ildən-ilə artması təhsilimizin uğurudur.
Təqdirəlayiq haldır ki, təhsil sistemində gedən
müsbət dəyişikliklər təkcə Bakıda deyil,
rayonlarda da hiss olunur. BSU-nun tələbələri
pedaqoji təcrübəni ən ucqar rayonlarda yerləşən
qaçqın məktəblərində keçirlər və onlar həmin
təhsil müəssisələrinin gündən-günə, ildən-ilə
dəyişməsinin şahidi olurlar.
Daha sonra çıxışında universitetlərarası elmi
əməkdaşlıq əlaqələrindən bəhs edən Kamal
Abdullayev bildirdi ki, hazırda Almaniya
universitetləri ilə birlikdə "Kitabi-Dədə Qorqud
dastanları" və qədim alman dastanlarının
müştərək öyrənilməsi məqsəd kimi qarşıya
qoyulub. Artıq layihənin birinci hissəsi başa
çatıb. Bu vasitə ilə Almaniyada Azərbaycanın
təhsil sisteminə, ümumiyyətlə, ölkənin özünə
olan diqqət bir qədər də artır.
BSU-nun rektorunun sözlərinə görə, universitetdə
ictimaiyyətlə əlaqələr yüksək səviyyədə qurulub
və bu istiqamətdə müəyyən işlərin görülməsinə
daim xüsusi diqqət yetirilir. Belə tədbirlərdən
biri kimi imtahan prosesinin aparılmasını
göstərmək olar. Valideynlər arzularına müvafiq
olaraq istədikləri imtahan prosesində iştirak
etmək və övladlarının cavablarına qulaq asmaq
imkanına malikdirlər.
Göyçay
şəhər 1 nömrəli məktəbin direktoru Tahirə
Qurbanova çıxış edərək bildirdi ki, onun
rəhbərlik etdiyi təhsil ocağında, o cümlədən
rayonun digər məktəblərində bir neçə il əvvəl
kompüter yox idi. İndi isə müasir kompüterlərlə
təmin olunmuş informatika kabinetləri
müəllimlərin və şagirdlərin ixtiyarına
verilmişdir. Müəllimlər yaxşı başa düşürlər ki,
müasir dövrdə savadlılıq dedikdə, həm də İKT
bacarıqlarına malik olmaq nəzərdə tutulur. Bu
səbəbdən hər bir müəllim Təhsil Nazirliyinin
təşkil etdiyi İKT təlimlərindən keçmişdir və
əldə etdiyi bacarıqları tədris prosesində uğurla
tətbiq edir.
Təhsil nazirinin məruzəsində müəllimlərin
ixtisasının artırılması ilə bağlı yeni mexanizm
barədə məlumat verildi. Pedaqoqlar bu sahədə
beynəlxalq təcrübədə sınaqdan çıxmış yeni
qaydaların tətbiqini çoxdan gözləyirdilər. Yeni
sistemdə ixtisasartırma təhsili sahəsində
rəqabət mühitinin yaradılması, proqramların
müəllimlərin ehtiyaclarına uyğun tərtib edilməsi
nəticədə müəllimlərin fəaliyyətinin
stimullaşdırılması və karyera inkişafı
vasitəsinə çevrilir. Göyçay şəhər 1 nömrəli
məktəbin ibtidai sinif müəllimləri yeni
kurikulum üzrə təlimlərə məhz yeni mexanizm
əsasında cəlb edilmişlər və onlar bu sistemin
səmərəliliyini xüsusi vurğulayırlar.
Prezident İlham Əliyevin hərtərəfli qayğı və
diqqəti ilə müstəqil Azərbaycanın təhsil
sisteminin günbəgün inkişaf etdiyini deyən
T.Qurbanova vurğuladı ki, məhz bunun sayəsində
onun rəhbərlik etdiyi məktəb 2010-cu ildə
keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qaliblərindən biri olmuşdur.
Təhsil ocağının direktoru əməklərinə verilən bu
yüksək qiymət üçün Göyçay rayonunun pedaqoji
ictimaiyyəti adından ölkə Prezidentinə
minnətdarlığını bildirdi və təhsilin inkişafı
naminə daha səylə çalışacaqlarına söz verdi.
Azərbaycan
Dillər Universitetinin rektoru, Milli Məclisin
beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri, professor Səməd
Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında
əldə olunan böyük uğurlardan bəhs etdi:
- "Ölkənin ali təhsil sisteminin bir parçası
olan Azərbaycan Dillər Universiteti bu gün
reytinq cədvəlində ən yüksək yerlərdən birini
tutur. ADU-da təhsil almaq arzusunda olan
gənclərin sayı ildən-ilə artır və bizim
kollektivimiz bununla fəxr edir.
Universitetimizin uğurlu fəaliyyətindən
danışarkən, ilk növbədə, beynəlxalq layihələrdə
iştirakımızdan söz açmaq istərdim. Biz bu işi
bir neçə istiqamətdə təşkil edirik. ADU-da
əməkdaşlıq əlaqələri qurduğumuz ölkələr üzrə
mərkəzlər yaratmışıq və bu qarşıya qoyulan
vəzifələrin həyata keçirilməsində öz müsbət
təsirini göstərir. Artıq universitetimizdə
Amerika, Almaniya, Fransa, İsrail və Yaxın Şərq,
Skandinaviya və başqa ölkələrin mərkəzləri
uğurla fəaliyyət göstərir.
Təhsil nazirinin məruzəsindən də məlum olduğu
kimi, ADU-nun TEMPUS proqramı üzrə Avropa
Birliyinə təqdim etdiyi 1 milyon 76 min avro
dəyərində layihə qalib gəlmişdir.
ADU-da yeni avadanlıqlarla təminat, müəllimlərə
xüsusi münasibət, hər bir müəllimə xüsusi iş
şəraitinin yaradılması, "gəldim dərs dedim"
fəlsəfəsini kənara qoyub, "gəldim işlədim və
tələbə ilə ünsiyyətdə oldum" fəlsəfəsini ali
məktəbə gətirmək istiqamətində çox məntiqli və
məqsədyönlü iş aparılır. Lakin bütün bunların
hamısı təkbaşına, bir ali məktəb, bir
universitet tərəfindən həyata keçirilən işlər
deyil. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin
təhsil sisteminə birbaşa qayğısı, xüsusi
münasibəti və diqqətidir.
Səməd Seyidov çıxışının sonunda bildirdi ki,
ADU-nun qapıları ölkənin bütün ali məktəblərinin
üzünə açıqdır və yaradılan şəraitdən yalnız öz
tələbələri deyil, digər gənclər də yararlana
bilər.
Azərbaycan Təhsil Şurasının sədri, professor
Əjdər Ağayev çıxışında öncə təhsil nazirinin
məruzəsi ilə bağlı fikirlərini səsləndirdi. Qeyd
etdi ki, məruzədə əsas yer ötən dərs ilində
təhsilin inkişaf göstəricilərinə verildi. Məruzə
təhsil sistemini bütünlüklə əhatə edərək ölkənin
sosial-iqtisadi sahələrinin inkişafına rəğmən
təhsil sistemində dinamik inkişafı əks etdirdi
və statistik məlumatlarla keyfiyyət səviyyəsini
göstərdi. Bir daha aydın oldu ki, Azərbaycanın
təhsil sistemi ildən-ilə müasirləşir, yeniləşir,
inkişaf edir. Bu da təbiidir. Çünki inkişaf edən
ölkənin inkişafetdirici bazası təhsildə, elmdə,
bilikdədir, müasir texnologiyalara
yiyələnməkdədir. Bunu isə təmin edən təhsildir,
təhsil sistemidir.
Daha sonra çıxışında dövlət başçısı cənab İlham
Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi
diqqətdən söz açan professor Əjdər Ağayev
söylədi ki, onun təhsilin kompleks inkişafına
şərait yaradan və təkan verən fərmanları və
sərəncamları ildən-ilə yeniləşməni,
müasirləşməni, İKT-nin tətbiqini təmin edir.
Prezident qayğısı ən yaxşı müəllimin və
məktəblərin seçilməsini, onların
mükafatlandırılmasını reallaşdırır, yaxşılardan
olmaq uğrunda mübarizəni stimullaşdırır. Təbii
ki, bu işlərin həyata keçirilməsində təhsil
sisteminə rəhbərlik edən Təhsil Nazirliyinin
çevik və aparıcı rolu az əhəmiyyət daşımır.
Təqdirəlayiq haldır ki, təhsil sahəsində mövcud
olan bir çox problemlərin, o cümlədən
müəllimlərin işə qəbulu, ixtisasının
artırılması, direktorların seçilib
yerləşdirilməsi və digər məsələlərin həlli
yolları nazirin hesabat məruzəsində göstərildi.
Nəzərdə tutulan tədbirlərin öz bəhrəsini
verəcəyinə ümid etdiyini deyən Əjdər Ağayev
çıxışının sonunda bununla bağlı təkliflərini
bildirdi:
1. Müəllimlərin müasir hazırlıq səviyyəsinə
yiyələnməsi üçün regional öyrədici tədbirlər
keçirilsə, bilməməzlikdən baş verən qüsurlar
aradan qaldırıla bilər.
2. Şəhər, rayon, respublika valideyn konfrans və
qurultaylarının keçirilməsi valideynləri məktəb
həyatına, təhsilə xeyli yaxınlaşdırar.
3. Təhsil müəssisələrinin rəhbərlərinin
təlim-tədris prosesində baş verən neqativ
halların aradan qaldırılması yollarının
müzakirəsinə həsr edilən müşavirələrinin
keçirilməsi faydalı olardı.
Mingəçevir şəhər 8 nömrəli məktəbin məzunu
İsmayıl Kazımov belə mötəbər məclisdə ona söz
demək imkanı verildiyi üçün təşəkkürünü
bildirdi. O, daha sonra dedi: "Mən əvvəlki
illərdə olduğu kimi, ötən dərs ilini də əla
qiymətlərlə başa vurdum və qəbul imtahanlarında
ən yüksək nəticə göstərərək 700 bal topladım.
Əlbəttə, belə böyük uğur qazanmağımda, ilk
növbədə, təhsil aldığım məktəbin bütün pedaqoji
kollektivinin, mənim və yoldaşlarımın yüksək
bilik əldə etməsi üçün yorulmadan çalışmış
müəllimlərin böyük rolu olmuşdur. Buna görə də
onlara dərin minnətdarlığımı bildirirəm".
İsmayıl Kazımov qeyd etdi ki, onun təmsil etdiyi
Mingəçevir şəhərində təhsilin davamlı olaraq
inkişafı, keyfiyyət göstəricilərinin ildən-ilə
yüksəlməsi dövlətin, ölkə Prezidentinin təhsilə
yüksək diqqətinin nəticəsidir. Son illərdə
təhsil sahəsində bir sıra müsbət yeniliklər
şagirdlərin biliklərə daha dərindən
yiyələnməsinə şərait yaratmışdır.
Məktəblərdə buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada keçirilməsi, vahid
standartlar əsasında nəticələrin
qiymətləndirilməsi həm şagirdlərin, həm
müəllimlərin, həm də məktəblərin fəaliyyətinə
verilən obyektiv qiymət olmuş, nəticədə onların
məsuliyyətini xeyli artırmışdır. Məktəblərin İKT
ilə təminatı, tədris prosesində elektron
resurslardan və İnternetdən istifadə gənclərin
öyrənmə imkanlarını xeyli artırmış, yüksək
nəticələr əldə etməkdə əhəmiyyətli rol
oynamışdır.
İ.Kazımov çıxışının sonunda şagirdlərə yaxşı
oxumağı, öyrənməyi tövsiyə etdi. Bildirdi ki,
mən adi bir məktəbdə təhsil almışam, öz
müəllimlərimdən öyrənmişəm, repetitor yanına
getməmişəm. Ən yüksək nəticəyə əməyim, zəhmətim
hesabına nail olmuşam. Özünə inam həmişə
bəhrəsini verir. Hər bir şagirdin uğuru, ilk
növbədə, onun özündən, özünə inamından asılıdır.
Əlbəttə, müəllim amilini unutmamaq şərtilə. Bu
inamla ali məktəbdə seçdiyim ixtisas üzrə yaxşı
təhsil alacağıma, səriştəli mütəxəssis kimi
yetişib millətimizin, Azərbaycanımızın inkişafı
naminə əlimdən gələni əsirgəməyəcəyimə, mənə
olan etimadı doğruldacağıma söz verirəm.
***
Konfransın sonunda 2010-cu ildə keçirilmiş "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin qaliblərinə müvafiq sənədlər
təqdim olundu.
2010-cu ilin dahi bəstəkar Üzeyir Hacıbəyovun
125 illik yubileyi ili olduğu nəzərə alınaraq
konfransın gedişində çıxışlar arasında ölməz
bəstəkarın əsərləri səsləndirildi. Əsərləri
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
şagirdləri ifa etdilər.
Hicran ƏKBƏROVA,
Yusif ƏLİYEV |