|
Yerləşir: |
Avstraliya,
Viktoriya ştatı, Melburn şəhəri |
|
|
Yaranma tarixi: |
1958-ci il |
Tipi: |
Dövlət |
İşçi heyətinin ümumi sayı: |
15262 nəfər |
Tələbələrin sayı: |
59925 nəfər |
İllik gəlirləri: |
1439323000 Avstraliya dolları |
İllik xərcləri: |
1284495000 Avstraliya dolları |
Rəsmi saytı: |
www.monash.edu.au |
Monaş Universiteti (Monash University)
Avstraliyanın Viktoriya ştatında Melburn
şəhərinin Kemperdaun şəhərətrafı qəsəbəsində
yerləşir. Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities
Rankings" jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, 100 ən
yaxşı ali məktəb arasında Monaş Universiteti
45-ci yerdədir.
Monaş Universiteti Avstraliyanın "Səkkizlik
Qrupu"nun, Cənub-Şərq Ölkələri Ali Məktəbləri
Assosiasiyasının (ASAIHL) üzvüdür.
Tarixi
1957-ci ildə Baş nazir Robert Menzis məruzə
edərək, Viktoriya ştatında ikinci universitetin
yaradılmasını təklif edir. 1958-ci ildə
Viktoriya ştatı parlamenti universitet
yaradılması haqqında qərar qəbul edir və yeni
yaradılmış ali məktəbə tanınmış Avstraliya
generalı Con Monaşın şərəfinə Monaş Universiteti
adı verilir. Bu, Avstraliyada birinci
universitet idi ki, şəhərin və ya ştatın adı ilə
deyil, insanın şərəfinə adlandırılırdı.
Monaş Universitetinin ilk kansleri Robert
Blekvud, vitse-kansleri isə Lui Metison təyin
edilir. Kleyton ərazisində universitetə 100
hektar ərazi ayrılır. 1961-ci ildə Monaş
Universitetinə 347 tələbə qəbul olduğu halda,
1967-ci ildə bu rəqəm 21000-dən çox təşkil edir.
1960-cı ilin ortaları - 1970-ci ilin
əvvəllərində Monaş Universiteti Avstraliyada
tələbə radikalizminin mərkəzinə çevrilir. Burada
çoxlu tələbə nümayişləri baş verir. Tələbələr
Vyetnamda gedən müharibədə Avstraliyanın
iştirakı və hərbi mükəlləfiyyət əleyhinə çıxış
edirlər.
1970-1980-ci illərdə Monaş Universiteti həyata
keçirdiyi süni mayalanma proqramı ilə dünyaya
səs salır. Professorlar Karl Vud və Alan
Traunsonun rəhbərliyi ilə 1973-cü ildə
universitetdə bu yol ilə ilk hamiləlik əldə
olunur, 1980-ci ildə isə Avstraliyada ilk uşaq
dünyaya gəlir. Bu proqram nəticəsində
universitet külli miqdarda gəlir əldə edir.
1988-ci ilədək Monaş Universitetinin yalnız bir
kampusu - Kleyton var idi. On ildən çox keçmir
ki, ali məktəbin 8 kampusu (2 kampus və 2 tədris
mərkəzi xaricdə), beynəlxalq tədqiqat mərkəzləri
tikilir, buraya başqa ölkələrdən çoxlu tələbə
axını müşahidə edilir və bu ali məktəb
Avstraliyanın ən beynəlmiləl universitetinə
çevrilir. 1998-ci ildə Monaş Universiteti
Malayziyada, 2001-ci ildə isə Cənubi Afrikada
Yohannesburqda filiallarını açır. Monaş
Universiteti bu ölkələrdə filialını yaradan ilk
xarici universitet olur. Həmçinin 2001-ci ildə
universitet İtaliyanın Prato şəhərində XVIII
əsrə aid Toskan sarayında tədris mərkəzi
yaradır.
Son illər Monaş Universiteti tibbi tədqiqatlar
üzrə böyük nailiyyətlər əldə edib. 2000-ci ildə
professor Alan Traunsonun rəhbərlik etdiyi bir
qrup alim ilk dəfə olaraq dünyaya bəyan edir ki,
sinir gövdə hüceyrələrini embrional gövdə
hüceyrələrindən əldə etmək olar, bu da gövdə
hüceyrələrinin potensialına olan marağı kəskin
surətdə artırır. Monaş Universiteti biotibb üzrə
dünyada 20 ən yaxşı universitetdən birinə
çevrilir.
2008-ci il mayın 30-da Monaş Universiteti
yaranmasının 50 illik yubileyini qeyd edib.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris ilində Monaş Universitetinin
gəlirləri ümumilikdə 1439323000 Avstraliya
dollarına bərabər olub. Bu məbləğin 604639000
Avstraliya dollarını Avstraliya hökumətinin
universitetə etdiyi yardım, 128378000 Avstraliya
dollarını Avstraliya hökumətinin universitetə
ayırdığı qrantlar, 335900000 Avstraliya
dollarını təhsil haqqı və digər ödənişlər,
33667000 Avstraliya dollarını ştat və yerli
hakimiyyət orqanlarının yardımları, 35506000
Avstraliya dollarını investisiya qoyuluşu,
qalanlarını isə digər gəlirlər təşkil edib.
Həmin tədris ilində bu ali təhsil ocağının
xərcləri 1284495000 Avstraliya dolları olub.
Xərclərin 709825000 Avstraliya dollarını
işçilərin əməkhaqqı, 30980000 Avstraliya
dollarını təmir və texniki xidmət, 19380000
Avstraliya dollarını təqaüd və təltiflər, 331000
dolları sığorta və müxtəlif xidmətlər,
qalanlarını isə digər məsrəflər təşkil edib.
Monaş Universitetində tələbələrə təqaüdün
verilməsi üç şərt əsasında həyata keçirilir.
Birinci şərtə uyğun gələn tələbələr yaxşı
oxuyan, istedadlı, bacarıqlı, ikinci şərtə uyğun
gələn - çətin maliyyə durumu, ağır ailə
vəziyyəti olan, yerli Avstraliya xalqlarını
təmsil edən, qeyri-ingilisdilli, ölkənin uzaq
rayonlarından gələn, sağlamlığı məhdud və əlil,
kifayət qədər təmsil olunmamış məktəblərdən
olan, üçüncü şərtə uyğun gələnlər isə yaxşı
göstəricilərə malik və maliyyə durumu çətin olan
tələbələrdir.
Monaş Universitetində tələbələrə onların oxuduğu
fakültə və məktəbdən asılı olaraq müxtəlif
məbləğli təqaüdlər təklif olunur. Məsələn:
mühəndislik fakültəsində ildə 7000, incəsənət
fakültəsində 6000, tibb, tibb bacısı və
sağlamlıq haqqında elmlər fakültəsində 5500,
dəqiq elmlər fakültəsində 5000 Avstraliya
dolları və s.
Monaş Universitetində, dünyanın digər
universitetlərində olduğu kimi, tələbələrin
təhsil haqqı onların oxuduğu fakültə və
məktəbdən asılı olaraq fərqlənir. 2010-2011-ci
tədris ili üçün bu ali məktəbin bakalavr
pilləsində yerli tələbələrin təhsil haqqı 5442,
7050, 8050, 9080 Avstraliya dolları, əcnəbi
tələbələrin isə təhsil haqqı 22800, 31130, 52300
Avstraliya dolları arasında dəyişir.
Magistratura pilləsində yerlilərin təhsil haqqı
5442, 18100, 21400 Avstraliya dolları,
əcnəbilərin təhsil haqqı isə 21000, 25900,
30700, 32500 Avstraliya dolları, doktorantura
pilləsində isə əcnəbi tədqiqatçıların təhsil
haqqı 21000, 23300, 24990, 31140, 34500
Avstraliya dolları təşkil edir.
Universitet bu gün
Monaş Universitetinin əsas Kleyton kampusu 1,1
km2 ərazidə yerləşir və şəhərciklərin ən
böyüyüdür. Kampusun şəxsi qəsəbələri, indeksi
(3800) var. Şəhərcik zəngin Avstraliya flora və
faunasına malikdir, burada 2000-dən çox müxtəlif
bitki növlərinə rast gəlmək olar. 2001-ci ildə
bu kampusda Avstraliyada ilk sinxrotron zavodu
tikilib. Kampusda incəsənət, biznes və
iqtisadiyyat, təhsil, mühəndislik, informasiya
texnologiyaları, hüquq, tibb, tibb bacısı, tibb
elmləri fakültələri yerləşir. Həmçinin
şəhərcikdə tələbə yataqxanaları (12 mərtəbəli
Hovit, iki binadan ibarət olan Farrer, 190
yerlik Riçardson, Dikin, Roberts, 130 yerlik
Cənub-Şərq mənzili və 240 yerlik Manniks) var və
burada minlərlə tələbə qalır. Ümumilikdə,
universitetin əsas obyektləri bu şəhərcikdə
cəmlənib.
Kolfrid universitetin ikinci ən böyük kampusudur
və Melburn şəhərinin Kolfrid qəsəbəsində
yerləşir. 1922-ci ildən Kolfrid Texniki Məktəbi
kimi fəaliyyət göstərən kampus 1982-ci ildə
Çisxolm Texnologiya İnstitutu adlandırılıb,
1990-cı ildə isə Monaş Universitetinə
birləşdirilib. Bu şəhərcikdə hazırda
universitetin incəsənət, incəsənət və dizayn,
biznes və iqtisadiyyat, informasiya
texnologiyaları, tibb, tibb bacısı və tibb
elmləri fakültələri yerləşir. Tələbə təşkilatı
da bu kampusdadır.
Bervik kampusu universitetin ən yeni
kampuslarından biridir və Keysi şəhəri
bölgəsində 55 hektarlıq ərazidə salınıb. Bu
kampusun tikintisinə 1994-cü ildən başlanılıb.
Cisplend kampusu Melburn şəhərindən şərqdə
Latrob Vallidə 63 hektar ərazidə yerləşir. Bu
şəhərcikdə əsasən bakalavrlar təhsil alırlar.
Yalnız burada yerləşən tibb məktəbi digər
dərəcələr verir. Parkvill kampusu Melburn
şəhərindən 2 km şimalda Parkvill ərazisindədir.
Burada əczaçılıq və farmaseptik elmlər, tibb,
kommersiya və biznes fakültələri yerləşir.
Yarımada (Peninsula) kampusu Melburn şəhərinin
kənarında Frankston sahil qəsəbəsində salınıb və
burada fiziologiya və psixologiya, tibb və s.
fakültələr mövcuddur.
Monaş Universitetinin Sanvey kampusu 1998-ci
ildə Malayziyanın 13 dövlətindən biri olan
Selanqorun Bandar Sanvey şəhərində yaradılıb.
Burada universitetin bütün fakültələri üzrə
bakalavr, magistr və doktorluq dərəcələri
verilir, ən yeni texnologiyalarla təchiz edilmiş
akademik binalar, yataqxanalar mövcuddur. Sanvey
Monaş Universitetinin üçüncü ən böyük
kampusudur. 2007-ci ilin sentyabrında burada
yeni şəhərcik istifadəyə verilib. Monaş
Universitetinin Cənubi Afrikada Yohannesburq
şəhərində yerləşən kampusu 2001-ci ildən
fəaliyyət göstərir. Kampusda biznes və
iqtisadiyyat, incəsənət və informasiya
texnologiyaları fakültələri mövcuddur. Hazırda
kampus sürətlə inkişaf etməkdədir. 2001-ci ildə
İtaliyanın Prato şəhərində XVIII əsrə aid Toskan
sarayında yaradılan tədris mərkəzində hüquq,
incəsənət və dizayn, tarix, musiqi, biznes və
iqtisadiyyat və digər sahələr öyrənilir. Bu,
Avstraliyanın Avropada ən böyük tədris
mərkəzidir. Eləcə də 2008-ci ildə Hindistanın
Mumbay şəhərində IITB-Monaş Tədqiqat
Akademiyası açılıb. Akademiya ekoloji təmiz
enerji, biotexnologiya və nanotexnologiya, elm
və texnika üzrə tədqiqatlar aparmaq məqsədi ilə
Monaş Universiteti və Hindistan Bombey
Texnologiya İnstitutunun birgə əməkdaşlığı
çərçivəsində yaradılıb. Akademiyanı bitirən
tələbə hər iki qurum tərəfindən PhD (doktorluq)
dərəcəsi ilə təltif edilir.
Monaş Universitetinin aşağıdakı fakültələri
mövcuddur:
İncəsənət və dizayn fakültəsi tətbiqi incəsənət,
multimedia, incəsənət nəzəriyyəsi, sənaye
dizaynı və arxitekturası sahələri üzrə tədris və
tədqiqatlar təşkil edir. 2008-ci ildə burada
yeni memarlıq kursunun keçilməsinə başlanılıb.
Fakültə çərçivəsində Memarlıq, təsviri
incəsənət, multimedia və rəqəmsal incəsənət,
incəsənət və dizayn nəzəriyyəsi, Bədii tərtibat
departamentləri və Cisplend İncəsənət və Dizayn
mərkəzi fəaliyyət göstərir.
İncəsənət fakültəsinə İngilis dili,
Kommunikasiya və Tədqiqatların Effektliliyi,
Coğrafiya və Ekologiya, Humanitar elmlər,
Əlaqələr və Sosial Elmlər, Jurnalistika və
Avstraliya Tədqiqatları, Dillər, Mədəniyyətlər
və Dilçilik, Musiqi - Konservatoriya, Fəlsəfi,
Tarixi və Beynəlxalq tədqiqatlar, Siyasi və
İctimai tədqiqatlar məktəbləri daxildir.
Malayziyada fakültənin İncəsənət və Sosial
elmlər, Cənubi Afrikada isə İncəsənət məktəbləri
var. Bununla yanaşı, fakültənin nəzdində çoxlu
sayda mərkəz və institut fəaliyyət göstərir.
Biznes və İqtisadiyyat fakültəsi çərçivəsində
Mühasibatlıq və maliyyə, İqtisadiyyat və vergi
hüququ, Ekonometrika və biznes statistikası,
İqtisadiyyat, İdarəetmə, Marketinq
departamentləri mövcuddur. Fakültə dünyada
özünün yüksək səviyyəli MBA proqramı ilə
tanınır.
Mühəndislik fakültəsi daxilində Biologiya, Kimya
mühəndisliyi, Mülki tikinti, Elektrotexnika və
kompüter elmləri mühəndisliyi, materialşünaslıq,
maşınqayırma və aerokosmik texnika
departamentləri, Cisplend Tətbiqi Elmlər və
Texnika Məktəbi, Malayziyada isə Malayziya
Mühəndislik Məktəbi mövcuddur. Hər məktəb və
departament isə öz növbəsində bir neçə mərkəz və
laboratoriyalardan ibarətdir.
İnformasiya Texnologiyaları fakültəsi
informasiya texnologiyaları üzrə müxtəlif
kurslar tədris edir, informasiya-kommunikasiya
texnologiyaları üzrə mütəxəssis və elmi işçi
hazırlayır. Universitetin bütün kampuslarında
fakültənin məktəbləri var: Bervik, Kolfild,
Kleyton, Cisplend, Sanvey, Cənubi Afrika
məktəbləri.
Hüquq fakültəsi və ya Hüquq məktəbi
Avstraliyanın ən nüfuzlu məktəblərindəndir və
dünyaya bir çox tanınmış şəxslər bəxş edib.
Məktəbin nəzdində Kastan İnsan Hüquqları, Monaş
Tənzimləmə Tədqiqatları mərkəzləri, Beynəlxalq
Məhkəmə Tədqiqatları İnstitutu fəaliyyət
göstərir.
Tibb, tibb bacısı və sağlamlıq haqqında elmlər
fakültəsinin Tibbi Biologiya Elmləri (Anatomiya
və inkişaf biologiyası, Biokimya və molekulyar
biologiya, Mikrobiologiya, Farmakologiya,
Fiziologiya, Tibbi əks etdirmə və radiasiya
elmləri, Monaş immunologiya və gövdə hüceyrələri
laboratoriyaları daxildir), Tibb bacısı,
Psixologiya və Psixiatriya, Mərkəzi Klinik
(Avstraliya Qan Xəstəlikləri Mərkəzi, Alfred
tibb, Alfred cərrahiyyə, Kabrini cərrahiyyə,
İmmunologiya xəstəxanaları, Anesteziya və
perioperativ tibb elmi şurası daxildir), Şərq
sağlamlığı kliniki, Cənub kliniki (pediatriya,
mamalıq və ginekologiya, qida və dietologiya
bölmələri, Monaş Cərrahiyyə Tibbi Mərkəzi
daxildir), İlk Tibbi-sanitar yardım (Təcili
yardım və paramedik tədqiqatlar, Ümumi praktika,
İctimai fəaliyyət bölmələri daxildir), Kənd
yerində səhiyyə, İctimai səhiyyə və Tibbi
profilaktika, Tibb (Kleyton Mərkəzi Klinik,
Cisplend Tibb, Tibb və Sağlamlıq məktəbləri
daxildir) məktəbləri mövcuddur. Həmçinin
fakültənin 30-dan çox institut və tədqiqat
mərkəzi vardır.
Əczaçılıq və farmaseptik elmlər fakültəsi bu
sahə üzrə Cənubi Kaliforniya Universitetinin
Əczaçılıq məktəbindən sonra dünyada ikinci ən
yaxşı məktəbdir. Fakültənin nəzdində Tibbi
kimya, Farmaseptik biologiya və farmakologiya,
Farmaseptika, Farmaseptik təcrübə bölmələri,
Monaş Farmaseptik Elmlər İnstitutu fəaliyyət
gösərir.
Dəqiq elmlər fakültəsi Kleyton kampusunda
biologiya elmləri, kimya, fizika, yer haqqında
elmlər, riyaziyyat elmləri, Cisplend kampusunda
tətbiqi elmlər və Texnika, Sanvey kampusunda
elmlər məktəblərindən, bir neçə tədqiqat mərkəzi
və institutdan ibarətdir.
Təhsil (pedaqogika) fakültəsi nəzdində Təhsil
iqtisadiyyatı və peşəkar hazırlığı, Təhsil
multimedia, Elm, Riyaziyyat və Texnoloji təhsil,
Elvin Mori, Kronqold, Monaş Beynəlxalq Təhsil
Tədqiqatları mərkəzləri, İnsan Potensialının
İnkişafı və Konsultasiya İnstitutu mövcuddur.
Monaş Universitetinin kitabxanası Avstraliyanın
aparıcı kitabxanalarından biridir. Hazırda
dünyanın üç qitəsində kitabxananın filialları
fəaliyyət göstərir. Kitabxana kolleksiyasına 2,1
milyon kitab, 100000 çaplı və elektron jurnal,
341825 elektron kitab, 1118 şəbəkə elektron
verilənlər bazası daxildir. Burada milli və
beynəlxalq əhəmiyyətli sənədlərin saxlandığı
Xüsusi fond yerləşir. Kleyton kampusundakı Lui
Metson kitabxanasında qədimliyi və gözəl
tərtibatı ilə oxucuları valeh edən 100000-dən
çox nadir kitab, şəkillər, əlyazma və kitabçalar
saxlanılır. Nadir kitablar kolleksiyasının
yaradılmasına 1961-ci ildə Conatan Sviftin
əsərlərinin toplanmasından sonra başlanılıb. Bu
kitabxanada il ərzində müxtəlif sərgilər təşkil
olunur.
Monaş Universitetinin prezidenti və
vitse-kansleri nevrologiya üzrə professor Ed
Brindir. Prezidentin müavini xanım professor
Stefani Fai, pro-kansler isə professor Saymon
Adamsdır. Universitetdə 15262 nəfər işçi
çalışır. Onların 8321 nəfəri akademik, 6941
nəfəri isə inzibati işçidir. Qadın işçilərin
sayı burada 8748, kişi işçilərin sayı isə 6514
nəfərdir.
2009-2010-cu tədris ilində universitetdə
ümumilikdə 59925 tələbə təhsil alıb.
Tələbələrin 38811 nəfərini yerli, 21114 nəfərini
isə əcnəbi gənclər təşkil ediblər. Qız
tələbələrin sayı universitetdə 33917, oğlan
tələbələrin sayı isə 26008 nəfər olub. Monaş
Universitetində Bervik, Kleyton, Kolfild,
Cisplend, Parkvill, Yarımada, Cənubi Afrika,
Malayziya kampuslarının tələbə təşkilatları və
assosiasiyaları fəaliyyət göstərir.
Kainatın dörd qitəsində fəaliyyət göstərən Monaş
Universiteti digər universitetlərin malik
olmadığı perspektiv və resurslara söykənir.
Dünyanın bir çox ölkələrini təmsil edən
tələbələrin burada oxumaları ilə yanaşı,
universitet istedadlı və savadlı müəllimləri də
özünə cəlb edərək işlə təmin edir. Ali məktəb
uğur əldə etməyin əsas səbəblərindən birini də
beynəlxalq təcrübəyə əsaslanmaqda görür. Yer
kürəsinin bir sıra nüfuzlu ali məktəbləri ilə
əməkdaşlıq çərçivəsində Monaş Universiteti həmin
təhsil ocaqları ilə tələbə və işçi mübadiləsi
edir. Universitetin bütün dünyada 235000-dən çox
məzunu müxtəlif orqanlarda, rəhbər vəzifələrdə
çalışır. Monaş Universitetinin məqsədi
professional bacarıq və ictimai dəyərlərə malik
gələcək liderlər nəsli yetişdirməkdir.
Universitetin məşhur məzunları
|
Saymon Krin |
Avstraliyanın ticarət naziri |
|
|
Norman Leysi |
Avstraliyanın sabiq təhsil və mədəniyyət
naziri |
|
|
Robert Rey |
Avstraliyanın sabiq müdafiə naziri |
|
|
Maykl Vuldric |
Avstraliyanın sabiq səhiyyə naziri |
|
|
Raymond Finkelşteyn |
Avstraliya Federal Məhkəməsinin hakimi |
|
|
Merilin Uorren |
Avstraliya Federal Məhkəməsinin ilk
qadın hakimi |
|
|
Kler Oneyl |
Avstraliyada ilk qadın mer |
|
|
Syu Hovard |
Avstraliya Radioyayım Korporasiyasının
direktoru |
|
|
Jan Bedford |
yazıçı |
|
|
Piter Keri |
yazıçı |
|
|
Meri Tonkinskom |
rəssam, Dobell mükafatı laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |