Sentyabrın 6-da "Hyatt Regency" otelinin Quba
zalında Bakı şəhəri təhsil işçilərinin konfransı
keçirildi. Konfrans başlanmazdan əvvəl
nümayəndələr Fəxri xiyabana gələrək ümummilli
lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla
yad etdilər, məzarı önünə gül dəstəsi qoydular.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da məzarı ziyarət olundu.
Konfransda
təhsil naziri Misir Mərdanov, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
millət vəkili Səttar Mehbalıyev, Binəqədi Rayon
İcra Hakimiyyətinin başçısı Alı Qocayev, millət
vəkilləri, respublikanın tanınmış alim və
pedaqoqları, müxtəlif dövlət və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri, paytaxtın
ümumtəhsil məktəblərinin, məktəbəqədər və
məktəbdənkənar müəssisələrinin rəhbərləri,
müəllimlər, KİV nümayəndələri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra konfrans öz işinə
başladı. "2009-2010-cu dərs ilinin yekunları və
qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə
çıxış etmək üçün söz alan Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilk
olaraq konfrans iştirakçılarını qarşıdan gələn
yeni dərs ili münasibətilə təbrik etdi. Nailə
xanım ulu öndər Heydər Əliyevin təhsili millətin
gələcəyi adlandırdığını,onun keyfiyyətcə
yüksəldilməsinə xüsusi önəm verdiyini bildirdi.
Qeyd olundu ki, əbədiyaşar liderimizin əsasını
qoyduğu, ölkə başçısı cənab İlham Əliyev
tərəfindən davam və inkişaf etdirilən təhsil
islahatları bu prioritet sahənin hərtərəfli
inkişafını təmin etməklə Azərbaycan təhsilinin
müasir dünya təhsilinə inteqrasiyasını
sürətləndirmişdir.
Təhsil sahəsində son illərin ən mühüm
hadisələrindən biri də "Təhsil haqqında"
Azərbaycan Respublikası Qanununun qəbul edilməsi
olmuşdur. Məruzəçi Qanunun qəbul edilməsi
zərurətinin, ilk növbədə, ölkədə və dünyada
dinamik inkişaf tendensiyaları və Azərbaycanın
keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm
qoyması ilə bağlı olduğunu deyərək, yeni Qanunda
öz əksini tapan məsələlərdən söz açdı. Qeyd etdi
ki, yeni Qanun dövlətin təhsil siyasətinin
yerinə yetirilməsi sahəsində əməli addımlar
atmağa imkan yaradır.
N.Rzaquliyeva
təhsilin ilk pilləsi və bünövrəsi sayılan
məktəbəqədər təhsilin ən çox diqqət tələb edən
bir sahə olduğunu deyərək bununla bağlı görülən
işlərdən danışdı. Məlumat üçün bildirdi ki, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309
məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 303
körpələr evi-uşaq bağçası, 1 körpələr evi,
sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 2
məktəbəqədər xüsusi təhsil müəssisəsi, 3 sanator
tipli məktəbəqədər təhsil müəssisəsi vardır.
Uşaqların sayı 31037 olmaqla həmin təlim-tərbiyə
müəssisələrində 1394 qrup fəaliyyət göstərir ki,
onlarda da balacaların təlim-tərbiyəsi ilə 3572
pedaqoji işçi məşğul olur. Məruzəçi bildirdi ki,
hesabat ilində "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununa müvafiq olaraq 5 yaşlı
uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının
zəruriliyi nəzərə alınaraq bu sahədə də müəyyən
təhlillər aparılıb. Təhlillər zamanı məlum olub
ki, əvvəlki illərdən fərqli olaraq 5 yaşlı
uşaqların məktəbəqədər təhsilə cəlb olunmasında
müsbət dinamika var. Belə ki, 2006-2007-ci
tədris ilində 4380, 2007-2008-ci tədris ilində
4480, 2008-2009-cu tədris ilində 5600,
2009-2010-cu tədris ilində isə 6700 uşaq məktəb
təliminə hazırlıq prosesinə cəlb olunub. İnkişaf
dinamikasının göstəricilərinə əsaslanıb demək
olar ki, məktəbəhazırlıq qruplarının şəbəkəsi
xeyli genişlənib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yarandığı
ilk gündən etibarən fəaliyyətini ümumi təhsilin
keyfiyyətinin yüksəldilməsinə yönəltdiyini deyən
N.Rzaquliyeva bu istiqamətdə həyata keçirilən
tədbirlərdən söz açdı. Qeyd olundu ki, hazırda
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində
311 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5
cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu
məktəblərdə 325995 şagirdin təlim-tərbiyəsi ilə
33784 müəllim məşğul olur.
Təhsil sahəsində yeni qiymətləndirmə
mexanizmlərinin tətbiqi, orta məktəblərdə
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsinin təhsilin keyfiyyətinə
kifayət qədər müsbət təsir edən amillərdən
olduğunu diqqətə çatdıran məruzəçi ötən dərs
ilinin bununla bağlı nəticələrini diqqətə
çatdırdı.
N.Rzaquliyeva onu da bildirdi ki, ötən illərlə
müqayisədə 2010-2011-ci dərs ili üzrə ali
məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin
xüsusi çəkisi artıb və məzunların 44,83 faizi
tələbə adını qazanıb. Qeyd etdi ki, keçən il bu
rəqəm 41,99 faiz idi. Bakı Şəhəri üzrə Təhsil
İdarəsi yarandığı 2006-cı ildə isə həmin
göstərici 34,79 faiz olub. Bu da 4 ildə Bakı
məktəbləri üzrə ali məktəblərə qəbulun 10
faizdən çox artması deməkdir. 600-dən yuxarı bal
toplayanların sayı keçən illə müqayisədə bu il
404-dən 563-ə, 500-dən çox bal toplayanların
sayı 1727 nəfərdən 2061-ə yüksəlib.
2009-2010-cu il məzunlarından 2 nəfər 700 bal,
hər 15 nəfərdən biri 600-dən, hər 4 nəfərdən
biri isə 500-dən yuxarı bal toplayaraq ali
məktəblərə qəbul olunub. Həmin məzunların
bitirdikləri təhsil müəssisələrinin adlarını
açıqlayan məruzəçi daha sonra Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin fəaliyyəti dövründə Bakı
məktəbləri məzunlarının ali məktəblərə qəbulu
zamanı topladıqları balların illər üzrə
təhlilini apardı. Məzunların ali məktəblərə
qəbul faizində ilbəil artım müşahidə olunduğunu
deyən N.Rzaquliyeva onların yüksək bal
toplamalarının sevindirici hal olduğunu söylədi.
Məruzədə məzunların yüksək bal toplamalarına
təsir edən amillərdən birinin gənclərin təhsilə,
elmə olan marağının artması, digər tərəfdən də
Təhsil Nazirliyinin orta məktəblərdə buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada
keçirməsi nəticəsində həm müəllimlərdə, həm də
şagirdlərdə məsuliyyət hissinin artması olduğu
xüsusi vurğulandı.
Məktəbli formasının tətbiqini çox önəmli bir
məsələ saydığını söyləyən N.Rzaquliyeva əsas
məqsədin uşaqlar arasında sosial fərqin aradan
qaldırılması, psixoloji-mənəvi iqlimin
sağlamlaşdırılması olduğunu qeyd etdi.
Bildirildi ki, ilkin mərhələdə ümumtəhsil
məktəblərinin ibtidai siniflərində vahid forma
tətbiq olunacaq. Daha sonra bu, ikinci mərhələdə
V-XI sinif şagirdlərini əhatə edəcək. Onu da
əlavə etdi ki, bununla bağlı ictimai rəy
qənaətbəxşdir, bu addım valideynlər tərəfindən
müsbət qarşılanır.
N.Rzaquliyeva təhsil sistemində qabaqcıl
təcrübəni öz fəaliyyətlərində tətbiq edən, yeni
təlim texnologiyalarından, şagirdlərin qavrama
bacarığının inkişafında əvəzsiz rol oynayan
interaktiv təlim metodlarından dərslərində
istifadə etməklə uğur qazanan müəllimlərin
sayının günü-gündən artmasının ürəkaçan olduğunu
bildirdi.
Məruzəçi ölkə başçısı cənab İlham Əliyevin
müvafiq sərəncamına uyğun olaraq keçirilən "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrində Bakı şəhəri məktəblərinin və
müəllimlərinin uğurlu nəticələrindən söz açdı.
Məlumat üçün bildirdi ki, bu il Bakı şəhərinin
28 məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi", 50
müəllim isə "Ən yaxşı müəllim" adına layiq
görülüb.
Məruzəsində xüsusi istedada malik uşaqların
aşkara çıxarılması və inkişaf etdirilməsi ilə
bağlı təhsil müəssisələrində keçirilən silsilə
tədbirlərə də toxunan Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri həmçinin fənn olimpiadalarının
respublika turunda şagirdlərin əldə etdikləri
nailiyyətlərdən bəhs etdi.
N.Rzaquliyeva 2009-2010-cu dərs ilində ən
əlamətdar hadisələrdən birinin də Bakı
təhsilinin tarixində ilk dəfə keçirilən Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin 4 illik
fəaliyyətini əks etdirən "Təhsil, zaman və biz"
adlı baxış -sərginin təşkil edilməsi olduğunu
dedi. Yüksək səviyyədə təşkil olunmuş sərgidə
qabaqcıl təhsil müəssisələrinin təhsil sahəsində
əldə etdikləri uğurları, bacarıq və
nailiyyətləri nümayiş etdirilib. Sərgi barədə
konfrans iştirakçılarına ətraflı məlumat verən
məruzəçi uğurla həyata keçirilən təhsil
islahatlarının nəticələri və bu sahədə
qazanılmış nailiyyətləri cəmiyyətə təqdim
etməkdə əsas məqsədin Bakı təhsil mühitinin
məzmunu və mahiyyəti haqqında fikir
formalaşdırmaq olduğunu söylədi.
Son illər təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi və
təhsildə İKT-nin tətbiqinin dünya standartları
səviyyəsinə çatdırılması ölkəmizdə prioritet
istiqamətlərdən biri olduğunu diqqətə çatdıran
N.Rzaquliyeva Bakının 139 ümumtəhsil məktəbinin
genişzolaqlı İnternet şəbəkəsinə qoşulduğunu,
bütün məktəblərdə lokal şəbəkələrin
yaradıldığını bildirdi. Qeyd olundu ki, son
illərdə tətbiq edilən "Elektron məktəb"
layihəsinin əhatə dairəsi də xeyli genişlənib.
23 nömrəli məktəbdə isə elektron jurnallara
keçid başa çatıb.
Məruzəçi onu da qeyd etdi ki, bugünkü
idarəetmədə geniş məlumat bazasının, dəqiq və
sürətli informasiyanın böyük rolu vardır. Bu
baxımdan, Təhsil Nazirliyində 2008-ci ilin
sentyabrından həyata keçirilən "Məktəb - TİMS"
proqramı təhsilin keyfiyyətli idarəedilməsi üçün
imkan yaradır. İl ərzində Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin TİMS sektoru proqramın 4
bölməsi - məktəb, kadr, şagird və ÜM-1 hesabatı
üzrə məlumatların toplanmasını və yenilənməsini
başa çatdırmaqla keyfiyyətli informasiya
təminatı yaradıb. İndi hər bir məktəb üzrə
konkret və vacib informasiyalar vardır.
Təhsilin inkişafına bilavasitə təsir edən
amillərdən birinin də maddi-texniki baza
olduğunu deyən N.Rzaquliyeva ilbəil onun
möhkəmləndirilməsinin, infrastrukturun inkişaf
etməsinin təhsil mühitinin yaxşılaşmasına imkan
verdiyini dedi. Məlumat üçün bildirdi ki,
2009-2010-cu dərs ilində Heydər Əliyev Fondunun
xətti ilə Bakı şəhərində 3 məktəb və 1 uşaq
bağçası əsaslı təmir edilmiş, Təhsil
Nazirliyinin vəsaiti hesabına 2 məktəbdə əlavə
korpus tikilmiş, 6 məktəb və 2 uşaq bağçasında
əsaslı təmir, 30 məktəbdə, 29 uşaq bağçasında və
1 məktəbdənkənar təhsil müəssisəsində cari təmir
işləri aparılıb. 13 məktəbin və 10 uşaq
bağçasının istilik sistemi yenidən qurulub.
2009-2010-cu dərs ilinin əvvəlində müasir
tələblərə cavab verən 2 yeni körpələr evi-uşaq
bağçası tikilərək balacaların istifadəsinə
verilib.
Məruzəsində ötən dərs ilində əldə olunan
uğurlardan, görülən işlərdən, qarşıda duran
vəzifələrdən ətraflı bəhs edən, müəyyən
çatışmazlıqları və nöqsanları geniş təhlil edən,
onların aradan qaldırılması istiqamətində bir
sıra tədbirlərin həyata keçiriləcəyini söyləyən
Nailə Rzaquliyeva çıxışının sonunda yeni dərs
ilində təhsil işçilərinin Bakı təhsilinin
inkişafına öz layiqli töhfələrini verəcəklərinə
inandığını bildirdi.
Sonra konfransda məruzə ətrafında çıxışlar
oldu. "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi, Bakı şəhərindəki 125
nömrəli məktəbin direktoru Zeynəb Əliyeva, 183
nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi
Aysel Əliyeva, 190 nömrəli məktəbin
Valideyn-Müəllim Assosiasiyasının prezidenti
Ələkbər Məmmədov, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi, 313 nömrəli məktəbin
müəllimi Mərdan İsmayılov, qəbul imtahanlarında
maksimum nəticə - 700 bal toplamış Esmira
Baxşəliyeva və Aygül Tanrıverdiyeva çıxış edərək
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin
inkişafında gördüyü işləri yüksək
dəyərləndirdilər, ötən il ərzində həyata
keçirilən tədbirlərdən, əldə olunan
nailiyyətlərdən danışdılar.
Millət vəkili Asim Mollazadə, Ombudsman
aparatının rəhbəri Aydın Səfixanlı ölkəmizdə
təhsilin uğurla inkişaf etməsindən, müəllimlik
peşəsinin müqəddəsliyindən, Azərbaycanda kifayət
qədər yüksək biliyə, istedada malik gənclərin
olmasından söz açdılar və belə bir tədbirdə
iştirak etmələrindən məmnunluq hissi
keçirdiklərini bildirdilər.
Konfransda təhsil naziri Misir Mərdanov çıxış
edərək bütün təhsil işçilərini qarşıdan gələn
"Bilik günü" münasibəti ilə təbrik etdi. Son
illər Bakı təhsilinin uğurlarının artdığını
deyən nazir bütövlükdə Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin fəaliyyətini müsbət dəyərləndirdi.
Təhsil naziri əbədiyaşar liderimiz Heydər
Əliyevin hər zaman təhsilə önəm verdiyini,
müəllimlərə xüsusi hörmətlə və ehtiramla
yanaşdığını, bu şərəfli peşənin sahiblərinin
əməyini yüksək qiymətləndirdiyini qeyd etdi. Ulu
öndərin müəllim haqqında söylədiyi qiymətli
fikirləri konfrans iştirakçılarının diqqətinə
çatdıran nazir hazırda onun layiqli davamçısı,
ölkə başçısı cənab İlham Əliyev tərəfindən
Azərbaycan təhsilinin, elminin inkişafına,
müəllimlərimizə göstərilən diqqət və qayğıdan
danışdı.
Müəllimlik peşəsinin şərəfli, eyni zamanda
çətin və məsuliyyətli olduğunu söyləyən nazir
Misir Mərdanov bununla bağlı fikirlərini
konfrans iştirakçıları ilə bölüşdü. Hər zaman
müəllimə hörmətlə yanaşıldığını deyən təhsil
naziri həmin ənənənin qorunaraq davam
etdirilməsinin vacibliyindən söz açdı. Bu gün
müasir müəllimə verilən tələblərdən danışan
nazir həmçinin məktəb-valideyn-şagird
münasibətlərindən də bəhs etdi, birgə
əməkdaşlığın əhəmiyyətini qeyd edərək hər bir
valideynin öz övladının təhsil aldığı məktəblə
əlaqəsini artırmasının, məktəbin həyatında
baş verən proseslərdə yaxından iştirak
etməsinin zəruriliyini konfrans iştirakçılarının
nəzərinə çatdırdı.
Çıxışında digər həlli vacib məsələlərə də
toxunan nazir Misir Mərdanov təhsil işçilərinə
bir sıra tövsiyələr verdi .
Konfransın sonunda ölkənin təhsil sahəsində
görülən işlərdən, əldə olunan uğurlardan bəhs
edən videoçarxın nümayişi iştirakçılar
tərəfindən rəğbətlə qarşılandı.
Samirə KƏRİMOVA |