Bu günlərdə Buxarestdəki Avropa Nikolae
Titulesku Fondunda Rumıniyada təhsil almış
azərbaycanlı tədqiqatçıların elmi işlərindən
ibarət kitabların təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən Avropa Nikolae Titulesku
Fondunun icraçı direktoru, professor Corce Potra
qeyd edib ki, 3 gənc azərbaycanlı müəllifin
rumın dilində elmi iş müdafiə etməsi və bu
işlərin nəşri çox böyük əhəmiyyətə malikdir.
Rumıniyanın tanınmış ali təhsil ocaqlarında
doktorluq elmi dərəcəsinə layiq görülmələri
münasibətilə gənc tədqiqatçıları təbrik edən
Babeş-Bolyai Universiteti Türkologiya və Mərkəzi
Asiya Araşdırmalar İnstitutunun direktoru,
professor Təhsin Cəmil Avropa İttifaqının üzvü
olan Rumıniyanın Qafqaz və Orta Asiya regionu,
xüsusilə Azərbaycanla əlaqələrin inkişafına
xüsusi diqqət yetirməsinin vacib olduğunu
vurğulayıb. Rumıniya İqtisadi Elmlər
Akademiyasının professoru Floriana Bran öz
çıxışında Azərbaycanın neft və qaz
ehtiyatlarının bütün Avropanın enerji
təhlükəsizliyində oynadığı mühüm roldan bəhs
edib. Buxarest Yazıçılar Assosiasiyasının sədri
Horia Qıbea, Spiru Haret Universitetinin
əməkdaşı Lyudmila Rotaru, nüfuzlu "Geopolitika"
jurnalının redaktoru Vasili Similyanu və
başqaları tədbirdəki çıxışlarında nəşrlərin
ayrı-ayrı önəmli xüsusiyyətləri haqqında
danışmışlar.
Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin
əməkdaşları, tanınmış din, ədəbiyyat və
incəsənət xadimləri, Buxarest şəhərində
akkreditə olunan xarici ölkələrin diplomatları,
Rumıniyada yaşayan həmvətənlərimiz və bu ölkədə
təhsil alan azərbaycanlı tələbələr iştirak
etmişlər.
Hicran ƏKBƏROVA |