Sentyabrın 7-də Bakının Səbail rayonunun
Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin
binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı
təmir və yenidənqurmadan sonra istifadəyə
verilmişdir.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva
mərasimdə iştirak etmişdir.
1966-cı ildə inşa olunmuş və 1940 şagirdin
təhsil aldığı 236 nömrəli orta məktəbin
binasının əsaslı təmir və yenidənqurma işlərinə
cari ilin mayından başlanılmışdır. Ümumi sahəsi
4960 kvadratmetr olan bu köhnə məktəb binası
Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa
müddətdə müasir tələblər səviyyəsində əsaslı
təmir olunmuşdur. Mövcud üç mərtəbədən əlavə,
4050 kvadratmetr sahədə mansard tipli dam örtüyü
quraşdırılmışdır. Məktəbin ətrafı
abadlaşdırılaraq, gözəl görkəm almışdır.
Təhsil ocağının 31 sinif otağında, 7 fənn
kabinetində və müxtəlif təyinatlı 11 otağında
müasir təhsil üçün hər cür şərait yaradılmış,
siniflər yeni avadanlıq və dərs ləvazimatı ilə
təmin olunmuşdur.
İlk dəfədir ki, təhsil ocağında belə yüksək
səviyyədə təmir işləri aparılmışdır. İndi burada
həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti,
həm də şagirdlərin biliklərin əsaslarına
yiyələnmələri üçün hər cür şərait yaradılmışdır.
Geniş və işıqlı foyedə ulu öndər Heydər
Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
ölkəmizdə təhsilə diqqət və qayğısının
artırılması istiqamətində gördükləri işləri və
məktəbin təmirində böyük dəstəyi olan Heydər
Əliyev Fondunun fəaliyyətini əks etdirən
fotostendlər zövqlə tərtib edilmiş, dövlət
atributları əks olunmuşdur.
Həm şagirdlərin, həm də müəllimlərin açılışını
səbirsizliklə gözlədikləri bu bilik ocağında
keyfiyyət, müasirlik və yüksək zövq vəhdət
təşkil edir. İndi bu məktəb maddi-texniki
bazasının zənginliyinə görə ölkəmizdə müasir
təhsil komplekslərindən birinə çevrilmişdir.
Məktəbin şagirdləri Heydər Əliyev
Fondunun prezidentinə gül dəstəsi təqdim
etdilər.
Mehriban xanım Əliyeva məktəbin təmirdən əvvəlki
vəziyyətini əks etdirən fotostendə baxdı. Fondun
prezidenti məktəblə tanış oldu.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif
Əsgərov Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya məlumat verdi ki,
məktəbdə təhsilin beynəlxalq standartlara uyğun
qurulması üçün müasir fənn kabinetləri
yaradılmışdır. Kimya, biologiya və fizika
kabinetləri müxtəlif təcrübələrin aparılması
üçün lazımi avadanlıq və əyani vəsaitlərlə
təchiz olunmuşdur.
Bildirildi ki, məktəbdə yaradılmış iki kompüter
kabinetində müasir kompüterlər quraşdırılmışdır.
Kompüterlərin İnternet şəbəkəsinə qoşulması və
şagirdlərin informatika biliklərinin artırılması
üçün kompüterlər lazımi proqramlarla təchiz
edilmişdir. Təhsil ocağının gənclərin
çağırışaqədər hazırlığı kabineti isə orduda
xidmətə hazırlaşan gənclərin hərbi hazırlığının
yüksək səviyyədə təşkili məqsədi ilə lazımi
ləvazimat, stendlərlə təmin olunmuş, mini
kazarma yaradılmışdır. Məktəbdə 200 nəfərlik akt
zalında kütləvi tədbirlərin keçirilməsi üçün hər
cür şərait vardır. Yeni musiqi otağı isə musiqi
alətləri və Almaniyanın istehsalı olan royal ilə
təchiz olunmuşdur. Gənc nəslin sağlam böyüməsi
üçün məktəbdə yaradılmış geniş zalda şagirdlər
idmanın bütün növləri ilə məşğul ola biləcəklər.
Burada fəaliyyət göstərən müasir kitabxana isə
bütün dərsliklər, bədii ədəbiyyat, müxtəlif
lüğətlər və s. ilə təchiz edilmişdir.
Təhsil ocağında yaradılan şərait müəllim
kollektivinin böyük sevincinə səbəb olmuşdur.
Məktəbin direktor müavini Yaqut İslamova
göstərilən diqqət və qayğıya görə Prezident
İlham Əliyevə və Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevaya pedaqoji kollektiv adından təşəkkür
edərək dedi:
-Sevincimiz böyükdür. Aldığımız bu böyük hədiyyə
bizi səylə işləməyə, dövlətimizə layiqli gənclər
yetişdirməyə ruhlandırır. Biz möhtərəm
Prezidentimiz İlham Əliyevin siyasətini
bəyənirik və onun ardınca gedirik.
Prezidentimizi həddindən artıq çox sevirik. Onun
yaxın silahdaşı kimi Sizə də dərin təşəkkürümüzü
bildiririk ki, incəsənətimizə, mədəniyyətimizə,
təhsilimizə, səhiyyəmizə bu cür gözəl qayğı
göstərirsiniz.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva ölkəmizin təhsil sisteminin müasir və
beynəlxalq standartlara cavab verməsi üçün
lazımi tədbirlərin görüldüyünü və bunun
gələcəkdə də davam etdiriləcəyini vurğulayaraq
dedi:
-Azərbaycanın bütün məktəbləri yüksək səviyyədə
olmalıdır. Demək olar ki, bu gün artıq biz bu
yol ilə gedirik. Siz bilirsiniz ki, son dörd il
ərzində 1800 yeni məktəb inşa və təmir olunub,
ən yüksək standartlara cavab verir. Yüksək
səviyyədə təhsil üçün bütün nə lazımdırsa, bu
məktəbdə vardır.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |