Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - ¹12

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, ötən məqalədə Təhsil Nazirliyinin "British Council" (Britaniya Şurası) ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə məlumat vermişdim, bu məqalədə də həmin təşkilatla əməkdaşlıq əlaqələrimiz barədə fikirlərimi davam etdirəcək, digər layihə və proqramlar çərçivəsində həyata keçirilən tədbirləri diqqətinizə çatdıracağam.

Con Smit Təqaüd Proqramı. Bu Proqram demokratiya və keyfiyyətli idarəetmə üzrə təlim və məlumatların alınması və mübadiləsi məqsədilə cəmiyyətin fəal gənc üzvləri və gənc siyasi liderlər üçün nəzərdə tutulub. Proqram məşhur britaniyalı siyasətçi, 1994-cü ildə vəfatınadək Leyboristlər Partiyasının lideri olmuş Con Smitin xatirəsini əbədiləşdirmək məqsədilə təsis olunmuşdur. Beş həftəlik müddəti əhatə edən proqram demokratiya, qanun və hüquqlar, idarəetmə, biznes və ictimai həyatda məsuliyyət, beynəlxalq təsisatlar və münasibətlər sahələrini əhatə edir.

2005-ci ildən azərbaycanlı gənclər Con Smit Təqaüd Proqramında iştirak edirlər. Hər il 3 nəfər azərbaycanlı gənc Birləşmiş Krallıqda 5 həftəlik intensiv proqram çərçivəsində idarəetmə, demokratiya və sosial ədalət sahəsində biliklərə yiyələnir. Bu təqaüd proqramı tədris, iş yerlərində təcrübə və Böyük Britaniyanın demokratiya təcrübəsinə yiyələnməyə imkan verən tədbirlərdən ibarətdir. İndiyədək Proqram çərçivəsində Azərbaycan üçün 14 təqaüd ayrılmışdır.

Azərbaycan - Britaniya Məzunlar Birliyi. Layihə 2005-ci ildən həyata keçirilir, Böyük Britaniyada müxtəlif təhsil və təlim proqramlarını bitirən azərbaycanlı mütəxəssislərin şəbəkəsidir. Bu şəbəkə "British Council", bp və Britaniya səfirliyi tərəfindən dəstəklənir. Hazırda təşkilat 120-dən artıq məzunu öz sıralarında birləşdirir.

"İş üçün bacarıqlar" layihəsi. 2007-2010-cu illəri əhatə edən bu layihə Böyük Britaniya ilə tərəfdaşlıq əlaqələrin yaradılması vasitəsilə Cənub-Şərqi Avropa ölkələrində peşə təhsilinin inkişafına dəstək verir. Regionun 16 ölkəsində həyata keçirilən 3 illik layihənin əsas məqsədləri aşağıdakılardır:

-peşə təhsilinin inkişafına işəgötürənlərin cəlb olunması vasitəsilə təhsilin sənayenin ehtiyaclarına uyğunlaşdırılması;

-peşə təhsilinin daha üstün mövqeyə yüksəlməsi;

-gənclərin qlobal məşğulluq bazarında rəqabətədavamlı peşə bacarıqlarına yiyələnməsi;

-işgüzarlıq və innovasiya mədəniyyətinin inkişafına nail olunması.

Layihə çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Sahibkarlar Konfederasiyasının nümayəndələrindən ibarət 7 nəfərlik nümayəndə heyəti "Peşə təhsili üzrə standartların və kurikulumun hazırlanması" mövzusunda regional seminarda iştirak etmişdir (13-14 dekabr 2007-ci il). Təhsil Nazirliyi və Sahibkarlar Konfederasiyasını təmsil edən 2 nümayəndə Londonda keçirilən "Peşə bacarıqları sahəsində qlobal ehtiyacların ödənilməsi: peşə təhsilinə işəgötürənlərin cəlb olunması" adlı beynəlxalq seminarda iştirak etmişdir (11-14 fevral 2008-ci il). Peşə təhsili müəssisələri nümayəndələrinin iştirakı ilə Londonda keçirilmiş beynəlxalq tərəfdaşlıq seminarında Mingəçevir Turizm Kolleci ilə Edinburq Stivenson Kolleci arasında ilkin əməkdaşlıq əlaqəsi qurulmuşdur (26-28 noyabr 2007-ci il). Əməkdaşlıq çərçivəsində Mingəçevir Turizm Kollecinin 2 nümayəndəsi təcrübə mübadiləsi məqsədilə Edinburq Stivenson Kollecində olmuşdur (4-10 fevral 2008-ci il).

Hazırda "British Council" Təhsil Nazirliyi və Avropa Komissiyası arasında imzalanmış "Peşə təhsili və təlimi islahatı və Azərbaycanın seçilmiş regionunda tətbiqi" layihəsinə texniki dəstək göstərir. Layihə çərçivəsində Dağlıq Şirvan iqtisadi zonasının əmək bazarı öyrənilmiş və İsmayıllı peşə məktəbində tədris ediləcək ixtisaslar müəyyənləşdirilmişdir.

Elm layihəsi. Layihə 2007 - 2008-ci illəri əhatə etmişdir. Əsas tərəfdaşlar Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bank Standart, RİSK İKT şirkəti, Baku Elektroniks olmuşdur. Layihənin məqsədi elm, təhsil və incəsənəti birləşdirərək gəncləri elm sahəsində karyera qurmağa həvəsləndirmək, habelə gənc alimləri daha geniş kütlə ilə açıq, hərtərəfli, ruhlandırıcı və interaktiv yollarla əlaqə yaratmağa həvəsləndirməkdir. Layihə Cənub-Şərqi Avropanın 9 ölkəsində, habelə Böyük Britaniyada həyata keçirilir.

Layihə çərçivəsində 15-30 mart 2007-ci il tarixlərdə müsabiqə keçirilmişdir. Müsabiqə yaşı 18-dən yuxarı olan, auditoriya qarşısında elmi mövzuda üç dəqiqəlik təqdimat edə bilən şəxslər üçün nəzərdə tutulmuşdu. Uğurlu təqdimat hazırlayan şəxslər Böyük Britaniyadakı Cheltenham Elm Festivalında iştirak etmək hüququ qazanır. Yarımfinal və finalda 47 tələbə və gənc elmi işçi 250 nəfərlik auditoriya qarşısında çıxış etmişdir. Britaniyalı mütəxəssis 150 məktəbli üçün "Həyatımızda enerji" adlı məşğələlər, 10 finalçı üçün "Televiziya kameraları qarşısında ən yaxşı necə çıxış etmək olar?" mövzusunda treninq keçirmişdir.

Bakı, Abşeron, Sumqayıt və Şamaxıdan olan 20 məktəbdən təxminən 200 şagird üçün Qafqaz Universitetində "Qulaqlarınıza layiq musiqi" adlı treninqlər keçirilmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında 20 məktəb və 23 elm-təhsil müəssisəsini təmsil edən 1300 nəfər üçün "Təsəvvür et" adlı tamaşa göstərilmişdir. Böyük Britaniyanın Elm Kommunikasiya Kampaniyası tərəfindən hazırlanan tamaşa məktəblilərə dünyanın ən gözəl və valehedici elmi nailiyyətlərindən bəzilərini görməyə imkan yaratmışdır. Tədbir iştirakçıları arasında gözəl təbiət hadisələrinin elmi izahını verən 200 kitabça paylanmışdır.

Layihə çərçivəsində 2008-ci ilin yanvarında debatlar keçirilmişdir. Debatlar Böyük Britaniya və Cənub-Şərqi Avropada müxtəlif elmi mövzular üzrə əks fikirləri müdafiə edən tədqiqatçılardan ibarət komandalar arasında keçirilir. "Gələcək enerjimiz" mövzusunda debatlara nəzəri atom fizikası sahəsində mütəxəssislər və Surrey Universitetinin fizika üzrə professoru Doktor Patrik Reqan rəhbərlik etmişdir. Qafqaz Universitetində keçirilən "Nüvə enerjisi, yoxsa yenilənən enerji növləri?" mövzusunda debatlarda 23 elm və təhsil müəssisəsini təmsil edən 70 tələbə və gənc elmi işçi iştirak etmişdir.

Universitetlər arasında əlaqələr - ekoturizm layihəsi. Bu layihə turizm sahəsində ixtisas imkanlarını yaratmaq üçün ekoloji cəhətdən həssas turizm üzrə magistratura kursunun işlənib hazırlanmasını və tətbiqini nəzərdə tutur. Layihə Azərbaycan tərəfindən Qərb Universiteti, Turizm İnstitutu və Böyük Britaniya tərəfindən Kent Universiteti arasında tərəfdaşlıq vasitəsilə həyata keçirilir.

Məktəblər arasında əlaqələr - robotlar missiyası layihəsi. Robotlar Missiyası yerli və Britaniya məktəbləri arasında əlaqələr yaratmaq üçün nəzərdə tutulmuş layihədir. Layihə Azərbaycanda 2007-2009-cu illərdə uğurla həyata keçirilmişdir. Azərbaycan üzrə milli çempionatın qalib komandası 27 yanvar 2007-ci ildə Birminqem Universitetində keçirilən FIRST Lego Liqasının Britaniya finalında yarışmaq üçün Birləşmiş Krallığa səfər etmiş və 28 Britaniya komandasının iştirak etdiyi yarımfinalda ilk səkkizliyə seçilmişdir.

Əsas tərəfdaşlar ÇAĞ, British Airways, bp-nin Xəzər Enerji Mərkəzi olmuşdur. Təhsil sahəsində qabaqcıl və texnoloji cəhətdən mütərəqqi olan bu layihə Azərbaycanda ilk dəfə LEGO robotlarından istifadə edərək riyaziyyat, xarici dillər, dəqiq elmlər və dizayn texnologiyası fənlərini inteqrasiya etməklə təhsil prosesinə kompleks yanaşmanı təqdim etmişdir.

Birinci il Lənkəran və Sumqayıt liseylərindən olan 32 şagirdin təşkil etdiyi 4 komanda Birinci Milli Robotlar Yarışında qüvvəsini sınamışdır. Qalib komandadan 4 şagird və 2 müəllim İngiltərəyə səfər etmişdir (12 mart 2005-ci il). İkinci il layihədə Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Şəki, Ağdaş, Quba və Şirvandan 8 lisey və Britaniyadan 4 məktəb olmaqla ümumilikdə 96 şagird və 12 müəllim iştirak etmişdir. İkinci Milli Robotlar Yarışmasında 8 komanda arasında qalib çıxmış Ağdaş məktəbindən 4 şagird və 1 müəllim finalda yarışmaq üçün Birləşmiş Krallığa səfər etmişdir. Üçüncü il layihədə Azərbaycandan və Böyük Britaniyadan 14 məktəb, 112 şagird və 14 müəllim iştirak etmişdir. Üçüncü Milli Robotlar Yarışmasında qalib gəlmiş Lökbatan məktəbinin komandası finalda yarışmaq üçün Birləşmiş Krallığa səfər etmişdir. Üç il ərzində İngiltərədən dəvət olunmuş mütəxəssis 1200-ə yaxın şagirdə texnologiya sahəsində interaktiv məşğələlər keçmişdir.

"Birlikdə yaşayaq" layihəsi. Layihə 2007 - 2009-cu illəri əhatə etmişdir. Məqsəd Cənub-Şərqi Avropanın 27 ölkəsi və Birləşmiş Krallıqda keçirilən regional layihə çərçivəsində milli azlıqlar, miqrantlar və fiziki qüsuru olanların ictimai həyatda iştirakına dair təlimlərin keçirilməsidir. Layihə çərçivəsində orta məktəblərdə vətəndaşlıq bacarıqları sahəsində tədris materialları paylanmış, müəllimlər üçün təlimlər keçirilmiş, milli azlıqlar üçün ingilis dili kursları təşkili edilmiş, ingilis və Azərbaycan dili üzrə sorğu kitabçası çap olunmuşdur.

"Dostlar dəryası" layihəsi. 2007-ci ilin aprel-avqust aylarını əhatə edən bu layihə "British Council", Təhsil, Gənclər və İdman nazirlikləri tərəfindən birgə həyata keçirilmişdir. Layihənin məqsədləri Azərbaycan, İsrail və Böyük Britaniya gənclərini bir araya gətirərək onlar arasında mədəniyyətlərarası dialoqun əldə edilməsinə yardım göstərmək, su idman növləri vasitəsilə dil, din və mədəniyyətlərarası sərhədləri aşmaq, bu idman növlərindən istifadə edərək ətraf mühit problemlərini qaldırmaq, gənclərə olimpiya ideyaları üzərində qurulan layihələri idarə və icra etmək sahəsində dəstək göstərməkdir.

Layihə çərçivəsində Makedoniyanın Ohrid şəhərində gənclər arasında əlaqə yaratmaq, mədəniyyət və idman vasitəsilə gənclərin hərtərəfli inkişafına nail olmaq məqsədilə Azərbaycan və digər Avropa ölkələrindən olan 200 gənc bir araya toplanmışdır (10-14 aprel 2007-ci il). Azərbaycan, İsrail və Böyük Britaniyadan olan 28 gənc arasında ilk görüş İsraildə keçirilmişdir (1-8 iyul 2007-ci il). İsrail və Böyük Britaniya gəncləri öz tərəf-müqabilləri ilə görüşmək üçün Azərbaycana səfər etmişlər (12-19 avqust 2007-ci il). Böyük Britaniyanın Bolton şəhərində 28 gəncin iştirakı ilə görüş keçirilmişdir (26 avqust - 1 sentyabr 2007-ci il). Böyük Britaniyanın Mançester şəhərində 200 gəncin iştirakı ilə layihənin son tədbiri keçirilmişdir (30 avqust 2007-ci il).

"Avropa bacarıqları" layihəsi. Üçillik bir dövrü (2009-2011-ci illər) əhatə edən bu layihə Britaniya hökumətinin Strateji Proqram Fondu tərəfindən maliyyələşdirilir və "British Council" tərəfindən həyata keçirilir. Proqram davamlı inkişafı və yoxsulluğun azaldılmasını təbliğ edən, insan hüquqları, demokratiya, idarəetmənin inkişafı və ətraf mühitin müdafiəsinə əsaslanan strateji beynəlxalq təşəbbüsləri dəstəkləyir. 2009-cu ildə layihə çərçivəsində 4 təlim keçirilmiş və 23 dövlət təşkilatından 35 nəfər təlimlərə cəlb olunmuşdur. Təhsil Nazirliyinin iki əməkdaşı da həmin təlimlərdə iştirak etmişdir. Növbəti illərdə Təhsil Nazirliyinin digər əməkdaşlarının da bu layihədə iştirakı nəzərdə tutulmuşdur.

"Beynəlxalq idman həyəcanı" proqramı. Layihə 2007 - 2010-cu illəri əhatə etmişdir. Məqsəd idmanın inkişafı və təbliği vasitəsilə məktəb və icmalarda uşaq və gənclərin sağlam həyat tərzini inkişaf etdirməkdir. Fiziki tərbiyə və məktəblərarası əlaqə komponenti "British Council" və Britaniyanın Gəncər İdman Fondu tərəfindən Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində 6 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Britaniyada səfərdə olmuşdur (4-10 noyabr 2007-ci il). Bir qrup mütəxəssis üçün Britaniyada fiziki tərbiyənin tədrisi üzrə qabaqcıl proqram (TOPs) üzrə tanışlıq seminarı keçirilmişdir (26-28 noyabr 2007-ci il). Fiziki tərbiyə üzrə kurikulumun təkmilləşdirilməsinə texniki dəstəklə bağlı müzakirələr aparılmışdır. AMİ və onun 6 filialını təmsil edən müəllimlərdən ibarət 11 nəfərlik qrupa TOPs proqramı üzrə ilkin təlimçi kursları keçirilmişdir (23-25 yanvar 2008-ci il). AMİ və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını təmsil edən müəllimlərdən ibarət 9 nəfərlik qrupa TOPs proqramı üzrə növbəti təlimçi kursları keçirilmişdir (27-29 fevral 2008-ci il).

Proqram çərçivəsində 120 nəfər fiziki tərbiyə müəllimi fənnin təhlükəsiz və inklüziv tədrisi metodikası üzrə kaskad təlimlərindən keçmiş və müvafiq sertifikatlar almışlar. Kaskad təlimləri "British Council"in dəstəyi ilə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən keçirilmişdir.

Bakı şəhərinin 23, Gəncə şəhərinin 39 və Lənkəran şəhərinin 10 nömrəli məktəblərinin "Dreams and Teams" klubları tərəfindən həyata keçirilən mini idman festivallarında 300-ə yaxın 7-9 yaşlı uşaq iştirak etmişdir.

2009-cu ilin avqustunda Lənkəran şəhər 10 və Bakı şəhər 23 nömrəli məktəblərin "Dreams and Teams" klublarının gənc liderləri arasından Samirə Hüseynova və İqrar Hüseynzadə seçimdən keçərək Britaniya Məktəblərarası Oyunlarda iştirak etmişlər. Üç Azərbaycan məktəbi ilə Birləşmiş Krallığın aparıcı idman kollecləri arasında əməkdaşlıq əlaqələri qurulmuşdur və həmin məktəblərdə fiziki tərbiyə və idmanla bağlı birgə tədbirlər həyata keçirilir.

Layihə çərçivəsində TOPs üzrə 20 təlimçi pedaqoji və ixtisasartırma təhsili müəssisələrində təlim almış, 500 müəllim TOPs üzrə təlimdən keçmiş, 25000 şagird bu təlimlərdən faydalanmışdır.

UK Sport - Təhsil Nazirliyi əməkdaşlığı. "British Council"-in bilavasitə dəstəyi ilə Təhsil Nazirliyi ilə UK Sport arasında əməkdaşlıq 2007-ci ildən başlanmışdır. Bu əməkdaşlıq 1 dekabr 2007-ci ildə Azərbaycan və Britaniya hökumətləri arasında idman sahəsində imzalanmış Anlaşma Memorandumu nəticəsində həyata keçirilən "Beynəlxalq idman həyəcanı" proqramı çərçivəsində rəsmiləşdirilmişdir. Anlaşma Memorandumu Azərbaycan Respublikası Prezidentinin 10 mart 2008-ci il tarixli 2717 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

UK Sport və Təhsil Nazirliyi arasında əməkdaşlığı fəaliyyət istiqamətindən asılı olaraq aşağıdakı kimi təsnif etmək olar:

1.Bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən islahatların dəstəklənməsi.

2.Uşaq futbolunun inkişafı.

3.Atletikanın ümumtəhsil məktəblərində tədrisi.

4.Sağlamlıq imkanları məhdud uşaq və gənclər üçün əlil voleybolu və futbolu üzrə silsilə turnirlər.

1-ci istiqamət üzrə Bədən tərbiyəsi və İdmanın İnkişafı üzrə Milli Strategiya hazırlanmışdır. 2009 - 2020-ci illəri əhatə edən bu sənəddə fiziki və əqli imkanlarından, həmçinin sosial statusundan asılı olmayaraq, bütün uşaq və gənclərin fiziki tərbiyə və idmanla məşğul olması prioritet sahələrdən biri kimi önə çəkilmişdir.

2-ci istiqamət üzrə Təhsil Nazirliyi ilə yanaşı, AFFA və Gənclər və İdman Nazirliyi, Uşaq və Gənclər Futbol Federasiyası nümayəndələrindən ibarət işçi qrupu cəlb olunmaqla "Uşaq futbolunun inkişafına texniki dəstək" layihəsi hazırlanmışdır. UK Sportun vasitəçiliyi ilə layihənin hazırlanmasına İngiltərə Premyer liqasının mütəxəssisləri də cəlb edilmişlər. Layihənin "Beynəlxalq idman həyəcanı" proqramı çərçivəsində icrasına 2008-ci ildən start verilmişdir. İlk və əlamətdar fəaliyyətlərdən biri Təhsil Nazirliyi tabeliyində olan "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinın nümayəndəsinin qatıldığı heyətin İngiltərə Premyer liqasının Uşaq Futbol Akademiyalarına təcrübə səfəri olmuşdur. Nümayəndə heyəti 1 həftə ərzində Mançester Yunayted, Everton, Bləkbörn Rovers və Liverpul kimi dünya şöhrətli futbol klublarına, həmçinin idman akademiyalarına səfər etmişlər. Bununla yanaşı, İngiltərədə uşaq futbolunun inkişaf tarixi və strukturu haqqında geniş təqdimat edilmişdir.

Hazırda "Mançester Yunayted" və İngiltərə Premyer liqasının hazırladığı məşqçilik modeli "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində sınaqdan keçirilir.

Eyni zamanda İngiltərə Premyer liqasının uşaq futbolu üzrə mütəxəssisi tərəfindən Azərbaycanda futbolun ümumu strukturu, məktəblərin fəaliyyəti, məşqçilik sistemi qiymətləndirilmiş və geniş hesabat hazırlanmışdır.

Futbolun inkişafına dair Dövlət Proqramına, həmçinin İngiltərə Premyer liqasının tövsiyələrinə uyğun olaraq növbəti mərhələdə İngiltərə Premyer liqasının məşqçi-eksperti Azərbaycana dəvət olunmuş, 15-17 sentyabr 2009-cu il tarixlərində Lənkəran Olimpiya Kompleksində uşaq futbol məktəblərinin məşqçi-müəllimləri üçün regional təlim-məşq toplantısı keçirilmişdir. Təlimdən 30 nəfərə yaxın uşaq və 25 nəfər məşqçi-müəllim faydalanmışdır.

3-cü istiqamət üzrə atletikanın inkişafına dair strateji planının (2009-2012) dəstəklənməsi və atletika idman növünün məktəblilər arasında kütləviliyinin təbliğ edilməsi sahəsində tədbirlər, o cümlədən 25 oktyabr 2009-cu il tarixdə Ümumşəhər Qaçış Günü keçirilmişdir. Bu tədbirdə Bakının 11 rayonundan 80-dən artıq ümumtəhsil məktəbinin 14-16 yaşlı 1000-dən artıq şagirdi iştirak etmişdir.

4-cü istiqamət üzrə sağlamlıq imkanları məhdud uşaq və gənclərin təhsil aldığı internat məktəblərindən olan həvəskar və peşəkar idmançıların qatıldığı əlil voleybolu və futbolu üzrə silsilə turnirlər keçirilmişdir. Ötən 2 il ərzində bu istiqamətdə Sumqayıt Paralimpiya Kompleksində 4 turnir və 2 tədbir keçirilmişdir ki, nəticə etibarı ilə 3000  nəfərdən  artıq  insan (əsasən uşaqlar) əlil idmanı və onun faydası haqda məlumatlanmışdır.

2010-cu ilə planlaşdırılmış fəaliyyətlər sırasına uşaq futbolunun inkişafı istiqamətində İngiltərə, həmçinin yerli məşqçilik modellərinin yayılmasına həsr edilmiş milli konfransın keçirilməsi, Təhsil Nazirliyinin tabeliyində olan futbol məktəbləri heyətinin həmin ölkənin idman sahəsində mütəxəssis hazırlığı aparan ali məktəbləri ilə yaxından tanış edilməsi və təcrübə mübadiləsi məqsədilə Londona səfərinin təşkili daxildir. Səfərin UK Sportun vasitəçiliyi ilə İngiltərə Premyer liqası tərəfindən təşkil olunması nəzərdə tutulmuşdur.

Təlim modulları vasitəsilə ingilis dilinin öyrənilməsinə yardım layihəsi. "British Council"in həyata keçirdiyi əhəmiyyətli layihələrdən biri də xarici dilin öyrənilməsində tam yeni və orijinal metodologiyanın tətbiqini özündə əks etdirən təlim modulları vasitəsilə ingilis dilinin öyrənilməsinə yardım edilməsidir. Təlim modulları Böyük Britaniya mütəxəssisləri tərəfindən hazırlanmışdır. Bu modullar ingilis dilini öyrənmək istəyən hər bir müəllim və şagird üçün nəzərdə tutulmuşdur. Eyni zamanda müəllimlər bu modullardan ingilis dilinin tədrisində də istifadə edə bilirlər. 2009-cu il ərzində "Azərbaycan müəllimi" qəzetində 30 təlim modulu dərc edilmişdir, daha 4 modul isə 2010-cu ilin əvvəllərində dərc ediləcəkdir.

İngilis dilinin onlayn tədrisi (ETTO). İbtidai siniflərdə ingilis dilinin onlayn tədrisi layihəsinə 2010-cu il yanvarın 15-dən başlanmışdır. Bakı şəhəri Zərifə Əliyeva adına məktəbdə keçirilən açılış mərasimində "British Council"in Qara Dəniz ölkələri üzrə direktoru xanım Rozmari Arnot da iştirak etmişdir. Bu 50 saatlıq innovativ kurs online tapşırıqlar, başqa iştirakçılarla müxtəlif mövzularda müzakirələr aparmaq və müstəqil öyrənmədən ibarətdir. Müstəqil öyrənməyə tapşırıqlar, dərsin planlaşdırılması və özünüqiymətləndirmə daxildir. Layihə Türkiyə, Ukrayna və Cənubi Qafqaz ölkələrində həyata keçirilir.

Bütün fəaliyyətlər, tapşırıqlar, video və audio materiallar 5-12 yaşlı uşaqlara dərs demək üçün nəzərdə tutulub. Siniflərdə dərs zamanı çəkilmiş bir çox videomateriallarda müxtəlif təlim texnikaları təqdim edilir. Kurs boyu müəllimlərə onlayn təlimçi dəstək olur. Kursu indiyədək 20 nəfər (2 nəfər Şəki və Bakıdan olan müəllimlər) müəllim bitirmiş və daha 48 nəfər (Gəncə, Zaqatala, İsmayıllı, Sumqayıt və Bakı) müəllim yanvarın 15-dən etibarən bu kurslarda iştirak edəcəkdir. Kurslar aşağıdakı modullar üzrə həyata keçirilib:

Modul 1. Giriş. Online öyrənmə, üz-üzə öyrənmədən fərqli olduğu üçün, bu modulda müəllimlərə online təlim üçün gərəkli olan tam məlumat və dəstək verilir.

Modul 2. Kiçikyaşlı uşaqlarla təlimin əsasları. Bu bölümdə uşaqların öyrənmə tərzlərinə və xüsusiyyətlərinə yönəlmiş müxtəlif amillər öz əksini tapmışdır.

Modul 3. Mahnı və oyunlar. Mahnı və oyunlar uşaqlara ingilis dilini öyrətməkdə bənzərsiz rol oynamaqdadır. Bu modulda sinifdə mahnı və oyunlardan daha effektiv istifadə etmə yollarına baxılır.

Modul 4. Öyrənmə üsulları. Bu modulda şagirdlərin fərqli dil öyrənmə üsulları nəzərdən keçirilir.

Modul 5. Proqram və dərs planı. Proqram il boyu işlənəcək materialların məzmununu əks etdirir. Bu modulda müəllimlərin istifadə edə biləcəyi müxtəlif yanaşma və metodlar nəzərə alınır.

Modul 6. Sinfin idarə edilməsi. Bu modul vaxt bölgüsü, öyrənmə mühiti və şagirdlərin idarə edilməsi bacarıqlarını əhatə edir.

Online kursda aşağıdakı bölmələr vardır:

-özünüqiymətləndirmə jurnalı - müəllimin şəxsi gündəliyi.

-plenar forum - kurs zamanı müəllimlər tərəfindən yaranmış hər hansı pedaqoji məsələ və ya sualların ünvanlana biləcək yer.

-texniki forum- müəllimlərin qarşılaşa biləcəyi hər hansı bir texniki problemlə bağlı müraciət edə biləcəyi yer.

-sosial forum - müəllimlərin öz həmkarları ilə müxtəlif mövzularda ünsiyyət yaratması.

"British Council"lə Təhsil Nazirliyinin əməkdaşlıq istiqamətlərindən biri də təşkilatın maliyyə və təşkilati dəstəyi ilə Təhsil Nazirliyinin nümayəndə heyətinin müxtəlif beynəlxalq konfrans və seminarlarda iştirakına şəraitin yaradılmasıdır. 2005-ci ilin 7-10 noyabr tarixlərində Belqrad şəhərində keçirilən "Təcrübə mübadiləsi üçün inteqrasiya" adlı regional konfransda Təhsil Nazirliyinin nümayəndəsinin iştirakını maliyyələşdirmişdir. Konfransda "British Council" və digər təşkilatların birgə əməkdaşlığı nəticəsində Cənubi-Şərqi Avropa regionunda həyata keçirilən təhsil islahatları müzakirə olunmuşdur.

"British Council" və İngilis Dilinin Xarici Dil kimi Tədrisi üzrə Beynəlxalq Assosiasiyasının (İATEFL) təşəbbüsü ilə 3-7 yanvar 2008-ci il tarixlərdə Hindistanın Banqalor şəhərində "Aşağı siniflərdə ingilis dilinin tədrisi üzrə beynəlxalq təcrübədən öyrənək" mövzusunda beynəlxalq konfrans keçirilmişdir və Təhsil Nazirliyinin nümayəndəsi həmin konfransda təmsil olunmuşdur.

Konfransın məqsədləri müxtəlif beynəlxalq kontekstlərdə aşağı siniflərdə ingilis dilinin tədrisi üzrə müzakirə və təcrübə mübadiləsi, ibtidai təhsil pilləsi üçün proqramların tətbiqi və qiymətləndirilməsi, regional və ölkələrarası səviyyədə ibtidai təhsil pilləsi üçün layihələrə dəstək verilməsi, ingilis dilinin tədrisinə dair siyasətin işlənməsi, bu fənni tədris edən müəllimlərin bacarıqlarının artırılması və digər məsələlərlə bağlı olmuşdur.

Konfrans Hindistanın İngilis Dili üzrə Regional İnstitutunda (RİESİ) təşkil edilmişdir. Bu institutun əsas fəaliyyət sahəsi müasir texnologiyalar, metodikalar və tələblər əsasında ingilis dilinin tədrisi və öyrənilməsi üzrə proqramların işlənməsi və müntəzəm təlimlərin təşkili ilə bağlıdır. Həmin proqramlar üç sahəni: ilkin müəllim hazırlığı, ixtisasartırma və müxtəlif sahələr üzrə xüsusi öyrədici kursları əhatə edir. İxtisasartırma təhsili qısamüddətli ümumi və tematik, uzunmüddətli və distant təlim kurslarını nəzərdə tutur.

Konfransda Türkiyə, Çin, Hindistan, İran, İslandiya, İndoneziya, Bəhreyn, Argentina, Oman, İspaniya, Macarıstan, Banqladeş, Keniya, Tailand, Cənubi Afrika, İsrail, Fələstin, Braziliya, Cənubi Koreya, Səudiyyə Ərəbistanından, o cümlədən Tayvan və Honkonq şəhərlərini təmsil edən, idarəetmə orqanlarının strateji planlaşdırma, siyasətin hazırlanması və qərarların qəbul edilməsinə cavabdeh olan nümayəndələri iştirak etmişlər.

Konfransda aparılmış müzakirələrin nəticələrinə və beynəlxalq təcrübəyə istinad edərək ölkəmizin ümumtəhsil məktəblərində ingilis dilinin tədrisi ilə əlaqədar bir sıra məsələlərin həlli məqsədəmüvafiq hesab edilmişdir:

1. İbtidai siniflərdə ingilis dilinin tədrisi və bu fənn üzrə yeni kurikuluma əsasən dərslik komplektlərinin hazırlanması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə "British Council"lə əməkdaşlıq imkanlarından daha səmərəli istifadə edilməsi.

2. İngilis dili müəllimlərinin bacarıqlarının səviyyəsinin qiymətləndirilməsi və sonrakı inkişafı üçün proqramların hazırlanması məqsədilə Kembric Universiteti tərəfindən hazırlanmış qiymətləndirmə modelinin tətbiqi imkanlarının araşdırılması.

3. İngilis dilinin tədrisi metodikasının təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirilməli, müəllimyönümlü yanaşmadan imtina edilməsi, şagirdyönümlü yanaşmanın tətbiq edilməsi.

4. Müəllimlərin ixtisasının artırılması üzrə resurs mərkəzləri kimi yaradılmış "dayaq məntəqələri"nin fəaliyyətinin təşkili üzrə tədbirlərin həyata keçirilməsi, müvafiq mərkəzlərdə ingilis dili müəllimlərinin təkmilləşdirilməsi.

5. "British Council" və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ingilis dili müəllimlərinin bacarıqlarının artırılması məqsədilə xüsusi təlim proqramların hazırlanması və tətbiq edilməsi.

6.İngilis dili müəllimlərinin ixtisasartırması ilə məşğul olan "öyrədənlər"in səriştəsinin artırılması məqsədilə tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi.

"British Council" və Təhsil Nazirliyinin həyata keçirdiyi birgə layihələr çərçivəsində 103814 nəfər şagird yeni metodologiya və təlim materiallarının istifadəsi ilə keçilən dərslərdən, layihələrdə iştirakdan, inkişafetdirici müsabiqə və yarışlardan faydalanmışdır, 4102 müəllim yeni ixtisasartırma sistemi vasitəsilə bacarıqlarını artırmış, müxtəlif layihələrin iştirakçısı olmuş, müsbət təcrübə əldə etmişdir, 520 nəfər müəllim müxtəlif təlim seminarlarından keçmiş, "öyrədənləri öyrədən" statusu qazanmış, kaskad təlimlərinə cəlb olunmuş, müsabiqə və yarışlara rəhbərlik etmişlər. 120-dən çox müəllim və təhsil işçisi təcrübə mübadiləsi məqsədilə xarici ölkələrdə səfərlərdə olmuşdur.

Təhsil Nazirliyi ilə "British Council" arasında səmərəli əməkdaşlığın yaradılmasında, birgə layihələrin uğurla həyata keçirilməsində həmin təşkilatın Azərbaycan nümayəndəliyinə rəhbərlik edən şəxslərin də əhəmiyyətli rolu olmuşdur. 1994-2008-ci illərdə "British Council"in Azərbaycanda nümayəndəliyinin rəhbəri Əndi Uilyams olmuşdur. O, 2006-cı ilin dekabrından, eyni zamanda Cənubi Qafqaz üzrə direktor vəzifəsini icra etmişdir. 2008-ci ildə xanım Nikol de Laluvye "British Council"in Azərbaycan üzrə yeni direktoru təyin edilmişdir. 2009-cu ilin sonundan onu "British Council"in Cənubi Qafqaz üzrə direktoru Pol Dabldey əvəz etmişdir. 

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - ¹12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov